Prezident İlham Əliyev Yevlax, Bərdə rayonlarına və Naftalan şəhərinə səfər edib
11.09.2013 [09:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Yevlax şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Prezidentinə parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Yenidən Yevlaxda olmağımdan çox məmnunam. Mən son illər ərzində dəfələrlə Yevlax rayonunda olmuşam, müxtəlif tədbirlərdə, açılışlarda bərabər iştirak etmişik. Bu gün isə yeni aeroportun açılışını edirik. Çox gözəl hadisədir, böyük rəmzi məna daşıyır. Çünki Yevlax aeroportunun yenidən fəaliyyətə başlaması çox əlamətdar hadisədir, ölkəmizin inkişafını, gücünü göstərir. Onu göstərir ki, vaxtilə yaradılmış bütün vacib infrastruktur obyektləri bu gün yenidən qurulur, bərpa edilir və daha da müasir görkəm alır.
Bildiyiniz kimi, Yevlax aeroportu sovet dövründə fəaliyyət göstərirdi. O vaxt uçuş-enmə zolağı o qədər böyük deyildi, ancaq kiçik təyyarələri qəbul edə bilərdi. Bu gün isə yeni zolaq tikilmişdir. İstənilən təyyarə enə bilər - “Boeing”, “Aerobus”, digər təyyarələr. Bütün beynəlxalq standartlara cavab verən bir aeroportdur və Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında bu aeroportun çox böyük rolu olacaqdır.
Son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna çox böyük sərmayələr qoyulmuşdur, investisiyalar cəlb edilmişdir - həm xaricdən, həm daxildən. Bu investisiyalar daha çox dövlət büdcəsi hesabına qoyulur və beləliklə, Azərbaycan artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə çevrilmişdir. Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Ancaq əgər nəqliyyat infrastrukturu olmasa, bu coğrafi yerləşmə böyük əhəmiyyət kəsb etməz. Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir logistika-nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir.
Son 10 il ərzində Azərbaycanda bir neçə aeroport yenidən quruldu - Naxçıvan, Gəncə və Lənkəran. Bu aeroportlardan beynəlxalq uçuşlar başlamışdır. Eyni zamanda, 3 yeni aeroport tikilmişdir ki, heç vaxt olmamışdır - Zaqatala, Qəbələ və Heydər Əliyev Aeroportunun yeni aerovağzal kompleksi və yeni infrastrukturu. Bu gün açılışa hazırlanan Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir aeroportlardan biridir və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır. Yevlax aeroportunun da nəqliyyat sahəsində öz yeri var və şadam ki, bu layihə də qısa müddət ərzində icra edilmişdir. Bu, mənim bilavasitə göstərişimlə icra edilən layihədir. Əminəm ki, bu aeroportun fəaliyyəti Azərbaycan iqtisadiyyatına bir töhfə olacaqdır.
Bütövlükdə nəqliyyatla bağlı bütün məsələlər uğurla icra edilir - yollar tikilir, o cümlədən kənd yolları. Yevlax rayonunda da kənd yolları tikilir, dəmir yolu yenidən qurulur. Bakıda ən böyük dəniz limanı tikilir. Xəzər dənizində ən böyük dəniz limanı Bakıda olacaqdır. Gəmiqayırma zavodu tikilir, gəmilər alınır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və beləliklə, bu gün nəqliyyat infrastrukturunun mövcudluğu bizə yeni imkanlar verir. Əlbəttə ki, biz Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətini səbirsizliklə gözləyirik. Bu layihə də Azərbaycan tərəfindən bir təşəbbüs kimi irəli sürülmüşdür. Bizim tərəfdaşlar, qonşularımız bu layihəyə böyük dəstək vermişlər. Bakı-Tbilisi-Qars dəmir yolu birgə səylərlə tikilir və tikiləndən sonra dünya miqyasında yeni bir dəhliz olacaqdır. Həm məsafə baxımından, həm iqtisadi səmərə nöqteyi-nəzərindən bu layihənin çox böyük iqtisadi və siyasi mənası vardır. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizi də Azərbaycan ərazisindən keçir, biz bu dəhlizin inkişafında da maraqlıyıq və öz səylərimizi qoyuruq.
Beləliklə, hesab edirəm ki, son 10 ildə nəqliyyatla bağlı qarşıda duran bütün vəzifələr artıqlaması ilə icra edildi və bu gün açdığımız aeroport bunun növbəti sübutudur.
