2011-ci il Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsi ili kimi yadda qaldı
06.02.2012 [10:16]
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
ötən illər ərzində neft amili ilə dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən Azərbaycanın enerji siyasəti son 5 ildə yeni məzmun kəsb etməsi və karbohidrogen ehtiyatlarının nəqlinin həm diversifikasiyası, həm də coğrafiyasının genişlənməsi ilə xarakterizə olunmaqdadır. Artıq qaz enerji faktoru olaraq milli iqtisadi siyasətin başlıca komponenti kimi əhəmiyyət daşıyır və hazırda Xəzər bölgəsində, daha doğrusu, Azərbaycanın yerləşdiyi regionda kommunikasiya dəhlizlərinin əsas seqmenti kimi çıxış edir. Yəni, son illərin enerji marşrutlarının strukturunda qaz kəmərləri əsas yer tutur. Bu, artıq bölgədə Azərbaycanın mərkəzi qaz nəqli təchizatçısı olması statusunun göstəricisidir.
Qaz ehtiyatlarının nəqlinin artması, yeni yataqların kəşf olunması, hasilatla bağlı digər amillər ötən il qaz strategiyasının zənginləşməsini şərtləndirib. ümumiyyətlə, 2011-ci il qaz bumunun keyfiyyət baxımından yeni mərhələyə keçid alması kimi də səciyyələndirilə bilər və ölkəmizin yanacaq-enerji sektorunda ən mühüm nailiyyətlərin əldə edilməsi ilə yadda qalıb. Trans-kontinental siyasi xətt bütövlükdə enerji siyasətinin möhkəmlənməsinə zəmin yaradıb. Avropaya qaz nəqlinin artırılması, Rusiya istiqamətində şimal marşrutunun nəql imkanlarının gücləndirilməsi, qardaş Türkiyə ilə yeni əsrin ən mühüm iqtisadi hadisələrindən biri olan tranzit sazişinin imzalanması, AGRİ layihəsinin əsaslı işlərinin gücləndirilməsi, digər dövlətlərlə yanacaq nəqlinə dair razılaşmaların əldə olunması, karbohidrogen ehtiyatlarının axtarış-kəşfiyyat işlərinin uğurla aparılması və yeni enerji bloklarının kəşf edilməsi ötən ilin uğurlarını şərtləndirən faktorlar kimi dəyərləndirilə bilər.
Qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın milli enerji siyasəti daha geniş və qlobal proseslərin fonunda zənginləşib, neft resurslarının diversifikasiyasının genişlənməsi və qaz bumunun başlanması ilə ölkəmizin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə dərin əsaslar yaradıb. Neft amili ilə dünya iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən Azərbaycanın enerji siyasətində qaz faktorunun xüsusi ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarıb. “Abşeron” qaz yatağının kəşf olunması, qardaş Türkiyə ilə yeni qaz sazişinin imzalanması respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradıb.
Son illərin, eyni zamanda, 2011-ci ilin ən zəngin iqtisadi yeniliklərindən biri “Abşeron” yatağının kəşfi sayıla bilər. Bu siyasi və iqtisadi hadisə ümumdünya hadisəsi kimi ötən il böyük diqqətə səbəb oldu. “Abşeron” yatağında qaz ehtiyatlarının kəşf edilməsi mühüm tarixi hadisə kimi ölkəmizin qaz potensialının güclü olmasının daha bir əyani təzahürü oldu. Bu yatağın kəşfi Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozlarının yeniləşməsinə zəmin yaradan bir faktor sayıla bilər. İndiyədək respublikamızın qaz ehtiyatları 3-4 trilyon kubmetr həcmində təsdiq edilmişdisə, bundan sonra bu proqnoz dəyişərək 5-6 trilyon kubmetrə bərabər olacaq. Bu, çox ümidverici və həddindən artıq böyük proqnoz göstəriciləri sayıla bilər. Azərbaycan yeganə ölkələrdəndir ki, son bir ildə proqnoz göstəricilərini 2 dəfə artıra bilib. Xəzər bölgəsində heç bir ölkə 2010-cu ilin sonlarından bu yana 2 dəfə nəhəng qaz yatağını kəşf etməklə güclü proqnoz dəyişiklikləri əldə etməyib. Prezident İlham Əliyev Azərbaycanın uğurlu neft-qaz strategiyası həyata keçirdiyini vurğulayıb: “Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu, bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır”.
