Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Demokratik inkişafın milli modeli-Azərbaycan nümunəsi

Demokratik inkişafın milli modeli-Azərbaycan nümunəsi

18.02.2012 [09:27]

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması, söz və özünüifadə azadlığının təmin və müdafiə olunması kimi başlıca strateji istiqamətlərdə fundamental uğurlar əldə edilmişdir
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi olub. Belə ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin qarşısında duran başlıca vəzifə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğunun həyata keçirilməsi və onun fonunda reallaşdırılacaq islahatların davamlılığının təmin edilməsi idi. Bunun üçünsə rasional strateji konsepsiyanın hazırlanması və praqmatik addımların atılması zəruri idi.
Amma müstəqilliyin ilk illərində hakimiyyətdə olan səriştəsiz qüvvələrin irrasional və qeyri-praqmatik fəaliyyəti nəticəsində ölkəmizdə, sözün əsl mənasında, siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən böhran tendensiyası bəhs edilən vəzifələrin reallaşdırılmasını mümkün etmədi. ölkəyə “rəhbərlik” edən şəxslərin ümummilli mənafedən uzaq şəkildə korporativ maraqların təmin olunması uğrunda mübarizəyə qalxması ölkəni aqonist və antaqonist qüvvələrin mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdi. Bu isə qeyd etdiyimiz kimi, demokratik tranzitin baş tutmasına imkan vermədi. Nəticə etibarilə, sistem dəyişikliyi totalitarizmdən neototalitarizmə keçid formasında baş tutdu.
Amma 1993-cü ildən, yəni, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra həyata keçirilən sistematik səciyyəli kompleks islahatlar demokratik transformasiyanı təmin edən fundamental mexanizm oldu. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum nəticəsində ölkə Konstitusiyasının qəbul edilməsi demokratik transformasiyanın əsasını qoyan tarixi addım oldu. Bundan sonra çoxpartiyalı təmsilçilik əsasında parlament seçkilərinin keçirilməsi, qanunvericilik prosesinin rasional və konstitusion şəkildə təşkil edilməsi hüquqi dövlət quruculuğu prosesini sürətləndirən mühüm amil oldu.
Beləliklə, hüquqi nihilizmin aradan qaldırılması, siyasi-hüquqi islahatların həyata keçirilməsi kimi strateji tədbirlər ölkədə demokratik hüquq və azadlıqların daha da möhkəmlənməsini şərtləndirmiş oldu. Bu sırada Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi vurğulanmalıdır.
Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyətdə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirdi.
Demokratik transformasiya kursunun uğurla davam etdirilməsi, demokratikləşmə prosesinin intensiv surətdə həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması, söz və özünüifadə azadlığının təmin və müdafiə olunması kimi başlıca strateji istiqamətlərdə fundamental uğurlar əldə edilmişdir. Mövcud uğurların mahiyyətini və əhəmiyyətini anlamaq üçün bir neçə istiqamətdə atılan addımlara və əldə olunan nəticələrə toxunmaq məqsədəmüvafiqdir.
Beləliklə, ilk növbədə, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması barədə...
Qeyd etmək lazımdır ki, milli inkişaf strategiyasının hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapması istiqamətində insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasıyla bağlı mühüm struktur islahatları həyata keçirildi. Belə ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fonunda hüquqi dövlətin təməl atributlarından və əlamətlərindən biri kimi, ilk növbədə, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində kompleks tədbirlər görülüb. Bəhs edilən sahədə fundamental institusional mexanizmlərin formalaşdırılması və mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinə birmənalı şəkildə mühüm töhfələr bəxş edib. Bununla yanaşı, bəhs edilən istiqamətdə Konstitusiyaya müvafiq surətdə normativ hüquqi aktların qəbul edilməsi, müvafiq Sərəncam və Fərmanların verilməsi, ölkəmizin milli maraqlar və dəyərlər əsasında beynəlxalq konvensiyalara və müqavilələrə qoşulması insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizminin səmərəliliyini təmin edən növbəti strateji faktor kimi dəyərləndirilməlidir. Bu sıraya Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində müəyyən olunmuş tədbirlərin əsaslı və məqsədyönlü şəkildə həyata keçirilməsi məqsədilə Ulu öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsini, məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun Azərbaycanda İnsan hüquqları günü elan edilməsini və bundan sonra da bu sahədə əhəmiyyətli strateji tədbirlərin görülməsini, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində keçirilmiş ümumxalq səsverməsi-referendumlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsini və digərlərini aid etmək olar.
Bundan başqa, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar da hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal substratlarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.
Beləliklə, bütün bunlar mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin də formalaşdırılması üçün xüsusi önəm kəsb edən təməl strateji substratlar oldu. Məhz bütün bu tədbirlər və nailiyyətlərin fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış etdi. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da şərtləndirdilər. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış etmiş oldu.
