/ / Dövlət milli mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi işinə bundan sonra da dəstək verəcək
Dövlət milli mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi işinə bundan sonra da dəstək verəcək
23.07.2010 [03:04]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Birinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısını əks etdirən sənədlər və mətbuatla görüşlərinə dair fotolardan ibarət stend var.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb.
Dövlətimizin başçısı otaqlarda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar yerləşir. Xidməti otaqlar müasir texniki vasitələr, kompyuterlər və mebellə təchiz olunub.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşüb.
İdarə heyətinin üzvlərini dövlətimizin başçısına təqdim edən Əflatun Amaşov Azərbaycanda mətbuatın inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə Mətbuat Şurası üzvlərinin minnətdarlığını çatdıraraq deyib: “Hörmətli cənab Prezident, Sizi Mətbuat Şurasının yeni inzibati binasında salamlamaqdan məmnunluq duyuruq. Sizin bu gün açılış mərasimimizdə iştirak etməyiniz təkcə Mətbuat Şurası üçün deyil, ölkə jurnalistikası, ümumilikdə media ictimaiyyəti üçün son dərəcə əlamətdar hadisədir. Sizə bir daha “Xoş gəlmisiniz!” deyirik. Mətbuat Şurasının yeni inzibati binasının açılışı Azərbaycan milli mətbuatının 135 illik yubileyinə təsadüf edir. Müasir tələblərə cavab verən belə bir binaya hətta ən inkişaf etmiş ölkələrin mətbuat şuraları həsəd apara bilər. Biz bunu Azərbaycan jurnalistikasına Sizin bayram töhfəniz kimi qəbul edirik. Bu, həm də ölkədə aparılan ardıcıl və məqsədyönlü media siyasətinin əyani nümunələrindəndir.
Bu siyasətin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan jurnalistlərinin, bütövlükdə media ictimaiyyətinin Onu daim ehtiramla xatırlamasının kökündə bir çox amillər dayanır. Müharibə vəziyyətində olan ölkədə 1998-ci ildə mətbuat üzərindəki senzura götürüldü. Bu addım o dövr üçün çox böyük cəsarət tələb edirdi. Növbəti addım media sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı oldu. Qanunvericilik dünya standartlarına uyğun şəkildə təkmilləşdirildi. Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıldı. Azərbaycan MDB məkanında mətbuatın özünütənzimləmə funksiyasını rəsmiləşdirdi. Bu məkanda ilk Mətbuat Şurası yaradıldı. Qeyd etmək yerinə düşər ki, hələlik postsovet məkanında belə bir təkmil media institutu mövcud deyildir. 2007-ci ildə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə keçirdiyimiz konfransda Azərbaycan Mətbuat Şurası MDB məkanı üçün vahid model kimi götürüldü. Qərara alındı ki, həmin ölkələrdə bu sayaq qurumlar yaradılarkən Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsas götürülsün. Həmin dönəmdə mətbuata dövlət qayğısı ilə bağlı digər çoxsaylı faktlar da mövcuddur. Kütləvi informasiya vasitələri məhsulları üzərindən əlavə dəyər vergisinin aradan qaldırılmasını, gömrük rüsumunun götürülməsini, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət vəsaiti hesabına silinməsini və s. buna misal göstərmək olar. Hörmətli cənab Prezident, hər bir sahədə olduğu kimi, media sahəsindəki siyasətdə də varislik mövcuddur. Sizin ölkəyə rəhbərlik etdiyiniz ilk gündən mediaya dövlət qayğısının yeni nümunələrinin şahidiyik. Qətiyyətlə demək olar ki, bu, keyfiyyətcə tam yeni bir mərhələdir. Azərbaycan dövlətinin iqtisadi imkanlarının artması mediaya dövlət qayğısını sistemli, uzunmüddətli strategiyaya çeviribdir. ölkədə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasi kimi mükəmməl bir sənəd qəbul olunmuşdur. Sənəddə nəzərdə tutulan vəzifələrin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun fəaliyyəti müstəqil mətbuatın inkişafını dəstəkləmək, stimullaşdırmaq, jurnalist əməyini qiymətləndirmək baxımından xüsusilə əhəmiyyətlidir. 