Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / AGRİ layihəsinin uğurlu gələcəyi var

AGRİ layihəsinin uğurlu gələcəyi var

16.09.2010 [09:46]

Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçiriblər
Xəbər verdiyimiz kimi, sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək, Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırıb: “Bu layihənin nisbətən yeni bir layihə olmasına baxmayaraq, onun çox yaxşı gələcəyi vardır. Biz bu gün bunu müzakirə etdik. ölkələrimizin liderlərinin, insanlarımızın, şirkətlərin və nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün etdiyi səylər artıq yaxşı nəticələr verib. Biz böyük bir inkişafın başlanğıcındayıq və əminəm ki, bu inkişaf uğurlu olacaqdır. Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan hər bir şey vardır. İlk növbədə bizim çox güclü siyasi iradəmiz vardır. ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə sıx əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun yaxşı göstəricisidir. Bizim böyük həcmdə təbii ehtiyatlarımız vardır. Azərbaycan “Şahdəniz” və digər qaz yataqlarında hasilatı artırmaq üçün öz töhfələrini verəcəkdir. Bizim etibarlı nəqletmə və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində istehlakçılarımız vardır. Onların qaz təchizatının əlavə mənbələrinə ehtiyacları vardır. Əgər biz istənilən potensial enerji layihəsində bütün əhəmiyyətli elementləri bir araya qoysaq görərik ki, mənzərə çox vədedicidir. Zənnimcə, imzaladığımız bəyannaməni hansı sürətlə və səmərə ilə icra etməyimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırılmasından, bütün təcrübə və texniki bacarıqlarımızın istifadəsindən çox şey asılı olacaqdır.
Nəhəng enerji layihələrini irəliyə aparmaq və icra etmək təcrübəsi, əminəm ki, bizə uğur gətirəcəkdir. Bizim özəl təcrübəmiz vardır və bu gün biz sərmayələrin cəlb edilməsi, neft və qaz sahəsinə sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması üçün beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini, tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu maraqların tarazlığı, qarşılıqlı asılılıq layihələrin uğurla həyata keçirilməsi üçün mühüm elementlərdən sayılır. Başqa sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər bir şərait vardır. ümid edirəm ki, bugünkü imzalanma mərasimi və apardığımız danışıqlar, şirkətlərin və nazirliklərin nümayəndələrinə verdiyimiz göstərişlər gələcəkdə uğurun əldə olunması üçün  öz rolunu oynayacaqdır”.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkür edib. Bildirib ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcək: “Bir daha, qeyd etmək istərdim ki, bu gün burada baş verənlər tarixdir. Əgər xəritəyə nəzər yetirsəniz, görərsiniz ki, bu, enerji daşımaları üçün ən məntiqi marşrutdur. Belə ki, bu, düz xətt üzərində yerləşir və ən qısa yoldur. O, Qara dənizdən min yüz kilometr məsafəni əhatə etməklə, enerji ehtiyatlarının Xəzər dənizindən Avropa istiqamətinə daşınmasında ən qısa yoldur. Bu layihənin daha öncə ərsəyə gəlməməsinin səbəbi burada üçüncü tərəflərin müəyyənləşdirilməməsi idi. Eyni zamanda, biz Türkiyə ərazisindən keçəcək NABUCCO boru kəmərini də tam dəstəkləyirik. Lakin AGRİ layihəsi şübhəsiz ki, ən məntiqi və qısa yoldur. Prezident Trayan Besesku da bu layihənin sadəliyini görənlərdən biri oldu, o da bu layihəyə “hə” dedi, lazımi işləri həyata keçirdi. Bu gün biz Macarıstanın Baş naziri Viktor  Orbanı burada görməyimizə şadıq. Zənnimcə, bu, onun ölkəsi üçün, “Şərq Tərəfdaşlığı” proqramı üçün vacib məsələdir”.
