Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızdır

Bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızdır

24.09.2011 [10:33]

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində iştirak edib
Dünən Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak edib.
Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib. Tədbir iştirakçılarını salamlayan dövlət başçısı İlham Əliyev müstəqilliyin ilk illərində mövcud olmuş böhranlı vəziyyətdən söz açıb.
Prezident İlham Əliyev vurğulayıb ki, müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir: “O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, əvvəlcə vətəndaş müharibəsi dayandırılmış, Ermənistanla atəşkəsin bərqərar olması ilə bağlı Saziş imzalanmışdır. Bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır”.
“ölkədə vətəndaş müharibəsi dayandırıldıqdan bir il sonra məhz burada, bu “Gülüstan” sarayında Azərbaycan üçün çox mühüm olan, “Əsrin müqaviləsi” adlandırılan Saziş imzalanmışdır. Bu, Azərbaycan üçün yeni imkanlar açmışdır. Bu müqavilə nəticəsində biz Azərbaycanı dünyaya təqdim etməyə başladıq” - deyən dövlət başçısı İlham Əliyev diqqətə çatdırıb ki, tariximizin mühüm səhifəsi ondan ibarətdir ki, biz dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa başladıq: “Regional baxımdan biz sabitləşdirici amil rolunu oynayırıq. Biz bir sıra mühüm siyasi və iqtisadi layihələrin təşəbbüskarı olmuşuq. Bu gün də bunu etməkdə davam edirik və bütün bu layihələr, təşəbbüslər uğurlu olmuşdur. Ən böyük problemimiz təbii ki, Dağlıq Qarabağ münaqişəsidir. Bu, təkcə Azərbaycana deyil, bütün regiona olan bir təhlükədir, bir həmlədir. Bu gün həmin münaqişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan torpaqları işğal altındadır. Artıq bu, iki onillikdir ki, davam edir. Azərbaycan beynəlxalq müstəvidə tanınan və tarixi torpağı olan Dağlıq Qarabağ, onun ətrafında yeddi rayon 20 ildir ki, işğal altındadır. Xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz vardır. Torpaqlarımızın 20 faizi işğal altındadır və təəssüflər olsun ki, vəziyyət hələ də dəyişilməmişdir. Təbii ki, bu məsələ ilə bağlı olduqca güclü hüquqi baza vardır. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu da bildiyiniz kimi, ən yüksək səviyyədə qəbul olunan beynəlxalq qərarlardır. Bu qətnamələr işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin təəssüflər olsun ki, 20 ilə yaxın vaxt ötsə də bu qətnamələr yerinə yetirilmir. Azərbaycan xalqı haqlı olaraq sual verir: Nə üçün indiyə kimi bu qətnamələr yerinə yetirilmir?! Nə üçün bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi bir neçə saat ərzində tətbiq olunmağa başlayır, lakin Dağlıq Qarabağ məsələsinə gəldikdə, uzun illərdir bu qətnamələr öz icrasını tapmamışdır?! Bildiyiniz kimi, digər müxtəlif beynəlxalq təşkilatların - ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlığı Təşkilatının bir sıra qətnamələri vardır. Lakin təəssüflər olsun ki, bunlar yalnız kağız üzərində qalmışdır. Bu səbəbdən, bir daha qeyd etmək istərdim ki, bu ədalətsizlik təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyinə və təhlükəsizliyinə böyük həmlədir, təhlükədir. Bizim vətəndaşların öz torpaqlarına qayıtmaq hüquqları vardır. Milyondan artıq Azərbaycan vətəndaşının fundamental hüquqları təmin edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün beynəlxalq ictimaiyyət, ölkələr tərəfindən dəstəklənmişdir. Biz danışıqlarda maksimum dərəcədə konstruktiv mövqe nümayiş etdiririk. Lakin bunun müqabilində biz Ermənistanın destruktiv mövqeyi ilə üzləşirik. Biz belə bir qənaətə gəlirik ki, Ermənistan danışıqları maksimum dərəcədə uzatmaq niyyətindədir. Sonuncu görüşlərimiz də onu nümayiş etdirir ki, onların gündəliyində olan yeganə məsələ sülhün bərqərar olunmamasıdır. Status-kvonun saxlanması prosesi uzatmaq məqsədi daşıyır. Lakin mən qeyd etmək istərdim ki, status-kvo qəbuledilməz bir vəziyyətdir. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri də qeyd etmişlər ki, status-kvo vəziyyəti dəyişilməlidir. Bu da beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan rəhbərliyinin ünvanına güclü mesajdır. Biz də status-kvonun dəyişilməsinin tərəfdarıyıq. Biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik və bununla bağlı öhdəliklərimizi dəfələrlə qeyd etmişik. Ermənistan rəhbərliyindən fərqli olaraq biz bu danışıqlarda səmimi şəkildə iştirak edirik. Zənnimcə, bu halda Minsk qrupunun həmsədrləri daha güclü səylər göstərməli, daha fəal olmalıdırlar. Ermənistan hökuməti başa düşməlidir ki, XXI əsrdə bir dövlətin beynəlxalq müstəvidə tanınmış ərazisini işğal edən digər dövlət cəzasız qala bilməz. Azərbaycanın 1990-cı illərdə güclü rəhbərliyi olsaydı, o zaman ölkə rəhbərliyində səriştəsiz insanlar olmasaydı, bu insanların geosiyasət, dövlətçilik və ölkənin idarə edilməsi ilə bağlı hər hansı bir səriştəsi olsaydı, biz bu gün belə bir vəziyyətdə olmazdıq. Ermənistan kimi zəif, iqtisadi cəhətdən çox acınacaqlı vəziyyətdə yaşayan ölkə heç bir halda bizim ölkənin bir qarış belə torpağını işğal edə bilməzdi. Biz bu vəziyyəti dəyişmək niyyətindəyik, buna istəyimiz vardır. Biz bunu sülh yolu ilə etməyə çalışırıq və bu baxımdan beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların səyləri çox vacibdir”.
Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan çox tolerant və bir çox etnik azlıqların yaşadığı ölkədir: “Burada müxtəlif dini təriqətlərin nümayəndələri də çox mehriban şəraitdə yaşayırlar. Bu günə qədər ölkəmizdə heç bir problem, hətta anlaşılmazlıq olmamışdır və biz bununla qürur duyuruq. Ona görə də bu gün biz Avropanın müsbət təcrübəsindən istifadə edilməsini təklif edirik. Avropada mövcud olan müsbət, çox uğurlu muxtariyyət təcrübəsi, modelləri təklif olunur. Hesab edirəm ki, Avropa ailəsində tətbiq olunmuş uğurlu muxtariyyət nümunələri burada da tətbiq oluna bilər. Biz çox gözəl anlayırıq ki, muxtariyyət nədir, özünüidarəetmə hüquqları nədir?! Mən əminəm ki, bu, məsələnin həlli üçün ən başlıca amillər olacaq və biz bu məsələnin həllinə nail olacağıq”.
Dövlət başçısı İlham Əliyev ölkəmizin inkişafından və nailiyyətlərindən də söz açıb: “Azərbaycan iqtisadiyyatını inkişaf etdirməkdədir. Biz ümumi daxili məhsulun inkişafı baxımından ən yüksək göstəricilərə nail olmuşuq. İqtisadiyyatımız demək olar ki, 300 faiz artmışdır. Sənaye artımı eyni dərəcədə dinamik şəkildə inkişaf etmişdir. Biz ölkədə ən böyük problemləri həll etmişik. İşsizlik məsələsi demək olar ki, öz həllini tapmışdır. ölkədə son 7 il ərzində 900 min yeni iş yeri açılmışdır. Daxili istehsal artmışdır. Biz bu gün ölkənin tələbatını daxili istehsal hesabına təmin edirik. Biz yoxsulluğun səviyyəsini çox ciddi şəkildə azaltmışıq. Son 7 il ərzində yoxsulluğun səviyyəsi 5 dəfə azaldılmışdır. Bu gün biz onu nümayiş etdiririk ki, iqtisadiyyatımız davamlı əsaslar üzərində qurulub. Dünyada baş vermiş siyasi və maliyyə böhranı zamanı Azərbaycan çox davamlı inkişaf nümayiş etdirmişdir. Biz bu il pensiyaları 40 faiz artırmışıq. Dövlətin dəstəyinə ehtiyacı olan əhaliyə yardım bundan sonra da davam edəcəkdir. ölkə iqtisadiyyatında özəl sektorun payı artıq 80 faizə çatmışdır. Beləliklə, liberal iqtisadi siyasət və siyasi islahatlar, ölkədə mövcud olan problemlərin həlli cəmiyyətdə çox münbit şərait yaratmışdır”.
“Bu gün qeyd etmək istəyirik ki, bizim ən böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir, azadlığımızdır” - deyən dövlət başçısı İlham Əliyev əlavə edib ki, bu, Azərbaycan xalqı üçün ən böyük sərvətdir: “çünki əsrlər boyu Azərbaycan xalqı müstəqilliyindən məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək istəyirəm ki, müstəqilliyimiz ən böyük nailiyyətimizdir. Dövlətimiz bu gün müstəqil, dostcasına və proqnozlaşdırıla bilən bir siyasət yürüdür. Bu, bir daha onu sübut edir ki, Azərbaycan Avropa üçün inamlı və güclü tərəfdaş ola bilər. Bu gün Avropa strukturları, institutları ilə Azərbaycanın əlaqələri məhz bu amil üzərində qurulub və əminəm ki, bu, əlaqələrimizin inkişafının möhkəm təməli olacaqdır”.
