Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2011-ci il Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əlamətdar il olub

2011-ci il Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əlamətdar il olub

13.02.2012 [22:51]

ötən il ərzində də ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması sahəsində atılan addımlar, qəbul olunan qərarlar bu istiqamətdə irəliləyişlərin davamlı olmasına şərait yaradır
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməli olduğumuzu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Sözsüz ki, Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı, eyni zamanda, ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. ölkəmiz demokratik inkişaf yoluna ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”, - deyən Ulu öndər demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin, dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan etdi.
Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avratlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü və KİV üzərindəki senzura ləğv edildi.
Sonrakı illərdə isə bələdiyyələrin, ombudsman institutunun formalaşdırılması, məhkəmə islahatlatları, Seçki Məcəlləsinə və Konstitusiyaya edilən mütərəqqi dəyişikliklər, eləcə də, digər bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır. Dövlət başçısının Dünya Azərbaycanlılarının III Qurultayındakı nitqində vurğuladığı kimi, ölkədə demokratik azadlıqlar qorunur: “ölkəmiz demokratik əsaslarla idarə olunur. Söz, vicdan, mətbuat azadlığı, insan hüquqlarının qorunması məsələləri bizim üçün prioritetdir”.
Bir sözlə, demokratiyanın ən mühüm göstəricilərindən biri kimi, vətəndaş cəmiyyəti quruculuğu prosesi ölkədə uğurla irəliləyir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları və minlərlə qeyri-hökumət təşkilatı (QHT) dövlətin artan dəstəyini hiss edir. Azərbaycanda QHT-lərin fəaliyyətinə verilən önəmin bariz göstəricilərindən biri bəzi dövlət strukturlarının müxtəlif tədbirlərin həyata keçirilməsində onlarla əməkdaşlıq etməsidir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə də daim dövlət qayğısı göstərilir. Hər il QHT-lərin müxtəlif sahələr üzrə həyata keçirmək istədiyi layihələrə dövlət tərəfindən qrantlar ayrılır. Eyni zamanda, 2012-ci ilin dövlət büdcəsində də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına böyük həcmdə vəsait ayrılıb. Yeri gəlmişkən, parlamentdə vəsaitin həcminin daha da artırılması ilə bağlı gedən müzakirələr və səslənən təkliflər tezliklə öz nəticəsini verib. Belə ki, qəbul edilən qərara əsasən 2012-ci ildə dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılacaq vəsait 1 milyon manat artırılaraq 2 milyon 808 min 960 manatdan, 3 milyon milyon 808 min 960 manata çatdırılıb. Heç şübhəsiz, bu addım ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin, qeyri-hökumət təşkilatlarına dövlət qayğısını daha da gücləndirmək məqsədini daşıyır. Bir sözlə, QHT-lərə göstərilən maliyyə dəstəyinin artırılmasının onların fəaliyyətini daha da stimullaşdıracağını əminliklə söyləmək olar.
Yeri gəlmişkən, məlum olduğu kimi, Prezident İlham Əliyev 2011-ci il dekabrın 27-də Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənədin preambula hissəsində bildirilir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. Sənəddə o da qeyd olunur ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq edib. Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib. 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib.
Əksər ekspertlərin də vurğuladıqları kimi, Milli Fəaliyyət Proqramının hazırlanmasında məqsəd insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir. Qeyd edək ki, insan hüquqlarının müdafiəsi sahəsində atılan bu və digər addımlar respublika ictimaiyyətinin nümayəndələri, siyasi-ictimai xadimlər, həmçinin, insan hüquqları müdafiəçiləri tərəfindən yüksək qiymətləndirilir.
Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qəzetimizə açıqlamasnda 2011-ci ilin respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əlamətdar bir il olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ötən ilin əvvəlindən neqativ hallara qarşı mübarizədə görülən tədbirlər daha da sərtləşdirilib və bununla bağlı yeni bir mərhələnin başlanğıcı qoyulub: “Görülən tədbirlərin müsbət nəticələri artıq nəzərə çarpmaqdadır. Belə ki, müvafiq sahələrdə həm qanunvericilik təkmilləşdirilib, həm neqativ hallara yol verənlərə qarşı ciddi cəza tədbirləri görülüb. ötən il ərzində də qanunun aliliyinin təmini, insanların hüquq və vəzifələrindən xəbərdar olması, həm əhalinin, həm də dövlət qurumlarında çalışan məmurların məlumatlandırılması istiqamətində tədbirlər görülüb. Bu sahədə qeyri-hökumət təşkilatları da yaxından iştirak etdilər. Korrupsiyaya qarşı mübarizə işinə QHT-lərin cəlb olunması üçün 2011-ci ildə müsabiqə də elan edilib. Nəticədə, 11 təşkilat bu prosesə cəlb olunub”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalaması 2011-ci ildə ölkədə bu sahədə əlamətdar hadisə kimi tarixə düşüb: “Bu Proqram, olduqca konkret, dinamik, kifayət qədər zəruri hədəfləri özündə əks etdirən bir layihədir. Burada müvafiq dövlət qurumlarına insan hüquq və azadlıqlarının təmin olunması sahəsində işlərin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanunların qəbulu ilə bağlı məsələlər öz əksini tapıb”.