2005-ci ildən “İnformasiya əldə etmək haqqında” mükəmməl qanuna malikik. Hörmətli cənab Prezident, bu gün Azərbaycan mediası azaddır, müstəqildir. Baş verən hadisə və prosesləri hər hansı maneələrlə üzləşmədən cəmiyyətə çatdırır. Bu, demokratiyanın inkişafı baxımından çox böyük uğurdur, etibarlı təminatdır. Bayram günündə istəməzdik ki, problemlərdən danışaq. Lakin Sizin burada olmağınızdan istifadə edərək bəzi məsələlərə toxunmaq istərdik. Mətbuat Şurasının əsas missiyası mətbuatla ictimaiyyət arasında münasibətləri tənzimləməkdən ibarətdir. Cəmiyyət üzvləri mövqelərindən, vəzifələrindən asılı olmayaraq, mətbuatda barələrində gedən qərəzli, böhtan və şantaj xarakterli materiallarla əlaqədar bizə müraciətlər edirlər. İl ərzində müraciətlərin sayı mini ötür. Qərarlarımız əksər KİV-lər tərəfindən icra olunur. Lakin buna qəsdən məhəl qoymayanlar da vardır. Onlar “reket nəşr”lərdir. Belələri əsasən cəmiyyətdə ayrı-ayrı hüquqi və fiziki şəxslərə, təəssüf hissi ilə qeyd etməliyəm ki, hətta bəzi dövlət rəsmilərinə və qurumlarına istinad edərək Azərbaycanın media mühitini, sözün əsl mənasında korlayırlar. Ona görə də Sizdən xahiş edirəm ki, “reket nəşr”lərə qarşı mübarizəmizə dəstək verəsiniz. İnanın ki, bundan təkcə mətbuat və cəmiyyət deyil, eyni zamanda, təhdidlərə məruz qalan dövlət qurumlarının özləri də faydalanacaqlar. Azərbaycan cəmiyyəti neçə illərdir ki, azad medianın səmərəli xidmətindən istifadə edir, dünyada senzurasız, azad ölkə kimi tanınır. Lakin Azərbaycanda həm medianın, həm də cəmiyyətin imicinə mənfi təsir göstərən bir hal da mövcuddur. Bu məsələdə də Sizin şəxsi dəstəyinizə ehtiyacımız vardır. Bəhs olunan məsələ bizi əhatə edən və Avropa Şurasının üzvü olan bir çox ölkələrdə qəbul edilən diffamasiya haqqında qanunun ölkəmizdə qəbulunun bir qədər ləngiməsidir. Məlumat üçün bildirirəm ki, bu qanunun qəbulu bizim - Mətbuat Şurasının işini, əslində, bir qədər də artıracaqdır. Biz, əlbəttə, jurnalistlərin peşəkarlığı ilə, etik qaydalara əməl edilməsi normaları ilə daha ciddi məşğul olacağıq və jurnalist məsuliyyətinin artırılması üçün əlimizdən gələni etməliyik. Mətbuat Şurası kimi söz veririk ki, bu sahədəki səylərimizi artıracağıq. üçüncü məsələ, bildiyiniz kimi, Azərbaycanda müstəqil medianın dairəsi genişlənir. Lakin ölkə mediasının müstəqilliyinin əsas meyarı olan reklam bazarı hələ də yazılı mətbuatın üzünə qapalı kimi görünməkdədir. Bu gün illik reklam büdcəsi, təxminən 35-40 milyon manat olan Azərbaycanda yazılı medianın reklam gəlirləri 2 milyon manata çatmır. Əlbəttə, Siz Prezident olaraq reklamvericilərə birbaşa göstəriş verə bilməzsiniz. Amma dövlətimizin iqtisadi strukturları, nazirlikləri, komitələri, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları öz reklam və elanlarını müəyyən qədər mətbuatda yerləşdirə bilərlər. Bu sahədə də Sizin köməyinizə ehtiyacımız var. ölkədə jurnalist kadrların hazırlanması ilə bağlı problemlər mövcuddur. İstərdik ki, ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanları bərpa olunsun. Jurnalist təhsilini peşəni sevənlər alsınlar. Dünya Azərbaycan həqiqətləri barədə yetərincə məlumata malik deyildir. çox təəssüf ki, bəzi xarici nəşrlər ölkəmizdə aparılan islahatları görmək istəmir, Dağlıq Qarabağ kimi problemimizə barmaqarası baxırlar. Biz jurnalistlər də burada öz məsuliyyətimizi hiss edirik. Ona görə də müasir texnologiyalar əsrində müxtəlif dilləri mükəmməl bilən istedadlı jurnalistlərin hazırlanmasına ciddi ehtiyac duyulur. Hesab edirik ki, bu prosesdə xaricdə təhsil əsas rol oynaya bilər. Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına da ehtiyac vardır. Bu sırada xüsusilə mənzil qayğıları daha aktualdır. Dəfələrlə jurnalistlər üçün güzəştli şərtlərlə mənzil tikintisi məsələsini gündəmə gətirsək də, hələlik nəticə əldə etməmişik. ümid edirik ki, Sizin sayənizdə bu məsələyə hansısa dövlət proqramı çərçivəsində baxmaq mümkün olacaqdır. Möhtərəm cənab Prezident, Sizin hakimiyyətiniz dövründə media ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Bunların hər biri müstəsna əhəmiyyətə malikdir. Beş il bundan əvvəl milli mətbuat günü ərəfəsində Sizin Sərəncamınızla “Əməkdar Jurnalist” fəxri adı bərpa olundu. 140-a yaxın jurnalist müxtəlif dövlət təltiflərinə layiq görüldü. Media qurumlarına maddi yardımlar göstərildi. Biz jurnalistlər inanırıq ki, eyni sevincli anları bu bayram günündə də təkrar yaşayacağıq. Hörmətli cənab Prezident, Sizə bir daha ölkə jurnalistlərinin dərin minnətdarlığını bildirir, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı yolunda yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun”.
