Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Böyük ailənin qalib üzvü...

Böyük ailənin qalib üzvü...

15.11.2022 [10:03]

Azərbaycanın Türk dünyasında yeri və rolu

Mübariz FEYİZLİ

İndiki dönəm böyük ictimai-siyasi və tarixi önəm daşıyan hadisələrlə zəngindir. Deyə bilərik ki, baş verən proseslər fonunda dünyanın mənzərəsi dəyişir, tarixin bir sıra “yanlışlıqları” aradan qalxır. Zamanın iti axarında Türk dünyasının bir sıra obyektiv və subyektiv reallıqlar səbəbindən pozulmuş nizamının, birliyinin yenidən bərpa olunması da mühüm tarixi proses kimi diqqət çəkir. Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü bir daha təsdiqlədi ki, böyük coğrafiyada yerləşən türkdilli ölkələrin birliyini labüd edən fundamental amillər mövcuddur. Bu sırada tarixdən gələn ənənələri, mənəvi dəyərləri, etiqad eyniliyini, dil oxşarlığını, dövlətlərin siyasi iradəsini, cəmiyyətlərin güclü istəyini qeyd edə bilərik. Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, Azərbaycanın Türk dünyasında yeri və rolu xüsusi nəzərə çarpır.

Türk birliyinin formalaşmasında Azərbaycan lider ölkələrdən

biri kimi

Türk dövlətlərinin birliyi platformasının formalaşdırılması ideyasının əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Ulu Öndər deyirdi: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

Sonrakı mərhələdə türkdilli ölkələrin birliyi ideyasını Prezident İlham Əliyev inkişaf etdirdi. Onun digər türkdilli dövlətlərin liderləri ilə birgə səyləri sayəsində Ulu Öndərin əsasını qoyduğu ideyanın reallığa çevrilməsi təmin edildi. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Azərbaycan indiyədək Türkdilli ölkələri bir araya gətirən müxtəlif tədbirlərə məmnuniyyətlə ev sahibliyi edib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafını hədəfləyən layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. TÜRKPA-nın, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi ölkəmizin Türk dünyasının birliyinin möhkəmlənməsinə verdiyi önəmin ifadəsidir. Prezident, Türk Şurasının sədri İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci il aprelin 10-da TŞ-nin videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşünun keçirilməsində məqsəd qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyə nail olmaq idi. Tədbir dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə mübarizə mövzusunda keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü və Türk Şurasının nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Ötən il Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə quruma Azərbaycanın sədrliyi başa çatdı və bu missiya qardaş Türkiyəyə ötürüldü. Həmin Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması ölkəmizin bu birliyə, həmrəyliyə töhfələrinin dost və qardaş ölkələrdə yüksək dəyərləndirildiyini təsdiqləyir.

Azərbaycan perspektivdə də Türk dünyasının birliyinin möhkəmlənməsində fəal rol oynamaq əzmindədir. Prezident İlham Əliyev Səmərqənddə baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında bildirib ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

21 milyard dollarlıq ümumi ticarət dövriyyəsi

Azərbaycanla türkdilli ölkələr arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən də iqtisadi sahədə uğurla inkişaf edir. Əsasən, Xəzər-Qara dəniz hövzələrində böyük coğrafiyanı əhatə edən Türk dövlətləri, həm də özlərində böyük iqtisadi gücü birləşdirir. Türk dünyasının iqtisadi lokomotivi, heç şübhəsiz ki, Türkiyədir. 761.4 milyard dollarlıq ÜDM-ə malik Türkiyə hazırda öz inkişafının ən yaxşı dövrünü yaşayır. Burada ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat qurulub. Türk birliyində sonrakı yerləri bölüşən Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar həcmində nominal ÜDM-ə malikdirlər. Bütövlükdə, Türk dünyasında 1,2 trilyon nominal ÜDM formalaşır ki, bu da kifayət qədər böyük həcmdir. 2022-ci ilin ilk yarısında ölkəmizin Mərkəzi Asiyadakı 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub. Bu həcm 2021-ci ildəki ümumi ticarət dövriyyəsindən 66.5 faiz çoxdur. Bəhs olunan dövrdə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673, Türkmənistan ilə 125.910, Özbəkistan ilə 87.478, Qırğızıstan ilə isə 4.229 milyon dollar olub. Qeyd edək ki, 2021-ci il ərzində ölkəmizin adıçəkilən Türk dövlətləri ilə 361.743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135.799, Türkmənistan 105.023, Özbəkistan 111.903, Qırğızıstan isə 9.018 milyon dollar paya malik idi.

