Azərbaycan-Ukrayna münasibətləri həmişə sabit və səmimi olub
29.10.2010 [09:20]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Ukraynaya rəsmi səfərə gəlib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib. Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidentini qarşılayıb.
Prezidentlər İkinci Dünya müharibəsi veteranları ilə görüşüb söhbət ediblər.
Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç “Əbədi məşəl”in önünə əklil qoyublar, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad ediblər. Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları üç dəfə Sovet İttifaqı Qəhrəmanı İvan Kojedubun abidəsini də ziyarət edərək önünə gül dəstələri qoyublar.
Dünən Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldımış abidəni ziyarət ediblər. Dövlət başçıları abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoyublar, aclıq qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Prezidentlər Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr ediblər.
Prezident Viktor Yanukoviç Ukrayna paytaxtında görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verib.
Dünən Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Dünən Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Prezidentinin Kiyevə hazırkı səfərinin və səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirilib. Azərbaycan ilə Ukrayna arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu qeyd edilib. Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının ikinci iclası olub. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak ediblər. Ukrayna Prezidenti Viktor Yanukoviç iclası açaraq deyib: “çox hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu! Əziz dostlar! Mən sizi Kiyevdə salamlamaq istəyirəm. İlham Heydər oğlu, biz Sizin səfərinizə çox şadıq. Bizim birgə işçi qrupumuz, dövlətlərarası komissiyamız çoxlu məsələlər üzərində işləmişlər. Hazırlığın səviyyəsi çox yüksəkdir. Bu gün biz Sizinlə həmin komissiyanın həmsədrlərinin qısa hesabatlarını dinləməli, yekun vurmalıyıq. Əlbəttə, mən, ilk növbədə, çox mürəkkəb dövlətlərarası məsələlərin, həmçinin bizim üçün çox həssas olan yanacaq-energetika kompleksinə dair məsələlərin həllinə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz başa düşürük ki, bu gün Azərbaycan Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox yaxşı köhnə yaxın tərəfdaş və dost hesab edirik. Bizim münasibətlərimiz həmişə sabit və səmimi olmuşdur. Ən başlıcası isə Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri vardır. Bu xoş münasibətlərin kökləri yüzilliklərə gedib çıxır. Buna görə də Sizi burada, Ukrayna torpağında salamlayaraq, bir daha ölkələrimizin yaxınlığını qeyd etmək istəyirəm. Bizim etdiklərimizin hamısı ölkələrimizin strateji, milli maraqlarına uyğundur. çox sağ olun”.
Sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Möhtərəm Viktor Fyodoroviç, sözlərinizə və münasibətlərimizə verdiyiniz qiymətə görə çox sağ olun. Mən münasibətlərimizin tarixi, bu münasibətlərin inkişafının indiki səviyyəsi ilə bağlı fikirlərinizlə tamamilə şərikəm. ümidvaram ki, mənim səfərim bütün istiqamətlərdə əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir. Məni Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu səfər yaxşı nəticələr verəcəkdir. Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Əsrlər boyu biz fəal qarşılıqlı fəaliyyət göstərmişik, dostluq etmişik, birlikdə işləmişik. Dövlətlərimiz müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş, dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir. Sizin qeyd etdiyiniz məsələlər bizim üçün, münasibətlərimiz üçün böyük əhəmiyyət kəsb edir. ölkələrimiz arasında energetika siyasəti ilə bağlı məsələlər həmişə dostluq, konstruktivlik və qarşılıqlı fayda ruhunda həll olunmuşdur. İndiki mərhələdə bu əməkdaşlığı genişləndirmək üçün yeni ideyalar və imkanlar mövcuddur. Biz münasibətlərimizin energetika blokunun əmtəə dövriyyəsinə müsbət təsirindən çox razıyıq. Biz artıq konkret nəticələr görürük. Ancaq bizim bu gün neft və qaz sahəsində əməkdaşlıqla əlaqədar aparacağımız müzakirələr, təkbətək görüşümüzdə danışdıqlarımız, düşünürəm ki, münasibətlərimizin bütövlükdə inkişafı üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Əlbəttə, həm regional məsələlərdə, həm də beynəlxalq təşkilatlarda bir-birimizə göstərdiyimiz siyasi dəstək bu işdə möhkəm təməldir. Bu gün Xəzər dənizi və Qara dəniz hövzələrinin regional əməkdaşlığını Ukrayna və Azərbaycanın xüsusi rolu olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə də mən əminəm ki, aramızda mövcud olan geniş gündəlik, planlarımızın həyata keçirilməsi münasibətlərimizi daha da möhkəmləndirəcək və xalqlarımızı yaxınlaşdıracaqdır. Mən səmərəli işə və yaxşı nəticəyə ümid bəsləyirəm. Bir daha qonaqpərvərliyə görə təşəkkür edirəm”.