Prezident İlham Əliyev görüşdə çıxış edib: “Sağ olun, təşəkkür edirəm. İlk növbədə, mən sizi və Azərbaycanın bütün ictimaiyyətini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bizim mətbuatımızın böyük ənənələri var və bu ənənələr yaşayır. Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynamışdır. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirmişdir və ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atmışdır. Siz öz çıxışınızda mətbuatla bağlı son illər ərzindəki tarixdən danışdınız. Bu, doğrudan da çox gözəl tarixdir. Azərbaycan müstəqil ölkə kimi 1991-ci ildə dünya xəritəsində yarandı. Bildiyimiz kimi, o vaxt Azərbaycanda müstəqil media yaranmaqda idi. Azərbaycanda azad mətbuat hələ sovet dövründə yaranmışdır və azad mətbuatın o vaxtkı fəaliyyəti çox böyük qiymətə layiqdir. Ancaq o vaxt - 1991-ci ildə azad mətbuatın fəaliyyəti üçün hələ ki, lazımi şərait yox idi. Ancaq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi. Qeyd etdiyiniz kimi, 1998-ci ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni, bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır. Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər. Azərbaycanda internet istifadəçilərinin sayı 40 faizdən yuxarıdır. Biz bütün məktəblərdə kompyuterləşmə proqramını tətbiq edirik, internetə qoşuruq. Yəni, Azərbaycanda söz azadlığının inkişafı üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul edilibdir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülür, dövlət konsepsiyası qəbul edilibdir. Maddi-texniki bazanın möhkəmləndirilməsi işində dövlət öz dəstəyini göstərir və bundan sonra da göstərəcəkdir. Bir sözlə, medianın bugünkü vəziyyətini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Əlbəttə ki, problemlər də var və bu problemlər haqqında siz də öz çıxışınızda fikirlərinizi söylədiniz. Elə etməliyik ki, bu problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər. Bizim iqtisadi imkanlarımız əlbəttə ki, artır və bu, bizə əlavə imkanlar yaradır. Ancaq mən tam əminəm ki, iqtisadi islahatlar siyasi islahatlar aparılmadan ölkəyə uzunmüddətli uğur gətirə bilməz. Qısamüddətli uğur gətirə bilər. Xüsusilə təbii sərvətlərlə zəngin olan ölkələrdə iqtisadi islahatların düzgün istiqamətdə aparılması sayəsində qısamüddətli uğurlar əldə oluna bilər. Ancaq biz uzunmüddətli inkişafımızı təmin etmək istəyiriksə, mütləq siyasi islahatlar iqtisadi islahatları dəstəkləməlidir, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmalıdır. Əlbəttə ki, biz öz siyasətimizdə regionda mövcud olan vəziyyəti, Azərbaycanın reallıqlarını nəzərə alırıq. Eyni zamanda biz dünyada gedən prosesləri də çox ciddi izləyirik, tarixi də yaxşı bilirik. Bilirik ki, keçid dövrünü yaşayan ölkələr hansı çağırışlarla, hansı problemlərlə üzləşirlər. Azərbaycanda həmin problemlərin minimum səviyyəyə endirilməsi, risklərin azaldılması istiqamətində çox dəqiq, düşünülmüş, ancaq eyni zamanda ardıcıl siyasət aparılmalıdır. Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır, eyni zamanda, geridə də qalmamalıdır. Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Bizim milli mənəvi dəyərlərimiz vardır. Bu dəyərlər bizim üçün əsasdır. Biz ümumbəşəri dəyərləri bölüşürük, biz Avropa qurumları ilə bütün istiqamətlərdə - həm iqtisadi sahədə, həm siyasi islahatların dərinləşməsi sahəsində uğurlu əməkdaşlıq edirik. Avropa dəyərləri də bizim üçün çox vacibdir. Yəni onlar bizim üçün yad dəyərlər deyil. çünki Azərbaycanın tarixi və coğrafi vəziyyəti bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır. Ancaq bizim üçün prioritet dəyərlər bizim milli dəyərlərimizdir və bunun üzərində müasir dövlətin qurulması bizim məqsədimizdir. Mən hesab edirəm ki, biz bu məqsədə yaxınlaşırıq. çünki bizim cəmiyyətimizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Milli mənəvi dəyərlər üzərində