Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsində...

Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsində...

17.09.2010 [09:38]

İki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanması Bakı-Ankara münasibətlərində yeni keyfiyyət dəyişiklikləri yaratmaqla yanaşı, bütün sahələrdə daha geniş və əhatəli addımların atılması üçün əlavə imkanlar formalaşdıracaq
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirakı çərçivəsində Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşləri baş tutub. Görüşlər çərçivəsində iki ölkə arasındakı strateji münasibətlərin inkişaf tendensiyasına dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin Baş nazir Rəcəb Tayyib Ərdoğanla “çırağan” sarayında görüşü çərçivəsində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Bəyannamənin imzalanması ilə ölkələr arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bəzi aktorların süni maneələri və təxribatlarına rəğmən...
Tarixin müxtəlif dönəmlərində olduğu kimi, son zamanlar da bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq toxumu salmağa hesablanmış addımlar atmağa çalışıblar. Daha doğrusu, dünyanı idarə edən bəzi qlobal aktorlar və onların əlaltıları özlərinin milli və transmilli maraqlarını reallaşdırmaq naminə dağıdıcı siyasi aktlar gerçəkləşdirməklə iki qardaş ölkənin münasibətlərinə sarsıdıcı zərbə endirmək cəhdində olublar. Məsələn, Türkiyə ilə Ermənistan arasında Böyük Ortadoğu Projesinin növbəti halqası olan “Sürix protokolları”nın imzalanmasına cəhd etməklə nəhəng aktorlar Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmağa meyil ediblər. İşğalçı Ermənistanın blokadadan çıxması məqsədini də ehtiva edən bu protokol Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı tarixi təməllərin sarsılması mənasına gəlirdi. Amma Azərbaycanın praqmatik siyasi-strateji kursuna paralel olaraq, Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymayaraq protokolların imzalanmasından imtina etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan-Ermənistanın işğalına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz. Bundan başqa, Qərbin və onun tərəfdaş aktorlarının (buraya bəzi hərbi-siyasi alyanslar, bir sıra beynəlxalq təşkilatlar daxildir-N.Q.) təxribat xarakterli addımları da Bakı-Ankara tandeminin əsaslarını sarsıda bilmədi. Bu da növbəti dəfə o tezisi təsdiq etdi ki, ən güclü “qlobal fırtınalar” belə Azərbaycan-Türkiyə münasibətləri kimi ali dəyərlərə söykənən möhkəm birliyi sıradan çıxara bilməz...
Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyə...
Praktik proseslər göstərir ki, Azərbaycan və Türkiyə strateji mənada bir-birini tamamlayan vahidin ayrılmaz hissələri kimidirlər. Təsadüfi deyil ki, dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu analitikləri də o qənaətdədirlər ki, Azərbaycan və Türkiyə  dünyada keyfiyyətcə ən sıx və möhkəm münasibətlərə malik olan iki ölkədir.  Dil, din, mədəniyyət faktorunu kənara qoysaq belə, siyasi-strateji mənada hər iki ölkə bir-biri üçün zəruri tərəfdaş aktor önəmi kəsb edir. Türkiyə üçün Azərbaycanın önəmi bir neçə mənada xüsusi mahiyyət daşıyır.
Əvvəla, Cənubi Qafqazın lokomotiv aktoru olan Azərbaycan Türkiyə üçün bölgəyə giriş və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Yəni, Cənubi Qafqazda geniş, əhatəli əməkdaşlıqlar mühiti formalaşdırmaq və uzunmüddətli perspektivdə sürdürmək üçün Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir. Müxtəlif xarakterli layihələrin reallaşdırılması və bu layihələr çərçivəsində strateji üstünlüklərin əldə edilməsi rəsmi Ankara üçün xüsusi avantaj deməkdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələr ərsəyə gələn zaman sərgilənən strateji tərəfdaşlıq-işbirliyi nümunələri deyilənləri əsaslandıran bariz arqumentdir;
