Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlətimizin başçısı İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak edib

Dövlətimizin başçısı İlham Əliyev Masazır duz zavodunun açılışında iştirak edib

22.07.2010 [12:35]

Prezident İlham Əliyev: Əminəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır, bu zavod daxili tələbatı tam şəkildə təmin edəcəkdir
Dünən Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib. Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub.
Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif sənaye müəssisələrinin açılışlarında iştirakına dair fotoguşə yaradılıb.
Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, Azərbaycanın Səhiyyə Nazirliyinin və YUNİSEF-in duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair həyata keçirdiyi proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını üzərinə götürüb. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib.
Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, zavodun texnoloji sxemində Avropanın ən son avadanlığı və avtomat idarəetmə sistemləri tətbiq olunub. Beşmərtəbəli əsas istehsal binasının sahəsi 580 kvadratmetrdir. Hazırda müəssisədə gündə 100 ton məhsul istehsal olunur. İstehsal müəssisəsinin gündəlik emal gücünü 300 tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə hazırda 130-a yaxın işçi çalışır.
Prezident İlham Əliyev zavodun idarəetmə otağına baxıb. Məlumat verilib ki,  müəssisədə istehsal prosesinın 90 faizi avtomatlaşdırılıb. Bütün istehsal prosesinə operatorlar nəzarət edir.
İstehsal prosesini izləyən dövlətimizin başçısına bildirilib ki, evaporatorda xammal buxarlanma yolu ilə kristallaşdırılır və lazımsız maddələrdən təmizlənir. “Sentrefuqa”da duzun yodlaşdırılması həyata keçirilir. Müəssisənin laboratoriyası da ən müasir avadanlıqla təchiz olunub. Bütün kimyəvi proseslərə, habelə məhsulun keyfiyyətinə nəzarət müəssisənin laboratoriyasında aparılır.
Yodlaşdırılmış duz qablaşdırma sexinə hər birinin tutumu 50 ton olan 4 anbardan ötürülür. Məhsul 500 qramdan başlayaraq 25 kiloqramadək çəkilərdə qablaşdırılır. Zavodun “Azərduz” və “Bizim duz” brendi ilə istehsal etdiyi duz Azərbaycan və dünya bazarına çıxarılacaq.
Hazır məhsulun nümunələri dövlətimizin başçısına nümayiş etdirilib.
Sonra Prezident İlham Əliyev müəssisənin ərazisində yerləşən qurğular və avadanlıqla tanış olub. Qeyd edilib ki, müəssisənin ayrıca elektrik yarımstansiyası fəaliyyət göstərir. Burada əlavə generator da quraşdırılıb.
Prezident İlham Əliyev xam duz anbarı ilə də tanış olub. Qeyd edilib ki, zavodda ölkənin digər bölgələrindən gətirilən xammaldan istifadə olunması da nəzərdə tutulub.
Masazır gölünün mənzərəsini seyr edən dövlətimizin başçısına məlumat verilib ki, Masazır gölündə 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. ümumi sahəsi 10 kvadratkilometr olan göldə duz iki vəziyyətdə -  lay və suyun tərkibində məhlul şəklində mövcuddur. Gölün duz ehtiyatı, təxminən 1 milyon 735 min tondur. Diqqətə çatdırılıb ki, duzun daşınması üçün Masazır-Novxanı avtomobil yolundan zavodadək əlavə yol çəkilib, torpaq qatını və qurğuları sudan qorumaq üçün sahilboyu bloklar düzülüb.
Məlumat verilib ki, Azərbaycan əhalisinin illik  yodlaşdırılmış duza olan tələbatı 50 min tona yaxındır.
Prezident İlham Əliyev konfrans salonunda zavodun maketi və duzun kustar və müasir üsulla istehsalı prosesini əks etdirən şəkillərə və zavodun fəaliyyətindən bəhs edən filmə baxdıqdan sonra zavodun kollektivi ilə görüşüb.
