Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Ekzistensializm: İradə və azadlıq təlimi

Ekzistensializm: İradə və azadlıq təlimi

10.07.2024 [10:44]

XIX əsrin ikinci yarısında fəlsəfənin bir çox sahələri fərdiyyətçilikdən ümumbəşəri biliyə, hamı üçün eyni olan məzmun və həqiqəti tapmaq cəhdlərinə doğru irəliləyirdi. Həmin vaxtlar bütün universal qanunlar insanın mahiyyətini aşkara çıxarmaq üçün istifadə edilirdi. Sonra insanın dünyadakı mövcudluğunun heç də standart olmadığını və buna görə də onun fərqli qanunlara tabe olduğunu iddia edən fəlsəfi cərəyan - ekzistensializm meydana çıxır. 

Ekzistensializm - latın dilindəki “exsistensia” sözündən götürülüb, mənası “mövcudluq”, “var olmaq” deməkdir. Ona görə də bu təlimi “mövcudluq”, “varoluş fəlsəfəsi” də adlandırırlar.

İkili mahiyyət: təbii “mən” - qeyri-təbii “mən”

Ekzistensializmin iki qolu var: teist və ateist.

Teist ekzistensializmin banisi Danimarka filosofu Sören Kierkeqard öz fəlsəfi görüşlərində daha çox insanın mütləq seçim azadlığının olub-olmamasına diqqət yetirir. Kierkeqarda görə xoşbəxt və ya bədbəxt olmağa,  yaxşılıq və ya pislik etməyə fərd özü müstəqil şəkildə qərar verir.  O, fəlsəfənin maraq və ya öyrənmək istəyindən deyil, ümidsizlikdən qaynaqlandığını iddia edir. 

Birbaşa olaraq, ekzistensializmə aid edilməsələr də öz fəlsəfi konsepsiyalarında bu cərəyanla uzlaşan  mütəfəkkirlərdən Artur Şopenhauer və Fridrix Nitsşeni də insan iradəsinin azadlığı çox düşündürürdü. Onların fikrincə, insanın varoluşu heç bir şəkildə harmonik  vəhdətdə olmayan iki sferaya bölünür: insanın öz müqəddəratını təyinetmə qabiliyyətinə malik olan “öz”, təbii varlığı və cəmiyyətdəki “hamı üçün” mövcud olan sosial varlığı. Bu filosoflara görə sosial varlıq, təbii varlığı boğur, onun arzu və istəklərini buxovlayır. Nəticədə insan həqiqi “mən”ini zəncirləyir, saxtalaşır və bu məcburiyyət onu bədbəxt edir.

Ekzistensializm insanın mövcudluq problemini yeni baxış bucağından təqdim edir. İnsan öz qısa ömründə, fərdi  həyatında kimdir və necədir? Burada ekzistensializmi maraqlandıran əsas məsələ ortaya çıxır: insan orijinal kimliyini seçmək alternativi ilə üz-üzədir: fərdi, təklikdəki və daha çox bioloji “mən” və ya  kütlənin içində əriyib-itən, qeyri-təbii “mən”.

Ekzistensializm insanın şəxsiyyətsizləşməsinə və fərdin kollektivləşməsinə qarşı çıxan etiraz fəlsəfəsidir. Şəxsiyyət iradənin köməyi ilə özünü təsdiqləyir. Əbəs yerə deyil ki, fəlsəfədə bu istiqamət məhz Avropanın totalitar ideyalarda boğulduğu 20-ci əsrdə yaranıb.

Ekzistensializm 4 əsas ideyanı müdafiə edir:

1. Varlıq həmişə tək və fərdidir. Bu cərəyan şüuru, ruhu, ağıl və düşüncəni üstün tutan idealizmin əksidir.

2. Mövcudluq ilk növbədə varlıq problemini müzakirəyə çıxarır və buna görə də varlığın mənasını araşdırmağı qarşısına məqsəd qoyur.

3. Varlıq - insanın arasından yalnız birini seçə biləcəyi imkanların hamısıdır. Bu fikir hər növ utilitarizmin əksidir.

4. İnsanın önündəki bütün imkanlar digər insanlarla və cisimlərlə münasibətindən ortaya çıxdığına görə, mövcudluğu “dünyadaki varolma” kimi qiymətləndirmək olar.

Ekzistensialist filosoflar

Martin Haydegger (1889 - 1976)

M. Haydeggerin ilk əsəri “Varlıq və Zaman” insanın ekzistensial mövcudluğu məsələlərinə həsr edilib.

Hər şeydən öncə onu demək lazımdır ki, Haydeggerin əsərlərinin dili olduqca mürəkkəbdir. Ümumən, alman filosoflarında bu, rast gəlinən bir haldır, Haydeggerin özü deyirdi ki, biz fəlsəfi əsəri yazmağa başlayanda əvvəlcə onun dilini yaradırıq. 

Haydeggerə görə, insanın öz mahiyyətini anlamasında ölümü dərk etməsi xüsusi rol oynayır. Bizi heyvanlardan fərqləndirən də budur. İnsana əbədiyyət qarşısında ağlasığmaz dərəcədə nəhəng işlər görməyə imkan verən onun fanilik hissidir. İnsan varlığın sahibi deyil, o, varlığın özüdür və buna görə də hər şeyə qadirdir.

