Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Tənhalıqdan qurtuluş

Tənhalıqdan qurtuluş

17.01.2026 [08:54]

Orxan Pamukun “Qara kitab” romanı haqqında

Təxminən əlli il bundan qabaq Orxan Pamukun roman yazdığını eşidən bir qohumu ondan təəccüblə soruşmuşdu: “Sən axı kənd həyatını bilmirsən, romanı necə yazacaqsan?”

Zaman o zamandı ki, Türkiyə ədəbi mühitində, Pamukun təbiriylə desək, dastançılar meydan sulayırdılar, Orxan Kamal, Yaşar Kamal, Fakir Baykurt, Bəkir Yıldız kimi adlı-sanlı yazıçıların sosial-gerçəkçi romanları, Əziz Nesinin yüksək əyarlı kəskin ictimai-siyasi satira hopdurulmuş kitabları əl-əl gəzirdi, sosial həyatın dibindən, yoxsul təbəqənin güzəranından xəbərsiz qələm əhlinin yazıçılığı şübhə doğururdu, kütlənin bədii-estetik menyusunda çılpaq, sərt realizm dominant yer tuturdu. Doğrudur, bu arada Əhməd Həmdi Tanpınar, Yusif Atılqan, Oğuz Atay kimi yazıçıların sayəsində modernist nəsrin də parlaq örnəkləri yaranmışdı, ancaq modernizmin türk ədəbiyyatında aparıcı cərəyana çevrilməsinə hələ vardı...

İstanbulun göbəyində varlı burjua ailəsində böyümüş Orxan Pamuk şəhərli balası olsa da, yaradıcılığa sosial qayğılara biganə snobist ədayla, ictimai dərdlərə laqeyd modernist üslubla yox, ustadı Tomas Mann sayaq tənqidi-realist tərzdə yazdığı (kənd həyatından bəhs eləməsə də) sosial-epoxal dastan deyilən roman tipiylə başlamışdı. İyirminci əsrin düz əvvəlində Tomas Mannın “Buddenbroklar” dastanından başlanan bu ənənə Con Qolsuorsinin “Forsaytlar dastanı”, Roje Marten dü Qarın “Tibo ailəsi”, Maksim Qorkinin “Artomonovların işi” əsəri kimi çoxplanlı, çoxşaxəli,  çoxbölümlü romanlarla davam eləyib, ta əsrin son rübündə Orxan Pamukun bir ata uşağının üç arxa dönənindən danışan, onların keçdiyi həyat yolunu izləyən “Cövdət bəy və oğulları” adlı üç bölümlük nəsil-kök romanıyla başa çatmışdı. Bu romanı mütəxəssislər Pamuk yaradıcılığının sosial-gerçəkçi, tənqidi-realist mərhələsi sayırlar.

Eynən Tomas Mann kimi Orxan Pamuk da çox erkən zəbt elədiyi bu zolaqda ilişib qalmadı, yeni həqiqətlər ardınca yeni mərhələlərə adladı. Ədəbiyyatşünaslar “Səssiz ev” adlı növbəti romanını yazıçının modernizm ərazisində dayanacağı, “Bəyaz qala”nı modernizmdən postmodernizmə keçid zolağı, dördüncü romanı “Qara kitab”ı isə janrın bütün tələblərinə mükəmməl cavab verən postmodern roman örnəyi sayırlar. Bu romanla Pamuk sözün tam mənasında dünya çaplı yazıçıya çevrildi, “Qara kitab” özündən sonra gələn “Mənim adım qırmızı”, “Qar”, “İstanbul”, “Məsumiyyət muzeyi” kimi şedevrləri də yedəyinə alıb, müəllifini türk ədəbiyyatı tarixində ilk dəfə Nobel mükafatının tribunasına qədər müşayiət elədi.

***

Roman iki bölüm, otuz altı fəsildən ibarətdir; fəsillərdən on doqquzu birinci, on yeddisi ikinci bölümün payına düşür. Hər bölmənin ikinci fəsli, yəni cüt fəsillər əsərin adını eşidib üzünü görmədiyimiz qəhrəmanı Cəlal Salikin köşə yazılarıdır (fəqət son bir neçə köşəni onun adından romanın ana personajı Qalib yazır). Köşələrdən hər biri süjeti, mövzusuyla müstəqil yazı olsa da, ideya-məzmun baxımından hamısı bir məntiq sapına düzülüb, hamısının bir məğzi, leytmotivi var: özünü axtara-axtara başqasının təqlidçisinə, yaxud da başqasına çevrilmək, özgələşmək, yaxud da özgəsiləşmək.