Dövlət başçısı Azərbaycan çox böyük qaz ölkəsinə çevrildiyini də xüsusi olaraq qeyd edib: “Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir”.
2011-ci ilin digər siyasi-iqtisadi hadisəsi kimi ötən ilin sonlarında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanmasını göstərmək olar. Bu sazişi imzalamaqla Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi işinə mühüm töhfələr bəxş edib. Saziş dünyanın supergücləri və Avropa İttifaqı tərəfindən böyük rezonans doğurub və yeni enerji əməkdaşlığı ilə bağlı sənəd qlobal miqyasda mühüm əhəmiyyət daşıyan iqtisadi-siyasi hadisə kimi səciyyələndirilib. Bu saziş “Cənub dəhlizi” enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni dəhlizlərin yaradılmasına və yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına geniş üfüqlər açır. Avropa İttifaqının nüfuzlu analitiklərinin qeyd etdikləri kimi, artıq bölgədə ən nəhəng tranzit dəhlizlərinin yaradılması üçün real zəmin formalaşıb. Onların sırasında isə yeni onilliyin ən strateji enerji arteriyası olan Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya (AGRİ) qaz şəbəkəsini göstərmək olar. Artıq bu dəhlizin tam rentabelliyi üçün zəmin mövcuddur və tərəflər qaz kəmərinin yaxın dövr üçün işə düşməsinə nail ola biləcək. ölkələr arasında imzalanmış qaz sazişinin əsas detalları da məhz yaxın müddətdə Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına nəqlini nəzərdə tutur. Bu saziş, həmçinin, “Şahdəniz” layihəsinin ikinci fazasının da sanksiyalaşdırılmasına əsl fürsət yaradır.
Qeyd etmək lazımdır ki, qaz faktorunun milli enerji siyasətinin əsas konsepti kimi ön plana keçməsi bir sıra yeni meyarları ortaya çıxarmış olur. Belə ki, qaz faktoru Azərbaycanın enerji diversifikasiyası ilə bağlı siyasətinin dərin xarakter alması fonunda regionda geoiqtisadi coğrafiyanın dəyişməsinə əlverişli zəmin yaradıb. Məlum olduğu kimi, “Şahdəniz-2” fazası ilə bağlı xarici neft şirkətləri ilə aparılan danışıqlar son aylar intensiv xarakter alıb və bu layihənin həyata keçməsi üçün sanksiyanın verilməsi planlaşdırılır. Bir neçə müddətdir ki, bəzi detalların razılaşdırılmaması sanksiyalaşmanı təxirə salıb. Amma ötən il baş verən iqtisadi dividendlər (Türkiyə ilə qaz sazişinin imzalanması və “Abşeron”un kəşfi ) həm “Şahdəniz-2” layihəsinə tezliklə başlamağı zəruri edir, həm də AGRİ layihəsinin tezləşməsinə zəmin yaradır. Bu layihə “Cənub dəhlizi”nin bir seqmenti olmaqla qazı İtaliyadan Balkanlara və Mərkəzi Avropaya çatdıracaq.
Göründüyü kimi, Azərbaycanın balanslaşdırılmış enerji siyasəti və diversifikasiya xətti bir məqsədə - bütün ölkələrlə qarşılıqlı sıx əməkdaşlığa, təhlükəsizliyə xidmət edir. Dünya dövlətləri də açıq şəkildə etiraf edirlər ki, Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək transenerji marşrutlarının gerçəkləşməsində aktiv rol oynayır. Xüsusilə də, Azərbaycan zəngin enerji resurslarının nəqlində diversifikasiya siyasətini gücləndirməklə dünya enerji bazarına öz töhfəsini verməkdədir. Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri yanacaq resurslarını şaxələndirilmiş şəkildə, bütün bölgə dövlətlərinin təminatının həll olunması və qarşılıqlı maraqlara uyğun olmaqla həyata keçirilməsindən ibarətdir. ölkəmiz enerji amilindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə etmir, tərəfdaşları ilə yalnız qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Respublikamız mükəmməl balanslaşdırılmış platforma yaratmaqla hər bir ölkənin iqtisadiyyatına öz töhfəsini verir. Azərbaycanın birbaşa təşəbbüsü ilə regionda yeni yanacaq dəhlizlərinin yaradılması isə dünya enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini möhkəmləndirmək və iqtisadi dividendlər gətirməklə bərabər, siyasi üstünlüyünü artırır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, dünyada baş verən qlobal maliyyə böhranının fonunda bütövlükdə 2011-ci il iqtisadi cəhətdən Azərbaycan üçün uğurlu olub. O xatırladıb ki, 2008-ci ilin sentyabr ayından bu vaxtadək davam edən və dünyanı bürüyən qlobal maliyyə böhranı Azərbaycana ciddi təsir göstərməyib.