“Azersun Holdinq” şirkətlər qrupunun prezidenti Abdulbari Gözal dövlətimizin başçısına müəssisənin açılışında iştirak etdiyinə görə kollektiv adından təşəkkür edərək deyib: “Hörmətli cənab Prezident, bildiyiniz kimi, Azərbaycanda rafinə edilməmiş və yodlaşdırılmamış duzlardan istifadə etmək zob xəstəliyi və digər bir çox xəstəliklərin artmasına səbəb olurdu. ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il dekabrın 27-də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun imzalandıqdan sonra bu sahəyə diqqət daha da artdı. Həmin ərəfədə YUNİSEF Azərbaycanın Səhiyyə Nazirliyi ilə birlikdə duzun bütövlükdə yodlaşdırılması yolu ilə yod çatışmazlığı probleminin ləğv olunması üçün çalışırdılar. Ancaq məsələnin köklü həllinə nail olunması üçün belə bir duz rafinasiyası zavodunun inşası Azərbaycan üçün vacib hesab edilirdi. Bu, yod çatışmazlığı probleminin birdəfəlik həlli demək idi. Bu işin görülməsi Zati-alilərinizin qayğı və tövsiyəsi ilə həyata keçirildi. Beləliklə, 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinə aid Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və “Azersun Holdinq” 75 faiz paya sahib olmaqla, Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını öz üzərlərinə götürdülər. Möhtərəm cənab Prezident, zavodun harada tikiləcəyi və xammalla haradan təmin olunacağı məqsədi ilə ölkə ərazisində müxtəlif duz mənbələri araşdırıldı. Nəticədə Səhiyyə Nazirliyinin nümayəndələri, Azərbaycanın qabaqcıl alimləri, YUNİSEF və istehlakçı dərnəklərin nümayəndələrinin iştirakı ilə “Azersun Holdinq”in Mədəniyyət Mərkəzində elmi konfrans keçirildi. Bu konfransda müxtəlif təhlillərin və müzakirələrin nəticələri göstərdi ki, Masazır gölü duz üçün ən əlverişli yerdir. Bu gölün duzu Tanrının Azərbaycana bəxş etdiyi nemətlərdən biridir”.
Abdulbari Gözal qeyd edib ki, Masazır duz zavodunda ildə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edilə bilər. Hazırda zavodda 125 nəfər çalışır, onların orta aylıq əmək haqqı 400 manatdır. Yeni müəssisə Azərbaycanın duz idxalçısından ixracatçısına çevrilməsinə imkan yaradır. İxracla bağlı artıq ilkin sifarişlər alınıb.
Dövlətimizin başçısı mərasimdə çıxış edib: “Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycanın iqtisadi həyatında, doğrudan da çox əlamətdar bir hadisədir. Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur. Artıq Azərbaycanda yüksək keyfiyyətə malik olan duz istehsal olunacaqdır. Bu zavodun yaradılması Azərbaycanda aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir. Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şəkildə inkişaf etsin, çoxşaxəli olsun. İqtisadi sahədə bütün vəzifələr icra olunur. Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir. Əlbəttə ki, görülən bütün bu işlər imkan verəcəkdir ki, bundan sonra Azərbaycanda duz emalı prosesi uzun illər ərzində dünya səviyyəsində aparılsın. Digər tərəfdən zavodun yaradılması rəqabətqabiliyyətli məhsulun istehsalı deməkdir. Bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Biz istəyirik ki, Azərbaycanda istehsal olunan bütün məhsullar rəqabətqabiliyyətli olsunlar. Həm daxili tələbatı ödəsinlər, eyni zamanda Azərbaycanın ixrac potensialı da gücləndirilsin. Zavodda yeni iş yerlərinin açılması məsələsi həll olunur, bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Azərbaycanın bütün bölgələrində iş yerləri sürətlə açılır, insanlar