/ / Akademik Zərifə Əliyevanın zəngin və mənalı ömür yolu həm bugünkü, həm də gələcək nəsillər üçün parlaq nümunədir
Akademik Zərifə Əliyevanın zəngin və mənalı ömür yolu həm bugünkü, həm də gələcək nəsillər üçün parlaq nümunədir
28.04.2020 [09:46]
Bu gün dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür
Bu gün dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür. Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. O, həm də xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün əvəzsiz töhfələrini verib.
Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva çox zəngin və mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub. Sirr deyil ki, geniş erudisiyaya malik Əziz Əliyevin yaxın çevrəsi də Azərbaycanın ən görkəmli elm və mədəniyyət xadimlərindən ibarət idi. Onun ailəsi Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digərləri ilə sıx əlaqələr saxlayırdı. Bu görkəmli simaları tez-tez Əziz Əliyevin evində görmək mümkün idi. Onlar birlikdə Azərbaycanın taleyüklü məsələləri ilə bağlı müzakirələr aparırdılar. Qonaqlar həm də öz yaradıcılıqlarından danışır, qarşılıqlı şəkildə məsləhətlər alırdılar. Təbii ki, Əziz Əliyevin evində təşkil olunan belə söhbətlər, müzakirələr sonradan Azərbaycan mədəniyyətinin, ictimai fikirinin tarixində yeni bir istiqamət açırdı.
Bundan ilk növbədə faydalananlar isə maraqlı diskusiyaların canlı şahidləri olan uşaqlar idilər. Onların arasında Əziz Əliyevin 1923-cü il aprelin 28-də dünyaya gələn övladı Zərifə də var idi. Bir tərəfdən, ailənin ənənələri, digər tərəfdən isə evin daimi qonaqlarının tövsiyələri Zərifə xanımın yaddaşında möhkəm yer etməkdə idi. Yeniyetmə qız gördüklərini və eşitdiklərini elə mənimsəyirdi ki, sonradan bütün bunlar onun formalaşması üçün əsas meyarlara və həyat kredosuna çevrildi. O, məktəbdə dərs alır, Əziz Əliyevin ailəsində isə mükəmməl şəxsiyyət kimi formalaşırdı. İllər ötəcək, Zərifə xanım həyat yolunda müstəqil, inamlı addımlar atacaq, elmdə bir-birinin ardınca zirvələr fəth edəcəkdi. Bütün bunların təməlində isə böyük insan Əziz Əliyevin ailə məktəbinin dərsləri dayanırdı. Zərifə xanımın büdrəməməsi, əqidəsi uğrunda daim mübarizə aparması üçün bu məktəbdə bütün dərslər ən yüksək səviyyədə keçilmişdi və onun özü də həyat yolunda müstəqil addımlar atmaq üçün gərək olan hər şeyi atasından, zaman-zaman evlərinin qonağı olan görkəmli insanlardan əxz etmişdi.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir
Uşqalıq illərində, yeniyetməlik çağlarında Zərifə Əliyeva həmyaşıdları kimi çox sahələrə maraq göstərirdi. Ancaq illər ötdükcə həkim olmaq istəyi onun qəlbinə hakim kəsildi. Burada da atasının nümunəsi öz rolunu oynadı. Sonradan Zərifə Əliyeva elm yolunda uca zirvələr fəth etdi. Mütəxəssislər çox haqlı olaraq belə bir qənaəti bölüşürlər ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Zərifə xanımın xarakteri elə formalaşmışdı ki, o, üzərinə həmişə daha çətin yük götürməyə çalışırdı. Peşə seçərkən də məhz bu prinsipdən çıxış etdi. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Zərifə xanım Azərbaycanın böyük tibb müəssisələrinə, eləcə də respublikamızın ən çox traxoma xəstəliyi yayılmış rayonlarına səfərlərə gedir, oftalmoloq-həkimlər qarşısında traxoma və başqa göz xəstəliklərinin müayinə və müalicəsinə dair məruzələr edir, əhali ilə çoxsaylı söhbətlər aparırdı.
Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Apardığı tədqiqatların nəticələri olaraq Zərifə xanım Əliyeva 1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. Ötən əsrin altımışıncı illərinin sonlarından etibarən Zərifə Əliyeva fəal həkimlik fəaliyyəti ilə məşğul olurdu: bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik, onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Zərifə xanım Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verir və oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirirdi. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi də xüsusi yer tuturdu. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası daha çox cəlb edirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Zərifə xanım bu boşluğu doldurmaq üçün böyük fəallıq göstərirdi.
Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyan görkəmli alim
Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq peşə oftalmologiyasının problemləri ilə ciddi məşğul olub. Təsadüfi deyil ki, onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi yer tutur. Diqqətəlayiqdir ki, Ulu Öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.
Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi. O, bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi.
Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail oldu. "Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr edib. Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
Zərifə xanım Əliyevanın tibb elminə gətirdiyi yeniliklər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Onun ixtiralarından respublikanın səhiyyə müəssisələrində geniş istifadə olunurdu. Sonralar böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.
Bununla belə, Zərifə xanım Əliyevanın elmi yaradıcılığının və praktiki fəaliyyətinin nəticəsi olaraq tibb elminə gətirdiyi yeniliklər hələ onun sağlığında respublikamızın sərhədlərini aşmışdı və Azərbaycan aliminə beynəlxalq səviyyədə böyük şöhrət qazandırmışdı. Belə bir faktı qeyd etmək yerinə düşər ki, Zərifə xanım Əliyeva "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.
