Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Azərbaycan dövlətinin sürətli inkişafını təmin edib

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası Azərbaycan dövlətinin sürətli inkişafını təmin edib

21.09.2010 [09:41]

ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsinə əsaslanan və gərgin əməyi nəticəsində imzalanmış “Əsrin müqaviləsi” dünyanın nəzər - diqqətinin ölkəmizə yönəlməsinə və Azərbaycana böyük investisiyaların cəlb olunmasına şərait yaratdı
ötən əsrin sonlarında, Sovet İmperiyasının süqutu, eyni zamanda, dünyada yeni münasibətlər sisteminin meydana gəlməsinə şərait yaratdı. 70 illik imperiyanın dünya tarixininin arxivinə atılması, öz növbəsində yeni müstəqil dövlətlərin yaranmasını da şərtləndirdi. Azərbaycan da ötən sirin əvvəllərində itirdiyi dövlət müstəqilliyini məhz bu şərtlər altında yenidən bərpa etdi. Amma köhnə sistemin dağılması və onun yerində müstəqilliyimizi daimi, əbədi və dönməz edən yeni bir sistemin formalaşdırılmaması dövlətimizi və xalqımızı yeni çətinliklərlə üz-üzə qoydu.
Siyasi, iqtisadi böhran dövlət müstəqilliyinə son qoya bilərdi...
Dövlət idarəçiliyində boşluqlar və hakimiyyətdəki siyasi qüvvələrin naşılığı ucbatından 1991-92-ci illərdə Azərbaycanda bütün istiqamətləri əhatə edən dərin böhran meydana gəlmişdi. Sadəcə, bir statistikaya baxmaq kifayətdir ki, müstəqilliyin ilk ilində yaşanmış duruma aydınlıq gətirmək mümkün olsun. İnflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsiri 100 dəfəyə qədər artmışdı. ölkənin borcları çoxalır, vətəndaşların əməkhaqlarının və pensiyalarının dəyəri düşürdü. Bahalaşma, aclıq baş alıb gedirdi. İqtisadi böhranın ağır fəsadları digər sferalara da təsir edir, siyasi proseslərdə gərginlik artırdı.
Bu da azmış kimi, hakimiyyətin üst eşalonunda təmsil olunan məmurların hər biri silahlı qruplaşma formalaşdıraraq hərə bir dövlət yaradacağını bəyan edirdi. Bütün bu problemləri həll etmək missiyasını daşıyan dövlət rəsmiləri isə hansısa tədbirlər görməkdə aciz qalırdılar. Əksinə, onlar dövləti idarə etməkdənsə, şəxsi mübahisələrin, dava-dalaşların qaynaq nöqtəsinə çevrilmişdi. ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Hər addımları nöqsanlı olan AXC-Müsavat komandası həm özlərini, həm də Azərbaycanı fəlakətə sürükləyirdi. Bütün bunlara Ermənistan dövlətinin kənardan aldığı yardımlar hesabına torpaqlarımızı işğal etməsi faktı da əlavə olunmuşdu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən qızğın həddə çatır, düşmənin işğal etdiyi rayonların sıraları genişlənirdi. Xarici qüvvələr isə səbirsizliklə parçalanmağa doğru gedən Azərbaycandan pay almaq üçün fürsət gözləyirdilər. Eyni zamanda, xüsusi xidmət orqanları vasitəsilə bu istiqamətdə ciddi iş aparırdılar. Onların ölkəmizdəki təmsilçiləri isə artıq prosesə start vermişdilər. Beynəlxalq dairələrdən ciddi maliyyə dəstəyi alan daxili xəyanətkar qüvvələr müstəqilliyimizin ömrünün qısa olması üçün var gücləri ilə fəaliyyət göstərirdilər. O çətin, mürəkkəb tarixi situasiyanı yaşamış, dövlətimizin üzləşdiyi problemləri öz gözləri ilə görmüş hər bir kəs etiraf edə bilər ki, həmin hadisələr Azərbaycan dövlətinin süqutunu yaxınlaşdırmışdı. Prezident İlham Əliyev bir müddət öncə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki geniş nitqində o dövrün hadisələrini şərh edərkən qeyd etdi ki, 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəyədi, mütəqilliyimizi itirəcəkdik: “Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəydik”.
Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan üçüncü minilliyə inamla qədəm qoydu
Bəli, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsi və idarəçiliyi ələ alması təkcə, hakimiyyətsizliyin, dövlət idarəçiliyindəki boşluqların aradan qaldırılması demək deyildi. Bu, həm də Azərbaycan, dövlətçiliyinin, müstəqilliyinin xilası idi. Bunu nəzərə alaraq, Azərbaycan xalqı yenidən Ulu öndərimiz Heydər Əliyevə üz tutdu və Onu Bakıya dəvət etdi.
Bütün həyatını Azərbaycan xalqına, dövlətinə xidmət etməyə həsr edən, xalqımızı xoşbəxt gələcəyə aparmağı özünün başlıca məqsədi hesab edən və bunun üçün var gücünü səfərbər edən Ulu öndər Heydər Əliyev də xalqın tələb və təkidlərinə müsbət cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gəldi. Onun hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın - yüksəliş, inkişaf, sabitlik erasının əsasını qoydu. Ulu öndərimiz çox gözəl bilirdi ki, iqtisadi dirçəlişi təmin etmək üçün ilk növbədə, ölkədə sabitlik, təhlükəsizlik mühiti mövcud olmalı idi. Ona görə də, dahi dövlət rəhbəri Heydər Əliyev hakimiyyətinin ilk dövrlərində məhz bu məsələni diqqətdə saxladı və qısa müddət ərzində Azərbaycanda əbədi sabitliyin əsasını qoydu. Ermənistanla cəbhədə atəşkəsin elan olunması isə daxili situasiyanın daha çox nəzarətə götürülməsinə şərait yaratdı. Silahlı qruplaşmaların qeyri-qanuni fəaliyyətlərinə son qoyuldu və hüquqi dövlət quruculuğu prosesinin sürətlənməsi üçün geniş meydan açıldı. Həmçinin, Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyuldu, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradıldı. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşdı. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrildi. Məhz Ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoydu.
“Əsrin müqaviləsi” Ulu öndər Heydər Əliyevin gərgin əməyinin məntiqi yekunu idi
Beləliklə, Ulu öndər Heydər Əliyev həm siyasi, həm də iqtisadi sferada cərəyan edən xoşagəlməz hadisələrin qarşısını aldı və islahatlar üçün əlverişli zəmin hazırladı. Bundan sonra isə Azərbaycan öz böyük sərvəti olan neftin dünya bazarlarına çıxarılması ilə bağlı qərar qəbul etdi. Lakin bu qərarın icrası da asan başa gəlmədi. çünki bəzi xarici qüvvələr Azərbaycanın sahib olduğu zəngin neft ehtiyatlarını əldə etmək üçün mübarizə aparırdılar. Hətta bir çox xarici neft şirkətləri, onları dəstəkləyən dövlət və hökumətlər, beynəlxalq maliyyə qurumları gözləyirdilər ki, bu böhrandan çıxış olaraq xəzinəsində bir quruş parası olmayan və təcili maliyyə yardımına ehtiyacı olan dövlətin yeni rəhbərliyi Azəri-çıraq-Günəşli neft yataqlarına dair kontraktın imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək. Ancaq hadisələrin inkişafı onların yanıldığını göstərdi. Ulu öndər Heydər Əliyev ölkənin təhlükəsizliyini təminat altına almaq məqsədilə xarici neft şirkətləri ilə danışıqları faktiki olaraq dayandırdı. O zaman çoxlarına qəribə görünən bu qərar əslində, böyük dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevin çox yüksək dünyagörüşünə, zəngin dövlətçilik təcrübəsinə söykənirdi. Və sadəcə, bir neçə aydan sonra bu qərarın nə qədər yerində qəbul olunmuş qərar olduğu təsdiqini tapdı. Azərbaycanın xarici neft şirkətləri ilə Azəri-Cıraq və Günəşli yatağının dərin sularda yerləşən hissəsinə dair sazişlə bağlı danışıqlara hazır olduğu ancaq 1994-cü ilin may ayında elan edildi. Sonrakı hadisələr göstərdi ki, bu 10 ay ərzində (iyul 1993 - may 1994-cu il) Azərbaycanın uzunvədəli, ancaq bir saziş ilə, neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi ilə məhdudlaşmayan, çoxşaxəli, gələcək onillikləri əhatə edən neft-qaz strategiyası üzərində gərgin işlər aparılırmış.
