2011-ci ildə qeyri-neft sektorunun inkişafı təmin edilib
20.01.2012 [12:07]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə də ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Zəngin neft-qaz ehtiyatlarına malik ölkə kimi Azərbaycan yanacaq-enerji resurslarını digər iqtisadi sahələrə yönləndirməklə neftdən kənar sahələrin inkişafını sürətləndirməyə nail olub. Son illər qeyri-neft sektorunda baş verən artım dinamikası da enerji resurslarının diversifikasiyası ilə bağlı siyasətin nəticəsi sayıla bilər.
Həmin məsələyə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ümumi daxili məhsul və neft hasilatı azalsa da, qeyri-neft sektorunda artım dinamikası çox müsbət iqtisadi uğur sayıla bilər: “Bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. Bu, gördüyümüz işlərin nəticəsidir. çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir”.
Əksər ekspertlərin vurğuladıqları kimi, Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf doktrinasına uyğun olaraq qarşıdakı illərdə neftdən kənar sahələrdə iqtisadi artım və fəallıq daha da yüksələcək, qeyri-neft sahələri iqtisadiyyatın əsasını təşkil edəcək. İndiki mərhələdə enerji satışından gələn gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya isə bu istiqamətdə işlərin planlı və sistemli şəkildə həyata keçirilməsinə imkan verir. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın əsas istiqamətləri də qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafında əsas aparıcı bölmə kimi dominantlığını möhkəmləndirməkdən ibarətdir. Uzunmüddətli inkişaf mərhələsinin başlanğıcında Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı konseptual sənədin hazırlanmasını nəzərdə tutur. Qarşıdakı illərdə iqtisadi strategiyanın əsas hədəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasətinin dərinləşdirilməsindən ibarət olacaq. Respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasını ehtiva edir.
Azərbaycanı Asiya regionu dövlətləri bölməsinə aid edən Dünya Bankı 2012-ci ildə respublikamızda ümumi daxili məhsulun 3,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır. ölkəmizdə 2013-cü il üçün proqnoz 4,4 faiz təşkil edir. Milli məhsulunu tərkibində neftdən kənar sahələrin, xüsusilə də qeyri-neft sənayesinin daha çox inkişaf edəcəyi və həmin sahələrdə artım tempinin ikirəqəmli həddə (11,5 faiz) olacağı gözlənilir. ümumi daxili məhsulun (üDM) strukturunda neft sektorunun çəkisi ötən ilə nisbətən artsa da, dominantlıq qeyri-neft bölmələrinə aid olacaq. üDM-in real artım sürəti də məhz qeyri-neft sektorunun hesabına baş verəcək və 2012-ci ildə ümumi daxili məhsulun həcminin ABŞ dolları ifadəsi ilə 55 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
Onu da qeyd edək ki, ölkəmizin mühüm dövlət proqramlarında ortamüddətli iqtisadi və sosial inkişaf proqnozlarında makroiqtisadi inkişafın sürətlənməsində əhəmiyyətli yer tutan qeyri-neft sektoru ilə bağlı müddəalar öz əksini tapıb. ölkə iqtisadiyyatının ümumi inkişafına impuls vermək və güclü maliyyə siyasətini həyata keçirmək üçün makroekonomik tədbirlərin başlıca hədəflərindən biri də məhz neftdən kənar sahələrin çoxşaxəliliyini təmin etməkdən ibarətdir. Bu siyasətin əsas fundamental prinsiplərindən biri ümumi daxili məhsulda və büdcə gəlirlərində qeyri-neft sektorunun xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırmaq, həmçinin, müxtəlif vergi növləri üzrə vergi bazasını genişləndirməkdir.
İnkişaf etmiş neft ölkələrinin son iyirmi və onillik inkişaf dinamikasına nəzər salsaq, bu ölkələrdə neftdən kənar sahələrin illik artım tempinin təxminən 9-10 faiz nisbətində olduğunu görə bilərik. Azərbaycanın mövcud inkişaf tsikli yaxın illərdə respublikamızın qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ən inkişaf etmiş dövlətlərin göstəricilərini üstələyəcəyini şərtləndirmiş olur. 2012-ci ilin və ölkəmizin ortamüddətli və uzunmüddətli inkişaf ssenariləri də məhz neft-qaz sektorundan asılılığının azalmasından və qeyri-neft sektorunun sürətli inkişafının artımı fonunda bu sektordan daxil olan vergilərin həcminin artırılmasından ibarətdir.
XXI əsrin birinci onilliyində respublikamızın iqtisadi inkişafında neft gəlirləri başlıca valyuta mənbəyi olsa da, ikinci onillikdə qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsi valyuta resurslarının strukturunun dəyişməsinə imkan yaradır. Yəni, iqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verəcək və ölkəmizin sərmayə mənbələri sırasında qeyri-neft məhsulları xüsusi paya malik olacaq. Həmin perspektivli sahələr sırasında isə sənaye, informasiya-kommunikasiya texnologiyaları, beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən qiymətli kağızlar, kənd təsərrüfatı, turizm və digər bölmələrin dinamikliyini göstərmək olar.