Sonuncu iki sözü bir-birindən ona görə ayırıram ki, fikrimcə, fəlsəfi-psixoloji baxımdan “özgələşmə” anlayışıyla “özgəsiləşmə” anlayışını eyniləşdirmək olmaz. Özgələşmə, məsələn, Fixte, yaxud Hegel fəlsəfəsində varlığın özünə yadlaşması, özünü özündən uzaqlaşdırması (üstəlik, özündən gedəndən sonra özünə qayıtmağa, yenidən özü olmağa can atması) kimi başa düşülür. Ekzistensialist filosoflar özgələşmə deyəndə fərdin öz mahiyyətindən ayrı düşməsini, özünə yabançılaşmasını, cəmiyyətin diktəsi altında, başqalarının istədiyi kimi davranmasını nəzərdə tuturlar. “Özgəsiləşmə”, “başqasılaşma” anlayışı altında isə mən buna tərs prosesi - insanın başqasına çevrilmək arzusunu, öz idealında təcəllasını, məhəbbətinin obyektində əriyib itməsini ifadə eləməyə çalışmışam. Platondan üzübəri məhəbbət anlayışının klassik idealist düsturu budur...

Pamuk bu romanı 1985-ci ildə - İsa Məsih yaşına çatanda yazmağa başlayıb, özünün deməsinə görə, məhz bu əsəri yaza-yaza sənətdə öz səsini, dəst-xəttini tapa bilib. Əsərin baş qəhrəmanı advokat Qalibin də otuz üç yaşı var. Həyat yoldaşı Röya onun Melih əmisinin ikinci arvaddan olan qızıdır. Əmoğlu-əmiqızı uşaqlıqdan bir yerdə böyüyüblər, bir məktəbə gediblər. Qalib əmisi qızını yeniyetmə çağlarından sevsə də, detektiv romanlar həvəskarı Röya Qalibə qədər bir dəfə ərdə olub. Melih əminin birinci arvaddan doğulmuş böyük oğlu, Röyanın ögey qardaşı, Qalibin pərəstiş obyekti, Salik təxəllüslü Cəlal isə “Milliyyət” qəzetinin köşə yazarıdır, onun prototipinin məşhur jurnalist Çətin Altan olduğu söylənir: “Türkiyədə indinin özündə də köşə yazarları hədsiz çox oxunur, Pamukun gənclik dövrü isə bu ölkədə köşə yazarlarının əcdadlarından sayılan Çətin Altanın parladığı illərə təsadüf edir. Sonradan “Ötəki rənglər” kitabında Pamuk onun haqqında bir esse də yazıb. Cəmiyyətin köşə yazarlarına sonsuz sevgisi imkan verib ki, Pamuk bunu romanının malına çevirsin”. (Qismət Rüstəmov)

***

Bir qış səhəri yuxudan oyananda Qalib arvadı Röyanı yanında görmür. Qadın ərinə on doqquz sözlük (niyə məhz on doqquz?) bir məktub yazıb qoyub qeybə çəkilir. Məktubun məzmunu oxucuya açıqlanmır.

Bundan sonra Qalib İstanbulun canına düşüb Röyanı axtarır. Bütün roman bu qəribə axtarışın təfərrüatı üzərində qurulub. Qalib sevgilisini axtara-axtara öz ömrünə, keçmişinə səyahətə çıxır, Cəlalın yazdıqlarına, dolayısıyla onun düşüncələrinə, taleyinə, mənəvi dünyasına baş vurur, Röyanı tapmaqdan ötrü əmisi oğlunun yazılarındakı gizli şifrələri çözməyə çalışır, sözün hərfi mənasında İstanbulun altından vurub üstündən çıxır, şəhərin tarixi yaddaşına dalır, bir sözlə, öz axtarışına qoynunda böyüdüyü bütün dünyanı cəlb eləməyə çalışır. Bu da yəqin ona görədir ki, Röyanın er-gec ələk-vələk elədiyi o dünyanın içindən çıxacağına inanır.

Ancaq başqa səbəb də ola bilər: quruca bir saman çöpünün belə kökünə, əslinə, mahiyyətinə varmaq istəsək, gərək bütün dünyanı, kainatı ovcumuzun içinə yığa bilək. Bəlkə advokat Qalib də hansısa bir universal məntiqə, mənəvi imperativə tapınıb, hüquqi kazusa söykənib, Röyanı asan üsulla tapmaq istəmir, qadını kainatın mərkəzinə qoyub, ona aparan yolları, labirintləri bir-bir keçməyə, əngəlləri, maneələri bir-bir aşmağa can atır. Hər nədirsə, Qalibin axtarışı çox vaxt itkin gəlini axtarmağa da oxşamır. Romanı oxuduqca adama elə gəlir Qalib arvadını tapmaqda elə də maraqlı deyil, o, Röya bəhanəsiylə özünü gəzir, öz taleyini, gerçək təyinatını arayır, Cəlalın qapalı dünyasına yol axtarır.

davamı növbəti sayımızda

F.UĞURLU

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31