Qanla yazılan azadlıq misraları...
05.05.2026 [08:36]
Əhməd Cavadın ölməyən səsi!
Onun qələmindən çıxan hər bir misra yalnız bədii dəyər daşımırdı, eyni zamanda xalqın azadlıq ideallarını alovlandıran güclü bir çağırış kimi səslənirdi. Bu baxımdan o, təkcə şair deyil, həm də milli oyanışın simvolu idi. Əhməd Cavad Azərbaycan ədəbiyyatının və milli ruhunun formalaşmasında silinməz iz qoymuş, sözün həqiqi mənasında xalqın hisslərini, arzularını və mübarizə ruhunu poetik dillə ifadə edən nadir şəxsiyyətlərdən idi.
Yaradıcılığına nəzər saldıqda aydın şəkildə görünür ki, o, dövrünün mürəkkəb ictimai-siyasi hadisələrinə həssas yanaşaraq xalqın taleyinə biganə qalmayıb. Əksinə, öz əsərlərində vətən sevgisini, istiqlal ideyasını və milli kimlik duyğusunu ön plana çəkərək Azərbaycan xalqının mənəvi dirənişinə güc verib. Həmin xüsusiyyətlər onun əsərlərini bu gün də aktual və təsirli edir.
Düçar olduğu məşəqqətlər, təqiblər, repressiya qarşısında əyilməzliyi böyük şairi mübarizliyin simvoluna çevirdi. O, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini molla məktəbində alıb, üç il orada oxuyub. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs deyib. Birinci Dünya Müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.
Həyatının 29 ilini müəllimliyə həsr edib
Müharibədən sonra müəllim işləməklə yanaşı, həm də yaradıcılıqla məşğul olur - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasında yaxından iştirak edir. 1920-ci ildə isə Quba qəzasının Xuluq kəndinə müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olur, 1926-cı ildə oranı bitirir. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır. Göründüyü kimi, Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdı.
Türk dünyasının iki Əhməd Cavadı
AXC dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olub. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdü. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.
Həbsinə səbəb olan şeir
1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulur, orijinal yaradıcılığının inkişafına imkan verilmir. 1923-cü ildə Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.
Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan-doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahları bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.
Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar. Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdı. Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar.
15 dəqiqəyə qəbul edilmiş qərar...
1937-ci il oktyabrın 22-dən 23-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir və tez bir zamanda icra olunur. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabı çap olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq. Zaman göstərdi ki, güllə sözə qalib gələ bilmir. O, fiziki olaraq öldürüldü, amma mənəvi olaraq yaşadı. Bu gün Ə.Cavad təkcə repressiya qurbanı kimi yox, azad sözün simvolu kimi xatırlanır. Onun taleyi bizə bir həqiqəti xatırladır: zalım rejimlər müvəqqətidir, söz isə qalıcı..
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46

