Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2011-ci ildə həmsədrlər status-kvonun saxlanılmasının mümkün olmadığını bildirdilər

2011-ci ildə həmsədrlər status-kvonun saxlanılmasının mümkün olmadığını bildirdilər

31.01.2012 [10:56]

Azərbaycan Respublikası Prezidentinin hücum diplomatiyası sayəsində həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsində mövcud vəziyyətin saxlanılmasının qeyri-mümkün olduğunu təsdiqlədilər
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
2011-ci il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda vacib mərhələ kimi yadda qaldı. Belə ki, 2008-ci ildən etibarən Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşləri ötən dövrdə də davam etdirilib. Mart ayının 5-də baş tutan Soçi və iyunun 24-də keçirilən Kazan görüşləri, eləcə də, üç ölkənin xarici işlər nazirləri arasında baş tutan görüşlər tərəflərin öz mövqelərini ortaya qoyması və ortaq məxrəcə gəlinməsi yolunda mühüm cəhdlər kimi dəyərləndirilə bilər. Soçi görüşünün yekunlarına dair qəbul edilən birgə bəyanatda dövlət başçıları hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Sənəddə “bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək” istəyi də vurğulanıb. Gözlənilənin əksinə olaraq, Kazan görüşündə hər hansı razılaşma imzalanmasa da, görüşün yekununda qəbul olunan birgə bəyanatda tərəflərin ümumi məqsədə doğru gedən yolda irəliləyişin olduğu qeyd edildi.
2011-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona bir neçə dəfə səfər edib. Həmsədr ölkələrin bəyanatlarında Azərbaycan üçün çox vacib olan bir məqam, yəni ilk dəfə olaraq “status-kvonun saxlanmasının yolverilməzliyi” qəti şəkildə qeyd olunub. Bu baxımdan, Minsk üçlüsü ölkələrinin rəhbərlərinin Dovildə imzaladığı bəyanatda mövcud vəziyyətin yolverilməzliyi, münaqişənin tezliklə həllinin zəruriliyi ilə bağlı əksini tapan mövqe Azərbaycan üçün önəm daşıyır. Qeyd olunan məqam Prezident İlham Əliyevin çıxışlarında da diqqət mərkəzində saxlanılıb. İyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyevin sözlərinə görə, sözügedən bəyanatda vacib məqamlardan biri ondan ibarətdir ki, həmin sənəddə və ondan sonrakı bəyanatlarda yaranmış status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu vurğulanıb: “Bu, o deməkdir ki, status-kvonun dəyişdirilməsi mütləq Azərbaycan torpaqlarının işğal altından çıxmasını təmin edəcəkdir. çünki Ermənistan tərəfi son 20 il ərzində çalışıb və çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və beləliklə, vəziyyətdə heç bir dəyişiklik edilməsin”.
Qeyd edək ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci ildə də münaqişənin həlli yönündə səylərini davam etdirib. Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsi olaraq meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə, qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. 20 ilə yaxındır ki, davam edən danışıqlar müddətində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır. Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın mövqeyini birmənalı şəkildə bir daha bəyan edib: “Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır”.
Ermənistan isə danışıqlar prosesində dalana dirənib və bu ölkənin AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan alt komitəni boykot etməsi bunu təsdiq edir. Beynəlxalq ictimaiyyət də rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinin şahidi olaraq münaqişənin uzanmasının əsl səbəbkarının kim olduğunu anlayır. Ermənistan rəhbərliyinin manevrlər edərək danışıqlardan yayınmaq, vaxtı uzatmaq cəhdlərinə baxmayaraq, zaman, əslində, Azərbaycanın xeyirinə işləyir. çünki iqtisadi, hərbi gücü, eləcə də, beynəlxalq siyasi nüfuzu durmadan artan Azərbaycanın haqq səsi bu gün daha aydın eşidilir.
Qeyd etdiyimiz kimi, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində aktiv iştirak edən Azərbaycan münaqişənin diplomatik yolla beynəlxalq hüquq çərçivəsində həllinə apara biləcək bütün vasitə və imkanlardan istifadə edir. Buna paralel olaraq, mövcud problemin səbəb və nəticələri ilə bağlı dünya birliyinin düzgün məlumatlandırılması yönündə də intensiv işlər aparılır. İnformasiya təbliğatının böyük əhəmiyyət daşıdığı müasir dövrdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması prinsipial önəm kəsb edən məsələdir.
Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycan torpaqlarının işğalı faktı, eləcə də, zəbt olunmuş ərazilərdə törədilən talanlar, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi barədə həqiqətlərin dünyaya tanıdılması məqsədilə hər il olduğu kimi, 2011-ci ildə də xarici ölkələrdə Azərbaycanla bağlı həqiqətləri özündə əks etdirən kitablar, məqalələr dərc olunub, çoxsaylı konfrans və tədbirlər keçirilib. Bu baxımdan, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi maarifləndirici layihələr, habelə, hər il uğurla icra olunan “Xocalıya ədalət” beynəlxalq kampaniyası təqdirəlayiqdir.