Azərbaycan-Türkiyə əlaqələri digər türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı qarşıya real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Bütövlükdə, türkdilli ölkələr arasında ümumi ticarət dövriyyəsi 21 milyard dollara çatıb. Potensial isə bundan xeyli çoxdur. Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirir. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi ötən ilin martında qüvvəyə minib. Türkiyə digər dost ölkələrlə də oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.

Azərbaycanın tranzit imkanları

Nəqliyyat sektoru TDT-da birləşən ölkələr arasında iqtisadi əməkdaşlıq üçün unikal bir istiqamət ola bilər. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanın nəqliyyat sektorunda da Türkiyə və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər arasında əsas bağlantı funksiyasını yerinə yetirmək üçün geniş imkanları var. Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Respublikamız liderlik keyfiyyətləri nümayiş etdirərək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Xəzər sahilində ən böyük limanın tikintisinə nail olub.

Son illərdə qlobal miqyasda uzaq Çin sərhəddindən başlayıb Avropayadək uzanan Orta Dəhlizə (Transxəzər marşrutu) maraq əhəmiyyətli dərəcədə artıb. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Mərkəzi Asiyada yerləşən türkdilli ölkələrin Transxəzər marşrutu üzərindən Azərbaycana çatdırdıqları mallar burada bir-birinə inteqrasiya edilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ilə müxtəlif istiqamətlərə yönəldilir.

Hərbi qüdrəti ilə Türk dünyasına qürur yaşadan Azərbaycan

Azərbaycan 44 günlük müharibədə bütün dünyaya yeni nəsil müharibə modeli təqdim etdi və qalib gəldi. Bu Qələbəni Azərbaycan sırf öz gücünə qazandı. Təbii ki, dost ölkələrin, o cümlədən də əksər türkdilli dövlətlərin mənəvi-siyasi dəstəyi ölkəmizin özünəinam hissini daha da artırdı. Əldə olunan  şanlı Zəfər bütün Türk dünyasının qürur mənbəyidir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə Türk dünyasının birliyi yolunda çox böyük uğura imza atdı. Prezident İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, maraqlı qüvvələr zamanında Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla Türk dövlətlərinin tarixi birliyini pozublar. Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranan yeni reallıqlar fonunda, necə deyərlər, tarixin səhvlərini düzəltmək məqamı yetişib. Söhbət Azərbaycanın əsas hissəsindən başlayıb Naxçıvana, oradan da Türkiyəyə qədər uzanacaq Zəngəzur dəhlizinin yaradılmasından gedir. Bununla Türk dövlətlərinin tarixi-coğrafi birliyi bərpa olunacaq. Dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq.

Yeri gəlmişkən, Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün iştirakçıları 44 günlük müharibədə ölkəmizin qazandığı şanlı Zəfəri yüksək dəyərləndirdilər və bu münasibətilə dövlətimizin başçısına öz təbriklərini, xoş sözlərini ünvanladılar. “Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm”. Bu sözləri Zirvə Görüşünə ev sahibliyi edən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev  ifadə edib.

Zirvə Görüşündəki çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq deyib: “Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilat çərçivəsində əməkdaşlıqdan danışarkən bu qurumun Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verdiyini bildirib: “Bizim əməkdaşlığımız əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Bakını möhkəm dəstəkləməklə yekdilliyimizi bütün dünyaya nümayiş etdirdi”.

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31