Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanda kənd yollarının yenidən qurulmasına xüsusi diqqət yetirilir

Azərbaycanda kənd yollarının yenidən qurulmasına xüsusi diqqət yetirilir

28.08.2012 [13:04]

Prezident İlham Əliyev: Tərtib edilmiş proqrama əsasən, - əgər biz bu templəri saxlaya bilsək, - gələn ilin sonuna qədər kənd yerlərində əhalinin yaşadığı məntəqələrin 85 faizində yeni kənd yolları artıq istismara veriləcəkdir
Azərbaycanın Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin kəsişdiyi əlverişli strateji mövqedə yerləşməsi respublikamızın tranzit əhəmiyyətini xeyli artırır. ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin nəqliyyat sisteminin və beynəlxalq səviyyəli avtomobil yollarının tikintisinə münbit zəmin yaratmaqla yanaşı, ölkənin iqtisadi inkişafına güclü təkan verir.
 Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində isə ölkəmizdə avtomobil yolları müasir standartlar səviyyəsində yenidən qurulur, yeni yollar salınır. Yeri gəlmişkən, “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda  çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə bir daha diqqəti yönəldərək qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, qarşıdakı illərdə də infrastruktur layihələrinə, xüsusilə yol tikintisinə böyük həcmdə vəsaitlərin ayrılması nəzərdə tutulur.  Dövlət başçısı bildirib ki, 2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaq: “Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki dövrdə bu işlərlə mərkəzi icra orqanları məşğul idi. Ancaq mərkəzi icra orqanlarının digər layihələri vardır. Onlar əsas diqqəti magistral, şəhərlərarası yollara yönəltməlidirlər. O ki qaldı kənd yollarına, yerli icra orqanları bu işləri daha yaxşı bilir. Artıq keçən ildən başlayaraq hər bir bölgədən sifarişlər gəldi, məruzələr edildi və plan tərtib olundu. Gördüyünüz kimi, ilin əvvəlindən həm dövlət büdcəsi, həm Prezidentin ehtiyat fondu hesabına bölgələrə vəsait ayrılır. Qarşıya məqsəd qoyulubdur ki, biz bütün kənd yollarını abadlaşdıraq”.
Bunun maksimum məqsəd olduğunu deyən dövlət başçısı daha sonra qeyd edib ki, qarşıya qoyulan  məqsədlərə çatmaq üçün  artıq bütün hesablamalar aparılıb, plan tərtib olunub. Bu planın reallaşması üçün ölkəmizdə kifayət qədər həm maliyyə imkanları, həm də texnika mövcuddur: “Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq”.
Qeyd etmək lazımdır ki,  ölkədə ümumi istifadədə 18 min 986 kilometr avtomobil yolu vardır ki, onun 4 min 366 kilometri respublika əhəmiyyətli, 13 min 147 kilometri yerli əhəmiyyətlidir. Bakı şəhəri ərazisində olan yollar, prospektlər və küçələrin ümumi uzunluğu isə 1525 kilometr təşkil edir. Dövlətin bu sahəyə göstərdiyi qayğı sayəsində son 8 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 2 min 822 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşını, avadanlıq və qurğu alınıb. 2003-2011-ci illərdə respublikada tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 6 min 240 kilometrdən artıq olub. Bu dövrdə ümumi uzunluğu 18 min metr olan 160-a yaxın körpü tikilərək istifadəyə verilib. Bu prosesdə kənd yollarının tikintisi də xüsusi yer tutur. Prezident   İlham Əliyev  Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələyə toxunub: “Prezidentin ehtiyat fondundan və dövlət büdcəsi hesabına bir çox yeni layihənin icrası başlamışdır, xüsusilə, kənd yollarının tikintisi. Biz çalışmalıyıq ki, gələn ilin sonuna qədər kənd yollarının tikintisi ilə bağlı əsas məsələləri həll edək. Tərtib edilmiş proqrama əsasən, - əgər biz bu templəri saxlaya bilsək, - gələn ilin sonuna qədər kənd yerlərində əhalinin yaşadığı məntəqələrin 85 faizində yeni kənd yolları artıq istismara veriləcəkdir”.