Ermənistanın işğalçı simasının ifşa edilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında milli diasporumuzun geniş imkanlarından istifadə olunması dövlətin diqqət yetirdiyi vacib məqamlardandır. Azərbaycan hökumətinin yaxından dəstəklədiyi, müxtəlif ölkələrdə fəaliyyət göstərən yüzlərlə diaspor təşkilatlarımız hər il təşkil etdikləri tədbir və aksiyalarla ölkəmizə qarşı yönələn dezinformasiyaların aradan qaldırılmasına, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılmasına öz töhfələrini verirlər. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində artıq beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı əməlləri ilə daha yaxşı məlumatlanıb.
Qeyd olunan işlərə paralel olaraq, Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla da münasibətlərini genişləndirməkdədir. ATƏT, AŞPA, Avropa Parlamenti kimi qurumlarla əlaqələrini gücləndirən Azərbaycan ən nəhəng qlobal təşkilat olan BMT çərçivəsində də aktivliyini artırır. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçilməsi Azərbaycan diplomatiyasının daha bir möhtəşəm uğurudur. BMT TŞ-yə qeyri-daimi üzvlük Azərbaycan üçün müəyyən siyasi dividendlərin qazanılması baxımından önəm daşıyır. Belə bir qurumda təmsil olunmaq birbaşa olaraq ölkənin siyasi nüfuzuna müsbət təsir edir, habelə diplomatik əlaqələrin genişləndirilməsinə əlverişli şərait yaradır. TŞ-də təmsilçiliyin regionda sülh və sabitliyin təmin olunmasına çalışan Azərbaycanın fəaliyyətini genişləndirməsinə şərait yaradacağını güman etmək olar. Dünyanın müxtəlif regionlarında keçirilən antiterror əməliyyatlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə iştirak edən Azərbaycan bu sahədə öz mövqeyini əməli şəkildə ortaya qoyub və sülh və təhlükəsizliyə tərəfdar olan bir ölkə kimi işğalçılıq siyasətinə, dinc və günahsız insanların öldürülməsinə, yurdundan qovulmasına qarşıdır. Bu baxımdan, ölkəmiz haqlı olaraq ərazi bütövlüyünün, bir milyondan artıq qaçqın və məcburi köçkünün pozulan hüquqlarının bərpa edilməsi uğrunda yorulmaz fəaliyyət aparır. Qeyd etdiyimiz kimi, Azərbaycanın illərdir bu sahədə həyata keçirdiyi diplomatik tədbirlər və informasiya təbliğatı artıq öz nəticələrini verməkdədir. Beynəlxalq ictimaiyyət indi Ermənistanın işğalçı siyasətinə daha yaxşı bələddir, eləcə də, aparılan məqsədyönlü iş nəticəsində müxtəlif ölkələrin siyasi və ictimai dairələri bu ölkənin təcavüzkar əməlləri barədə daha ətraflı məlumatlandırılıb. Sözsüz ki, bu faktor beynəlxalq rəyin ölkəmizin xeyrinə dəyişməsinə təsir göstərir.
BMT TŞ-yə iki il müddətinə üzv seçilməsi isə Azərbaycanın beynəlxalq əməkdaşlığı möhkəmləndirməsi ilə yanaşı, haqq səsini bütün dünyaya çatdırması baxımından da əlverişli olacağını söyləmək olar. BMT tribunası dövlətlərin öz səsini bütün dünyaya çatdırması baxımından ən mötəbər kürsü hesab olunur. Bu tarixi nailiyyətin siyasi dividendlərini yüksək dəyərləndirmək olar və Azərbaycana dost dövlətlərin də ölkəmizin uğurunu və bu uğurun gətirdiyi imkanları yüksək qiymətləndirməsi buna sübutdur. Bildiyimiz kimi, Azərbaycan TŞ-yə üzvlüyü 155 ölkənin səsvermədə dəstəkləməsi sayəsində mümkün olub və bu da ölkəmizin beynəlxalq nüfuzundan və Azərbaycana olan etimaddan xəbər verir. Bu o deməkdir ki, Azərbaycan ən nəhəng hökumətlərarası qurum olan BMT-də geniş dəstəyə malikdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin qurumda müzakirəyə çıxarılması və TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində fəaliyyət göstərəcəyi də şübhəsizdir. Sülh və əmin-amanlığın bərqərar edilməsində maraqlı olduğunu hər zaman nümayiş etdirən ölkəmizin TŞ-də qeyri-daimi üzv kimi fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təkan verə bilər. Ermənistan rəhbərliyi və ictimaiyyəti bu durumdan çox ciddi təşviş və narahatlıq duyur. Danışıqlar prosesində dalana dirənən, deməyə sözü qalmayan Ermənistan Azərbaycanın TŞ-yə üzv olması ilə tam diplomatik məğlubiyyətə uğradığını anlayır.
