Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tehranda İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilib

Tehranda İƏT-in üzvü olan ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilib

12.03.2009 [16:25]

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib
Dünən Tehranın “Hafiziyə” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir.
Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Respublikasının Baş naziri Kərim Məsimov, Qırğızıstan Respublikası Baş nazirinin birinci müavini Omurbek Babanov, özbəkistan Respublikası Senatının sədri İlgizar Sabirov, İƏT-in baş katibi Xurşid Ənvər, habelə qonaq qismində İraq Prezidenti Cəlal Təlabani, Qətər Dövlətinin əmiri Həməd bin Xəlifə Al Tani və digər rəsmi şəxslər iştirak ediblər. Görüş İranın dövlət himninin səslənməsi və Qurandan ayə oxunması ilə başlanıb.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının X zirvə görüşünü açıq elan edərək deyib: “Hörmətli İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejad, hörmətli dövlət başçıları, hörmətli nümayəndə heyətlərinin başçıları, əziz dostlar! İlk növbədə, mən sizin hamınızı ürəkdən salamlayıram və İqtisadi Əməkdaşlıq Təşkiltanının X zirvə görüşünü açıq elan edirəm. Bu zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə əziz dostumuz, İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejada böyük məmnuniyyətlə dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın sədrliyi ilə bizim təşkilatımız IX zirvə görüşündən sonra çox uğurlu bir yol keçmişdir. Təşkilat daha da inkişaf etmiş, dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir, təşkilat daxilində inteqrasiya prosesləri güclənmişdir. Bir sıra çox önəmli təşəbbüslər irəli sürülmüşdür və bu gün deyə bilərəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı həm bölgədə, həm də geniş mənada dünyada çox böyük nüfuza malik olan bir təşkilatdır. Mən bu gün bizim zirvə görüşümüzdə qonaq qismində iştirak edən dövlət başçılarını böyük məmnuniyyətlə salamlayır, onlara öz ehtiramımı bildirmək istəyirəm. Mən hesab edirəm ki, bizim formatımız nə qədər geniş olsa, hamımız üçün bir o qədər yaxşıdır. Son illər ərzində İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunmuş və öz həllini tapmışdır. Regional təhlükəsizlik məsələlərinə çox böyük diqqət göstərilmişdir və şübhəsiz ki, bu məsələ növbəti illərdə də diqqət mərkəzində olmalıdır. Regional əməkdaşlıq məsələləri öz həllini tapır, bizim aramızda həm ikitərəfli, həm çoxtərəfli formatda inteqrasiya prosesləri güclənir və bu, hər bir üzv ölkənin inkişafı üçün əlavə imkanlar yaradır. Energetika sahəsində görülmüş işlər enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini vermişdir. Nəqliyyat sahəsində, humanitar sahədə, bütün başqa sahələrdə gələcək inkişaf üçün çox gözəl perspektivlər, çox gözəl imkanlar var. Mən xüsusilə təşkilatın Katibliyinin son üç il ərzindəki fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bu fəaliyyət çox uğurlu olmuşdur və əminəm ki, təşkilatın gələcək inkişafı üçün öz müsbət rolunu oynamışdır.
Gündəliyə uyğun olaraq, biz indi İqtisadi Əməkdaşlıq Təşkilatının X zirvə görüşünün sədrini seçməliyik və mən böyük məmnuniyyətlə İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədinejadın X zirvə görüşünün sədri seçilməsini təklif edirəm. Sizin mövqeyinizi bu təklifə dəstək kimi qiymətləndirirəm. Hörmətli cənab Prezident, mən Sizi X zirvə görüşünün sədri seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm, Sizə ən xoş arzularımı bildirmək istəyirəm və sədrliyi Sizə təqdim edirəm”.
Toplantıda sədrlik edən İran Prezidenti Mahmud Əhmədinejad Tehran görüşünün dünyada qlobal dəyişikliklər dövrünə təsadüf etdiyini bildirib, iqtisadi böhranın aradan qaldırılması üçün birgə səylərin zəruriliyini vurğulayıb. üzv ölkələr arasında əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən İran Prezidenti bu sahədə böyük potensialın olduğunu söyləyib. O, İƏT-in fəaliyyətinin genişləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini vurğulayıb və ona minnətdarlığını bildirib.
Sonra İranın xarici işlər naziri Mənuçehr Mottəki İƏT Nazirlər Şurasının 18-ci iclası barədə ətraflı məlumat verib. Toplantıda İƏT-in baş katibi Xurşid Ənvərin hesabatı dinlənilib. O, əvvəlcə 2006-cı ilin mayında keçirilmiş IX zirvə toplantısından sonra İƏT-in fəaliyyətinə dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Baş katib Bakı görüşünün əhəmiyyətini vurğulayaraq deyib ki, o vaxt qəbul olunmuş qərarlar daha səmərəli tədbirlərin görülməsinə təkan verib. Təkcə son iki ildə təşkilat çərçivəsində görüşlərin sayı 35 faiz artıb. Həmin görüşlərdə nəqliyyat, kommunikasiya, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya və humanitar sahələrlə bağlı məsələləri əhatə edib.
X.Ənvər hesabat məruzəsində təşkilatın ötən dövrdəki uğurları və qarşıda duran məsələlər haqqında geniş söhbət açıb.
