Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tariximizin möhtəşəm günü...

Tariximizin möhtəşəm günü...

14.07.2011 [07:30]

1969-cu il iyulun 14-dən başlanan yol Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürüdür
Tarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Belə şəxsiyyətin siyasət meydanına çıxması böyük tarixi hadisə kimi daim yaddaşlarda yaşayır. 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli, müqəddəs səhifələrindəndir. Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan həmin gün böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşib. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi.
O zamankı Sovetlər Birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün sözün əsl mənasında dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan, 1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizlik Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçən, bu orqanın milliləşməsində, respublikamızın mənafelərinə xidmətə yönəlməsində ciddi və sistemli tədbirlər həyata keçirən Heydər Əliyev alicənab şəxsiyyəti, dərin vətənpərvərliyi, müdrikliyi, idarəetmə bacarığı, yorulmaz fəaliyyəti ilə böyük şöhrət qazanmışdı. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Beləliklə, o zamankı Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əlirza oğlu Əliyev birinci katib seçildi. Həmin plenumdakı çıxışında O, özünün fəaliyyət platformasını çox konkret şəkildə ifadə etdi: “Mənə təzəcə tapşırılan bu vəzifənin bütün məsuliyyətini dərk edirəm. Qarşıma qoyulan öhdəliklərin çətinliyini, ağırlığını anlayıram və var qüvvəmlə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum... Mənə elə gəlir ki, bizim gələcək uğurlarımızın rəhni yalnız aktiv, birgə zəhmət ola bilər”.
Qısa müddətdə Heydər Əliyev bütün xalqı vahid amal - respublikanı düçar olduğu böhranlı vəziyyətdən çıxartmaq üçün birgə fəaliyyət ideyası ətrafında səfərbər edə bildi. Bu məsul vəzifəyə seçilməsini sonralar Ulu öndər özü belə dəyərləndirmişdi: “Taleyimdəki bu dəyişiklik mənə öz xalqıma, millətimə daha çox, daha yaxşı xidmət göstərməyim üçün şərait yaratdı”.
Doğrudan da, 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Respublika rəhbəri seçildikdən az sonra, Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunda geniş məruzə ilə çıxış edən Heydər Əliyev mövcud problemləri və gələcək vəzifələri əhatəli təhlil yolu ilə hamının diqqətinə çatdırdı, xüsusən əksər sahələrdə “Azərbaycanın orta ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən xeyli geri qalmasını” təşviş doğuran hal kimi səciyyələndirdi. Ayrı-ayrı idarə və təşkilatlara rəhbərlik edən şəxslərin fəaliyyətini də ətraflı incələyən müdrik dahi elə ilk vaxtlardan kadr probleminə mühüm diqqət yetirdiyini, işi iş bilənə, bacarıqlı və ləyaqətli adamlara tapşırmamağın doğurduğu acınacaqlı nəticələri də nəzərə çatdırıb: “Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabeçilikdə olan müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur”.
 Respublikanın siyasi, iqtisadi və mədəni həyatını çox yaxından bilən, mövcud problemlərə dərindən bələd olan Ulu öndər qısa müddətdə möhtəşəm inkişaf konsepsiyası hazırlamış, onu sistemli, ardıcıl şəkildə həyata keçirməyə başlamışdı. ümummilli liderimizin özü həmin mərhələdəki fəaliyyətini xatırlayarkən demişdi: “O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin mənə verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də yaxşılaşdırım”.
Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahı xeyli yüksəlib, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşib. 1969-82-ci illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahəsində fundamental irəliləyiş baş verib, nəticədə respublikamız o zamankı Sovetlər Birliyində öz dəst-xətti, xüsusi mövqeyi, inkişaf tempi ilə şöhrətlənmişdi. Bir sözlə, tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin təməl daşları, zəruri bazası xeyli əvvəl, Heydər Əliyevin rəhbərliyi dövründə təşəkkül tapıb formalaşmışdı. Maraqlıdır ki, bunu hələ 1970-80-ci illərdə bir sıra Qərb politoloqları da qeydə almışdılar. Məşhur ideoloq E.Ollvort 1975-ci ildə “Kanada slavyan tədqiqatları” jurnalının ikinci nömrəsində dərc etdirdiyi irihəcmli məqaləsində Azərbaycanda o illərdə həyata keçirilən bir çox tədbirləri milli şüurun oyanışı, milli özünüdərkin qüvvətlənməsi, Moskvanın ruslaşdırma siyasətinə qarşı atılan addımlar kimi dəyərləndirmiş, Azərbaycan rəhbərinin fədakar milli mövqeyini ayrıca vurğulamışdı. O illərdə Ş.L.Kelkeş, A.Beninqson, R.Payps və digər Qərb politoloqları da Heydər Əliyevin Azərbaycanın milli maraqlarının təminatına yönələn siyasətinin Sovetlər Birliyində bənzəri olmadığını qeyd etmişdilər. O zaman SSRİ-də müxtəlif məsul vəzifələrdə çalışan ayrı-ayrı şəxslər də sonralar yazdıqları xatirələrdə Heydər Əliyevin Azərbaycanın rəhbəri kimi düşünülmüş, həm də böyük cəsarət tələb edən vətənpərvər addımlar atdığını nəzərə çarpdırmışlar. Bütün bunlar isə Ulu öndərin gələcəyə hesablanmış mükəmməl siyasi taktikasının uğurlu gedişləri idi.
Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. Moskvaya getməzdən əvvəl, 1982-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın büro iclasında Ulu öndər respublikaya on üç il yarımlıq rəhbərlik dövrünün yekunlarını məmnunluqla, fəxrlə ümumiləşdirərək demişdi: “Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasında ən qabaqcıl mövqelərdədir... Respublikada çox gözəl, sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür, sözün qısası, bizim respublika yüksəklərə, çox yüksəklərə qalxıb”.
Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi.
1982-87-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan görkəmli dövlət xadimi Azərbaycanı bir an da unutmamış, bütün imkanlarını, gücünü və bacarığını respublikamızın tərəqqisinə yönəltmişdi. Aydın, yetkin siyasi mövqeyə, böyük vətəndaş qeyrətinə malik Heydər Əliyev Bakıda da, Moskvada da zaman-zaman Azərbaycanın əleyhdarlarının təzyiqləri ilə üzləşmiş, lakin heç bir qüvvə onu haqq yolundan, xalqa və yurda fədakar xidmət amalından döndərə bilməmişdi. 1987-ci ildə tutduğu yüksək vəzifədən istefa verəndə də Heydər Əliyev öz siyasi iradəsinin, mövqeyinin dəyişmədiyini bir daha nümayiş etdirmişdi. 1990-cı ilin yanvarında sovet qoşun hissələrini Bakıya yeridib dinc əhaliyə qanlı divan tutan imperiya rəhbərliyinə də ilk kəskin etiraz səsini məhz Ulu öndər Heydər Əliyev ucaltmışdı.
1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana gələn qeyrətli Vətən oğlu əhali tərəfindən böyük məhəbbətlə qarşılanıb. Həmin vaxt Naxçıvan son dərəcə acınacaqlı bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq iflic olmuş, əhalinin maddi durumu kritik həddə çatmışdı. Digər tərəfdən isə bədnam ermənilərin aramsız hücumları onsuz da ağır olan vəziyyəti daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də buraya əlavə etsək, Muxtar Respublikanın fəlakətli durumu göz önündə canlanar. Belə bir vaxtda Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrilib. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentlərinə mandat qazanan Ulu öndərimiz xalqın təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də Muxtar Respublikada ali vəzifəyə dəvət olunub. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qeyd etdiyi kimi, “ümumi Azərbaycan evimizin divarından hər gün bir kərpic düşdüyü vaxt Naxçıvan Muxtar Respublikasının əhalisi çox böyük uzaqgörənlik nümunəsi göstərərək Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçib”.