Deyilənləri yekunlaşdırsaq, danışıqların hazırki mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. Minsk qrupu həmsədrlərinin irəli sürdüyü və sülh müqaviləsinin hazırlanmasında baza prinsipləri rolunu oynaya biləcək yenilənmiş Madrid təklifini iki ilə yaxındır ki, Azərbaycan tərəfi qəbul etdiyini bildirib. İşğal edilmiş torpaqlardan Ermənistan ordusunun çıxarılması, məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağa keçid statusunun verilməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi kimi prinsiplərin əks olunduğu yenilənmiş Madrid təklifinin rəsmi Yerevanın təcavüzkar siyasəti ilə bir araya sığmaması işğalçı rejimi çıxılmaz vəziyyətdə qoyub. Sülhün əldə olunması məqsədilə yekun razılaşmanın müzakirəsinə hazır olduğunu bildirən Azərbaycan bununla irəliyə doğru daha bir addım atıb. Bütün bunların qarşılığında Ermənistanın hələ də danışıqları uzatmağa çalışması, konstruktiv mövqe ortaya qoymaqdan imtina etməsi işğalçı ölkənin özünü çətin duruma salıb. İşğalçı ölkə rəhbərliyi anlamalıdır ki, Azərbaycan öz mövqeyində qətidir və bir qarış torpağını belə Ermənistana güzəştə getməyəcək. 2011-ci ilin yekunu siyasi, iqtisadi, hərbi gücü artan Azərbaycanın danışıqlarda aşkar üstünlüyünü, siyasi nüfuzunu itirən, sosial-iqtisadi problemlərdən qurtula bilməyən Ermənistanın diplomatik iflasını ortaya qoyur.
2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi danışıqlarının gedişatı ilə bağlı ekspertlərin rəyi isə onu deməyə əsas verir ki, ötən ildə bu sahədə ciddi irəliləyiş əldə olunmasa da, bir sıra məqamlar münaqişənin sülh yolu ilə həllinə ümid bəsləməyə imkan verir. Politoloq Vəfa Quluzadə ötən ildə münaqişənin həllində irəliləyişin əldə olunmamasının əsas səbəbi kimi beynəlxalq qurumların məsələnin nizamlanmasına təsir imkanlarının məhdudluğunu göstərib: “Təəssüf ki, ötən il ərzində Cənubi Qafqazdakı münaqişələrin həllində Avropa təşkilatlarının, xüsusilə Avropa İttifaqının təsiri zəif oldu”.
Onun sözlərinə görə, bu, Qərbin münaqişələri, xüsusən də Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün alətinin olmaması ilə əlaqədardır: “Bu səbəbdən də onlar ötən ildə bəyanatlardan o yana gedə bilmədilər. Amma dünyanın digər nöqtələrində olduğu kimi, burada da təcavüzkarı zərərsizləşdirmək NATO-nun işidir. Buna görə də, NATO, ümumiyyətlə Qərb növbəti ildə məsələləri dərindən düşünməlidir”.
Ekspert hesab edir ki, Qərbin təzyiqi ilə Ermənistan Rusiyanın təsiri altından çıxdıqdan sonra onunla danışıq aparmaq çox asan olacaq.
Millət vəkili, politoloq Rasim Musabəyovun fikrincə, münaqişənin həllinin uzanmasının əsas səbəbi Azərbaycanın qəbul etdiyi yenilənmiş Madrid prinsiplərini Ermənistanın dəstəkləməməsidir: “Ermənilər hələ də istəyirlər ki, Azərbaycan üçün tamamilə məqbul olmayan referendumun keçirilməsi baş tutsun və Dağlıq Qarabağ üçün aralıq statusu elə müəyyənləşdirmək istəyirlər ki, faktiki olaraq o, müstəqil olsun. Təbii ki, Azərbaycan buna razılıq verməz”.
Politoloqun sözlərinə görə, işğalçı ölkənin üzləşdiyi demoqrafik problem ölkəni məhvə doğru aparır: “Ermənistan ötən ildə 70 000 əhalisini itirib. Bu templə getsə, onda, fikrimcə, heç konfliktin həllinə tələsmək lazım deyil. Bu, elə özü öz həllini tapacaq. Ancaq təbii Azərbaycan bunu gözləmək istəmir”.
Politoloq Mübariz Əhmədoğlu danışıqlarda nəzərəçarpan irəliləyişin olmadığını bildirib: “Bunun da əsas günahkarı həm Ermənistan, həm də danışıqları aparan vasitəçilərdir. çünki vasitəçilər öz işlərinə ciddi yanaşmadılar və əslində, aşkar şəkildə ermənipərəstliklərini nümayiş etdirdilər”.
Onun sözlərinə görə, ədalətli sülh üçün, ilk növbədə, Ermənistan beynəlxalq miqyasda açıq surətdə işğalçı dövlət adlandırılmalıdır: “İşğalçı Ermənistanın böyük dövlətlərin təzyiqi ilə üzləşmədikcə münaqişənin həllində irəli addım atmağa niyyəti yoxdur”.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30