Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2012-ci ildə Azərbaycanda yeni sənaye müəssisələri yaradılacaq

2012-ci ildə Azərbaycanda yeni sənaye müəssisələri yaradılacaq

16.02.2012 [00:34]

Yeni sənaye müəssisələrinin yaradılması ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan düşünülmüş addımdır
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Məlum olduğu kimi, Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü iqtisadi strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun daha da artmasına səbəb olub. Məhz bunun nəticəsidir ki, dünyada hökm sürən maliyyə böhranından fərqli olaraq, 2011-ci ildə Azərbaycanda sosial-iqtisadi inkişaf yolunda uğurlu addımlar atılıb.
Qeyd etmək lazımdır ki, 2011-ci ildə ölkəmizdə iqtisadi artımın strukturu əvvəlki illərdən fərqli olub. ötən ildə makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib. Yəni, 2011-ci ildə iqtisadiyyatın artım dinamikasını şərtləndirən başlıca faktorlardan biri neftdən kənar sahələrdə əvvəlki illərlə müqayisədə daha yüksək inkişaf göstəricilərinin qeydə alınmasıdır.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə sənayenin çəkisi də artmaqdadır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, müasir texnologiyaların tətbiqi son illərdə bu sahədə keyfiyyət və kəmiyyət baxımından müsbət istiqamətdə dəyişikliklərin əldə edilməsinə imkan yaradıb. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri sözügedən sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik inkişafını təmin edib. Qeyri-neft sektorunda məhsul istehsalı 2010-cu illə müqayisədə 11,1 fazi artıb. Emal sənayesində 7,1 faiz artım olub. Sənaye istehsalının üDM-də payı 58,2 faiz təşkil edib, faktiki qiymətlərlə 34,6 milyard manatlıq üDM istehsal olunub. Sənaye məhsulunun 76,0 faizi mədənçıxarma, 18,5 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində istehsal olunub. Kimya sənayesi 27,1 faiz, tikinti materialları istehsalı 4,4 faiz, elektrik enerjisi istehsalı 8,4 faiz, qida məhsulları istehsalı 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim istehsalı 56,5 faiz artıb.
ötən il Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 283,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. İstehsalın həcmi metallurgiya sənayesində 1,9 dəfə artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,3 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə 203,7 min ton və ya 1,6 dəfə çox poladtökmə məhsulları, 176,7 min ton və ya 1,4 dəfə çox armatur, 98,5 min ton və ya 2,7 dəfə çox polad borular istehsal edilib.
Qeyd etmək lazımdır ki, ölkədə aparılan sənayeləşmə siyasəti, sosial infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, özəl sektorun fəaliyyətinin stimullaşdırılması və azad rəqabətin inkişafı üçün yaradılan əlverişli mühit yeni iş yerlərinin açılması baxımından əhalinin rifah halının yaxşılaşdırılması, eləcə də, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir edib. Həmçinin, bütün bunlar sənayedə fəallığın artmasına, ölkədə özəl sektorun - kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib.
Bütövlükdə, 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilib, 100-dək sənaye müəssisəsinin tikintisi isə davam etdirilir. Bu sənaye müəssisələri arasında Sumqayıt Texnologiyalar Parkında Ağır maşınqayırma və Sənaye qazları istehsalı, eləcə də, Alüminium, Kondensator, MDF, “Müasir Tikinti Materialları”, Qlükoza istehsalı zavodlarının xüsusi çəkisi var. Həmçinin, “Qaradağ Sement” zavodunun yenidən qurulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma, Günəş Panelləri, “Xovlu İplik”, Gübrə zavodlarının və digərlərinin tikintisi isə davam etdirilir. Əldə olunmuş nailiyyətlərdə dövlət proqramlarının, xüsusilə Azərbaycanın strateji inkişafına təsir göstərən regional inkişaf proqramlarının böyük əhəmiyyəti var. 2011-ci il ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilib, hazırda isə 200-dən çox müəssisə tikilməkdədir. Eyni zamanda, 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 85 istehsal, emal və infrastruktur yönlü iri layihəyə 118 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2011-ci ildə 33 müəssisə istifadəyə verilib, bu il isə daha 96 müəssisə istifadəyə veriləcək.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlərin aparıldığını bildirib: “Bu il də sənayeləşmə üçün əlavə imkanlar yaradılacaqdır. Gəncədə yeni alüminium zavodu işə başlayacaqdır. Bu böyük hadisədir. Alüminium sənayesinin inkişafı üçün böyük addımdır. Ancaq birinci addımdır. Metallurgiya sənayesinin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük imkanlar vardır. Nəzərə alsaq ki, bizdə kifayət qədər metal qırıntıları var, onlardan səmərəli istifadə edilməlidir. Xaricdən indi məhsullar gətirilir. Bizim Daşkəsəndə filiz yataqlarımız vardır. Yəni, güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik”.
