“Türk əsri”nin zirvə görüşü
04.11.2023 [10:12]
Xəbər verdiyimiz kimi, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” devizi altında 10-cu yubiley sammiti keçirilib. Sammit çərçivəsində birliyə üzv ölkələrin prezidentləri iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahəalərində əsas məsələlərlə bağlı qərarlar qəbul ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdən öncə Astanada görüşərək, ölkələrimiz və region üçün maraqlı olan bir sıra məsələlər barədə müzakirələr aparıblar.
“Evə qayıdış həmişə xoşdur...”
Sammitdə Macarıstanın Baş naziri Viktor Orban da iştirak edib. O, Qazaxıstana rəsmi səfərini türk birliyinin yubiley sammitində iştirakı ilə birləşdirib. Qeyd edək ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır. Viktor Orbanı xüsusi ehtiramla qəbul edən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev qonağı Akorda iqamətgahında salamlayaraq, macarların türk kökənli olduqlarını xatırladıb və baş naziri ərklə “qıpçaq” adlandırıb: “Qazaxıstanda insanlar sizi yaxşı tanıyır, sizə hörmət edirlər. Çünki siz də əslən qıpçaqsınız”. Doğma münasibətdən məmnun olan Viktor Orban isə bunun cavabında: “Evə qayıdış həmişə xoşdur”, - deyib. Səmimi söhbət zamanı liderlər macarlarla qazaxların minilliklərə dayanan ortaq kökləri, eyni soydan törəmələri, Atillanın nəvələri olduqları barədə danışaraq, xalqlarının bu gün də ortaq dəyərləri daşıdıqlarını qeyd ediblər. Siyasi məsələlərə gəldikdə, dövlət başçıları ikitərəfli münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirərək Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın vacibliyini vurğulayıblar. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Viktor Orbanı 1-ci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.
Fransa ilə Özbəkistan razılaşdı
Bu arada xatırladaq ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev TDT-nin sammitinə gəlməzdən öncə, noyabrın 2-də Fransa prezidenti Emmanuel Makronu qəbul etmişdi. Makronun Qazaxıstan və Özbəkistana səfərinin məqsədi, Fransanın Mərkəzi Asiyadakı maraqları barədə öncəki yazımızda ətraflı məlumat vermişdik. Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə Emmanuel Makronun apardığı danışıqlar nəticəsində məlum olub ki, Özbəkistan Fransanın “Orano” uran şirkəti ilə əməkdaşlığı genişləndirməyə razılıq verib. Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, Özbəkistan və Fransa bu ilin sonuna qədər strateji tərəfdaşlıq haqqında saziş bağlayacaq.
Sözdə və əməldə birlik
Türk Dövlətləri Təşkilatının yubiley sammitinə ev sahibliyi edən Qazaxıstan lideri Qasım-Jomart Tokayev öz çıxışında TDT-yə üzv ölkələrin qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələri yeni səviyyəyə qaldırmalı olduqlarını dilə gətirib. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2023-cü ili “Türk Sivilizasiyasının İnkişafı İli” elan edib. Həqiqətən, bu il ərzində birlik ölkələri bir çox iqtisadi və humanitar məsələlərdə əsl birlik nümayiş etdiriblər. Xüsusilə, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Türkiyəyə hərtərəfli dəstək verən TDT bu ilin may ayında keçirilən prezident seçkiləri zamanı Rəcəb Tayyib Ərdoğanın namizədliyini də dəstəklədi. Təşkilat üzvləri bu ilin oktyabrında Azərbaycanın öz ərazilərində apardığı antiterror əməliyyatlarına da dəstək nümayiş etdirib.
Türkiyədə baş verən zəlzələdən sonra Ankarada “Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda fövqəladə TDT sammiti keçirilmiş, Ankara Bəyannaməsi qəbul edilmişdi. Təşkilatın mülki müdafiə mexanizminin yaradılması haqqında qərar və mülki müdafiə mexanizminin yaradılması haqqında saziş imzalanmışdı. Bunlardan əlavə, təşkilat daxilində Türk İnvestisiya Fondunun yaradılması barədə razılaşma da baş tutub.
Xatırladaq ki, Türk İnvestisiya Fondu 500 milyon dollar nizamnamə kapitalına sahib beynəlxalq maliyyə təşkilatı statusuna malikdir. Fondun səhmlərinin ümumi nominal dəyəri 350 milyon dollardır. Beləliklə, birlik üzvlərinin hər birinin fonda yatırdığı kapital 70 milyon dollar təşkil edir və yatırılan hər 70 milyon 150 milyon dollar həcmində artır. Qazaxıstan parlamenti isə dörd il ərzində ölkənin payına düşən vəsaiti hər il fondun hesabına köçürmək barədə qərar qəbul edib.
