Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın turizm sektorunun inkişafında yeni mərhələ olacaq

Şahdağ qış-yay turizm kompleksi Azərbaycanın turizm sektorunun inkişafında yeni mərhələ olacaq

21.02.2012 [00:26]

ölkəmizin dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün güclü potensial mövcuddur
Məlum olduğu kimi, yanvarın 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclasdakı çıxışında 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirib. Qeyd olunub ki, nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaq. çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Eyni zamanda, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal işləməyin lazım olduğunu bildirən Prezident İlham Əliyev müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyub. Qeyd olunub ki, bütün proqramlar vaxtında icra edilməlidir.
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2011-ci ili bütün makroiqtisadi parametrlər üzrə dünyada yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın sürətlə inkişaf edən dövlətinə çevirib. 2011-ci il ölkəmizdə həm də “Turizm ili” kimi uğurlu olub.
Məlum olduğu kimi, respublikamızda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Digər tərəfdən, turizmi ölkəmizin qeyri-neft sektorunda prioritet sahələrdən biri hesb edən Azərbaycan dövləti bu sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Sözügedən sahənin inkişaf etdirilməsi sahəsində xüsusi dövlət proqramlarının qəbul edilməsi bunu bir daha təsdiq edir. Hələ “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində ölkəmizdə turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Həmçinin, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü tədbirlər sırasında “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişaf tempini və bir neçə böyük infrastruktur layihələrin tamamlanmasını nəzərə alaraq 2011-ci ili “Turizm ili” elan edib. ötən il “Turizm ili” çərçivəsində ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, xarici turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişafı, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, turizm informasiya şəbəkəsinin genişləndirilməsi sahəsində məqsədyönlü işlər aparılıb.
Eyni zamanda, “Turizm ili” çərçivəsində Azərbaycana səfər edənlərin sayının artırılması üçün viza sisteminin sadələşdirilməsi, hava, dəniz və quru yolu ilə beynəlxalq, o cümlədən, yerli daşımalarda turist qruplarına xüsusi tariflərin tətbiqi nəzərdə tutulub. Tədbirlər Planında turizm sahəsində fəaliyyət göstərən sahibkarlara da mühüm yer verilib. Turizm sektorunun inkişaf etdirilməsi üçün sözügedən sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara dəstək məqsədi ilə təyinatlı və güzəştli kreditlərin ayrılması, turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılması və investisiyaların cəlb olunması prioritet məsələlərdəndir.
Beləliklə də, bu sahənin inkişafı ümumi daxili məhsulda turizmin payını artırmaqla həm də investisiya axınının güclənməsini şərtləndirib. Belə ki, dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına ümumilikdə 5,9 milyard, o cümlədən, sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub.
Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilər və yol nişanlarının quraşdırılması istiqamətində də işlər görülür. Əlbəttə ki, bu tədbirlərin reallaşdırılması ölkəmizə gələn turistlərin sayının artmasına və Azərbaycanın turizm üçün çox cəlbedici ölkəyə çevrilməsinə əhəmiyyətli dərəcədə təsir edəcək. Müqayisə üçün bildirək ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı xeyli artıb. 2010-cu ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 210, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499-a çatıb. Azərbaycana gələn xarici turistlərin sayı isə 2002-ci il 576 min təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 1494725 nəfərə çatıb, daxili turizm bazarında 15 faiz artım olub.
Qeyd edək ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühiti, eləcə də, Azərbaycana yüksək maraqdan irəli gəlir. Əlbəttə, turizmin inkişafı ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edib. Bu baxımdan, respublikanın şimal-qərb bölgəsində bir sıra mühüm strateji obyektlər, beynəlxalq tələblərə cavab verən hotellər istifadəyə verilib. Məsələn, Oğuz şəhərində açılan hotel, Qax rayonunda yeni tikilmiş “El Resort” hotel kompleksi, Şəkidə “Green Hill İnn” mehmanxanası, Qəbələdəki “Qafqaz Sport Hotel”in açılışı ölkənin şimal-qərb bölgəsində turizm potensialının inkişaf etdirilməsi istiqamətində dövlətin həyata keçirdiyi islahatların uğurlu nəticəsidir. Eləcə də, tarixi-memarlıq, arxeoloji abidələr və mədəniyyət qoruqları üzrə bərpa işlərinin aparılması, müvafiq turizm infrastrukturunun yaradılması və turizm marşrutlarına daxil edilməsi prosesi həyata keçirilib.
Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Xüsusilə, şimal-qərb bölgəsinin turizm potensialının çox güclü olması ilə əlaqədar olaraq bu regionun gələcək inkişafı ilə bağlı konkret proqramlar və təkliflər irəli sürülüb. Məhz bu məqsədlə Bakıdan sərhədə qədər bütün rayonlarda - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir ki, bu proses daxili və xarici turizmin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır.