Rumıniya Prezidenti Trayan Besesku bildirib ki, bu layihənin icrası Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcək: “Mən hesab edirəm ki, bu layihə ilk növbədə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”na doğru yanaşmasının sübutudur. Bu layihə sübut edir ki, Avropa İttifaqı sərhədlərinin şərq hissəsində yerləşən ölkələr hər iki tərəfin maraqları çərçivəsində əməkdaşlıq edə bilər. Layihə, eyni zamanda, Avropa İttifaqının açıq bazarı təmin etmək məqsədilə alternativ yollar yaratmaq strategiyasına uyğun gəlir. Həmçinin bu layihə Qara dənizin iki tərəfini birləşdirən, demək olar ki, ən mühüm layihədir. Uzun müddət mən Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda belə bir fikri dəstəkləmişəm ki, Avropa İttifaqının, hətta NATO-nun təhlükəsizliyi Xəzər dənizi regionunda və Mərkəzi Asiyada baş verən hadisələrdən çox asılıdır. Bu layihə Avropa İttifaqı ölkələri, Xəzər dənizi və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcəkdir. Mən əminəm ki, Azərbaycan hazırda layihənin ilk təminatçısıdır. Lakin Azərbaycan layihənin yeganə təminatçısı olmayacaqdır. Bundan əlavə, layihə Avropa İttifaqının şərq hissəsinin enerji təhlükəsizliyi sahəsinə daxil olmaqla, bu sahəyə də öz töhfəsini verəcəkdir. Biz iki il bundan əvvəl nə baş verdiyini bilirik. Ukrayna ərazisindən qaz təchizatı sual altında idi. Həmin dövrdə Rumıniya kifayət qədər qaz enerjisinə malik idi və qazın həcmi nöqteyi-nəzərindən Bolqarıstan kimi ölkələri təmin edə bilərdi. Lakin əlaqələrin olmaması səbəbindən Rumıniya bu ölkəyə yardım göstərə bilməyib. Hazırda Avropa İttifaqı Rumıniya və Macarıstan, Rumıniya və Bolqarıstan arasında qazın ötürülməsi üçün zəruri infrastrukturu maliyyələşdirib. Biz hesab edirik ki, Macarıstanın bu layihədə iştirak etməsi layihəni Avropa İttifaqı daxilində rəqabətədavamlı və səmərəli edən amildir”.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu deyib. Əmin olduğunu bildirib ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcək və Macarıstan bu layihəyə sadiqdir: “Cənab Prezident, icazə versəniz, mən üç məsələyə toxunmaq istərdim. Əvvəlcə bizim kiminsə qalib gələcəyi və ya kiminsə məğlub olacağı fəlsəfəsinə əsaslanan əməkdaşlıq və ittifaqlar üzrə təcrübəmiz vardır. Beləliklə, hazırda əməkdaşlıq üçün doğru zamandır. çünki bu, bütün tərəfləri qane edən bir vəziyyətdir. Bu, hamıya uğur gətirəcək əməkdaşlıqdır. Bu əməkdaşlığın bütün tərəflərə fayda gətirəcəyi üçün biz çox məmnunuq. Bu, dünya siyasətinin gələcək onillikləri üçün bir müjdədir. Qeyd etmək istədiyim ikinci məsələ isə, hər bir macarın düşüncəsində olan şaxələndirmə məsələsidir. Əgər biz marşrutları və mənbələri ayırmasaq, enerji bazarında rəqabət yaranmayacaqdır. Enerji bazarında rəqabət olmasa, biz həmin biznes sahəsini siyasiləşdirmiş olacağıq. Enerji və siyasətin birləşməsi isə hamımız üçün bir çox problemlər yaradır. Bu səbəbdən, şaxələndirmə bu vəziyyətdən çıxış yolu və rəqabəti təmin edəcək amildir. Bu investisiya və əməkdaşlıq marşrut və mənbələrimizin şaxələndirilməsinin gözəl nümunəsidir.
Sonda bildirmək istərdim ki, zati-alilərinin qeyd etdiyi kimi, biz macarlar bu əməkdaşlığın qərb hissəsini təmsil edirik. Biz bunun nə demək olduğunu bilirik. Biz bu layihəyə ciddi yanaşırıq və Rumıniya ilə əməkdaşlıq zamanı əlimizdən gələni edəcəyik ki, bu layihənin bütün Avropa İttifaqı üçün rəqabətə davamlı bir layihə olduğunu göstərə bilək. Biz layihənin sabit təməlini bu yolla təmin edəcəyik”.
Sonra dövlət və hökumət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

Paylaş:
Baxılıb: 1069 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30