Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / BMT çərçivəsində ilk...

BMT çərçivəsində ilk...

30.09.2026 [12:19]

Nyu-Yorkda Qərbi azərbaycanlıların qayıdış hüququ müzakirə olunub

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, tarixi yaddaşın və mədəni irsin qorunması məsələləri müzakirə olunub. Bu konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması məsələsinin BMT çərçivəsində müzakirə olunduğu ilk belə tədbirdir.

16 ölkədən 50-dən çox nümayəndə...

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə - qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak edib.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb. Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb.

Konfransın açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun Kommunikasiya və Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsinə toxunub. O bildirib ki, Qərbi azərbaycanlıların öz keçmiş yaşayış yerlərinə qayıdış hüququ məsələsi BMT-nin müvafiq qurumları və beynəlxalq mexanizmləri çərçivəsində nəzərdən keçirilməyə layiqdir. “Qayıdış hüququ fundamental insan hüququdur. Öz doğma yurduna qayıtmaq yalnız fiziki qayıdış deyil. Bu, kimliyin, ləyaqətin, tarixi yaddaşın və mədəni davamlılığın bərpası deməkdir”, - deyə Elgün Hacıyev vurğulayıb.

Qərbi azərbaycanlılarla bağlı sənədli film

Tədbir zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilib.

Daha sonra konfrans işini panel müzakirələri ilə davam etdirib. “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı birinci paneldə qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, dekolonizasiya və öz müqəddəratını təyinetmə prinsipləri, məcburi köçürülmüş insanların hüquqlarının müdafiəsində beynəlxalq mexanizmlərin rolu ətrafında fikir mübadiləsi aparılıb.

“Məcburi köçkünlükdən doğma yurda - kimlik, tarixi yaddaş və qayıdış hüququ” adlı ikinci paneldə isə insanların öz ata-baba yurdlarından ayrılmasının nəticələri, doğma yurda qayıdış, mədəni kimliyin və tarixi yaddaşın qorunması, habelə təhlükəsiz və ləyaqətli qayıdış üçün zəruri şərait müzakirə edilib. Corc Meyson Universitetinin doktorantı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı keçmiş yaşayış yerlərinə qayıdışı məsələsinə diqqət çəkib. O bildirib ki, üç onillikdən artıq vaxt keçməsinə baxmayaraq, azərbaycanlı qaçqınların mənşə yerləri ilə əlaqəsi, qayıdış və mədəni irsin qorunması məsələləri aktuallığını saxlayır. Əli Məmmədov, həmçinin vurğulayıb ki, azərbaycanlı icmalar tarixən İrəvanda və indiki Ermənistanın digər ərazilərində yaşayıblar və onların tarixi mövcudluğu məscidlərdə, qəbiristanlıqlarda, yaşayış məntəqələrində, tarixi yer adlarında, eləcə də digər mədəni və dini irs nümunələrində öz əksini tapıb.

Konfrans zamanı BMT-nin afrikamənşəli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir June Soomer, Beynəlxalq Zikh Federasiyasının Baş Hüquq məsləhətçisi Prabjot Singh Wirring, İdarəçilik üzrə beynəlxalq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış ediblər. Onlar öz çıxışlarında azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər.

BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət...

Konfransın yekununda Bakı Təşəbbüs Qrupu və tədbir iştirakçıları adından BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul edilib. Müraciətdə Qərbi Azərbaycanda və sənəddə qeyd olunan digər ərazilərdə yaşayan və ya həmin ərazilərlə bağlı olan şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının təşviqinə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb.

Müraciətdə BMT Nizamnaməsinin xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə, insan hüquq və əsas azadlıqlarına hörmət prinsipləri əsas götürülüb. Sənəddə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, insan hüquqlarına dair beynəlxalq paktlar, habelə qayıdış hüququ, dekolonizasiya və fundamental hüquqların müdafiəsinə dair BMT-nin müvafiq sənədləri xatırladılıb. Müraciətdə bütün xalqların beynəlxalq hüquqa uyğun olaraq öz siyasi statuslarını sərbəst müəyyən etmək, iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə həyata keçirmək hüququna malik olduqları bir daha təsdiqlənib.