Yeri gəlmişkən, vaxtilə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli “İpək yolu” layihəsinin reallaşdırılması istiqamətində də uğurlu addımlar atılıb. Sözügedən layihə “Şərq-Qərb” nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin, respublika ərazisində nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Artıq Bakıdan Gürcüstan sərhədinədək 513 kilometr məsafəni əhatə edən magistralın Bakı-Ələt hissəsinin yenidən inşa edilmiş 4-14-cü kilometrlik sahəsinin, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir dairəvi, Kürdəmir-Ucar, Yevlax-Gəncə, Gəncə-Qazax, Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissələrinin ölkə başçısının iştirakı ilə açılışı olub. Hazırda yolun Bakı-Ələt, Gəncə dairəvi hissələri ilə yanaşı, Yevlax-Gəncə, Hacıqabul-Kürdəmir hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.
Bakını Rusiya dövlət sərhədi ilə birləşdirən yol, hərəkətin intensiv olduğu magistrallardan biri sayılır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu magistral Avropa və Asiya marşrutlarına daxil olmaqla respublikanın şimal sərhədinə çıxışı təmin edir. ümumi uzunluğu 208 kilometr olan magistralın artıq 6-16 kilometr hissəsi asfalt-beton, 16-134 kilometr hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, magistralın 28-45-ci (Sumqayıt dairəvi), 131-165-ci kilometrlik (Gəndob-Quba) hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 metr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Samur-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) 4 zolaqlı hərəkət üçün yeni trass üzrə tikinti işləri hazırda davam etdirilir. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçən hissələrinin əsasını təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulmasına başlanılıb. Bu yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 kilometrə qədər qısaldacaq. Dövlət başçısının Sərəncamı ilə daha bir beynəlxalq əhəmiyyətli Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (M-3) avtomobil yolu da yenidən qurulur. Paytaxtı İran sərhədi ilə birləşdirəcək bu magistralın 0-9, 9-31-ci kilometrlik sahələri və Biləsuvar dairəvi adlanan 10,6 kilometrlik hissəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilıb. Zəngin təbii-coğrafi üstünlüklərə və turizmin inkişafı üçün müstəsna əhəmiyyətə malik regionda iqtisadiyyatın və ümumilikdə nəqliyyat sisteminin daha səmərəli işləməsinə imkan verən magistrallardan biri də Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yoludur. Tikinti işləri çərçivəsində 119 kilometr hissə 2009-cu ilin noyabr ayında istismara verilib. Hazırda 15-45-ci kilometrlik sahəsinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması və ümumi uzunluğu 144,8 kilometr təşkil edən Muğanlı-Yevlax hissəsinin tikintisi işləri davam etdirilir. ötən müddətdə respublika və yerli əhəmiyyətli yollarda da böyük həcmli təmir-tikinti işləri görülüb. Demək olar ki, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən yolların rahatlığı üçün konkret tədbirlər həyata keçirilib. Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma yollarının yenidən qurulması, Qusar-Əniğ-Ləzə, İsmayıllı-Lahıc, Bəhramtəpə-Biləsuvar, Şamaxı-Göylərçöl-Padar, Aşağı Salahlı, Kəmərli, Şəki-Qax yollarında tikinti işlərinin davam etdirilməsi dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası paytaxtın yol infrastrukturunun əsaslı dəyişikliyinə səbəb olub.
Onu da qeyd edək ki, dövlət başçısı bir sıra rayonlarda yol tikintisi üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı sərəncamlar imzalayıb. Hazırda bu sərəncamlar uğurla həyata keçirilməkdədir. Bir sözlə, ölkədə yol-nəqliyyat strukturu müasir tələblərə uyğun yenidən qurulur. Hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30