İqtisadiyyatın diversifikasiyası üçün yaradılmış əlverişli mühit, həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyin təkmilləşdirilməsi və digər islahatlar Azərbaycanın uzunmüddətli dinamik inkişafına baza yaradıb.
ümumiyyətlə, ölkəmizdə sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirir.
öz növbəsində ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən, 2011-ci ildə qeyri-neft sektoru üzrə əldə olunan irəliləyişləri yüksək qiymətləndiriblər. YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 2011-ci ilin ölkəmiz üçün çox uğurlu il olduğunu söyləyib: “Belə ki, ötən il dünya və Avropa iqtisadiyyatında çox gərgin anlar yaşanıb. Portuqaliyada, İspaniyada, Yunanıstanda və ümumilikdə götürdükdə avrozonaya daxil olan ölkələrin hər birində böhran olub. Azərbaycanda isə əksinə, 2011-ci il həm siyasi, həm də iqtisadi baxımdan yaddaqalan və uğurlu il olub. 2011-ci ildə ölkəyə 20 milyard dollar investisiya qoyulub. Qoyulan investisiyanın 13 milyard dolları yerli investorların hesabına, 7 milyardı isə xaricdən cəlb olunan sərmayələrdir. ölkənin qeyri-neft sektorunda 9,4 faiz artım qeyd olunub”.
Ekspert söyləyib ki, əldə olunan uğurların əsasında Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti və qeyri-neft sektoruna böyük diqqəti durur.
Yeri gəlmişkən, qeyri-neft sektoru içərisində ötən il aqrar sahədə qeydə alınan yüksək göstəricilər xüsusi vurğulanmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ötən ildə kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli irəliləyişin qeydə alındığını bildirib: “Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı və 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)”nı rəhbər tutaraq ölkənin aqrar bölməsində 2011-ci ildə əhəmiyyətli nəticələr əldə olunub”.
Onun sözlərinə görə, 2011-ci ilin 11 ayının yekunlarına əsasən 2010-cu ilə nisbətən bitkiçilik məhsullarının sabit qiymətlərlə dəyəri 10,7 faiz artıb: “Belə ki, 2011-ci ilin 11 ayında 2457,9 min ton dənli və dənli paxlalılar, 235,3 min ton şəkər çuğunduru, 938,5 min ton kartof, 1196,5 min ton tərəvəz, 477,9 min ton bostan, 761,2 min ton meyvə, 3587,3 ton tütün yarpağı və 57,9 min ton pambıq istehsal olunub”.
M.Hacıyev əlavə edib ki, dövlət proqramlarının icra meyarlarına uyğun olaraq 2011-ci ilin məhsulu üçün 1607,4 min hektar sahədə əkin aparılıb. Onun 967,3 min hektarını, yəni, 60,2 faizini payızlıq və yazlıq dənli və dənli paxlalılar təşkil edib.
Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev 2011-ci ildə iqtisadiyyatın neft sektoru ilə müqayisədə qeyri-neft sektoruna daha çox sərmayənin qoyulduğunu söyləyib: “2010-2011-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə 20 milyard dollar olub. Bunun 60 faizə qədərini yerli sərmayə təşkil edir. Keçən ildən başlayaraq, Azərbaycan öz investisiya layihələrini özü maliyyələşdirməyə başlayıb”.
Politoloq qeyri-neft sektoruna daxil olan digər sahələrdəki irəliləyişləri də xüsusi qeyd edib: “Qeyri-neft sektorunun ən çox inkişaf edən sahələri içərisində turizmi qeyd edə bilərik. Eyni zamanda, tikinti sektorunda da uğurlar var”.
Onun sözlərinə görə, Azərbaycan ərzağa olan tələbatını öz daxili imkanları hesabına tam təmin etmək gücündədir: “Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə büdcəmizin 45 faizə qədər hissəsi məhz aqrar sektordan gələn gəlirlər hesabına formalaşırdı. Hazırda bu rəqəm 3-5 faiz təşkil edir və ölkəmizin bu göstəricini artırmaq imkanları var”.
C.Nuriyev Azərbaycanın xarici ölkələrlə ticarət balansında da irəliləyişin olduğunu vurğulayıb. Onun sözlərinə əsasən, 2005-ci ildən sonra Azərbaycanın xarici ticarət balansında yalnız müsbət saldo qeydə alınıb.
Politoloqun fikrincə, Azərbaycan iqtisadiyyatının ən böyük uğurlarından biri dünyada yayılan iqtisadi böhranın ağır fəsadlarından yayına bilməsi olub.