Məhz bütün bu nailiyyətlərin önəminə toxunan Prezident İlham Əliyev qeyd etmişdir: “Biz müasir dövlət qururuq. Dövlət quruculuğu Azərbaycanda, əslində, 1993-cü ildən sonra başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuşdur, Azərbaycanda hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılmışdır, islahatlar aparılmışdır. Bu gün bu islahatlar davam etdirilir. İstər siyasi sahədə, istərsə də iqtisadi sahədə islahatların davam etdirilməsi hər bir cəmiyyət üçün inkişafa gedən yoldur. Azərbaycan dövləti müasirliyə, inkişafa sadiq olduğunu islahatların davam etdirilməsində nümayiş etdirir... Ancaq əldə edilmiş uğurlar, sadəcə, bizim üçün gələcək addımların atılması üzrə bir stimul olmalıdır. Həyat yerində durmur, ölkə qarşısında yeni vəzifələr çıxır, yeni çağırışlarla üzləşirik və biz hazır olmalıyıq. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü siyasi sistem olmalıdır... Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla gedir, xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir, əks təqdirdə biz bu inkişafa nail ola bilməzdik”.
Ən əsası isə, ötən zaman ərzində söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra həyata keçirilən demokratik transformasiya və milli inkişaf strategiyasının fonunda media təsisatının təşəkkülü və inkişafına xüsusi diqqət göstərildi və bu sahədə strateji səciyyəli fundamental işlər görüldü. İlk növbədə, kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti üçün qanunvericilik bazası formalaşdırıldı və müvafiq hüquqi substratlar təsbit edildi.
Hələ 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ərəfəsində onun memarı, yaradıcısı Ulu öndər Heydər Əliyevin səyləri ilə insan və vətəndaş hüquq və azadlıqlarının-sərbəst düşüncə və özünüifadə, dini etiqad və məslək azadlığının təmin olunması istiqamətində xüsusi maddələr Ana Qanuna salındı. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektorunun inkişafına, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunmasına fundamental töhfələr bəxş edən çox ciddi addımlar atıldı. 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq surətdə həyata keçirilən işlər kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına fundamental şərait yaratdı. Həmin Fərmanla Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.
1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.
2000-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı yönündə fundamental addımlar atıldı, söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunması yönündə fundamental nailiyyətlər əldə edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərarın qəbul olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunması, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi və s. kimi tədbirlər media sektorunun inkişafını sürətləndirən fundamental mexanizm qismində çıxış etdi.
Ekspertlər də ölkəmizdə uğurla həyata keçirilən demokratikləşmə kursunun nəticələrini olduqca yüksək səviyyədə dəyərləndirirlər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan demokratik inkişaf yolunda uğurla addımlayır və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir: “ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Eyni zamanda, Azərbaycanda mütəmadi surətdə siyasi-hüquqi islahatlar həyata keçirilir ki, bu da ümumi demokratikləşmə prosesinə əhəmiyyətli töhfələr bəxş edir”.
Millət vəkili qeyd edib ki, ölkəmizdə söz və fikir azadlığının təmin olunması yönündə də təqdirəlayiq uğurlar əldə edilmişdir: “Hər bir demokratik ölkənin əsas atributlarından biri söz, fikir və özünüifadə azadlığının bərqərar olunması, insanların öz düşüncələrini yazılı və elektron mətbuatda sərbəst şəkildə paylaşa bilməsi, cəmiyyətin ayrı-ayrı institutları ilə ünsiyyətdə özünüifadə özgürlüyünün təmin olunmasıdır. Bu baxımdan, ölkəmizdə mətbuatın inkişafı, özünüifadə azadlığının təmin olunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən işlər, atılan addımlar media sektorunun inkişafını sürətləndirməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının tərkib hissəsi olan söz və fikir azadlığının etibarlı müdafiəsi mexanizmini formalaşdırıb”.
“Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasi-hüquqi islahatların nəticəsi kimi Azərbaycan demokratik inkişaf baxımından Qərb dövlətlərilə eyni sırada durur”. Bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva söyləyib. Millət vəkilinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsi məhz, demokratikləşmə sahəsində də fundamental nailiyyətlərin əldə olunması şərtləndirilib: “Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi, seçkilərin ədalətli və şəffaf keçirilməsi, söz, fikir, ifadə və toplaşma azadlıqlarının təmin edilməsi istiqamətində ardıcıl olaraq qanunların və qərarların qəbul edilməsi bu sahədə dövlətin nə qədər maraqlı olduğunu göstərir”.
“Azərbaycan bu gün dünyada insan haqlarının qorunduğu və qanunun aliliyinin təmin edildiyi demokratik ölkələrdən biridir”. Bunu məsələyə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanda demokratik dövlət quruculuğu prosesi 1993-cü ildən - ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlayıb: “Ulu öndər Heydər Əliyev ölkəni ayrı-ayrı silahlı qruplaşmalardan təmizlədikdən və siyasi-ictimai sabitliyi təmin etdikdən sonra demokratiya institutlarının formalaşdırılması, vətəndaş cəmiyyətinin bərqərar, qanunun aliliyinin təmin, vətəndaşların hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində fundamental addımlar atdı. 1995-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsi isə bu sahədə görülən tarixi iş oldu”.
Onun sözlərinə görə, hazırda Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə konsolidasiyalı demokratiyanın oturuşmasını labüdləşdirir: “Bütövlükdə, idarəçilik sisteminin təkmilləşdirilməsi, cəmiyyətin ayrı-ayrı fəaliyyət sferalarında şəffaflığın, vətəndaşla dövlətin birbaşa dialoqunun təmin edilməsi Azərbaycanın demokratik dəyərlərə nə qədər sadiq olduğunu sübut edir”.
Aydın Hüseynov onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası nəticəsində ölkəmiz demokratik tərəqqi baxımından inkişaf etmiş ölkələrin sırasında duracaq.
Nurlan QƏLƏNDƏRLİ
Paylaş:
Baxılıb: 923 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30