Qeyd etmək lazımdır ki, Azərbaycan sənayesini inkişaf etdirmək məqsədilə hökumət Sumqayıt və Gəncə şəhərləri, həmçinin, Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Sumqayıt və Balaxanıda iki yeni sənaye parkının yaradılması məşğulluğa və qeyri-neft ixracına da müsbət təsir edəcək. Bu tip sənaye şəhərcikləri “Yoxsulluğun azaldılması və dayanıqlı inkişaf üzrə 2008-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən salınır. Məsələn, Prezident İlham Əliyev ötən il dekabrın 28-də Bakıda sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Balaxanı Sənaye Parkının yaradılmasına dair Sərəncam imzalayıb. Sərəncama əsasən, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri qurulacaq. Balaxanı Sənaye Parkının idarə olunmasını “Təmiz Şəhər” ASC həyata keçirəcək. Balaxanı Sənaye Parkının fəaliyyəti üçün Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsi ayrılıb. Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. Belə sənaye obyektlərindən biri 2009-cu ilin sonundan Sumqayıtda fəaliyyət göstərir ki, burada hazırda 2000-dək işçi çalışır. 17 zavoddan ibarət olan bu Sumqayıt Texnologiyalar Parkında (STP) respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir.
ümumiyyətlə, ölkənin iri kimya və neft-kimya müəssisələrindən “Etilen-polietilen”, “Səthi aktiv maddələr”, “Sintezkauçuk” və “üzvi sintez” zavodları, “Sumqayıt Superfosfat” ASC və “Azərbaycan məişət malları” ASC və “Sumqayıt aşqarlar” ASC Sumqayıt şəhərində yerləşir və fəaliyyət göstərir. Şəhər üzrə istehsal olunan sənaye məhsulunun 60 faizdən çoxu kimya və neft-kimya sənayesi müəssisələrinin payına düşür.
Cari il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Gəncə alüminium zavodunun qeyri-neft sektoruna qoyulan böyük sərmayə olduğunu bildirib. Qeyd edək ki, zavodun işinin birinci fazasında 50 min ton yüksək keyfiyyətli alüminium istehsal olunacaq. 2013-cü ildə ikinci fazanın işə düşməsi nəticəsində zavodun istehsal gücü 100 min tona çatacaq və ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu hesabına bu həcmi 200 min tonadək artırılacaq. Burada istehsal olunan məhsulların isə xarici və daxili tələbatı ödəyəcəyi nəzərdə tutulub.
Bununla yanaşı, ölkədə metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər aparılır. Gəncədə həm də regional inkişaf üçün böyük əhəmiyyəti olacaq poladəritmə kompleksinin tikintisi də uğurla gedir.
Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı ölkədə müasir texnologiyalara əsaslanan sement zavodunun tikilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, bu prosesə investorların cəlb edilməsinin vacibliyini də vurğulayıb: “Ondan sonra növbəti sement zavodu tikilir. Yəni, biz elə etməliyik ki, növbəti 3-4 il ərzində özümüzü tam şəkildə sementlə təmin edək. Əlbəttə ki, bizim tələbatımız da artır, ancaq bunu etmək üçün imkanlar vardır. Biz gərək özəl investorları stimullaşdıraq, onlara şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Dövlət də kömək göstərməlidir. Yəni, bu sahədə biz özümüzü tikinti materialları ilə tam təmin etməliyik”.
Beləliklə, görünən odur ki, sənaye sahəsində dövlət siyasətinin əsas məqsədi 2012-ci ildə də sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, milli məhsulun rəqabət qabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılması, qeyri-neft sektorunun daha sürətli inkişafı və stimullaşdırılması, idxaldan asılılığı azaltmaq, əhalinin məşğulluğunun artırılmasından ibarət olacaq.
Məsələyə münasibət bildirən ekspertlər də Azərbaycanda son illərdə, o cümlədən, 2011-ci ildə ölkənin qeyri-neft sektorunun mühüm sahəsi olan sənayənin inkişaf etdirilməsi istiqamətində aparılan islahatları və onların nəticələrini yüksək qiymətləndiriblər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev ölkəmizdə aparılan sənayeləşmə siyasətinin qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, regionlarda həyata keçirilən yenidənqurma, abadlıq işləri, yeni müəssisələrin açılışı birbaşa əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına təsir edir: “Yeni sənaye obyektləri tikilir, sosial infrastrukturlar yeniləşir, bölgələrin görkəmi dəyişir. Yeni sənaye müəssisələri istifadəyə verilir. Bütün bunlar əhalinin məşğulluq səviyyəsinə müsbət təsir göstərməkdədir”.