O, həmçinin, bildirib ki, 2011-ci ildə Azərbaycanın ən böyük uğurlarından biri insan inkişafı indeksi üzrə əldə etdiyi nailiyyətdir: “BMT-nin hazırladığı hesabatlarda Azərbaycan 2005-ci illə müqayisədə 2010-cu ildə birdən-birə 38 pillə irəliləyərək, 69-cu yerə yüksəlib. Azərbaycanda insana qoyulan sərmayə nəticədə ona gətirib çıxarıb ki, ölkəmiz bir sıra insan inkişafı göstəricilərinə görə, hətta bəzi inkişaf etmiş dövlətləri belə qabaqlayıb. Respublikada adambaşına düşən ümumi daxili məhsul artıq ölkəmizi inkişaf etmiş ölkələr sırasına çıxarıb. Dünya miqyasında belə qəbul olunub ki, üDM-in həcminə görə adambaşına düşən illik gəlir 2500 dollaradək olan ölkələr ən geridə qalmış, 2500-5000 dollar arasında olan ölkələr zəif inkişaf etməkdə olan dövlətlər, adambaşına düşən gəlir 7500 dollardan yüksək olduğu ölkələr artıq inkişaf etmiş ölkələr sırasına daxil olur. Azərbaycanda üDM-in adambaşına düşən illik həcminin 8 min dollardan artıq olması artıq ölkəmizin inkişaf etmiş ölkəyə çevrildiyini göstərir. Bu o deməkdir ki, Azərbaycanın adı yaxın gələcəkdə ən çox inkişaf etmiş 25 dövlətin içərisinə daxil ola bilər”.
C.Nuriyev onu da əlavə edib ki, kəndli-fermer təsərrüfatlarını inkişaf etdirmək üçün yeni aqrar konsepsiyanın hazırlanması məqsədəuyğun olar: “çünki Azərbaycan aqrar islahatların üçüncü mərhələsinə qədəm qoyub və bu mərhələdə qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün yeni aqrar konsepsiya qəbul olunmalıdır və orada iqtisadi, sosial, struktur, investisiya istiqamətləri özünə yer tapmalıdır”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, dünyada baş verən qlobal maliyyə böhranının fonunda 2011-ci il iqtisadi cəhətdən Azərbaycan üçün uğurlu il olub. O, xatırladıb ki, 2008-ci ilin sentyabr ayından bu vaxtadək davam edən və dünyanı bürüyən maliyyə böhranı Azərbaycana əhəmiyyətli təsir göstərməyib: “Avropa dövlətlərində vəziyyət həddindən artıq kritikdir. Avropa İttifaqına üzv dövlətlər bir yerə yığışıb müzakirələr aparsalar da, özlərini böhrandan çıxara bilmirlər. Onların dövlət borcları günü-gündən artır. Azərbaycan da Avropaya inteqrasiya edən bir dövlətdir, dünya ölkələri ilə geniş iqtisadi əlaqələri var. Həmin ölkələrdə mövcud olan böhranın Azərbaycana müəyyən qədər təsiri olmalı idi. Amma ölkəmizdə aparılan iqtisadi siyasət, cənab Prezidentin irəli sürdüyü proqramların yerinə yetirilməsi, manatın məzənnəsinin qorunub saxlanılması, əməkhaqlarında müəyyən artımların olması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı iqtisadiyyatdır. Davamlı iqtisadiyyat 2011-ci ildə bir daha özünü göstərdi”.
Komitə üzvünün sözlərinə görə, ötən il xaricdən Azərbaycan iqtisadiyyatına müəyyən təsirlərin, inflyasiya idxalının olmasına baxmayaraq, ölkəmiz inflyasiyanı birrəqəmli səviyyədə saxladı: “Hesab edirəm ki, Azərbaycan 2011-ci ili uğurla başa vurdu. Amma Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycanın diqqətində olan əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Doğrudur, ötən il qeyri-neft sektorunda 9 faizə yaxın artıma nail olmuşuq, amma bu göstərici qaneedici deyil. çünki ölkəmizdə ixracın 92-93 faizini neft və neft məhsulları təşkil edir. Ona görə də, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət daha da artmaqdadır. Sənaye parklarının yaradılması, kənd təsərrüfatına əlavə investisiya qoyuluşu, insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində işlər davam etdirilməlidir. Hesab edirəm ki, bu sahədə işlər görülür. Məsələn, Sumqayıtda texnoparkın yaradılması, kimya sahəsində yeni sənaye obyektlərin qurulması, Qaradağ rayonunda azad iqtisadi zonanın yaradılmasının nəzərdə tutulması və digər işlər gələcəkdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun daha da mükəmməl inkişafına öz təsirini göstərəcək”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