V.Əhmədov qeyd edib ki, ötən ilin ən uğurlu hadisələrindən biri İzmir şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan qaz müqaviləsidir. Onun fikrincə, bu sənədin əhəmiyyəti böyükdür. “Bir neçə il idi ki, NABUCCO layihəsinin reallaşması məsələsi gündəmdə idi. Bunun üçün Avropa Birliyi (AB) səviyyəsində görüşlər, müzakirələr aparılırdı. Bizim üçün isə əsas məsələ qazın çıxarılması ilə yanaşı, onun ixrac olunmasıdır. Bir neçə il öncə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib. Azərbaycan NABUCCO layihəsində də iştirak edə bilərdi. Prezident İlham Əliyev Azərbaycanın bu layihədə öz maraqlarına uyğun şəkildə iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Yəni kim daha yüksək qiymətə qazımızı alacaqsa, qazı ona satmağa hazırıq. Amma bu kəmər təkcə Azərbaycan qazı ilə təmin edilə bilməzdi. AB-nin cəhdlərinə baxmayaraq, Türkmənistan və digər ölkələrdən NABUCCO vasitəsilə qaz ixracı məsələsi həll olunmadı. Bu məsələ uzandıqca Azərbaycan alternativ ixrac məsələlərini həll etməyə başladı. Azərbaycan Prezidenti çox ciddi bir addım ataraq strateji müttəfiqimiz olan Türkiyə ilə qaz müqaviləsi imzaladı. “Trans Anadolu” qaz kəmərinin 2014-2015-ci illərdə istifadəyə verilməsi gözlənilir. Türkiyə dost və qardaş dövlətdirlər, məhz buna görə də bu məsələdə gələcəkdə hansısa bir ciddi problemin olacağı real görünmür. Hesab edirəm ki, bu layihə ölkəmizin böyük uğurlarından biridir”.
Millət vəkilinin sözlərinə görə, hazırda enerji məsələləri ilə bağlı ciddi problemlər yaşanmaqdadır. V.Əhmədov qeyd edib ki, Avropa Birliyi tərəfindən İrana qarşı sanksiyaların tətbiq olunması bu sahədə vəziyyəti qeyri-müəyyən edir: “Bu gün İran ətrafında ciddi müzakirələr gedir. Avropa Birliyi İranın neft və qaz ehtiyyatlarının Avropaya nəql olunmasına qarşı sanksiyalar tətbiq edib. Belə bir vəziyyətdə, təbii ki, Avropa məkanı üçün Azərbaycan vacib rol oynamaqdadır. Yəni, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. ümumiyyətlə, neft-qaz bazarı çox ciddi iqtisadi-siyasi bazardır. Bu mənada, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət çox uğurludur. Dövlət başçısı neft və qazın ixracı üçün xüsusi diversifikasiya planı hazırlayıb. Yəni, Azərbaycanın neft və qazı bir kəmərlə deyil, bir neçə kəmər vasitəsilə ixrac olunur. Bilirsiniz ki, zaman-zaman belə kəmərlərə təhlükələr yaranır, çünki onlar terrora məruz qala bilər. Bundan sığortalanmaq üçün bizim alternativ variantlarımız var”.
Komitə üzvü hesab edir ki, ötən il yeni qaz yataqlarının aşkar olunması ölkəmizin qaz ixracatçısı kimi beynəlxalq müstəvidə rolunu əhəmiyyətli dərəcədə artırır.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı bildirib ki, Azərbaycan çox uğurlu enerji siyasəti həyata keçirir. Bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan A.Muradlının sözlərinə görə, məhz bu siyasət ölkəmizin inkişafında başlıca rol oynayır. İqtisadçı-ekspertin fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu istiqamətdə ölkəmizin mövqeyi daha da güclənib. O qeyd edib ki, 2011-ci ildə qaz sahəsində əldə olunan nəticələr də çox sevindiricidir: “Bildiyiniz kimi, ötən il Xəzər dənizinin Azərbaycan sektorunda iki qaz yatağı aşkar edildi. “ümid” yatağı müstəqillik illərində “Şahdəniz”dən sonra kəşf edilən qaz yatağıdır. Daha sonra isə “Abşeron” blokunda yeni qaz yatağı aşkar edildi. Hər iki yataq böyük qaz ehtiyatlarına malikdir. Həmin yataqların kəşf edilməsi ölkəmizin həyatında əlamətdar hadisələrdən biridir. Bu amil Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda, yeni yataqların kəşfi Azərbaycanın neft və qaz potensialının indiyədək təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur”.