Zirvə görüşünün gündəliyi təsdiq olunduqdan sonra çıxışlar olub. Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai üzv ölkələrin terrorizmə və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə birgə fəaliyyətinin vacibliyini vurğulayıb, bu sahədə ölkəsinin digər dövlətlərin yardımına ehtiyacı olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında son üç ildə Azərbaycanın təşkilatın inkişafı üçün göstərdiyi səylərdən danışıb. üzv ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı baxımından İƏT-in fəaliyyətinin genişləndirilməsinin vacibliyini söyləyən dövlətimizin başçısı deyib ki, bu, hər bir ölkəyə əlavə fayda gətirə bilər. İƏT ölkələri arasında iqtisadi əlaqələrin də siyasi əlaqələr səviyyəsinə yüksəldilməsi vacibdir. Dünyanı iqtisadi-maliyyə böhranının bürüdüyü indiki vaxtda bu, xüsusilə önəmlidir. Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən bəhs edən Prezident İlham Əliyev deyib ki, bu gün dünyada enerji məsələləri əsas prioritetlərdən biridir. Bizim enerji siyasətimiz ölkələrimizin maraqlarına xidmət etməlidir.
Hazırda inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirəcək, digər ölkələr də ondan faydalanacaq.
İƏT ölkələrinin iqtisadi potensialından daha geniş istifadə olunmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qarşılıqlı ticarətin genişləndirilməsinin əhəmiyyətini xatırladıb və bildirib ki, Azərbaycan bundan sonra da təşkilat çərçivəsində fəal rolunu davam etdirəcək.
Prezident İlham Əliyev bölgədə mövcud olan təhlükələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionda sülhün bərqərar olması yolunda başlıca maneə olduğunu, Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini bildirib. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrə minnətdarlıq edib.
Pakistan Prezidenti Asif Əli Zərdari İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 800 milyon əhalisi olan bir ərazini əhatə etdiyini bildirərək, müxtəlif məsələlərin həllində bu potensialdan səmərəli istifadə etməyin əhəmiyyətindən danışıb. O, dünya maliyyə böhranının üzv ölkələrə təsirini azaltmaq məqsədi ilə ticarət əlaqələrinin genişləndirilməsini və təşkilat çərçivəsində vahid bank sisteminin tətbiq olunmasını təklif edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon qlobal böhran şəraitində keçirilən sammitin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, problemin həlli üçün görülməsi vacib olan tədbirlərdən danışıb. Tacikistanın dövlət başçısı azad ticarət zonalarının yaradılması barədə təklifini bildirib.
Türkiyə Prezidenti Abdullah Gül təşkilat çərçivəsində səmərəli işbirliyinin iqtisadi böhranın yaratdığı çətinliklərin aradan qaldırılmasına kömək göstərə biləcəyini deyib. O, üzv ölkələrin fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq, 2006-cı ildə Bakıda keçirilən sammitdən ötən dövrdə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox böyük addımlar atıldığını bildirib, bu işin davam etdirilməsinin zəruriliyini söyləyib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov üzv ölkələrin enerji sahəsində əməkdaşlığını genişləndirmək zərurətindən danışıb.
Qazaxıstanın Baş naziri Kərim Məsimov maliyyə böhranının aradan qaldırılması üçün ölkəsində görülən tədbirlərdən bəhs edib, problemin həlli istiqamətində Qazaxıstan hökumətinin təklif etdiyi modeli açıqlayıb.
Qırğızıstanın Baş nazirinin birinci müavini Omurbek Babanov ölkəsinin regional inteqrasiyaya və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verdiyini bildirib.
özbəkistan Senatının sədri İlgizar Sabirov İƏT ölkələrinin tərəqqisi naminə təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək barədə fikirlərini söyləyib.
Zirvə görüşündə qonaq qismində iştirak edən Suriyanın vitse-prezidenti Faruk Şəraa, İraq Prezidenti Cəlal Tələbani, Qətər Dövlətinin əmiri Həməd bin Xəlifə Al Tani İqtisadi Əməkdaşlıq Təşkilatının fəal rolundan və ölkələrinin bu quruma üzv dövlətlərlə əlaqələri genişləndirməyə maraqlı olduqlarını bildiriblər.
Zirvə toplantısının iştirakçılarını dünyada yoxsulluqla mübarizədə səyləri birləşdirməyə çağıran BMT Baş Məclisinin sədri Migel d’Eskoto Brokkman diqqəti kasıb ölkələrdəki vəziyyətə yönəldib. Baş Məclisin sədri BMT-nin yoxsulluğun azaldılması ilə bağlı hazırladığı sənədin sammit iştirakçılarına paylanacağını söyləyib və ölkələri onu diqqətlə öyrənməyə, BMT-nin bu ilin iyun və sentyabr aylarında keçiriləcək toplantılarında sənədin həm ölkələrin daimi nümayəndələri, həm də dövlət başçıları səviyyəsində fəal müzakirəsinə çağırıb.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu zirvə toplantısında qlobal maliyyə böhranı məsələsinin müzakirə edilməsindən məmnunluğunu bildirib. ölkələr arasında ticarətin iqtisadiyyatın mühərriki sayıldığını deyən Ekmələddin İhsanoğlu rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, nailiyyətlərindən və üzv ölkələrin potensialından söhbət açıb.
İƏT-in növbəti zirvə görüşünün iki ildən sonra Pakistanda keçirilməsi qərara alınıb. Zirvə görüşünün yekunlarına dair Tehran Bəyannaməsi qəbul olunub. Bununla da İƏT ölkələri dövlət başçılarının X zirvə toplantısı başa çatıb.
Dünən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dünən Vətənə qayıdıb.

Paylaş:
Baxılıb: 1359 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30