Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Təsadüflər cənnətindən zərurət türməsinə

Təsadüflər cənnətindən zərurət türməsinə

28.04.2023 [11:05]

Alber Kamünün “Yabançı” romanı haqqında

Əvvəli ötən sayımızda...

Məhkəmə prosesində Merso təkcə anasının tabutu yanında qəhvə içib siqaret çəkdiyinə, gecə mürgülədiyinə, tabutun qapağını qaldırıb meyidə baxmadığına, anası məzara qoyulanda gözündən yaş çıxmadığına, dəfndən sonra qəbrin yanında ləngimədiyinə görə yox, həm də ertəsi gün çimərliyə getdiyinə, dəniz qırağında köhnə tanışı Marini görüb onunla macəra başlatdığına, axşam qızla birgə kinoya baxdığına, sonra da Marini evinə apardığına görə ittiham olunur. Onun bütün absurd, cəfəng hərəkətlərinə, heç bir anlamı, mahiyyəti olmayan təsadüfi addımlarına xüsusi məna yükləyirlər, ondan ictimai təhlükəli cani obrazı yaratmağa çalışırlar ki, Mersonun törətdiyi qətlə məntiqi yozum versinlər. Guya onun bütün bivec gedişləri əvvəlcədən dəqiq düşünülüb, zərurət qanunları əsasında planlaşdırılıb. Düşünürəm ki, Kamü bununla həm də klassik Avropa fəlsəfəsinin məntiqi rasionalizminə rişxənd eləyir.

Merso öz dürüstlüyü ilə toplumun içində təkdir. O, cəmiyyətin istədiyi kimi yox, öz ekzistensial varlığının, azad iradəsinin diktəsiylə davranır, çoxluğun tabe olduğu qaydalara məhəl qoymur. Belə olanda ekzistensializm fəlsəfəsinin təsbit elədiyi daha bir prinsip, müddəa işə düşür: kütlə fərdin azad mənini onun içindən “şprislə” çəkib yerinə özünün tapındığı normaları doldurmağa, onun şəklini cismindən pozub vücudunun boş çərçivəsinə kollektiv ictimai obrazın portretini yerləşdirməyə çalışır, başqa sözlə, fərdi öz gerçək mənindən aralayıb özünə yad-yabançı hala salır. Bu əməliyyat baş tutanda fərd özlüyünü itirib sürünün bir üzvünə çevrilir.

Fəqət Merso öz varlığının, azad iradəsinin keşiyində sonacan durur, zatən onun varlığı elə bundan ibarətdir, Mersonun başqa məni, başqa mənliyi, ayrı özü, ayrı özlüyü yoxdur. O, ya özündə olmalı, ya da heç olmamalıdır. Onun öz həqiqətinə, öz varlığına sadiqliyi hansısa fəlsəfi-ideoloji mülahizələrdən irəli gəlmir; müəllif bilərəkdən Mersodan qəhrəman düzəltməyə çalışmayıb, ona ağıllı, müdrik don biçməyib, onu qəsdən böyük ideyalarla, sanballı ideallarla yükləməyib.

Merso düşünən, plan cızan, qərar verən tip deyil, ana təbiətdən pay aldığı duyğularından savayı onu hərəkətə gətirən mühərrik yoxdur. Hətta edam cəzasından yayınmaq üçün yalan danışmır. Hakim ərəbi nə üçün öldürdüyünü xəbər alanda Merso təqsirin günəşdə olduğunu deməklə hamını özünə güldürür, halbuki oxucu onun yalan danışmadığını yaxşı bilir. Mari ondan sevib-sevmədiyini soruşanda səmimiyyətlə “yox” cavabı verir, təhkiyəsində də dönə-dönə qızı sevdiyini yox, “istədiyini” deyir. Belə görünür ki, o heç sevgiyə də inanmır. Məhkəmədə ondan nəyə görə anasını qocalar evinə qoyduğu soruşulanda donluğunun azlığını üzürlü səbəb kimi gətirməklə yanaşı bunu da deyir ki, bizim daha bir-birimizə deyiləsi sözümüz qalmamışdı.

Qısası, adam sadəcə özünün anarxist tənhalığı içində, təsadüflər qoynunda azad, asudə yaşamaq istəyir (Avropa fəlsəfəsində irrasional xəttin banisi Artur Şopenhauer klassik idealizmin “azadlıq - dərk olunmuş zərurətdir” postulatını qəbul eləmirdi, əksinə, azadlığı mütləq təsadüfün balası sayırdı). Ancaq cəmiyyət belə özbaşınalıqla barışa bilməz - ya biz deyən kimi yaşamalısan, ya da sıramızdan qovulmalısan! Alber Kamü ilk romanının qəhrəmanı haqqında bir kədərli fikir də söyləmişdi: “Bizim layiq olduğumuz yeganə Məsih odur”, - demişdi.