Həmin vəzifədə işlədiyi iki ilə yaxın müddətdə Ulu öndər bu qədim diyarı, Azərbaycanın ayrılmaz tərkib hissəsini erməni işğalına keçməkdən qorumuş, bütün çətinliklərə baxmayaraq, əsl xilaskar missiyasını layiqincə yerinə yetirmişdi. Blokada şəraitində olan Naxçıvana məhz Heydər Əliyev yeni nəfəs, həyat vermiş, onun müdafiə qüdrətini möhkəmlətməklə yanaşı, dağılmış iqtisadiyyatın bərpasını, aqrar islahatları, mədəni dirçəlişi təmin etmişdi. Fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev ölkəmizin ən nüfuzlu, qüdrətli, mütəşəkkil, kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını yaradıb, qısa müddətdə bu partiya xalqın maraqlarının əsl ifadəçisi və müdafiəçisinə çevrilib.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etsə də çox keçməmiş ağır problemlər burulğanına yuvarlanmışdı. O zaman ölkəyə başçılıq edən təsadüfi şəxslərin bacarıqsızlığı, səbatsızlığı, ağılsız addımları ağır nəticələrə gətirib çıxarmışdı. Artıq 1993-cü ilin yazında istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüş, gənc müstəqil dövlətimiz dünyada təklənmişdi. ölkə daxilində iqtisadi islahatlar aparılmamış, əksər müəssisələr fəaliyyətini dayandırmış, əhalinin maddi durumu pisləşmiş, siyasi arenada hərc-mərclik, başıpozuqluq meyilləri baş qaldırmış, demokratik dəyərlərin təşəkkülü istiqamətində heç bir iş görülməmiş, hakimiyyət korrupsiyalaşmış ünsürlərin əlində oyuncağa dönmüşdü. Cənubda qondarma “Talış-Muğan Respublikası”, Şimalda “Sadval”çıların “Ləzgistan” xülyaları, Qarabağda erməni işğalı, Gəncəbasarda Surət Hüseynovun başçılıq etdiyi silahlı qiyamçıların əməlləri ölkənin ərazi bütövlüyünə, suverenliyinə ciddi təhlükə yaratmışdı. Belə bir vaxtda xalq yeganə düzgün, ağıllı yolu seçdi - dünya şöhrətli siyasi xadim, müdrik dövlət adamı Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.
1993-cü il iyunun 9-da xalqın tələbi ilə Heydər Əliyev gərgin situasiyada yaşayan Bakıya gəldi. On minlərlə vətəndaş Bakı hava limanına axışaraq öz müdrik xilaskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi. Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə Sədr seçildi. 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində (1993-2003-cü illər) neçə-neçə qərinəyə sığmayan son dərəcə böyük işlər gördü.
Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq” - deyən ümummilli liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər gördü, sinəsini sipər edib Vətəni və xalqı bəlalardan qorudu, xilas etdi. Dahi rəhbərin müdrik siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, Qarabağ münaqişəsinin ədalətli həlli, haqq işimizin dünyada tanıdılması istiqamətində mühüm tədbirlər gerçəkləşdi. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan kontraktın imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi istiqamətində görülən nəhəng işlər, ölkəmizin beynəlxalq təşkilatlarda layiqincə təmsil olunması, onun mənafelərinin əzmlə qorunması, müstəqil Azərbaycanın hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyasının qəbulu, mənəvi dəyərlərin müdafiəsi, mədəni dirçəlişə böyük qayğı, iqtisadiyyatın əsaslı şəkildə yenidən qurulması, bazar münasibətlərinin tənzimlənməsi, aqrar islahatın müvəffəqiyyətlə aparılması, ümumi daxili məhsulun ciddi artımı, dünya azərbaycanlılarının həmrəyliyinin formalaşdırılması, xaricdə yaşayan soydaşlarla sıx əlaqələrin təşəkkülü, minlərlə yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının əsaslı şəkildə yaxşılaşdırılması, bir sözlə, müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi Heydər Əliyevin qlobal fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bəli, Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi son dərəcə məsuliyyətli və şərəfli bir missiyanı yüksək səviyyədə yerinə yetirdi.
Müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu öndərin amal və əməlləri dönmədən həyata keçirilir. ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Azərbaycanımızın ayrılmaz hissəsi olan qədim Naxçıvan da böyük tərəqqi yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, Muxtar Respublika rəhbərliyinin Heydər Əliyev yolunu bütün sahələrdə böyük uğurla davam etdirməsi sayəsində Ulu diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən nəhəng quruculuq tədbirləri Naxçıvanın hərtərəfli inkişafını təmin edir. Bu gün Naxçıvan MR-in hər bir şəhəri, qəsəbəsi və kəndinə bu möhtəşəm inkişafdan böyük pay düşür. Bütün bunlar isə Ulu öndərin əbədiyaşar təliminin həyati gücünün təntənəsidir, 1969-cu il iyulun 14-dən başlanan Heydər Əliyev epoxasının uğurlu davamıdır.
Rabil KƏtanov,
AzərTAc-ın müxbiri
Paylaş:
Baxılıb: 907 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30