Millət vəkili Gəncə şəhərinin inkişafı istiqamətində görülən işləri xüsusilə yüksək qiymətləndirib. O xatırladıb ki, cari ilin əvvəllərində dövlət başçısı Gəncəyə səfəri çərçivəsində orada yeni sənaye müəssisələrinin açılışında iştirak edib: “Əminliklə demək olar ki, Gəncə şəhəri böyük sənaye mərkəzlərinin birinə çevrilməkdədir. Yeni sənaye müəssisələrinin yaradılması bunu deməyə tam əsas verir. Prezidentimiz səfəri çərçivəsində 2008-ci ildə təməli qoyulmuş Gəncə Alüminium Zavodu kompleksinin açılışında iştirak edib və zavodun böyük bir sexi istifadəyə verilib. Həmin sexdə 1200 nəfər işçi çalışacaq. Həmçinin, yaxın vaxtlarda fəaliyyətə başlayacaq metallurgiya zavodunda da əlavə 800 nəfər işçi çalışacaq ki, bu da işsizliyin azaldılmasına müsbət təsir edəcək”.
O, həmçinin, bildirib ki, Prezident İlham Əliyev şəhərin inkişafı istiqamətində Sərəncam imzalayıb: “Bildiyiniz kimi, imzalanmış Sərəncam əsasında Gəncə şəhərinin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 5 milyon manat vəsait ayrılıb. ümumilikdə, demək olar ki, Gəncə şəhəri inkişaf edərək böyük bir regional mərkəzə çevrilir. Gəncənin inkişafı, şəhərdə iş yerlərinin açılması, yeni sənaye obyektlərinin qurulması və ümumilikdə, şəhərin həyat səviyyəsinin yüksəlməsi heç şübhəsiz, ətraf ərazilərdə də yaşayan insanların rifahının yüksəlməsinə gətirib çıxaracaq”.
Millət vəkilinin sözlərinə görə, bölgələrin inkişaf etməsi, yeni sənaye obyektlərinin qurulması, yeni infrastrukturun yaranması, xəstəxanaların, məktəblərin, ali məktəblərin açılması, sosial məsələlərin həlli təbii ki, uzaq dağ kəndindən gələn insanın paytaxtda yox, regionlarda məskunlaşmasına səbəb olacaq. Bu da, regionların inkişafı birinci növbədə, urbanizasiya prosesinin sürətini azaltmaq, bütün regionlardan Bakıya axının qarşısını almaq baxımından çox əhəmiyyətlidir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını şərtləndirən əsas amildir. Onun sözlərinə görə, bütün iqtisadi sektorlarda artım əldə olunub və xüsusilə sənayenin qeyri-neft sektorunda artımı xüsusi vurğulanmalıdır: “Sənayedə bu inkişafın əldə olunmasında təbii ki, yeni infrastrukturların, zavodların, fabriklərin və digər istehsal müəssisələrinin yaradılması vacib rol oynayır. Fakt üçün deyə bilərik ki, ötən il sənaye sahəsində məhsul istehsalının 17 faizi emal bölməsində, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində əldə olunub. ümumilikdə, ötən il sənaye məhsulu istehsalı qeyri-neft sektorunda 11,1 faiz artıb”.
İqtisadçı ekspertin fikrincə, dövlətin qayğısı nəticəsində sənaye sahəsində inkişaf davamlı xarakter daşıyır. Onun sözlərinə görə, son illər müxtəlif sahələri əhatə edən sənaye müəssisələri yaradılır. Bu müəssisələrin tikilib istifadəyə verilməsi yeni iş yerlərinin açılmasını şərtləndirməklə yanaşı, qeyri-neft sektoru üzrə sənaye məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artıracaq. A.Muradlı qeyd edib ki, yeni sənaye müəssisələrinin yaradılması iqtisadiyyatımızın şaxələndirilməsinin bariz nümunəsidir.
Millət vəkili Aslan Cəfərov açıqlamasında bildirib ki, Azərbaycan bu gün sürətlə sənayeləşən ölkələr sırasına daxildir. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində respublikada keçmiş sovet dönəmindən qalmış sənaye sahələri dağıdılsa da, 1993-cü ildən sonra vəziyyət müsbət istiqamətdə dəyişməyə başladı: “ümummilli lider Heydər Əliyevin bu sahədəki siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda sənayeləşmə prosesini daha da sürətləndirdi. Bu gün təkcə Bakı şəhərində deyil Azərbaycanın bir çox bölgələrdə müasir standartlara cavab verən istehsal sahələri yaradılıb. Məhz, sənayeləşmə siyasətinin səmərəliliyi özünü istifadəyə verilən yüzlərlə istehsal sahələrinin timsalında əyani şəkildə göstərir”.
Millət vəkili vurğulayıb ki, bütün bunlar ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir.
SEVİNC
Paylaş:
Baxılıb: 966 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30