Şura sədri 2011-ci ildə hər bir istiqamətdə QHT-lərə dövlət dəstəyinin davam etdirildiyini də vurğulayıb: “QHT-lər ümummilli məsələlərin həllində, sosial problemlərin aradan qaldırılmasında, Azərbaycanın milli maraqlarının istər daxildə, istərsə də, ölkədən kənarda müdafiəsində, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsində ötən il çox aktiv olublar, bu istiqamətdə bir sıra layihələr həyata keçiriblər. QHT-lərə Dövlət Dəstəyi Şurası ötən il 350-dən artıq layihəni maliyyələşdirib. Bu layihələr kifayət qədər böyük ictimai əhəmiyyət daşıyır, vətəndaşların hüquq və mənafelərinin qorunmasına xidmət edir”.
A.Quliyev QHT-lərə maliyyə dəstəyinin ildən-ilə artırılmasını vətəndaş cəmiyyətinin formalaşmasına verilən önəm kimi qiymətləndirib: “2012-ci ilin büdcəsində QHT-lərə dəstək məqsədilə nəzərdə tutulan vəsaitin 1 milyon manat artırılması, bu qurumların maliyyə imkanlarının genişlənməsinə, həmçinin, Şuranın qarşısında duran proqram və layihələrin həyata keçirilməsinə əlavə dəstək olacaqdır. Bunun da nəticəsi vətəndaş cəmiyyətinin inkişafında özünü göstərəcək”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı çox münbit şəraitin yarandığını qeyd edib: “Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə hər il islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. Konstitusiyamızın 12-ci maddəsində də göstərilir ki, insan hüquq və azadlıqlarının təmini, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır”.
Onun sözlərinə görə, ölkəmizdə 2011-ci ildə insan hüquqlarının müdafiəsi sahəsində ən yaddaqalan hadisələrdən biri məhz dekabrın 27-də dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin təkmilləşdirilməsi məqsədilə, Milli Fəaliyyət Proqramının təsdiqlənməsi oldu: “Bu Proqram həyata keçirilən islahatların məntiqi davamı kimi dəyərləndirilə bilər. Proqramda qanun layhələrinin Konstitusiya və beynəlxalq hüquqdan irəli gələn insan hüquq və azadlıqları prinsiplərinə uyğun təkmilləşdirilməsi nəzərdə tutulur. Bu sənəd, həmçinin, cəmiyyət daxilindəki bəzi münasibətlərin tənzimlənməsində yeni qanun layihələrinin hazırlanması ilə bağlı tövsiyələri müəyyən edir ki, bu da müvafiq orqanlar qarşısında vəzifə kimi qoyulur. Xüsusi olaraq qeyd etmək istərdim ki, Proqramda əhalinin bütün kateqoriyaladan olan nümayəndələrinin hüquq və azadlıqlarının müdafiəsi məsələsi qoyulub və bunun üçün müvafiq dövlət orqanlarının vəzifələri müəyyənləşdirilib. Proqramda istər sahibkarların, istərsə də qadınların, əlillərin, uşaqların, ahılların, məhkumların hüquqlarının müdafiəsi ilə bağlı çox mühüm vəzifələr nəzərdə tutulur. Milli Fəaliyyət Proqramında dövlət orqanlarının da fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı yeni vəzifələr nəzərdə tutulur. Burada dövlət orqanlarının vəzifəli şəxslərinin peşə-hüquq mədəniyyəti, müasir dövrün tələblərindən biri olan elektron hökumətin qurulması, elektron imzaların tətbiq olunması ilə bağlı məsələlər Proqramda əksini tapıb”.
A.Səfixanlı deyib ki, Proqramda KİV nümayəndələrinə ünvanlanan məsələlər də mövcuddur və onların insan hüquqları sahəsində məlumatlandırılması öz əksini tapıb. Proqramda, həmçinin, insan hüquqlarının təbliği ilə bağlı müddəalar da var. Eyni zamanda, Proqramın icrası ilə bağlı yaradılacaq işçı qrupa rəhbərliyi ombudsman həyata keçirəcək. Bu Proqram dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə həyata keçiriləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin fikrincə, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əsaslı irəliləyişlərə nail olub: “Azərbaycanda demokratiyanın və insan hüquqlarının ən yüksək səviyyədə qorunması sahəsində mühüm addımlar atılıb. Azərbaycanın müstəqilliyinin bərpasında qısa bir vaxt - 20 il keçsə də, hüquqi dövlət quruculuğu istiqamətində çox böyük bir yol keçilib. ölkəmizdə demokratiyanın və insan hüquqlarının ən yüksək səviyyədə qorunması üçün Milli Məclisdə mütərəqqi qanunlar qəbul edilib, beynəlxalq konvensiyalar təsdiqlənib. Azərbaycanda qəbul olunmuş bir neçə qanun beynəlxalq səviyyədə model qanun kimi istifadə edilir”.
Onun sözlərinə görə, Milli Fəaliyyət Proqramının qəbulu da bunu təsdiq edir. Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə də, BMT-nin təcrübəsindən istifadə olunduğunu deyən komitə sədri deklarativ bir sənədə çevrilməməsi üçün Proqramın icrasının yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Bu proqramı səciyyələndirən əsas xüsusiyyətlərdən biri də sənədin vətəndaş cəmiyyəti ilə birlikdə icra olunması məsələsidir. Vətəndaş cəmiyyəti ilə birgə təqdimatın keçirilməsi Proqramın əsas mahiyyətindən biridir. çünki huquqi münasibətlərin tənzimlənməsində vətəndaş cəmiyyətinin rolu böyükdür. Əminəm ki, bu Proqram deklarativ deyil, real nəticəsi olan sənədə çevriləcək”.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30