İkincisi, Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan önəmli tranzit məntəqə-məkan kimi strateji açılımlar baxımından əvəzedilməz mövqeyə malikdir. çünki Asiyadan-Avropaya uzanmaq üçün Azərbaycan amili birmənalı zəruridir. Bu, istər müxtəlif enerji layihələrinin reallaşdırılması zamanı, istərsə də regional əməkdaşlıqlar zamanı özünü daha qabarıq şəkildə büruzə verir;
üçüncüsü, Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birilərinə qarşı “dual dövlət” mövqeyində çıxış edirlər. İstər BMT çərçivəsində, istər çoxtərəfli münasibətlər formatında, istərsə də qlobal miqyaslı digər münasibətlər fonunda Bakı və Ankara mütəmadi qaydada bir-birilərini dəstəkləməkdədirlər. Bu da, heç şübhəsiz, qarşılıqlı, səmimi, faydalı və uzlaşdırılmış münasibətləri daha da möhkəmləndirən amildir.
Əlbəttə, Türkiyənin Azərbaycana qarşı daha həssaslıqla yanaşmasını şərtləndirən fundamental faktorların sayını istənilən qədər artırmaq olar. Amma hər halda, bunlar ona dəlalət edir ki, Azərbaycan Türkiyənin xarici siyasət strategiyasının başlıca nəzərə alınan aktorlarındandır.
Eləcə də, Türkiyə Azərbaycan üçün zəruri strateji önəmə malik tərəfdaşdır. Regionda sülh və sabitliyin təmin olunması, imperialist aktorların dağıdıcı fəaliyyətinin neytrallaşdırılması, bölgədə yeni əməkdaşlıq platformalarının yaradılması, yeni enerji coğrafiyası və xəritəsinin formalaşdırılması, qlobal miqyasda  milli və transmilli maraqların müdafiəsi mənasında Ankara Bakı üçün xüsusi önəmə malikdir...
Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası Bakı-Ankara tandemini daha da gücləndirəcək
ölkələr arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında bəyannamənin imzalanması ona dəlalət edir ki, Bakı-Ankara münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş tutacaq. Belə ki, siyasi, iqtisadi, hərbi, mədəni-ideoloji və digər sahələrdə daha geniş, əhatəli birgə addımların atılması üçün yeni imkanlar yaranacaq. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd strateji əhəmiyyət daşıyır və tərəflərin tam şəkildə müttəfiqliyini nümayiş etdirir: “Bu gün həqiqətən tarixi bir gündür və belə bir gündə bərabər olmağımızdan çox məmnunam. Əminəm ki, bu gün Türkiyə və Azərbaycan arasında imzalanmış tarixi sənəd hər iki ölkənin münasibətlərinin gələcək inkişafını təmin edəcək. Qeyd etdiyiniz kimi, bizim xalqlar arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr bu gün zənginləşir və yeni səviyyəyə qalxır. Bu münasibətlər, əslində, iki ölkə arasında olan əlaqələrin təməlidir. Möhkəm təməl üzərində biz bu əlaqələri qururuq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətləri daim inkişaf edir və bu gün bu əlaqələr müttəfiqlik səviyyəsinə qalxır”.
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan isə deyib ki, əvvəllər Suriya, İordaniya, Livan, İraq, Rusiya və Yunanıstan kimi ölkələrlə də yaratdığımız bu mexanizmin istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə vermiş olduğu faydaları bu qısa müddətdə belə müşahidə etmək mümkün olub: “Bu mexanizmin Türkiyə-Azərbaycan əməkdaşlığına da böyük töhfələr verəcəyi şübhəsizdir. Şura çərçivəsində yaradılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm olaraq nəzərdən keçirilməsini təmin edəcək”.
Baş nazir onu da vurğulayıb ki, imzalanmış sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövründən başlanmış bir işdir və bu gün həmin təşəbbüsün yekunu əldə edilib: “Yaradılacaq alt komissiyalar münasibətlərimizin istənilən sahədə nəzərdən keçirilməsinə xidmət edəcək. İki ölkə arasında strateji əməkdaşlığın Ali Şurası “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” deyən Atatürk ilə, “Bir millət, İki dövlət” deyən mərhum Heydər Əliyevdən aldığımız bayrağı daha irəli zirvələrə ucaltmaq amalının bir təzahürüdür”.
Rəsmilərin də qeyd etdiyi kimi, yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verəcək. Şuranın yaranması Bakı-Ankara tandeminin əsaslarını daha da möhkəmləndirəcək. Zaman səsləndirilən fikir və tezislərin reallığını və doğruluğunu əsaslandıracaq...

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30