Rusiya və Balkanların üzvlük şansı varmı?
Özbəkistan Respublikası Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun baş elmi işçisi Ravşan Nazarovun fikrincə, Türk Dövlətləri Təşkilatı hazırda Avropa İttifaqının yeni yarandığı mərhələlərə bənzər ilkin inteqrasiya yolundan keçir. Birliyin gələcək inkişafı üçün sabitliyin və təhlükəsizliyin təmin edilməsi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı, enerji problemlərinin aradan qaldırılması kimi məsələlərin həlli zəruridir və bütün bunlar qurumun qarşısında duran əsas vəzifələr, eyni zamanda prioritet istiqamətlər sayılır.
Nazarovun sözlərinə görə, TDT dinamik inkişaf edən perspektivli beynəlxalq inteqrasiya layihəsidir. Birliyin, məsələn, Macarıstan üçün bu qədər cəlbedici olması əsassız deyil. Çox güman ki, uğurla inkişaf edən təşkilat yaxın gələcəkdə regionun digər yarımtürk ölkələrini - məsələn, Balkanları və çoxlu sayda türk respublikalarından ibarət Rusiya Federasiyasını da maraqlandıracaq.
Əslinə qalsa, Moskva Türk Dövlətləri Təşkilatı ilə yarandığı ilk vaxtlardan maraqlanır. Vaxtaşırı Rusiya mediasında işıqlandırılan siyasi debatlarda, ayrı-ayrı siyasətçilərin çıxışlarında, ictimai dinləmələrdə, ictimai-siyasi məzmunlu məqalələrdə və digər platformalarda Rusiyanın TDT-də hər hansı statusu tutması, ən azı müşahidəçi qismində üzvlüyə qəbul edilməsi ilə bağlı təkliflər səsləndirilir. Bu təklifi dəstəkləyən rusiyalı siyasət adamları federasiya daxilində milyonlarla türkün yaşaması faktını əsas gətirirlər.
Zənnimizcə, Rusiyanın və ya Balkanların gələcəkdə TDT-yə üzv olub-olmayacağı ilə bağlı fikir yürütmək hələlik tezdir. Hər şey təşkilatın bütün istiqamətlərdə dinamik inkişafından, birlik üzvlərinin müştərək fəaliyyətinin səmərəliliyindən, qurumun iqtisadi və hərbi gücünün səviyyəsindən asılı olacaq. O da nəzərə alınmalıdır ki, TDT-nin zamanla genişlənmək potensialı yüksəkdir və bu faktor təşkilatın beynəlxalq gücə çevrilməsi baxımından da faydalıdır.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Türk Dövlətləri Təşkilatının genişlənməsində maraqlı olduğunu bildirib. Qardaş ölkənin lideri oktyabrın 25-26-da Türkiyədə səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşdə də söyləmişdi: “Mən Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Türkmənistanı öz sıramızda ailə şuramızın həqiqi, tamhüquqlu üzvü kimi görmək istərdim”.
TDT sülh tərəfdarıdır
TDT-nin 10-cu sammitində üzv ölkələr Yaxın Şərqdə baş verənlərlə bağlı narahatlıqlarını bildirib, silahlı münaqişənin tezliklə başa çatmasına, regionda sülh və sabitliyin bərqərar olunmasına tərəfdar olduqlarını qeyd ediblər. Hələ Türk Dövlətləri Təşkilatının zirvə görüşündən öncə birlik ölkələri ayrı-ayrılıqda İsrail-HƏMAS qarşıdurmasına münasibət bildirərək, müharibənin tezliklə başa çatmasına, günahsız insanların zərər çəkməməsinə, tezliklə bölgədə sabitliyin bərpa edilməsinə tərəfdar olduqlarını söyləmişdilər. Bir müddət öncə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin Qəzzadakı mülki əhaliyə kömək üçün 1,5 milyon dollar ayırdığını qeyd etmişdi. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də Yaxın Şərqdəki vəziyyətlə bağlı məsələyə toxunarkən, “mülki əhaliyə qarşı zorakılığa haqq qazandırmaq olmaz” deyərək, ölkəsinin mövqeyini açıqlamışdı. Qırğızıstan Xarici İşlər Nazirliyi isə sammitə qədər bəyanatla çıxış edərək, tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırmışdı.
Hərbi münaqişələrin çoxaldığı günümüzdə Türk Dövlətləri Təşkilatının müdafiə və təhlükəsizliklə bağlı yeni bir proqram hazırlamasına ehtiyac duyulur. Zənnimizcə, yaxın gələcəkdə türk birliyinə üzv ölkələrin hərbi ittifaqının yaradılması zəruri olacaqdır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