Edam cəzası kəsiləndən sonra kütlə ona acımağa başlayır. Gözlərdə mərhəmət işarır. Bu, ölümcül xəstəsinə toxtaqlıq verən həkimin saxta təskinliyinə bənzəyir. Ancaq Mersonun təskinliyə ehtiyacı yoxdur. Ondan ötrü prokuror da, hakim də, vəkil də, tamaşaçılar da eyni bədnam tamaşada cürbəcür rollar almış personajlardır. Prokurorun ittihamı nə qədər yalan dəlillər üstündə qurulubsa, advokatın qatilə bəraət qazandırmaq üçün gətirdiyi arqumentlər də bir o qədər saxtadır. Bu tamaşada ittihamçı ilə müdafiəçi bir medalın iki üzüdür, hətta arada öz rollarını yaxşı oynadıqlarına görə bir-birinə tərif də söyləyirlər.

Ölüm kamerasında onu Tanrı dərgahına hazırlamaq üçün gələn keşişə belə Merso üz göstərmir, azad qəlbini keşişin saxta mərhəmətiylə zəhərləmək istəmir. Keşiş dirəşəndə Merso heç vaxt olmadığı kimi coşub özündən çıxır, yaxasından tutub onu möhkəm silkələyir, deyir ki, bu dünyaya gəlmək şansı qazanan hər kəs seçilmiş insandır, deyir ki, yer üzündə hamıya ölüm hökmü kəsilib, nə fərqi var, bu gün, ya illər sonra - gec-tez hamımız öləcəyik, bizdən heç bir nişanə qalmayacaq. Bir sözlə, üzünə açılı dərgah qapısını Merso təpiklə örtür, eynən Kamünün özü kimi azad iradəsini Tanrıya belə təhvil vermək istəmir.

Ekzistensializm fəlsəfəsinin dədələrindən sayılan Haydegger deyirdi ki, insanın gerçək mahiyyəti ölümlə üz-üzə qalanda açılır. Qəzəb odu içindəki kin-küdurəti qarsıb son damla ümidi yandırandan, ölümlə arasından bütün sədlər götürüləndən sonra Merso da qəlbinin səsini daha aydın eşitməyə başlayır, ilk dəfə könlünün qapılarını özü kimi laqeyd dünyanın üzünə taybatay açır. Yalnız indi anlayır ki, insan əzablarına biganə təbiət (bu yerdə “Atalar və oğullar” romanının sonluğu yada düşür) ona lap əkiz qardaşı kimi bənzəyirmiş. Bu kəşfi onu son dəfə xoşbəxt eləyir. Bundan sonra Mersoya yalnız bir şeyi arzulamaq qalır: tənhalığının meydanını daraltmaq üçün edamına çoxlu tamaşaçı gəlsin, onu yoxluğuna nifrət dolu bağırtılarla yola salsınlar...

Şübhəsiz, Merso obrazı avtobioqrafik çalarlardan məhrum deyil. Sələfləri Çexov kimi, Kafka kimi Alber Kamünün də adı fələyin qara siyahısına erkən düşmüşdü, hələ on yeddi yaşında ona vərəm diaqnozu qoyulmuşdu. Sağalmaz xəstəliyə mübtəla olan hər kəs kimi Kamü də çox pessimist, ümidsiz idi (Kafka ona gələcəklə təskinlik verən dostuna əlini vərəmli sinəsinə qoyub “gələcək buradadır” demişdi). Görünür həm də xəstəliyin xarakterindən idi ki, ədəbi övladı Merso kimi Tanrıya, əbədiyyətə inanmağa özündə güc tapmırdı. Kilsəyə münasibəti də Mersonun münasibətindən seçilmirdi. Başqa sözlə, Merso - filosof olmayan, roman yaza bilməyən Kamüdür.

Yəqin tibb elmi o illərdə güclü inkişaf mərhələsi keçdiyinə görə Çexovu, Kafkanı öldürən mərəz Kamünün canını ala bilmədi. On yeddi yaşında qətlinə fərman verilən Alber fələyin hökmündən düz otuz il yayındı. Otuz ilin tamamında amansız fələk onu Parisə gedən yolda - paytaxtın yüz kilometrliyində haqlayıb hökmünü yerinə yetirdi. Cəmi bəşər övladı kimi “Yabançı”nın dahi müəllifi də Mersonun aqibətindən qaçmaq üçün ucu-bucağı bilinməyən bu soyuq, qaranlıq zindanda özünə künc tapmadı.

F.Uğurlu

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30