Digər tərəfdən, Ulu öndər bu silsilə sazişlərə cəlb olunacaq şirkətləri də böyük dəqiqliklə seçmişdi. Ulu öndər Heydər Əliyev dünyanın ən nəhəng neft və qaz şirkətlərini inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. ümummilli liderin gərgin zəhməti öz bəhrəsini verdi və yeni neft strategiyasının əsası qoyuldu.
Əsrlərə xidmət edən “Əsrin müqaviləsi”
Ulu öndər Heydər Əliyev tərəfindən ölkənin gələcəyini təminat altına alan, uzun illərə, bəlkə də əsrlərə dayanacaq neft strategiyası hazırlandı. 1994-cü ildə Azərbaycan məcazi mənada da olsa, dünyanın mərkəzinə çevrildi. İmzalanan “Əsrin müqaviləsi” Azərbaycanı sözün əsl mənasında Şərqlə Qərbin qovşağına çevirdi. Məhz bu müqavilə nəticəsində Avropanın, dünyanın bütün aparıcı şirkətlərinin, sərmayədarlarının diqqəti Azərbaycana yönəldi.
“Əsrin müqaviləsi” ilə bağlı danışıqların son mərhələsi 1994-cü ilin yazında və yayında İstanbul və Hyustondakı toplantılarda keçirildi. Olduqca ağır keçən bu mərhələnin sonunda Azərbaycan öz maraqlarını tam qorumağa nail oldu. Hətta bunun xatirinə tranzit ölkələrə böyük güzəşt edən Azərbaycan həm Qərbə, həm də Rusiyaya bu layihədə yer almaq üçün, belə demək mümkündürsə, şərait yaratdı.
“Azəri-çıraq-Günəşli” yatağından 143 milyon ton neft hasil olunub...
Sentyabrın 20-də “Azəri-çıraq-Günəşli” yataqlarının dərinsulu qatlarındakı neftin birgə işlənməsi haqqında “hasilatın pay bölgüsü” tipli müqavilə imzalandı. Ulu öndər Heydər Əliyev həmin çətin günləri belə xatırlayırdı: “Bu müqavilə qeyri-adi, nadir bir müqavilədir. Təsadüfi deyildir ki, onu “Əsrin müqaviləsi” adlandırırlar. Bu müqavilənin qeyri-adiliyi, nadirliyi ondan ibarətdir ki, o, on bir böyük neft şirkətinin birləşdiyi konsorsium əsasında reallaşıb. Həmin şirkətlər dünyanın neft sənayesi sahəsində böyük nailiyyətlər əldə etmiş altı ölkəsini təmsil edir. Bildiyiniz kimi, bu müqavilənin əldə olunması çox uzun, ağır və çətin yollardan keçib. Bu müqavilənin imzalanmasına, əldə edilməsinə mane olan qüvvələr də az deyildi. Ancaq müstəqil Azərbaycan Respublikası öz taleyinin, ərazisinin sahibi olduğu bir vaxtda, onun iradəsi nəticəsində, eyni zamanda, konsorsiuma daxil olan şirkətlərin ölkəmizin neft sənayesində iştirakının gözəl perspektivlərini dərk etməsi, həmin şirkətlərin mənsub olduğu ölkələrin Azərbaycanla əməkdaşlığa göstərdikləri böyük maraq nəticəsində maneələrin hamısı aradan götürüldü və bu müqavilə imzalandı”.
“Bakı-Tbilisi-Ceyhan” regionda sabitlik və təhlükəsizlik dəhlizinə çevrilib...
