Əbədi dostluğun siyasi möhürü: Bakı-Daşkənd münasibətlərinin yeni xəritəsi...
26.08.2026 [11:58]
Azərbaycan-Özbəkistan qardaşlığının gələcəyə yönəlik nümunəvi modeli
Azərbaycan tarixində dostluq anlayışı heç zaman yalnız diplomatik münasibətlərin ifadəsi olmayıb. Bakı üçün dostluq etimad, sədaqət, qarşılıqlı hörmət və ən çətin məqamlarda bir-birinin yanında olmaq deməkdir. Bu baxımdan Azərbaycan dövlətinin illər ərzində formalaşdırdığı siyasi xəttdə mühüm bir prinsip dəyişməz olaraq qalır: verilən sözə sadiqlik və qurulan münasibətlərə məsuliyyətlə yanaşmaq. Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də regional və beynəlxalq müstəvidə tərəfdaşlarına qarşı məhz bu yanaşmanı nümayiş etdirib.
Azərbaycanın diplomatik təcrübəsi göstərir ki, ölkə yalnız əlverişli siyasi şəraitdə dostlarının yanında olan dövlət deyil. Əksinə, münasibətlərin həqiqi dəyəri məhz çətin və mürəkkəb dövrlərdə ortaya çıxır. Azərbaycan müxtəlif tarixi mərhələlərdə dost və qardaş hesab etdiyi ölkələrin üzləşdiyi mürəkkəbliklərə biganə qalmayıb, imkanları daxilində siyasi, mənəvi və humanitar dəstəyini əsirgəməyib. Bu, zamanla Azərbaycanın xarici siyasətində etibarlılıq amilini gücləndirib və Bakı ilə tərəfdaşları arasında münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına şərait yaradıb.
Azərbaycan-Özbəkistan münasibətləri də bu baxımdan xüsusi məna daşıyır. Ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, iki ölkəni birləşdirən əsas amillərdən biri qarşılıqlı etimad və siyasi iradədir. Son illərdə bu münasibətlər yalnız ənənəvi dostluq çərçivəsində qalmayaraq, strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlib. Bakı və Daşkəndin bir-birinin mövqelərinə hörmətlə yanaşması, mühüm regional məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirməsi münasibətlərin təsadüfi deyil, uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir.
Bu mənada Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi Dostluq haqqında Müqavilənin imzalanması iki ölkə arasında artıq formalaşmış siyasi etimadın və sarsılmaz dostluğun yeni hüquqi-siyasi ifadəsidir. Bu sənəd, ilk növbədə, Azərbaycan və Özbəkistanın münasibətlərini zamanın dəyişən şərtlərindən asılı olmayan, gələcəyə hesablanmış möhkəm tərəfdaşlıq modeli kimi gördüyünü nümayiş etdirir.
Birlik, bərabərlik, həmrəylik...
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Bildirilir ki, dövlətlər həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.
Təhlükəsizlikdən hüquqi əməkdaşlığa: dostluğun siyasi dayaqları
Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq haqqında Müqavilənin mühüm xüsusiyyətlərindən biri iki ölkənin münasibətlərini yalnız ikitərəfli çərçivədə deyil, daha geniş regional və qlobal təhlükəsizlik kontekstində nəzərdən keçirməsidir. Sənəddə bildirilir ki, hər iki tərəf münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiq edirlər. Eləcə də, hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcək və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcəklər.
Bu yanaşma Bakının və Daşkəndin beynəlxalq münasibətlər sistemində sabitliyin qorunmasına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan mövqelərinin yaxınlığını göstərir. Xüsusilə BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında əsas platforma kimi qəbul edilməsi iki ölkənin qlobal məsələlərdə mövqelərinin uzlaşdırılması üçün siyasi zəmin yaradır.
Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin ikitərəfli diplomatik əlaqələrdən daha geniş məna daşıdığını göstərir. Bakı və Daşkənd regional proseslərə yalnız öz milli maraqları prizmasından deyil, qarşılıqlı təhlükəsizlik və sabitlik baxımından yanaşırlar. Müasir dünyada münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni təhlükəsizlik çağırışlarının artdığı bir vaxtda belə mövqe xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edildiyi kimi, müqavilənin digər mühüm istiqaməti parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlıdır. Çünki dövlətlər arasında siyasi iradənin davamlı xarakter alması üçün onun qanunvericilik və ictimai institutlar səviyyəsində də möhkəmləndirilməsi vacibdir. Azərbaycan və Özbəkistan parlamentlərində qarşılıqlı əlaqələrlə bağlı müvafiq strukturlar fəaliyyət göstərir və illərdir ki, əlaqələrin genişlənməsi qanunvericilik təcrübəsinin bölüşdürülməsinə, hüquqi əməkdaşlığın dərinləşdirilməsinə və iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın genişlənməsinə xidmət edir. Gələcəkdə bu amil daha ön plana çıxacaq. Beləliklə, sənədin siyasi-hüquqi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan dostluğu bütövlükdə dövlət institutları və cəmiyyətlər arasında uzunmüddətli əlaqələrin möhkəm sisteminə çevrilir.