müasir, dünyəvi, dünyaya açıq olan dövlət qurmaq bizim əsas məqsədimizdir. Bunu etmək üçün iqtisadi imkanlar olmalıdır, iqtisadi müstəqillik olmalıdır, siyasi azadlıqlar olmalıdır. Baxın, indi Azərbaycan dünyada çox böyük və müsbət imicə malik olan ölkədir. Biz Avropa Şurasının, İslam Konfransı Təşkilatının üzvüyük. Nadir ölkələrdənik ki, hər iki təşkilatın üzvüyük və hər iki təşkilatda Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycan bu gün və gələcəkdə sivilizasiyalararası dialoqun inkişafı üçün çox mühüm rol oynayır və oynayacaqdır. Artıq Azərbaycanda bu istiqamətdə bir neçə beynəlxalq tədbirlər də keçirilibdir. Bizim həm coğrafi vəziyyətimiz, həm keçmişimiz və ümumiyyətlə apardığımız siyasət Azərbaycanın bu istiqamətdəki rolunu artıracaqdır. Mən hesab edirəm ki, Azərbaycanda həm iqtisadi, həm siyasi islahatların aparılmasında çox müsbət dəyişikliklər baş verdi. Ancaq o demək deyil ki, bu sahədə bütün problemlər öz həllini tapıbdır. Biz öz problemlərimizi bilirik, onları həll etməyə çalışırıq. Lazım gələndə beynəlxalq təşkilatlarla məsləhətləşirik, lazım gələndə onların məsləhətlərinə də ciddi yanaşırıq. Ancaq son qərarı özümüz qəbul edirik, yəni Azərbaycan xalqı qəbul edir. Bu, bizim hüququmuzdur. Bizim müstəqil tariximiz bir neçə dəfə göstərmişdir ki, Azərbaycan xalqının iradəsi əsasında qəbul edilmiş qərarlar müsbət nəticələr verir. Biz bundan sonra da bu sahədə müstəqil addımlarımızı davam etdirəcəyik ki, ölkəmizi uğurla və sürətlə inkişaf etdirək. Mən hesab edirəm ki, media ilə bağlı qaldırdığınız məsələlər çox böyük əhəmiyyət kəsb edir. Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır. çünki, biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq. Hələ ki, bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən qədər vaxt lazımdır. Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, siz yaxşı bilirsiniz ki, hətta, Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi hallarda bu ayrı-seçkilik başqa məna daşıyır və xüsusilə, Avropa Şurası ilə bağlı bizim münasibətlərimizin inkişafı bunu göstərir. Mən bu məsələ ilə bilavasitə məşğul olan bir insan kimi və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri kimi bütün bu işləri yaxından bilirəm. Deyə bilərəm ki, 2001-ci ildən başlayaraq bu günə qədər Azərbaycana qarşı bəzi hallarda aparılan ədalətsiz mübarizə bizdə çox böyük hiddət doğurur. çünki, hər şey ədalətli olmalıdır. Ədalət ən böyük meyardır. Əlbəttə ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi bölgədə, qonşuluqda yerləşən ölkələrdə problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim olunur. Azərbaycanda isə xırda məsələ ilə bağlı böyük hay-küy salınır. Sanki kimsə istəyir ki, Azərbaycanın reputasiyasına zərbə vursun. Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda prezident seçkiləri nəticəsində ordunun iştirakı ilə 10-dan yuxarı insan öldürülmüşdür, yüzlərlə insan həbs olunmuşdur, prezidentliyə namizəd ev dustağı olmuşdur, millət vəkilləri, media nümayəndələri həbs edilmişlər. Ancaq sadəcə bir neçə gün ondan sonra müəyyən mətbuat orqanlarında bu barədə məlumat getdi, ondan sonra elə bil ki, bu, heç olmayıbdır, nə beynəlxalq mediada, nə də ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat verilmədi. İndi də bu məsələ ilə bağlı vaxtaşırı kimsə məsələ qaldırır, amma bu mövzu geniş mənada bağlanıbdır. Azərbaycanda isə müqayisəolunmaz dərəcədə bir xırda məsələ baş verən kimi, dərhal beynəlxalq media orqanlarına çıxarılır. Azərbaycanı elə bil ki, antidemokratik ölkə kimi təqdim etməyə çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə hazırıq və bu mübarizəyə qarşı ancaq öz siyasətimizi, sözün yaxşı mənasında inadkarlığımızı qoymalıyıq və qoyuruq ki, Azərbaycanın maraqlarını müdafiə edək. Ona görə diffamasiya ilə bağlı məsələlərə gəldikdə, mən hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır və qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Amma çox istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf etmiş ölkələrdə də bu məsələ ilə bağlı addımlar atılsın.
Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir. Ancaq bununla bərabər o da həqiqətdir ki, yazılı media elektron media ilə rəqabət apara bilmir. Yəni, bu həqiqətdir, bu, hər ölkədə belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə malik olan ölkələrdə və media tarixi böyük olan ölkələrdə də kütləvi informasiya vasitələrinin xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu yaxşı bilirsiniz. Ancaq bununla bərabər mən bu məsələ ilə məşğul olacağam. Jurnalist kadrların hazırlanması ilə bağlı qaldırdığınız məsələ çox vacibdir. Mən bunu xüsusilə vurğulamaq istəyirəm və hesab edirəm ki, müxtəlif proqramlar əsasında biz bu məsələ ilə daha da ciddi məşğul olmalıyıq. Bu gün bilirsiniz ki, Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. çünki doğrudan da, buna böyük ehtiyac vardır. Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir. Bu gün bütün sahələrdə - iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət sektorunda bizdə peşəkar kadrlar çatışmır. Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır. Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada əlbəttə ki, medianın rolu çox böyükdür.
Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır.
Mən istərdim ki, jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyimi bildirim. Dediyim məsələlər bu məsələ ilə də bağlıdır. Jurnalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında müstəqil medianın gücləndirilməsində görürəm. çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün medianın inkişafı üçün siyasiləşmə prosesi gərək azalsın. çünki birinci növbədə, Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir. Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir, ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək bizə uğur gətirə bilməz. Hər şey təbii olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə çıxan orqanlar nə qədər az olarsa, bizim mediamız da o qədər həm güclü, həm də ki, daha da müsbət reputasiyaya malik olacaqdır. Bu məsələ ilə bağlı mən heç kimə heç bir göstəriş verə bilmərəm. Ancaq sadəcə olaraq öz fikirlərimi bildirmək istəyirəm və hesab edirəm ki, Mətbuat Şurası da bu istiqamətdə öz lazımi tədbirlərini görəcək ki, jurnalistlərin məsuliyyəti və müstəqil jurnalistikanın müstəqil orqanlarının gücləndirilməsi işində biz daha da böyük uğurlara nail olaq. Mən bunu da bilirəm, bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərirlər. Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə ümumiyyətlə son qoyulmalıdır. Burada mən sadəcə olaraq jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Mən bunu bir neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə gələndən dərhal sonra bildirmişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayacaqdır. Biz buna nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və istisna olunmur ki, gələcəkdə də olacaqdır. çünki bizim geosiyasi vəziyyətimiz, bizim apardığımız siyasət və ümumiyyətlə bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana diqqəti və marağı cəlb edir. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan xalqının iradəsi ilə dövlətçiliyimizin qurulmasına bundan sonra da öz səylərimizi qoyaq. Ona görə mən yenə də deyirəm ki, belə hallar var. Mən istərdim ki, belə hallar olmasın. Xarici dairələrin kifayət qədər media resursları var ki, onların vasitəsilə istədiklərini bildirsinlər, xüsusilə yenə də deyirəm, internet dövründə bunu etmək o qədər də çətin deyildir. Jurnalistlərin məsuliyyəti ilə bağlı dediyim sözlərə əlavə olaraq jurnalistlərin hüquqları haqqında da bir neçə kəlmə demək istəyirəm. Bu məsələ ilə də bağlı biz ciddi işləməliyik. Jurnalistlərin