Yevlax rayonunun inkişafına gəldikdə, çox şadam ki, son illərdə inkişaf çox sürətli olmuşdur. Böyük quruculuq işləri aparılmışdır, Yevlax müasir şəhərə çevrilmişdir. Böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, xiyabanlar, bulvar tikilmişdir. Keçən dəfə burada olarkən bulvarda da oldum. Çox şadam ki, bu müsbət təcrübə artıq burada da tətbiq olunur. Bakı bulvarı bildiyiniz kimi, genişlənir və artıq yaxın zamanlarda 14 kilometrə çatacaqdır. Yevlax bulvarı tikilib. Kür çayı üzərində yerləşən digər şəhərlərdə bulvarlar tikilir. Bu, gözəl bir təşəbbüsdür və istirahət yeridir, insanların rahatlığı üçün yaradılan yerlərdir. Yevlaxda digər istirahət zonaları yaradılmışdır, parklar, bağçalar, iş yerləri.
Bu, mənim Yevlaxa altıncı səfərimdir və son müddət ərzində mən dəfələrlə burada müxtəlif açılışlarda iştirak etmişəm. Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Burada qazlaşdırma uğurla gedir. Şəhər tam qazlaşdırılıbdır və hesab edirəm ki, yaxın aylarda bütün kəndlər də qazlaşdırılacaqdır. Yəni, qazlaşdırma 100 faizə çatacaqdır. İçməli su-kanalizasiya layihəsinin icrası gözlənilir və hesab edirəm ki, bir il ərzində, yaxud da, il yarım ərzində bu məsələ də öz həllini tapacaqdır. Çünki bu, çox ciddi məsələdir. Bildiyiniz kimi, indi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, o cümlədən Yevlaxda da bu, icra ediləcəkdir. Kənd yollarının tikintisi gedir. Bu gün biz bir kənd yolunun açılışını qeyd edəcəyik. Yəni, bütün infrastruktur layihələrinin icrası müsbət istiqamətdə gedir. Bu layihələrin mütləq əksəriyyəti Azərbaycanın dövlət büdcəsi hesabına reallaşır və büdcəmiz də son 10 il ərzində 20 dəfə artmışdır. Yəni, hesab edirəm ki, dünya miqyasında belə artım heç bir yerdə müşahidə olunmur. İqtisadi artım əlbəttə ki, büdcə xərclərinin artımına gətirib çıxarmışdır və bütün iqtisadi uğurlar məqsədyönlü şəkildə ölkəmizin, regionların inkişafına yönəldilir. Şadam ki, ikinci regional inkişaf proqramı uğurla başa çatır. Növbəti proqram hazırlanır və növbəti 5 il ərzində hər bir rayon üzrə, o cümlədən Yevlax rayonu üzrə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, gələcəkdə biz sizinlə hələ çox görüşəcəyik. Çünki burada açılışlar çox olacaqdır və gözəl tədbirlərdə bir-birimizi təbrik edəcəyik. Sağ olun”.
* * *
Yevlaxın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Şahin Kərimov, gənclər adından Əli Quliyev Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxıb. Sonra dövlətimizin başçısı sakinlərlə söhbət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı xəstəxanada yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb. Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə və məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış olub.
Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində olub.
Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Mənzildə hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhərinin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verib. Bildirilib ki, ümumi ərazisi 4 hektar olan bu istirahət məkanında fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Son illərdə bu park sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini təbrik edən Prezident İlham Əliyev deyib: “Sizi ürəkdən salamlayıram. Bu gün Naftalan şəhərində əlamətdar hadisə baş verir - içməli su layihəsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Naftalan sakinləri üçün çox önəmli olacaqdır.