İqtisadi tərəfdaşlıqdan vahid nəqliyyat məkanına: Bakı-Daşkənd böyük yolun ən vacib seqmenti kimi
Əbədi Dostluq haqqında Müqavilənin iqtisadi müddəaları Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək inkişafının ən praktik istiqamətlərindən birini təşkil edir. Sənəddə vurğulanır ki, şər iki dövlət bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, “yaşıl” və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərirlər. Eləcə də yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar.
Göründüyü kimi, burada əsas məsələ sadəcə ticarət dövriyyəsinin artırılması deyil - iki ölkənin iqtisadi potensialının bir-birini tamamlayan imkanlara çevrilməsini təmin etməkdir. Energetikadan rəqəmsal iqtisadiyyata, kənd təsərrüfatından kosmik texnologiyalara qədər geniş sahələrin əhatə olunması əməkdaşlığın ənənəvi çərçivədən çıxaraq yeni iqtisadi modelə keçdiyini göstərir.
Azərbaycanın enerji və tranzit imkanları, Özbəkistanın isə böyük istehsal, kənd təsərrüfatı və sənaye potensialı qarşılıqlı iqtisadi maraqlar üçün geniş imkanlar yaradır. Bu baxımdan birgə layihələrin həyata keçirilməsi yalnız ayrı-ayrı investisiya təşəbbüsləri deyil, iki ölkənin iqtisadi əlaqələrini daha dayanıqlı və uzunmüddətli edən mexanizm kimi qiymətləndirilə bilər. Xüsusilə rəqəmsallaşma, elektron ticarət və yüksək texnologiyalar kimi sahələrin sənəddə yer alması münasibətlərin gələcəyin iqtisadiyyatına hesablandığını göstərir.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycan və Özbəkistanın yerləşdiyi coğrafi məkan onları Şərq-Qərb və Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısında mühüm tərəfdaşlara çevirir. Özbəkistanın Mərkəzi Asiyanın daxilindəki iqtisadi çəkisi ilə Azərbaycanın Xəzər üzərindən Avropa və digər istiqamətlərə çıxış imkanlarının birləşməsi yeni tranzit imkanları yaradır.
Bu baxımdan nəqliyyat əlaqələrinin inkişafı təkcə iki ölkə arasında yük və sərnişin daşımalarının asanlaşdırılması demək deyil. Söhbət daha geniş regional nəqliyyat sisteminin səmərəliliyinin artırılmasından gedir. Orta Dəhlizin imkanlarının genişlənməsi, Xəzər üzərindən keçən marşrutların inkişafı və Mərkəzi Asiyanın dünya bazarlarına çıxışının şaxələndirilməsi Azərbaycan-Özbəkistan əməkdaşlığını regional iqtisadi inteqrasiyanın mühüm elementinə çevirə bilər.
Siyasi sənəddən xalq diplomatiyasına:ortaq dəyərlərin qorunması...
Azərbaycan və Özbəkistan münasibətlərinin dayanıqlılığını təmin edən əsas amillərdən biri dövlətlərarası əlaqələrdən daha dərin olan mənəvi və mədəni yaxınlıqdır. Eyni tarixi-mədəni köklər, dil və ənənələr iki xalq arasında qarşılıqlı rəğbətin formalaşmasında mühüm rol oynayıb. Buna görə də Əbədi Dostluq haqqında Müqavilədə humanitar sahəyə xüsusi yer ayrılması təsadüfi deyil. Müqavilədə göstərilir ki, tərəflər iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli köməklik göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər. Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradırlar.
Burada məqsəd mövcud yaxınlığı sadəcə qorumaq yox, onu gələcək nəsillərə ötürüləcək davamlı əməkdaşlıq sisteminə çevirməkdir. Elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Universitetlər və elmi müəssisələr arasında birbaşa münasibətlərin qurulması, birgə tədqiqatların aparılması, tələbə və alim mübadilələrinin artırılması iki ölkənin intellektual potensialını yaxınlaşdıracaq. Azərbaycan və özbək dillərinin qarşılıqlı öyrənilməsi isə bu prosesin yalnız akademik deyil, həm də mənəvi tərəfini gücləndirir. Yeri gəlmişkən, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı bu mənada olduqca böyük əhəmiyyət daşıyır.
Bəli, mədəniyyət, incəsənət, ədəbiyyat və mədəni irsin qorunması istiqamətində əməkdaşlıq da xalqlar arasında münasibətlərin daha dərin qatlarını möhkəmləndirir. Bu isə paralel olaraq dövlətlərarası münasibətlərin ictimai dayaqlarını genişləndirir. Azərbaycan və Özbəkistan bu istiqamətdə əməkdaşlığı genişləndirməklə dostluğu siyasi sənəddən gündəlik ictimai münasibətlər səviyyəsinə daşıyırlar.
Bakı və Daşkənddən regionlara: dostluğun ictimai coğrafiyası...
Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin fərqləndirici cəhətlərindən biri əməkdaşlığın yalnız mərkəzi dövlət qurumları səviyyəsində qalmamasıdır. Əlaqələrin regionlar və şəhərlər arasında da genişləndirilməsi dostluğun ictimai və iqtisadi bazasının daha da böyüməsinə imkan verir. Bu yanaşma iki ölkənin münasibətlərinə yeni dinamizm gətirməklə yanaşı, əməkdaşlığın konkret layihələr və birbaşa təmaslar üzərində qurulmasına şərait yaradır. Sənəddə vurğulanır ki, hər iki dövlət regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edirlər. Azərbaycan və Özbəkistanın turizm potensialının irəlilədilməsi və turizm məhsullarının tanınmasının artırılması üçün əməkdaşlığı təşviq edirlər.
Qeyd olunmalıdır ki, regionlararası əməkdaşlıq xüsusilə iqtisadi baxımdan böyük potensiala malikdir. Azərbaycanın müxtəlif şəhər və rayonlarının sənaye, kənd təsərrüfatı, turizm və xidmət imkanları Özbəkistanın regionlarının potensialı ilə uzlaşdırıla bilər. Qarşılıqlı təcrübə mübadiləsi, biznes əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi mərkəzi səviyyədə əldə olunan siyasi razılaşmaların real iqtisadi nəticələrə çevrilməsini sürətləndirə bilər.
Turizm isə bu prosesin ən görünən istiqamətlərindən biridir. Azərbaycan və Özbəkistan həm tarixi-mədəni irs, həm də təbii-coğrafi müxtəliflik baxımından zəngin imkanlara malikdir. Bakı, Şəki, Qarabağ, Naxçıvan kimi Azərbaycan məkanları ilə Səmərqənd, Buxara, Xivə və Daşkənd kimi Özbəkistanın tarixi şəhərləri arasında turizm əlaqələrinin genişləndirilməsi qarşılıqlı səfərlərin artmasına səbəb ola bilər.
Burada əsas məsələ yalnız turist sayının artırılması deyil. Qarşılıqlı səfərlər xalqların bir-birini daha yaxından tanımasına, ortaq tarixin və mədəni irsin daha geniş auditoriyaya təqdim edilməsinə xidmət edir. Başqa sözlə, regionlararası və turizm əməkdaşlığı Əbədi Dostluq haqqında Müqavilənin cəmiyyətlər səviyyəsində görünən nəticələrini formalaşdıran mühüm vasitədir.
Əbədi dostluğun siyasi iradədən tarixi irsə çevrilməsi...
Beləliklə, bu sənəd ilə Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevrilir. Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol, Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bugününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaq. Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq haqqında Müqavilənin imzalanması iki dövlət arasında münasibətlərin sadəcə növbəti mərhələsi deyil, artıq formalaşmış strateji tərəfdaşlığın daha uzunmüddətli siyasi və hüquqi çərçivəyə salınmasıdır.
Qeyd edək ki, “Əbədi dostluq müqaviləsi” anlayışı beynəlxalq münasibətlər tarixində yeni deyil. XX əsrdə müxtəlif dövlətlər arasında belə sənədlər imzalanıb. Daha çox XX əsrin ilk yarısına təsadüf edən bu müqavilələrə əsrin sonunda Mərkəzi Asiyada rast gəlinir. 1997-ci ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsi imzalanıb və sənəd BMT-yə təqdim olunub.
Lakin Azərbaycan və Özbəkistanın bugünkü sənədinin fərqli cəhəti onun yeni geosiyasi dövrdə, artıq müstəqil və strateji tərəfdaş dövlətlərin münasibətlərində meydana çıxmasıdır. Bu mənada sənəd iki ölkənin keçmişdən gələn mənəvi yaxınlığını gələcəyin siyasi reallıqları ilə birləşdirir. Əbədi dostluq burada yalnız emosional ifadə deyil, qarşılıqlı maraqlar, hüquqi öhdəliklər, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrlə möhkəmləndirilən siyasi seçimdir. Təsadüfi deyildi ki, Daşkənddə Prezident Şavkat Mirziyoyev mətbuata bəyanatında “Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir”.
Prezident İlham Əliyev isə bildirdi ki, “bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir”.
Bu seçimin arxasında həm Azərbaycan, həm də Özbəkistan rəhbərliyinin aydın siyasi iradəsi dayanır. Son illərdə münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu iradənin ardıcıl xarakter daşıdığını göstərir. Lakin əbədi dostluğun əsl gücü, davamlılığı xalqların bir-birinə münasibəti, ortaq tarixə və mədəniyyətə bağlılığı, gələcək nəsillərin bu əlaqələri yaşatmaq istəyi müəyyən edir. Məhz buna görə Azərbaycan-Özbəkistan Əbədi Dostluq Müqaviləsi siyasi sənəddən daha böyük məna daşıyır. Bu, iki xalqın tarixdən gələn yaxınlığının müasir dövlətçilik səviyyəsində təsdiqi və gələcəyə ünvanlanan siyasi iradənin ifadəsidir. Dünənin dostluğunu bu günün müttəfiqliyinə, bugünkü müttəfiqliyi isə gələcək nəsillərin dəyişməz münasibətinə çevirmək üçün möhkəm hüquqi və mənəvi təməl artıq yaradılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40

