Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub

Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub

20.12.2011 [21:04]

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak ediblər
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlib. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verilib.
Dünən Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub.
Dövlətimizin başçısına və xanımına məlumat verilib ki, bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılıb. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Kompleksin foyesində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılıb. Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkün olacaq. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı da inşa olunub.
Diqqətə çatdırılıb ki, kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılıb. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 65, eni 40 metr olan süni örtüklü futbol meydançası yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol, voleybol, tennis meydançaları inşa edilib.
Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, mehmanxana 42 çarpayılıqdır. Buradakı 17 iki çarpayılıq, 7 bir çarpayılıq və bir lyuks otağın hamısında qonaqlara müasir tələblər səviyyəsində xidmət göstərmək imkanı yaradılıb. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcək.
Dövlətimizin başçısına və xanımına 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında Azərbaycan idmançılarının milli geyim formaları barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da idmançıların ixtiyarına veriləcək.
Sumqayıt Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 2011-ci idman ilinin yekunları ilə bağlı idman ictimaiyyətinin nümayəndələri və sumqayıtlılar ilə görüşüb.
İdmançılar və sumqayıtlılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev çıxış edib.
Sonra dövlətimizin başçısı idman sahəsində fərqlənən bir qrup şəxsə mükafatlar və yeni mənzillərin orderlərini təqdim edib.
Sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi, Əməkdar məşqçi Firdovsi Umudov sumqayıtlılar və idmançılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya parkda həyata keçirilən əsaslı yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, əsası 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlayıb. Sahəsi 23 hektar olan parkda küləyə və quraqlığa davamlı müxtəlif növ ağaclar əkilib. 1978-ci ildə parka dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib, 2003-cü ildə isə burada Nəsiminin heykəli ucaldılıb.
Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildən Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə parkın yeni layihəsi hazırlanıb.
Dövlətimizin başçısı və xanımı parkın gələcək görüntülərini əks etdirən stendlərə baxıblar. Bildirilib ki, əsaslı yenidənqurma və abadlıq işlərindən sonra ərazi şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzinə çevriləcək. Parkın ətrafındakı yaşayış binalarının fasadlarının və damlarının yenilənməsi və şəhərin müasir görkəminə uyğunlaşdırılacağı da qeyd olunub.
Parkda görülən işlərlə tanış olan Prezident İlham Əliyev abadlıq və yenidənqurma tədbirləri ilə bağlı müvafiq tapşırıqlarını verib.
Dünən Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin azot gübrəsi - karbamid zavodunun təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı zavodun sxemini və burada inşa olunacaq binaların eskiz layihələrini əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verib ki, ölkəmizdə karbamid zavodunun inşası layihəsi “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən hazırlanıb. Zavodun tikintisi üçün “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan ərazidə 24 hektar torpaq sahəsi ayrılıb. Müəssisənin tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illərdə həyata keçiriləcək. Zavod ammonyak, maye karbamid və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaq. Gündəlik istehsal gücü 1200 ton ammonyak, 2000 ton karbamid təşkil edəcək müəssisədə əsas xammal kimi təbii qazdan istifadə olunacaq.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, layihənin həyata keçirilməsi istiqamətində qısa müddətdə müvafiq tədbirlər görülüb. Ərazi Dövlət Neft Şirkətinin müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənib, burada mövcud olan yararsız köhnə obyekt sökülüb, yollar çəkilib, ətrafda abadlıq işləri görülüb.
Bildirilib ki, zavodun inşası zamanı 3 min nəfər, müəssisə fəaliyyətə başladıqdan sonra isə 500 nəfər işlə təmin olunacaq.
Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxıb, düyməni basaraq beton qarışığı tökən qurğunu işə salıb.
Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30