hüquqları tam şəkildə qorunmalıdır, müdafiə olunmalıdır. Jurnalistlərə qarşı hörmətsizlik, zorakılıq edilməməlidir. Düzdür, biz Azərbaycanda artıq belə hallar ilə rastlaşmırıq. Ancaq hesab edirəm ki, bu sözlərin mənası öz təsirini göstərəcəkdir. Bununla bərabər, Azərbaycanda bütün kateqoriyadan olan insanların hüquqları qorunmalıdır. Bu istiqamətdə əlbəttə ki, biz daha da böyük addımlar atmalıyıq. Mən onu da demək istəyirəm və tam əminəm ki, Azərbaycanda bütün vətəndaşlar - Prezidentdən başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu vətəndaşlar olmalıdır. Yəni, qanun qarşısında heç kimin imtiyazı ola bilməz. Hansısa peşə sahibi olmaq o demək deyil ki, bu, kiməsə immunitet yaradır, yaxud da ki, kimisə toxunulmaz edir. Jurnalist həmrəyliyi çox yaxşı şeydir və mən bunu bəyənirəm. Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada hüquqların qorunması ilə bərabər, eyni zamanda, qanunun aliliyini də təmin etməliyik. Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Xüsusilə, müharibə şəraitində olan ölkələrdə bu, daha da böyük məna daşıyır. Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın müstəsna xidmətləri vardır. Əlbəttə ki, burada dövlət dəstəyi və dövlət siyasəti çox mühümdür və bu siyasət məqsədyönlü şəkildə aparılır. Azərbaycanda vətənpərvərlik mövzuları çox geniş işıqlandırılır. Gənclərin tərbiyəsi ilə bağlı məsələlər, idman sahəsindəki uğurlarımız, ordu quruculuğu sahəsində aparılan işlər - bütün bunlar bir məqsədi güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik ruhunu və duyğularını daha da artıraq, gücləndirək. Medianın bu sahədəki fəaliyyəti əvəzolunmazdır. Məsələn, hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərlik ilə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik. ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq. Biz özümüz özümüzü inandırmamalıyıq, biz onsuz da bilirik, nələr baş veribdir.
Sadəcə olaraq bu mövzu daim gündəlikdə olmalıdır. Mən Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşümdə bu barədə öz fikirlərimi söylədim ki, biz heç vaxt sakitləşməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə qədər biz daim Ermənistana qarşı bütün istiqamətlərdə, bütün yollarla, bütün formalarda hücum siyasətini aparmalıyıq. Ona görə ölkə daxilində, sadəcə olaraq bu mövzu daim işıqlandırılmalıdır. O ki qaldı, xarici mətbuatla bağlı məsələlərdə, biz çalışmalıyıq ki, öz mövqeyimizi daha da dolğun şəkildə və daha da ağıllı şəkildə çatdıraq. Xüsusilə nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir - faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Ona görə mən hesab edirəm ki, biz bu istiqamətdə daha da ciddi işlər aparmalıyıq. Bununla bərabər, əlbəttə ki, qeyd etdiyim kimi, bütövlükdə bu məsələ ilə bağlı Azərbaycan mətbuatında vahid mövqe var, amma istisnalar da olur. Bu, əlbəttə ki, çox üzücü bir haldır. Azərbaycan cəmiyyətində, Azərbaycan mediasında bu məsələ ilə bağlı başqa fikir ola bilməz. Separatistlərə bəraət qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlandırmaq - bu bağışlanmazdır. Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni, mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır. Qaldırdığınız digər məsələlərlə bağlı, jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin. Mən bir daha sizi bu gözəl gün, hadisə münasibətilə təbrik edirəm. Hesab edirəm, bugünkü bayram günü bir fürsətdir ki, biz görüşək, səmimi şəkildə danışaq. Mən də öz fikirlərimi sizə çatdırım ki, biz bundan sonra da belə əməkdaşlıq şəraitində öz işlərimizi davam etdirək”.
Sonra Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri - Vüsalə Abışovaya və Əflatun Amaşova “Əməkdar Jurnalist”, Umud Mirzəyevə və Abbas Tapdıqa “Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarının vəsiqələrini təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