1994-cü ilin dekabrında ölkə parlamenti tərəfindən təsdiq olunaraq hüquqi qüvvəyə minən “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrilərək azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin edərək ökəmizin inkişafında əhəmiyyətli rol oynadı. Həmin vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə start verildi. Məhz bu müqavilənin bağlanması ilə öz “qara qızıl”ını dünya bazarına çıxaran Azərbaycan əldə etdiyi neft gəlirlərini ölkəsinin inkişafına yönəltdi. Digər tərəfdən, müharibə vəziyyətində olan, işğala məruz qalan Azərbaycan xarici investorları ölkəyə dəvət etməklə, sərmayədarların mənsub olduğu ölkələri də Dağlıq Qarabağ münaqişəsinə diqqətlə yanaşmağa məcbur etdi.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda yeni siyasi, iqtisadi mərhələ başlandı. Məhz həmin saziş çərçivəsində aparılan işlər nəticəsində 1997-ci ildə yataqda ilk neft hasil olundu və 1999-cu ildən etibarən mənfəət nefti ixrac olunmağa başladı. 1999-cu ilin dekabrında Azərbaycan ilk mənfəət nefti ilə doldurulan tankeri dünya bazarlarına çıxardı. Xatırladaq ki, “Azəri-çıraq-Günəşli” (AçG) yataqlarından çıxarılan mənfəət nefti sonrakı illərdə Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu üçün baza rolunu oynadı. Məhz bu müqavilənin imzalanmasından sonra iqtisadiyyata xarici sərmayə qoyuluşu ən yüksək səviyyəyə çatdı. 1995-ci ildə ölkəyə kapital qoyuluşu 228 miylon manat (yeni manatla), 2000-ci ildə 967,8 milyon manat, 2001-ci ildə 1,2 milyard manat, 2002-ci ildə 2,2 milyard manat, 2003-cü ildə 3,8 milyard manat, 2004-cü ildə 4,9 milyard manat, 2005- ci ildə isə 5,8 milyard manat təşkil etdi. Beləliklə, 1995-ci ildən 2005-ci ilə kimi neft sənayesinə qoyulan investisiyaların həcmi 22,2 dəfə çoxaldı. ümumilikdə, “Azəri-çıraq-Günəşli” yatağının istismarı ilə bağlı xarici investorların yatırdığı sərmayələrin ümumi həcmi 22 milyard dollar təşkil edir. İlk mənfəət nefti çıxarılan dövrdən, yəni 1997-ci ildən indiyədək “AçG” yatağından 143 milyon ton və yaxud 1 milyard 60 milyon barel neft hasil edilib. Eyni zamanda, bu yataqdan 30 milyard kubmetrə yaxın qaz hasil olunub.
Azərbaycan hazırda neftin ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə malik olsa da, əvvəllər ixrac marşrutu ilə bağlı problemlər var idi. Belə ki, Şimal istiqamətində uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəməri və Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm olan Bakı-Supsa boru kəməri “AçG”-dən hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün rentabelli və tam gücü ilə işləyən marşrutlar hesab oluna bilməzdi. Digər tərəfdən, bir sıra ictimai-siyasi amillər bu marşrutların, xüsusilə də Bakı-Novorossiyskin əsas ixrac kəməri kimi perspektivini azaltmış olurdu. Məhz bütün bu amilləri nəzərə alan Ulu öndər Heydər Əliyev Azərbaycanın enerji siyasətinin əsas hədəflərindən biri kimi yanacağın Şərq-Qərb marşrutları ilə nəqlini nəzərdə tuturdu. Buna görə də, Heydər Əliyev Qərb istiqamətində etibarlı və təhlükəsizlik dəhlizinin yaradılması üçün ciddi səylər göstərirdi. ümummilli lider Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan layihənin - “Bakı-Tbilisi-Ceyhan” (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsini vacib hesab edirdi. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə respublikamıza xarici təsirlər olduğu kimi, BTC-nin də çəkilməsi ilə bağlı işlərə başlanılanda bu cür müdaxilələr mövcud idi. Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə həmin dövrdə mane olmaq istəyənlər bu ixrac marşrutunun reallaşmasını istəmirdilər. Lakin Ulu öndər Heydər Əliyevin dərin inamı və qətiyyəti layihənin reallaşmasına olan inamı artırırdı. ümummilli lider Heydər Əliyev başladığı işin möhtəşəm sonluqla başa çatacağına əmin olduğundan xarici təsirlərə, müxtəlif qurumların tərəddüdlərinə əhəmiyyət vermirdi və hər dəfə uğurlu nəticələrə səbəb olan addımlar atırdı.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilən ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. Beləliklə, təməli “Əsrin müqaviləsi” ilə qoyulan Azərbaycanın, o cümlədən, Cənubi Qafqaz bölgəsinin inkişaf trayektoriyasının növbəti dayanacağı bu gün Ulu öndər Heydər Əliyevin adını daşıyan BTC oldu. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin təməl daşı qoyuldu.
BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Neft gəlirləri qeyri-neft sektorunun inkişafına əsaslı zəmin hazırlayıb
Bu gün Azərbaycan öz inkişaf xəttinə görə nəinki regionda, dünyada seçilən dövlətlərdən sayılır. O baxımdan ki, az bir zamanda dövlət büdcəsinin 10 dəfəyə qədər artması, qeyri-neft sektorunun yüksəksürətli inkişafı, “Əsrin müqaviləsi”nin ölkəmizin inkişafında böyük rol oynadığını bir daha sübut etdi. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunaraq deyib: “Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz Onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi”.
Neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Ulu öndərin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilən Fondun fəaliyyəti neft və qazın kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və öz fəaliyyətindən əldə olunan vəsaitin toplanması və səmərəli idarə edilməsi vasitəsi ilə ölkə qarşısındakı mühüm vəzifələrin həllinə yönəlib. DNF-nin valyuta gəlirləri ilk növbədə ölkədə makroiqtisadi sabitliyin qorunmasına və qeyri-neft sektorunun inkişafının təmin edilməsinə sərf edilməkdədir. Eyni zamanda, neft gəlirləri ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm layihələrin maliyyələşdirilməsinə və gələcək nəsillər üçün ehtiyat vəsaitinin toplanmasına yönəlib.
Beləliklə, Azərbaycanın son 15 illik inkişaf tarixini təhlil edən hər bir kəs, razılaşar ki, neft strategiyası, ölkəmizin bütün sahələrinin - ictimai-siyasi, iqtisadi, sosial, mədəni və s. inkişafını əhatə edən geniş strateji planın bir hissəsidir; əlbəttə ki, xüsusi yeri olan, xüsusi önəmi, dəyəri olan bir hissəsidir. Dayanıqlı inkişafı təmin edən geniş strateji planın ayrı-ayrı istiqamətlərinin, sahələrinin inkişafını təmin edən planlar, tədbirlər arasında hər birinin ayrılıqda və cəm şəkildə inkişafını təmin edən, bunlara daxildən və xaricdən mənfi təsirlərin qarşısını ala bilən və ya da mümkün qədər neytrallaşdıra bilən, müsbət təsirlərin isə gücünü artıra bilən əlaqələr, mexanizmlər, bunların idarə olunması, icrayə nəzarəti yolları müəyyənləşdirilməsəydi və bunların səmərəli tətbiqi təmin edilməsəydi yəqin ki, həm Azərbaycan neft strategiyasının uğurları, həm də həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar bugünkü səviyyədə olmazdı. Bu isə bir daha onu deməyə əsas verir ki, Heydər Əliyevin neft-qaz strategiyasının zamanın tələbləri, regionda, dünyada gedən prosesləri nəzərə alaraq ardıcıllıqla, əzmkarlıqla həyata keçirilməsi Azərbaycanın hər bir sahədə və ümumi inkişafı əks etdirən makroiqtisadi göstəricilərinə görə, dünyada ən yüksək səviyyədə olan ölkələr sırasında yer almasını şərtləndirib. Prezident İlham Əliyev isə ümummilli liderimizin başlatdığı bu genişmiqyaslı tədbirləri uğurla davam və inkişaf etdirərək ölkəmizin dünyanın qabaqcıl eneji tədarükçüsü və tranzit ölkə kimi nüfuzunun daha da möhkəmlənməsinə şərait yaradıb. Və bu gün tam məsuliyyətimizlə deyə bilərik ki, bir çox ölkələrə bəlalar, faciələr gətirən neft Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin praqmatik və düzgün hesablanmış addımları sayəsində Azərbaycan xalqının xoşbəxtliyinin təminatçısına çevrilib.
Aqşin ŞAHİNOÄžLU
Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30