Sonra Azərbaycan haqqında film nümayiş etdirilib.
Filmin nümayişindən sonra AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov çıxış edərək Prezident İlham Əliyevin bu tədbirdə iştirakının dövlətin ictimai sektora verdiyi dəstəyin nümunəsi olduğunu vurğulayıb.
Tədbirin əhəmiyyətindən danışan E.Süleymanov deyib ki, şanlı tarixə malik Azərbaycan Respublikası öz müstəqilliyini 20 il bundan əvvəl bərpa edib: “ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 17 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoyub”.
Azərbaycanın 20 ildə əldə etdiyi uğurlar sırasında üçüncü sektorun da böyük rolunun olduğunu qeyd edən deputat vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərə göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra bu günə qədər keçdiyi inkişaf yolundan danışan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ölkəmiz haqqında qonaqlara ətraflı məlumat verib. Şöbə müdiri bildirib ki, Azərbaycanı çoxları zəngin neft və qaz yataqlarına malik keçmiş sovet respublikalarından biri kimi tanıyır: “Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, əlverişli nəqliyyat və digər kommunikasiya imkanlarına malik ölkə kimi də tanınır. ölkəmizin qeyd edilən üstünlüklərindən savayı çoxlu digər nailiyyətləri də vardır. Məsələn, Şərqdə ilk opera məhz Azərbaycanda yaranmışdır”.
Azərbaycanın bütün müsəlman dünyasında ilk demokratik respublikanın qurulduğu bir ölkə kimi də tarixə düşdüyünü qeyd edən Ə.Həsənov vurğulayıb ki, bir sıra siyasi azadlıqların tətbiqində Azərbaycan nəinki Şərqdə, hətta dünyada ilkin dövlətlərdən biri olub: “Məsələn, qadınlara seçki hüququnun verilməsi məsələsində Azərbaycan ABŞ və bir sıra Avropa ölkələrini qabaqlamışdır”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd edən Ə.Həsənov deyib ki, cari ilin yanvarında ölkəmiz ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması “Nabukko”, Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik kimi layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşdiyini qeyd edən şöbə müdiri bildirib ki, nəqliyyat sektorunun inkişafının ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini dərindən dərk edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə Böyük İpək Yolunun bərpasına həsr olunmuş Beynəlxalq konfrans keçirilib, Avropa İttifaqının TRASEKA Proqramı çərçivəsində “Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. TRASEKA Proqramı və Böyük İpək Yolunun bərpa edilməsi XI əsrin ən böyük proqramlardan biridir.
Azərbaycanın bu gün alternativ nəqliyyat, kommunikasiya məkanı kimi tanındığını qeyd edən Ə.Həsənov vurğulayıb ki, ölkəmiz həm də zəngin enerji mənbəyidir. Azərbaycan Xəzər dənizində zəngin neft yataqlarına malikdir: “Xəzərdə kəşf edilən neft-qaz yataqları Avropanı 100 il enerji ilə təmin etməyə qadirdir. Azərbaycan 1994-1998-ci illərdə beynəlxalq məkana alternativ enerji mənbəyi kimi daxil oldu və bu gün respublikamızın enerji resurslarından bütün dünya ölkələri faydalanır”.
Azərbaycanın, həmçinin bir sıra beynəlxalq təşkilatların üzvü olduğunu və onlarla səmərəli əməkdaşlıq etdiyini deyən şöbə müdiri bildirib ki, respublikamız Cənubi Qafqazda bitərəf təhlükəsizlik mövqeyinə malikdir. Azərbaycan 20 ildə bir dövlət olaraq formalaşıb və tolerant əhalisi olan, demokratik, sivil, mədəni və dünyəvi dəyərlərlə yaşayan bir ölkədir.
Coğrafi mövqeyinə və sürətli inkişafına görə Azərbaycanın Cənubi Qafqazın ən qabaqcıl dövləti olduğunu vurğulayan Ə.Həsənov deyib ki, respublikamız region ölkələri arasında ən zəngin təbii resurslara malikdir: “Azərbaycan Cənubi Qafqazda özünün enerji tələbatını tam ödəyən yeganə dövlətdir”.
ölkə əhalisinin təxminən 65 faizinin əmək qabiliyyətli olduğunu qeyd edən şöbə müdiri bildirib ki, 65 yaşdan yuxarı olanların sayı cəmi 8 faizdir: “Əhalinin sayı isə 9 milyon 165 min nəfərdir. Bu da Cənubi Qafqaz əhalisinin 70-75 faizini təşkil edir.
Azərbaycanın vətəndaş cəmiyyətinə əsaslanan siyasət yürütdüyünü vurğulayan Ə.Həsənov deyib ki, ölkəmizdə dövlət qeydiyyatından keçmiş 3600-dən çox QHT vardır. Azərbaycan dövləti QHT-lərə tərəfdaş kimi baxır”.