Dünən Kiyevdə, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin birgə Bəyannaməsi”ni və “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının ikinci iclasının Protokolu”nu imzalayıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Dünən Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin mətbuat konfransı olub. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər.
Ukrayna Prezidenti Viktor Yanukoviç söyləyib ki, bizim ikitərəfli münasibətlərin uzun illər ərzində əsası qoyulmuş ənənələri davam edir və İlham Heydər oğlu ilə bir-birimizi çoxdan və yaxşı tanıyırıq: “Biz razılaşdıq ki, Ukrayna-Azərbaycan münasibətlərini xeyli fəallaşdıracaq və onlara məna kəsb etdirəcəyik. Biz səmərəli əməkdaşlığımıza, milli mənafelərimizə uyğun olan məsələlərin siyahısını xeyli genişləndirmişik. Bunlar ticari-iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlarda birgə iş məsələləri və əlbəttə, Ukrayna və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən humanitar əlaqələrin geniş spektridir. Mən ticari-iqtisadi münasibətlərimizdə yanacaq-energetika sahəsində münasibətlərin inkişaf etdirilməsi məsələsinə xüsusi yer ayırardım. Biz razılığa gəldik ki, birgə işçi qrupu yaradaq. Bu qrup ölkələrimiz arasında strateji müqavilə hazırlayacaqdır. Həmin müqavilədə Azərbaycandan Ukraynaya enerji resursları satışının həcminin xeyli artırılması nəzərdə tutulacaqdır. Biz bu proqramın işləmə mexanizmlərini hazırlayacağıq. Bu əməkdaşlığın üçüncü ölkələrə, məsələn Rusiyaya, Xəzəryanı ölkələrə də şamil olunacağını istisna etmirik. Bu gün enerji ehtiyatlarının şaxələndirilməsi məsələsi çox kəskin şəkildə gündəmdədir. Hesab edirik ki, Azərbaycanın neft və qaz hasilatını artırmaq üçün çox böyük perspektivi vardır və biz dostlarımıza arzu edirik ki, onlar bu perspektivi mümkün qədər tez genişləndirsinlər. Elm tutumlu texnologiyalar sahəsində əməkdaşlıq da hazırda gündəmdə olan məsələlərdən biridir və biz belə hesab edirik ki, onun inkişafı üçün böyük perspektiv vardır. Bir sözlə, mən demək istəyirəm ki, 2010-cu il artıq başa çatmaqdadır və biz inamla deyə bilərik ki, ölkələrimiz arasında əmtəə dövriyyəsini faizlərlə deyil, dəfələrlə artıracağıq və bu, bizim ikitərəfli işimizin nəticəsidir. Bizim vəzifəmiz bununla kifayətlənməmək və qarşılıqlı faydalı olan bu işi davam etdirməkdir. Hazırda Ukrayna Azərbaycanın ticarət tərəfdaşı kimi ikinci yeri tutur. Əlbəttə, biz bu nəticəni yaxşılaşdırmaq istəyirik. Ona görə də mən böyük məmnuniyyətlə demək istəyirəm ki, biz perspektivə inanırıq və ona nail olacağıq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə çıxışında söyləyib ki, ölkələrimiz arasında münasibətlərin indiki səviyyəsi, ən başlıcası isə bu münasibətlərin inkişaf perspektivləri xeyli dərəcədə dövlətlərin rəhbərlərinin nə qədər sıx əməkdaşlıq etmələrindən və ünsiyyətdə olmalarından asılıdır: “Mən görürəm ki, tammiqyaslı əməkdaşlığı genişləndirmək üçün perspektivlər çox ümidvericidir”.
Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, energetika, neft və qaz nəqli marşrutlarının şaxələndirilməsi həm istehsalçılar, həm də istehlakçılar üçün energetika təhlükəsizliyi tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı daha geniş regional kooperasiya bu sahədə əməkdaşlığımızın nə dərəcədə səmərəli və məhsuldar olmasından asılıdır: “Bəzən energetika təhlükəsizliyindən danışarkən, əsasən, enerji resurslarını alan ölkələr nəzərdə tutulur. Lakin istehsalçı ölkələrin də enerji təhlükəsizliyinə, uzunmüddətli müqavilələrə, proqnozlaşdırıla bilən bazarlara ehtiyacı vardır və həmin ölkələr yalnız bu yolla uzunmüddətli sərmayə siyasətini qura bilərlər. Biz həm də çox şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi genişlənir, artır. Artım potensialı daha çox perspektivlidir. Düşünürəm ki, 2010-cu il bu baxımdan münasibətlərimizin tarixində dönüş ili kimi qalacaqdır. çünki Viktor Fyodoroviçin qeyd etdiyi kimi, əmtəə dövriyyəsinin faizlə deyil, dəfələrlə artması artıq münasibətlərimizin bugünkü reallığıdır”.
Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
Dövlətimizin başçısına abidənin ətrafında aparılacaq abadlıq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, abidənin ətrafı yenidən qurulacaq, bura istirahət məkanına çevriləcək. Sonra Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi əraziyə gəlib. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, diplomatik nümayəndəliyimizin ərazisində də abadlıq və yenidənqurma işlərinin görülməsi planlaşdırılır.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq əməli addımlar barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçıları naharda çıxış ediblər. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətini Ukraynada bir daha salamlayan Prezident Viktor Yanukoviç bildirib ki, ölkələrimiz arasında daim inkişaf edən münasibətlərin bugünkü səviyyəsi nikbinlik doğurur. Bu məhsuldar əməkdaşlığın təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Viktor Yanukoviç vurğulayıb ki, Ukrayna xalqı dahi insanın xatirəsini qəlbində yaşadacaq və Ukrayna iqtisadiyyatı üçün ağır günlərdə göstərdiyi dəstəyi həmişə xatırlayacaq. Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirdiyini qeyd edən Ukrayna dövlətinin başçısı bildirib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə atılan hər bir addım bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.
Viktor Yanukoviçə gözəl Ukrayna torpağında göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıq edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin tarixində inteqrasiya və əməkdaşlığın inkişafı üçün atılan ən vacib addımlardan biri kimi qalacaq.
Münasibətlərimiz genişləndikcə müzakirə olunan məsələlərin əhatə dairəsi daha da zənginləşəcək və əlaqələrin inkişafı üçün yeni sahələr əlavə olunacaq. Bunun üçün dövlət başçılarının siyasi iradəsi var. Biz biri-birimizə etimad göstəririk və bu, istənilən ölkələrin münasibətləri üçün çox vacibdir.
Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçə və Kiyev şəhərinin rəhbərliyinə Ukrayna paytaxtında parkların birinə Ulu öndər Heydər Əliyevin adının verilməsi barədə qərara görə minnətdarlıq edib. Dövlətimizin başçısı səfər çərçivəsində aparılan müzakirələrdən məmnun qaldığını bildirib.
Dövlətimizin başçısı həmin gün Bakıya gəlib.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