A.Muradlı ötən il yeni qaz yataqlarının kəşfinin Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikamızın sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə və xalqımızın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, ümumilikdə, ölkəmiz özünün enerji siyasətində vacib addımlar atmaqdadır. “Bu gün bizim çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz var. Yeddi neft-qaz kəməri istifadəyə verilib. Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Əgər indiyə qədər Azərbaycan neft ölkəsi kimi tanınırdısa, bu hadisədən sonra özünü böyük qaz ixracatçısı kimi də təsdiq etməkdədir. Azərbaycan Türkiyə arasında “Trans Anadolu” qaz kəmərinə dair sazişin imzalanması tranzit imkanlarını daha da genişləndirəcək”.
Bu sahədə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu deyən iqtisadçı xatırladıb ki, ötən ilin yanvarında tərəflər “Cənub” qaz dəhlizi üzrə Bəyannamə imzalayıb. Onun fikrincə, aparılan danışıqlar müsbət nəticələr verəcək: “Hesab edirəm ki, aparılan siyasət nəticəsində uzun illər sonra da Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək”.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov da hesab edir ki, 2011-ci ildə ölkəmiz qaz sahəsi ilə bağlı ciddi nəticələr əldə edib. Onun sözlərinə görə, yeni qaz yataqlarının kəşf olunması bu baxımdan əhəmiyyətlidir. Eyni zamanda, ölkəmizə məxsus təbii qazın xaricə ixrac olunması üçün Azərbaycanla Türkiyə arasında “Trans Anadolu” kəmərinə dair sazişin imzalanması ötən ilin önəmli hadisələrindən biridir: “Bu sazişin imzalanması ixrac imkanlarını xeyli gücləndirir. çünki NABUCCO ilə əlaqəli işlər o qədər də sürətlə getmirdi, amma indi artıq bu məsələ iki ölkənin iradəsinə bağlıdır. Azərbaycan və Türkiyənin rəhbərləri kifayət qədər iradəlidirlər. Ona görə də düşünmürəm ki, burada problemlər ola bilər. Artıq qaz ixracı məsələsində perspektivlər daha aydın görünür. Nəzərə almalıyıq ki, biz qaz hasilatçısıyıqsa, regional səviyyədə mütləq xarici bazarlara dair tədbirlər həyata keçirməliyik. Xarici bazarlar uğrunda mübarizə aparmalıyıq və bu mübarizədə əldə olunan nəticələrdən biri “Trans Anadolu” qaz kəməri barədə əldə olunan razılıqlardır. Rusiya böyük canfəşanlıqla çalışır ki, “Cənub axını” layihəsini gerçəkləşdirsin və yəqin, bunu reallığa çevirəcək”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, Avropada təbii qaz bazarının son illər daraldığı müşahidə olunur. Ola bilsin ki, bu tendensiya davam edəcək. “çünki Avropanın 2020-ci ilə qədər öz strategiyası var ki, burada üç 20 faizlik amil nəzərdə tutulur. Onlar 20 faiz alternativ enerji mənbələrinə keçidi planlaşdırırlar. 20 faiz isə enerjidaşıyıcılarına tələbatı azaltmağı düşünürlər. Yəni, Avropa enerji səmərəliliyini artırmağı düşünür. Təbii ki, belə bir şəraitdə Avropanın qaz bazarı uğrunda mübarizə gedir. Burada təkcə Azərbaycan və Rusiya deyil, Əlcəzairdən tutmuş Qətərə kimi digər ölkələr də iştirak edirlər. Bu baxımdan, Azərbaycan və Türkiyənin belə bir qərar qəbul etməsi təqdirəlayiqdir. çünki “Şahdəniz” yatağının ikinci fazasının 2017-ci ildən işə salınması nəzərdə tutulur. “Trans Anadolu” qaz kəməri isə yalnız kommersiya məqsədi daşımır, eyni zamanda, siyasi baxımdan da çox əhəmiyyətlidir. çünki iki qardaş ölkə arasındakı bağlantıları daha da gücləndirir”, - deyə S.Bağırov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