Sənəddə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və dekolonizasiya prinsiplərinin müxtəlif region və kontekstlərdə tətbiqinə münasibətdə qeyri-ardıcıl və selektiv yanaşmalardan narahatlıq ifadə olunub. Beynəlxalq hüquqa əsaslanan, icmaların mənalı iştirakını təmin edən dinc, inklüziv və hüquq əsaslı həll yollarının vacibliyi qeyd edilib. Birgə müraciətdə konfrans iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərini Qərbi Azərbaycanda, Bonerdə, Arubada və Sen-Martendə yaşayan və ya bu ərazilərlə bağlı olan şəxslər, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının üzvləri daxil olmaqla, təsirə məruz qalmış şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının dayanıqlı sülhün mühüm tərkib hissəsi kimi təşviqinin davam etdirilməsinə çağırmağa dəvət ediblər.

Müraciətdə mənzil, torpaq və digər əmlakın restitusiya edilməsi, bunun mümkün olmadığı hallarda isə adekvat kompensasiyanın təmin olunması üçün şəffaf və əlçatan mexanizmlərin yaradılmasının təşviq edilməsi istənilib. Sənəddə yaşayış faktını, mülkiyyət, vərəsəlik və ailə əlaqələrini təsdiq etmək üçün zəruri olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sənədlərinin, əmlak reyestrlərinin, arxivlərin və digər sənədlərin qorunmasının və onlara çıxışın təmin edilməsinin vacibliyinin vurğulanmasına çağırış edilib. Bunun, xüsusilə torpaq və əraziləri ilə tarixi bağları müstəmləkə hakimiyyəti və ya digər tarixi ədalətsizliklər nəticəsində təsirlənmiş icmalar baxımından əhəmiyyətli olduğu bildirilib.

Müraciətdə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin, eləcə də Boner, Aruba və Sen-Martenin, Siqh, Konqolu, Burundi və Ruanda icmalarının mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb. Konfrans iştirakçıları qayıdış, dayanıqlı həll yolları, sülh quruculuğu, özünüidarəetmə və dekolonizasiya ilə bağlı proseslərdə təsirə məruz qalmış şəxslər və onları təmsil edən təşkilatlarla substantiv məsləhətləşmələrin aparılmasının təşviq edilməsini də istəyiblər. Bununla yanaşı, fiziki təhlükəsizlik, dövlət xidmətlərinə çıxış, mülkiyyət hüquqlarının qorunması, mədəni və dini hüquqlar, habelə yenidən məcburi köçürülməyə qarşı təminatlar daxil olmaqla, qayıdış üçün mövcud şəraitin qərəzsiz və ayrı-seçkisiz monitorinqinə çağırış edilib.

Birgə müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə, dekolonizasiya, mülkiyyət hüquqları, mədəni kimlik, ayrı-seçkilik və müvafiq icma və ərazilərə təsir edən transmilli repressiya hallarının nəzərdən keçirilməsi zamanı BMT-nin müvafiq Xüsusi Prosedurları, müqavilə orqanları və digər beynəlxalq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsinin təşviq olunması istənilib. Sonda BMT-nin müvafiq mexanizmləri gələcək tematik fəaliyyətlərində, hesabatlarında, məsləhətləşmələrində, dövlətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı fəaliyyətlərində bu məsələlərə lazımi diqqət yetirməyə dəvət olunub.

Eyni zamanda, Qərbi Azərbaycan, Boner, Aruba və Sent-Martin nümayəndələri, eləcə də Siqh, Konqolu, Burundi və Ruanda icmalarının nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, BMT sistemi çərçivəsində qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə və dayanıqlı həll yolları üzrə daha geniş əməkdaşlığın təşviq edilməsi çağırışı yer alıb.

Səssiz aksiya niyə keçrilib?

Tədbir iştirakçıları indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq səssiz aksiya keçiriblər. Aksiya zamanı “Qərbi Azərbaycan - qayıdış xeyriyyə deyil, hüquqdur”, “Ədalət qayıdış hüququndan başlayır”, “Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb”, “Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin” və “Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur” şüarlarının əks olunduğu plakatlar qaldırılıb. Aksiya iştirakçıları bununla qayıdış hüququnun fundamental hüquq kimi təmin edilməsinin və müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyinə diqqət çəkblər.

Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.

Qeyd edək ki, indiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılıb, təhqir olunub və mənimsənilib. Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ - öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır. Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30