Şöbə müdiri qeyd edib ki, ölkədə 4500-dək mətbu orqan, 50-dən artıq informasiya agentliyi qeydiyyatdan keçib: “Onların fəaliyyəti üçün Avropa standartlarına cavab verən qanunvericilik bazası yaradılmışdır. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, burada Mətbuat və İnformasiya Nazirliyi yoxdur. ölkədə 40-dək gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur, 80-dək elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır, 20-dək informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 9 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir”.
ölkəmizin sosial-iqtisadi sahəsindəki nailiyyətlərindən danışan Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın maliyyə imkanları davamlı inkişaf tempi ilə artmaqdadır: “Respublikamız dünyanın arzuolunan və etibarlı tərəfdaş imicini daim inkişaf etdirən ölkədir”.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrildiyini deyən şöbə müdiri qeyd edib ki, ölkəmiz bu istiqamətdə uğurla irəliləyir: “Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcəkdir”.
Beynəlxalq bayram tədbirində iştirak edən xarici qonaqlar da toplantının əhəmiyyətindən danışıb, ölkəmiz haqqında təəssüratlarını bölüşüblər.
Estoniyanın sabiq Prezidenti Arnold Rütel, Türkiyənin Ədalət və İnkişaf Partiyasının baş katibi, Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpək, Avropa Parlamentinin deputatı, müdafiə və təhlükəsizlik alt komitəsinin vitse-prezidenti xanım Norika Nikolai, “AECOM” şirkətinin rəhbəri Fred Verner, Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Mariani, Hindistan parlamentinin deputatı Jesudas Seelam və başqaları respublikamızın dövlət müstəqilliyinin iyirminci ildönümü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik ediblər.
Natiqlər ölkəmizin müstəqillik illərində nail olduğu yüksək inkişafda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.
Qonaqlar ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatları yüksək qiymətləndiriblər. Onlar Azərbaycanın yaxın bir neçə ildə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcəyinə əminliklərini vurğulayıblar.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan parlamentinin 20 ildə keçdiyi inkişaf yolu, tarixi və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, müstəqillik bərpa olunduqdan sonra Milli Məclisdə 3200-dən çox qanun və qərarlar qəbul edilib. Bununla yanaşı, hazırda Milli Məclis 75 ölkənin parlamentləri ilə dostluq əlaqələri yaradaraq əməkdaşlıq edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Z.Əsgərov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələri bütövlükdə Cənubi Qafqazın inkişafı və Avropaya inteqrasiyası yolunda ən böyük maneədir. Münaqişənin həlli məsələsində Azərbaycanın mövqeyinin hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslandığını vurğulayan Z.Əsgərov deyib: “Təəssüf ki, beynəlxalq təşkilatların müvafiq qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmişdir”.
Müasir dünyada parlament diplomatiyasının əhəmiyyətinin və rolunun getdikcə artdığını deyən Z.Əsgərov beynəlxalq siyasətlə bağlı bir sıra məsələlərdə onun ənənəvi diplomatiya üsullarını uğurla tamamladığını bildirib. Qeyd edib ki, parlament diplomatiyası dövlətlərin qarşılaşdıqları problemlərin həllinə, sivilizasiyalararası dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfə verir: “Məhz buna görə də Milli Məclis ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir”.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da çıxış edərək bildirib ki, müstəqilliyini yenidən bərpa etdiyi 20 il ərzində Azərbaycan çox böyük çətinliklərlə üzləşib: “ölkəmiz Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış, etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Bununla yanaşı, müstəqilliyin ilk illərində daxildə hökm sürən xaos və anarxiya Azərbaycanın vəziyyətini daha da ağırlaşdırmış, nəticədə ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu problemlərin aradan qaldırılması istiqamətində işlər görülməyə başlanmışdır”.
Əli Həsənov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirir və Azərbaycanın hazırkı inkişaf səviyyəsi göz qabağındadır.
Baş nazirin müavini qeyd edib ki, artıq 20 ildir BMT və ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışsa da heç bir nəticə yoxdur.
Bugünkü Ermənistanın paytaxtı Yerevanın Azərbaycanın tarixi şəhəri olduğunu qonaqların diqqətinə çatdıran Ə.Həsənov deyib ki, Ermənistan öz dövlətini Azərbaycanın tarixi torpaqları üzərində qurub: “Bu azmış kimi, ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılar tarixi torpaqlarından müxtəlif vaxtlarda deportasiya edilmişdir”.
Qeyd edək ki, Beynəlxalq bayram tədbirində dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional şirkətlərin nümayəndələri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər.
Beynəlxalq tədbir bu gün işini davam etdirəcək.

Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30