işlə təmin olunurlar. Zavodun fəaliyyətə başlaması nəticəsində Azərbaycan artıq duzu ixrac edən ölkəyə çevrilir və öz daxili tələbatını tam şəkildə ödəyəcəkdir. Bu, bizə imkan verəcəkdir ki, yerli istehsalı daha da gücləndirək, idxaldan asılılığımızı azaldaq və beləliklə, Azərbaycanı daha da uğurla irəliyə aparaq. Bax, bu amillər onu göstərir ki, bizim iqtisadi sahədəki bütün təşəbbüslərimiz öz gözəl nəticələrini verir. Eyni zamanda, bu gün artıq burada qeyd olunduğu kimi, bu duz insanların sağlamlığı üçün də çox vacibdir. Yodlaşdırılmış duzu, yəni emal edilmiş, təmizlənmiş duzu Azərbaycan vətəndaşları artıq istehlak edəcəklər. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti çox şey edir. Həm səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar, bununla bərabər Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları yüksək keyfiyyətə malik olmalıdırlar. Artıq Azərbaycanda bu işlər çox sürətlə təşkil olunur və biz keyfiyyətsiz mallara qarşı çox ciddi mübarizə aparırıq. Həm idxal nəticəsində gətirilən keyfiyyətsiz malların bazardan yığışdırılması, eyni zamanda, daxildə istehsal olunan keyfiyyətsiz malların aşkarlanması və yığışdırılması prosesi sürətlə gedir. Bu nöqsanları buraxan sahibkarlar da ciddi şəkildə cəzalandırılmalıdırlar. çünki insanların sağlamlığı əsas vəzifədir. Bir daha demək istəyirəm ki, duz istehsalı zavodunun yaradılması Azərbaycanda aparılan iqtisadi islahatların məntiqi nəticəsidir. O da sevindirici haldır ki, bu zavodun yaradılmasında həm “Azersun” şirkəti, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkəti də iştirak etmişdir. Biz Azərbaycan Dövlət İnvestisiya Şirkətini məhz o məqsədlə yaratdıq ki, yerli və xarici investorlarla bərabər Azərbaycanın sənaye və iqtisadi inkişafı üçün lazım olan sahələrə investisiyaları cəlb etsin və o prosesi təşkil etsin. Artıq Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti öz bəhrəsini verir. Bax bu birgə fəaliyyət nəticəsində - dövlət qurumu və özəl şirkət - bu gözəl müəssisə yaradılıbdır. “Azersun” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu şirkətin fəaliyyəti çox genişdir. Məni çox sevindirən odur ki, Azərbaycanda yerli istehsalın yaradılması işinə “Azersun” şirkəti böyük töhfəsini verir. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı sahəsində bu şirkətin töhfəsi çox böyükdür. Mən ümid edirəm ki, gələcəkdə bu şirkət öz fəaliyyətini yeni sahələrdə davam etdirəcəkdir. Bu zavodun yaradılması, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaqdır. Bu sahə bizim üçün ən prioritet sahələrdən biridir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektorunun inkişafı 15,3 faiz təşkil etmişdir ki, bu da bu günə qədər görülmüş işlərin nəticəsidir. Bir sözlə, zavodun açılışı çox müsbət bir haldır. Əminəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır, bu zavod daxili tələbatı tam şəkildə təmin edəcəkdir. Biz gərək öz daxili bazarımızı qoruyaq və bunu etmək üçün yəqin ki, əlavə tədbirlər də görüləcəkdir. Artıq duzun idxalına heç bir ehtiyac qalmır, xüsusilə nəzərə alsaq ki, burada istehsal olunan duz ən yüksək standartlara cavab verir. Beləliklə, Azərbaycan həm daxili tələbatı ödəyəcək, həm də ki, bizim böyük ixrac potensialımız da artacaqdır. Mən sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun”.

Paylaş:
Baxılıb: 1081 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30