Azərbaycanda hər bir yerdə içməli su layihələri icra edilir. Müxtəlif şəhərlərdə biz artıq içməli suyun verilməsinə nail ola bilmişik. Bəzi yerlərdə icra edilir, bəzi yerlərdə isə hazırlıq işləri gedir. Ancaq bu önəmli layihələrin icra edilməsi tam şəkildə təmin ediləcəkdir. İçməli su insanın sağlamlığı üçün əsas amildir. Dövlət hesabına icra edilən bu layihələr insanların sağlamlığına böyük bir töhfədir, güclü sosial siyasətin əlamətidir. Bildiyiniz kimi, mən son aylar, həftələr ərzində ölkəmizin müxtəlif yerlərində içməli su, kanalizasiya layihələrinin açılışlarında iştirak edirəm. Bu gün Naftalanda da bu gözəl hadisə baş verir. Əminəm ki, biz yaxın zamanlarda bütün şəhərlərimizdə təmiz içməli suyun verilməsinə nail olacağıq. Bir daha demək istəyirəm ki, bu, sırf insanların sağlamlığına verilən töhfədir. Ancaq yəqin bilirsiniz ki, bu layihələr böyük vəsait tələb edir. Azərbaycan dövləti dövlət büdcəsi hesabına bu vəsaiti ayırır ki, insanlar sağlam olsunlar, xəstələnməsinlər və təmiz içməli su ilə təmin edilsinlər. Standartlar da ən yüksək səviyyədədir. Bütün işlər Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə görülür. Beləliklə, bu vacib infrastruktur layihəsi Naftalanda icra edilmiş olur.
Şəhərdə digər infrastruktur layihələri uğurla icra edilir - yollar çəkilir. Naftalanda qazlaşdırma 100 faiz təmin edilmişdir. Yəni, bir dənə də olsun qazlaşdırılmayan yer yoxdur. Bu da önəmli hadisədir. Növbəti illərdə şəhərin inkişafı üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur.
Bu, mənim Naftalana üçüncü səfərimdir. Çox şadam ki, şəhərdə böyük abadlıq işləri aparılır. Bu meydan tamamilə yeni görkəm almışdır. Gözəl Heydər Əliyev Mərkəzi tikilmişdir. İndi onun açılışını edəcəyik. Şəhərin abadlaşması, küçələrin salınması, parkların yaradılması məni sevindirir, xüsusilə Naftalan kimi gözəl təbiəti olan bir yerdə. Vaxtilə burada şəhər planlaşdırılanda şəhərsalma işləri çox böyük məharətlə aparılmışdır. Ona görə, sadəcə olaraq indiki dövrdə biz vaxtilə yararsız vəziyyətə düşmüş binaları bərpa etməliyik. Bütün xiyabanları, yolları abadlaşdırmalıyıq və şəhəri dünya səviyyəli, ən müasir şəhərlər sırasına daxil etməliyik.
Vaxtilə, bildiyiniz kimi, Naftalan ümumittifaq kurortu olmuşdur. Burada fəaliyyət göstərən sanatoriyalar on minlərlə insana xidmət edirdi. Sovet İttifaqının müxtəlif yerlərindən buraya böyük bir axın var idi. Naftalan məhz buna görə vaxtilə şəhər statusu almışdı. Ondan sonra, bildiyiniz kimi, bu sahə bir qədər geridə qalmışdı. Erməni işğalından əziyyət çəkən köçkünlər buraya köçmüşlər. Bütün sanatoriyalarda onlar məskunlaşmışlar. Bu da təbiidir. Çünki ilk növbədə, ən ağır vəziyyətdə olan soydaşlarımızın problemləri həll olunmalı idi. Ancaq bu gün bu problem də həll olunmuşdur. Vaxtilə Naftalanda məskunlaşmış köçkünləri biz yeni evlərlə, mənzillərlə təmin etdik və boşaldılan sanatoriyalarda indi yeni otellər yaradılır.
Yeni istirahət mərkəzləri açılır. Keçən dəfə burada olarkən biz “Çinar” və “Qaşaltı” sanatoriyalarının açılışını qeyd etdik. Bu gün isə “Qarabağ” sanatoriyasının təmiri ilə tanış olacağam. Çox şadam ki, mənim vaxtilə dediyim sözlər, təkliflər reallaşır. Mən demişdim ki, vaxtilə fəaliyyət göstərmiş bütün sanatoriyalar yenidən qurulmalıdır, bərpa edilməlidir. Harada bərpa işləri mümkün deyil, yenidən tikilməlidir və biz Naftalanı artıq dünya səviyyəli beynəlxalq kurort şəhərinə çevirməliyik. Buna tədricən nail oluruq. Çünki artıq “Qarabağ” sanatoriyası, daha doğrusu, yeni “Qarabağ” oteli işə düşəndən sonra burada artıq üç böyük istirahət mərkəzi olacaqdır ki, onların üçü də ən yüksək dünya standartlarına cavab verir. Beləliklə, biz Naftalanın keçmiş şöhrətini daha da yüksək səviyyədə, daha da müasir və keyfiyyətli səviyyədə bərpa edəcəyik. Bununla yanaşı, əlbəttə ki, şəhərin bütün başqa infrastruktur layihələri də öz həllini tapmalıdır və tapır. Dediyim kimi, qazlaşdırma 100 faiz, içməli su təmin edilir. Burada çoxlu yaşayış binası vardır. Onların hamısı təmir ediləcəkdir. Bir neçəsi artıq təmir edilib. Burada bir dənə də olsun təmirsiz bina olmayacaqdır.