Peşə oftalmologiyası Zərifə xanımın ilklərə imza atdığı yeganə elmi istiqamət deyil. O həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. Zərifə xanım “İridodiaqnostikanın əsasları” kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu.
Zərifə xanım Əliyeva gözəl müəllim, bacarıqlı təşkilatçı idi
Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım Əliyeva elmi axtarışları ilə yanaşı, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə geniş pedaqoji iş aparırdı. Ümumiyyətlə, Zərifə xanım davamçılarının çox olmasını arzulayırdı. Gözəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Zərifə xanımı fərqləndirən cəhətlərdən biri də bu idi ki, o, cəmiyyətdə daim fəal mövqe tutmağa çalışır və ictimai işlərə qoşulurdu. Səmərəli ictimai fəaliyyət üçün xüsusi istedad tələb olunur. Tanrı bu müdrik xanıma belə bir istedadı da bəxş etmişdi. Dövrünün ictimai həyatında yaxından iştirak edən akademik, əməkdar elm xadimi Zərifə Əliyeva keçmiş SSRİ-nin Oftamoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, SSRİ və Azərbaycan Sülhü Müdafiə Komitəsinin rəhbər orqanlarının, respublika “Bilik” cəmiyyəti idarə heyətinin və “Novosti oftalmologii” jurnalının redaksiya heyətinin üzvü kimi ən müxtəlif, məsuliyyətli vəzifələri böyük bacarıq və ləyaqətlə yerinə yetirirdi. 1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşürdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə, elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.
Onun ailəsinə xoşbəxtlik hakim kəsilmişdi
Biz yuxarıda Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti, tibb elminə gətirdiyi yeniliklər barədə qısaca da olsa, söhbət açdıq. Ancaqmənalı həyatına ekskurs edərkən daha bir mühüm məqam barəsində də ayrıca danışmaq lazım gəlir ki, bu da Zərifə xanımın xalqımızın tarixin dərin qatlarından gələn gözəl ailə ənənələrinə sadiqliyi ilə bağlıdır.
Zərifə xanım Əliyeva elmin zirvəsinə yüksəlsə də, şan-şöhrətə çatsa da, heç vaxt ailə dəyərlərimizi, adət-ənənələrimizi, ana və ömür-gün yoldaşı olmaq missiyalarını arxa plana keçirməyib. Elə Zərifə xanımın başqalarından fərqi, kamilliyi və bütövlüyü də məhz bu kimi keyfiyyətlərindədir. O, elmlə, ictimai işlərlə məşğul olmağa vaxt tapdığı kimi, daha artıq istəklə ailəsinin, övladlarının, ömür-gün yoldaşının yanında olmağa çalışır və bunu özü üçün böyük xoşbəxtlik sanırdı.
Onu da nəzərə almaq lazımdır ki, Zərifə xanım sıradan bir insanın deyil, Azərbaycan xalqının Ümummilli Lideri, respublikamızın o dövrdəki rəhbəri və sonralar keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksələn Heydər Əliyevin həyat yoldaşı idi. Onunla unikal şəxsiyyət olan Heydər Əliyevin ulduzunun barışması saf sevgisi əsasında baş tutmuşdu. Ulu Öndərin Özü aradan illər ötəndən sonra da Zərifə xanıma olan sonsuz məhəbbətini böyük sevinclə dilə gətirirdi. Heydər Əliyev kimi yüksək vəzifələrdə çalışan unikal şəxsiyyətin ömür-gün yoldaşı olmaq Zərifə xanım üçün yalnız xoşbəxtlik deyildi, həm də böyük məsuliyyət idi. O dövrün gərgin, ziddiyyətlərlə dolu ictimai-siyasi ab-havasını göz önündə canlandırsaq, onun çiyinlərinə necə ağır yük düşdüyünü təsəvvür edə bilərik. Ancaq burada da Zərifə xanımın təmkini, ağılı, ömür-gün yoldaşına böyük sevgisi, ana olmağın məsuliyyətini bütün miqyası ilə dərk etməsi onun ailəsində gözəl ab-havanın yaranmasını şərtləndirirdi. Zərifə xanım hədsiz dərəcədə bağlı olduğu ailəsi ətrafında səmimiyyətdən, məhəbbətdən elə möhkəm hasar çəkmişdi ki, heç bir gərginlik, narazılıq, anlaşılmazlıq buraya daxil ola bilməzdi. Məhz buna görə də onun ailəsinə xoşbəxtlik hakim kəsilmişdi.
Bu gün Zərifə xanımla Heydər Əliyevin - bu iki unikal şəxsiyyətin övladı cənab İlham Əliyev Azərbaycan dövlətinə inamla rəhbərlik edir. Onun Azərbaycan xalqının iradəsi ilə Prezident kimi fəaliyyət göstərdiyi son 16 ildə respublikamız möhtəşəm uğurlara imza atıb, özünün nümunəvi inkişaf modelini yaradaraq dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda biz yenə də xalqa bağlı olmağın, Vətəni sevməyin unikal bir nümunəsinin şahidi olacağıq. Deməli, Zərifə xanım ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə birlikdə kökdən, şəcərədən gələn dəyərləri gələcəyə - öz övladlarına ötürə biliblər və bu, hər bir valideynin böyük xoşbəxtliyidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