Alber Kamyu (1913 - 1960)

Fransız yazıçısı və filosofu Albert Kamyu üçün əsas ekzistensial mövzu “ehtiyatsızcasına səssiz” dünyada həyatın mənasını tapmaq idi. Həll olunmuş yaşam qaydalarının içində əbədi sualların cavabını tapmaq çox çətindir, çünki bu qaydaların özü absurddur. Amma insan öz iradəsi və seçimi ilə bu absurdluğa quruluş, daxili nizam və ahəng gətirir. Bu, dünyanın absurdluğuna qarşı çıxan insanın üsyankar tərəfidir. Kamyu insanı təkcə özündə olanların məcmusu kimi deyil, hələ onda olmayanların, ola biləcəklərin məcmusu kimi təqdim edir.

İnsanın varlığı məsələsində A. Kamyu üçün əsas sual budur: həyat yaşamağa dəyərmi? Kamyu bu suala  müsbət cavab verir, ancaq bir şərtlə: insan dünyanın dualizmini və absurdluğunu qəbul edə bilərsə, bu dünyada yaşamağa dəyər. Kamyuya görə burada  mahiyyət xoşbəxtlik və kədərdə, həyat və ölümdə deyil, onların sonsuz ziddiyyətlərindədir.

Jan-Pol Sartr (1905 - 1980)

Daha bir ekzistensialist, A.Kamyunun dostu, məşhur filosof Jan Pol Sartr həyatın mənası ilə bağlı suala konkret  cavab verir. O, həyatın mənasını insanın mövcud dünyadakı qeyd-şərtsiz, boynuna qoyulmuş məsuliyyəti ilə əlaqələndirir. Dünya fərdin özünütəsdiq aktında canlanır və buna görə də mühitin bütün ağırlığı insanın çiyninə yüklənir.

Sartra görə fərdin hər hansı hazır modeli mövcud deyil. Böyük filosofun fikirlərini ümumiləşdirsək, insan hər şeyi özü yaratmalıdır. İnsanın malik olduğu qabiliyyətlər, imkanlar həm də onun həyatdakı məqsədidir.  Sartr  ekzistensializminin əsas ideyası ondan ibarətdir ki, insan sadəcə olaraq, özü olmalı, özünə sadiq olmalı və özünü seçməlidir.

Karl Yaspers (1883 - 1969)

Alman filosofu Karl Yaspers ekzistensialist ideyaları qəbul edir, lakin onun konsepsiyasında ateist Sartr və Kamyudan  fərqli olaraq Tanrının da yeri var. İdealist olmasına baxmayaraq, Yaspersin təlimi ənənəvi xristianlıqdan uzaqdır. Filosofa görə insanın ömür yolu hədsiz mürəkkəbdir və bu məsələdə Tanrının insana  köməyi dəymir. İnsan bütün problemlərini özü həll edərək Tanrıya yaxınlaşa bilər. K. Yaspers müqəddəs mərasimləri və ritualları, eləcə də o biri dünyada mükafatlanma və ya cəzanı qəbul etmir. Yaspersə görə şəxsi keyfiyyətlər və əməllər, həmçinin yaradıcılıq aktı vasitəsilə Tanrıya aparan əsl yolu tapmaq mümkündür. Əgər insan öz problemlərini özü həll etməyi öyrənsə, o zaman Tanrı onun həyatında zühur edər. Alman filosofu öyrədir ki, hər kəs ilahi yaradıcıdan mükafat gözləyir, lakin bu mükafatı şəxsi səylə əldə etmək lazımdır. Burada Yaspersin tənqidçiləri belə bir sualla çıxış edir: əgər insan hər şeyi öz səyləri nəticəsində əldə edəcəksə, o zaman onun həyatında Tanrıya nə ehtiyac var?

Avropanı canlandıran fəlsəfə

İlk baxışdan ekzistensializm öz dövrünün mənəvi problemlərinin fəlsəfi yekunu olan bir axın kimi görünür. Şübhəsiz, ekzistensializm fəlsəfəsi Avropa tarixində böyük mədəni və siyasi iz qoyub. Hər şeydən öncə onu demək yetər ki, insan azadlığının və seçim hüququnun mədəni və siyasi aspekti məhz, ekzistensializmlə başlayıb. Ekzistensializm həmişə fərdin əhəmiyyətini önə çəkib.

İkinci bir tərəfdən, ekzistensializmin idealist qanadı  solmaqda olan Avropa xristianlığına, xüsusən də protestantlığa yeni nəfəs verib. Üçüncüsü, ateist ekzistensializm yeni solçu ideologiya ilə qarışaraq Avropada sosialist ideyalarına ikinci həyat bəxş edib. Nəhayət, ekzistensializm humanitar və əxlaqi böhran dövründə, metafizikanın tükəndiyi, “ölmüş” tanrı anlayışının hökm sürdüyü, ümumən, həyata verilən  klassik mənaların aradan qalxdığı bir vaxtda psixoloji dəstək kimi insanların köməyinə gəlməyə çalışıb.

Jan Pol Sartr deyirdi:

“İnsan öz layihəsindən başqa bir şey deyil. İnsan özünü dərk etdiyi dərəcədə mövcuddur. Məhz, buna görə o, öz hərəkətlərinin cəmindən ibarətdir, öz həyatından kənarda bir varlıq deyil”. 

Ekzistensializm bütün dövrlərin dəbdə olan və mənəvi ehtiyac duyulan fəlsəfəsidir. Düşünən, duyan, başqaları kimi olmayan hər bir unikal şəxsin daxilində ekzistensial bir “mən” var.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 253 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31