Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sosialyönümlü iqtisadiyyat respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biridir

Sosialyönümlü iqtisadiyyat respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biridir

25.08.2012 [01:36]

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edib. ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpmaqdadır. Neftdən daxil olan gəlirlər, olduqca ehtiyatlı və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü artırıb, nəzərə çarpan dərəcədə valyuta ehtiyatları yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb. Respublikada qeyri-neft sektorunda gedən surətli inkişaf rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılmasına və inkişaf dinamikasının sürətləndirilməsinə, habelə yoxsulluğun əhəmiyyətli dərəcədə aşağı salınmasına, insan kapitalı ilə bağlı bir çox məsələlərin həll olunmasına zəmin yaradıb. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir.
Məlum olduğu kimi, Azərbaycanda reallaşdırılan davamlı islahatlar konsepsiyasına əsaslanan iqtisadiyyat sosial siyasətlə paralel şəkildə həyata keçirilir. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi inkişaf strategiyası nəticəsində büdcə vəsaitlərinin artması sözügedən sahədə kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə diqqət yetirsək görərik ki, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, sağlam gələcəyin təminatı kimi səhiyyə sisteminin müasirləşdirilməsi, işsizliyin azaldılması  ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.
Bu istiqamətdə aztəminatlı ailələrin, ailə başçılarını itirənlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olanların - əlillərin, ahıl vətəndaşların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, onların təminatının yaxşılaşdırılması üçün pensiya və müavinətlərin həcmi artırılıb. Bununla yanaşı, maaş və əhalinin pul gəlirlərinin, əmanət və depozit qoyuluşlarının artması üçün baza yaradılıb. Xüsusilə, son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Belə ki, qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox inkişaf etmiş ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi prosesi davam edib. Məsələn, 2011-ci ildə əhalinin pul gəlirlərində artım 20 faizə çatıb. Minimum aylıq əməkhaqqının məbləği 10, orta aylıq əməkhaqqı isə 9,6 faiz artaraq analoji olaraq 93,5-359,3 manata yüksəlib. Cari ilə gəldikdə isə, təkcə yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz, 2012-ci ilin təkcə beş ayı ərzində isə 13,1 faiz artıb. ötən il 900 min pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb. Hazırda orta aylıq pensiyanın həcmi 180-190 ABŞ dolları həcmindədir. Orta əməkhaqqı isə təxminən 460 ABŞ dollarına yaxındır. Respublikada ünvanlı sosial yardım proqramı icra edilir. Sosial yardım proqramı çərçivəsində ehtiyacı olan hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir və hazırda 143 min ailə ünvanlı sosial yardım alır.
Əlbəttə, hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. İşsizliyin yüksək səviyyədə olduğu ölkələrdə işçi qüvvəsindən yarımçıq istifadə nəticəsində iqtisadi sistem özünün istehsal imkanlarından tam istifadə edə bilmir. İşsizlik, həmçinin, insanların həyati vacib maraqlarına ciddi zərbə vurur və onları yaşayış uğrunda mübarizə aparmaq hüdudlarına gətirib çıxarır. Beləliklə, işsizliyin səviyyəsi hər bir ölkədə iqtisadiyyatın ümumi vəziyyətinin əsas göstəricilərindən biri kimi çıxış edir. ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması ilə insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri açılıb, minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Bunların 80 faizi bölgələrin payına düşür. ötən ilin yekunlarına görə Azərbaycanda işsizlik aşağı səviyyədə - 5,4 faiz təşkil edib. Bununla bərabər, bölgələrdə icra edilən regional inkişaf proqramları nəticəsində cari ilin 6 ayında 46 min yeni iş yeri açılıb ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam etdirilir, yeni müəssisə, fabrik, zavod tikilir.
Bir sözlə, atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların problemlərinin həlli üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçmiş Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında imzaladığı Fərmanı da həmin tendensiyanın bariz göstəricilərindəndir. Həmin Fərmana əsasən Azərbaycanda əmanətlərin qaytarılması 2 milyondan artıq şəxsin əmanət hesablarına şamil ediləcək. Əmanətlərin fərdi birdəfəlik ödəmələrin verilməsinə 1 milyard manat həcmində vəsait yönəldiləcək. Onu da əlavə edək ki, fərdi birdəfəlik ödəmələrdən vergi tutulmayacaq.
Həmçinin, təbii fəlakət və ya qanunvericiliyə görə hansısa özəl mülkiyyət ictimai və dövlət maraqları üçün alınırsa, o zaman həmin mülkiyyət sahibinə kompensasiyaların ödənilməsi və dəymiş zərərin qarşılanması zamanı da hökumət insan amilini, vətəndaşların sosial təminatını nəzərə alır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı cari ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələsinə toxunub: “Onu da deyə bilərəm ki, dünyada çox nadir hallarda belə məsələyə rast gəlmək olar ki, dövlət bütün maliyyə texniki yükünü tamamilə, yəni, 100 faiz öz üzərinə götürür. Ancaq bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, yeni tikiləcək evlər, məktəblər, sosial-infrastruktur əvvəlkindən qat-qat keyfiyyətli və rahat olacaqdır”.
SEVİNC
Paylaş:
Baxılıb: 942 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30