Naftalan böyük şəhər deyildir. Əhalinin sayı təxminən 9 mindən çoxdur. Ona görə, burada bütün strategiyamız 100 faiz reallaşacaqdır və reallaşır, özü də qısa müddət ərzində. Burada sosial infrastrukturun yaradılması istiqamətində işlər görülür. Uşaq bağçası tikilmişdir. Məktəblər təmir olunmalıdır və eyni zamanda, şəhər xəstəxanasının da təmirinə ehtiyac vardır. Yəqin ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaqdır. Bir sözlə, şəhərin inkişafı üçün bundan sonra da bütün lazımi tədbirlər görüləcəkdir, dövlət vəsaiti ayrılacaqdır.
Bir daha demək istəyirəm ki, Naftalan Azərbaycanda artıq turizm mərkəzlərindən birinə çevrilir. Ümumiyyətlə, ölkəmizdə turizmin inkişafı üçün böyük potensial vardır. Ölkəmiz çox gözəl ölkədir, gözəl təbiəti, iqlimi vardır. Görməli yerlər çoxdur. Artıq Azərbaycanda bir neçə turizm mərkəzi formalaşır. Əlbəttə ki, birinci mərkəz Bakı şəhəridir. Bakı şəhərində son iki il ərzində beşulduzlu altı otel istifadəyə verilmişdir. Heç bir başqa şəhərdə iki il ərzində beşulduzlu altı otel açılmır. Naftalanda artıq üçüncü otel təmir edilir. “Şahdağ” kurort zonasında altı otel fəaliyyət göstərəcəkdir. Üç beşulduzlu otel bu mövsüm üçün hazır olacaqdır.
Qəbələ turizm mərkəzinə çevrilibdir. Şəki, Lənkəran, Qalaaltı - vaxtilə o da məşhur bir turizm yeri idi. Orada müalicəvi su böyük əhəmiyyətə malikdir. Ora da bərpa edilir. Yəni, ölkəmizin müxtəlif yerlərində istənilən müalicəni almaq üçün imkanlar vardır. Yeni infrastruktur yarandıqda əlbəttə ki, turistlərin sayı daha da artacaqdır.
Bildiyimə görə, fəaliyyət göstərən yeni otellərə artıq turistlərin gəlişi artır. Daha da artacaqdır. Yəni, burada daha çox reklam işi düzgün qurulmalıdır. Çünki indi dünyada turistləri cəlb etmək üçün ölkələr arasında rəqabət gedir. Yəni, turistlərin gəlişi, əlbəttə ki, hər bir ölkənin iqtisadiyyatına bir töhfə olur. Mən inanıram ki, yaxın gələcəkdə Naftalan haqqında dünyada çox geniş məlumat olacaqdır. Əlbəttə ki, burada xidmətin səviyyəsi yüksək və bütün infrastruktur gözəl olmalıdır. Hər şey gözəl olmalıdır. Müasir, yüksək səviyyədə, necə ki, Azərbaycanın hər bir yerində biz buna nail oluruq. Bu layihə isə bir daha demək istəyirəm ki, sırf sosial məna daşıyır, insanların sağlamlığı, rahatlığı və xoşbəxt gələcəyi üçün. Bir daha sizi ürəkdən salamlayıram. Bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev Prezident İlham Əliyevə şəhərin inkişafına göstərdiyi diqqətə görə minnətdarlığını çatdırıb.
Sonra Prezident İlham Əliyev “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsini əks etdirən stendlərə baxıb. Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəy və Şəmkir rayonlarında da səfərdə olub, bir sıra obyektlərin açılışında iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