Məlumdur ki, turizm sahəsindəki ən böyük layihələr sırasında Şahdağ qış-yay turizm kompleksinin yaradılması da var. Qeyd etmək lazımdır ki, dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənəcək Şahdağ qış-yay turizm kompleksinin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılıb, 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə həmin kompleksin təməli qoyulub. Şahdağ qış-yay turizm kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə “Şahdağ” Milli Parkının ərazisində yerləşir. Tikintinin aparıldığı ərazi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Kompleksin 2058 hektar ərazisi var.
ölkəmizdə turizmin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyev bu günlərdə Qusar rayonuna səfəri çərçivəsində həmin sahədə görülən işləri yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, ölkə miqyasında qeyri-neft sektorunda ən böyük investisiya layihəsi də məhz Qusar rayonunda həyata keçirilir: “Şahdağ Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. ümid edirəm ki, bu gözəl, möhtəşəm mərkəz öz qapılarını bu ilin sonuna qədər insanların üzünə açacaqdır. Yenə də deyirəm ki, qeyri-neft sektorunda, xüsusilə, turizm sektorunda ən böyük sərmayə Azərbaycanda Qusar rayonuna qoyulur. Bu sərmayənin əsas hissəsini dövlət öz üzərinə götürmüşdür. Dövlət büdcəsi hesabına hazırda burada üç mehmanxana tikilir, istirahət zonaları, yollar salınır, bütün kommunikasiyalar çəkilir - işıq, qaz, su, kanalizasiya. Mən çox şadam ki, özəl sektor da bizim təşəbbüslərə qoşulmuşdur. özəl sektor tərəfindən də mehmanxanalar tikilməkdədir. Beləliklə, Şahdağ Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevriləcəkdir. Buraya gələcək turistlərin sayı, hesab edirəm ki, minlərlə ölçüləcəkdir”.
Kompleksin inşası bir neçə mərhələdə aparılacaq, hazırda onun tikintisindəki əsas iş infrastrukturun yaradılmasından ibarətdir. Kompleksə Qusar rayonundan 35,7 kilometr uzunluğunda orta təzyiqli qaz kəməri çəkilib. 35 kilometrlik kanalizasiya sistemi də istifadəyə hazırdır. 29 kilometr uzunluğunda fiber lifli rabitə xəttinin çəkilişi tamamlanmaq üzrədir. 32,6 kilometrlik 110 kilovoltluq elektrik xəttinin inşası davam edir. İçməli su kəmərinin və təmizləyici qurğuların inşası da başa çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, Şahdağ qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilir, körpülər salınır, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri və digər müvafiq işlər görülür. Artıq kompleksin lift bazasında tamamlama işləri aparılır. Həmin baza kompleksə 2-3 günlük istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Baza biri yeraltı olmaqla, üç mərtəbədən ibarətdir. Burada xizək avadanlığı kirayəsi bölməsi də var. Bazada Prezidentin tapşırığına əsasən uşaqların dağ-xizək idmanı ilə məşğul olmaları və əylənmələri üçün də hərtərəfli şərait yaradılıb. Həmçinin, kompleksdə turistlərin xizəklə sürüşməsi və qış istirahətini sığortalamaq məqsədi ilə süni qaryağdırma sistemi yaradılır. Bunun üçün bütün enişlərdə qar generatorları quraşdırılıb.
Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənəcək və il boyu fəaliyyət göstərəcək. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açacaq. Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdriyyəti həyata keçirir. Kompleksin inşasının növbəti mərhələlərində isə özəl sektorun da yaxından iştirakı nəzərdə tutulub.
Qusara səfəri çərçivəsində fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış olub. Qeyd edək ki, sözügedən möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı 2011-ci ilin fevralında 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib və həmin ilin sonunda bölgəyə səfəri çərçivəsində tikintinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, birinci mərhələ çərçivəsində qaz generator stansiyasının tikintisi, bütün zəruri daxili kommunikasiyalar və xarici infrastruktur üzrə də xeyli iş görülüb, Şahdağ qış-yay turizm kompleksinin ərazisində hotellər şəbəkəsi yaradılır.
Bununla yanaşı, Şahdağ qış-yay turizm kompleksinin dünya standartlarına cavab verməsinə nail olmaq, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhalinin yeni iş yerləri ilə təmin olunmasında birbaşa rol oynayacaq. Dövlət başçısı kompleksin istifadəyə verilməsindən sonra Qusar rayonunun Azərbaycanın turizm mərkəzinə çevriləcəyini deyib: “Təbii ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir. Biz bu layihəni bir neçə il bundan əvvəl başlamışdıq. Onu da demək istəyirəm ki, layihə mənim təşəbbüsümlə başlamışdır. Vaxtaşırı o tikinti ilə maraqlanıram. Bir daha demək istəyirəm ki, bu tikintini dünyanın qabaqcıl tikinti və dizayn şirkətləri aparır və ən gözəl xizək mərkəzinə çevriləcəkdir”.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli bildirib ki, qloballaşan dünyada dövlətlərin gücü və qüdrəti, iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də, turizm infrastrukturunun səviyyəsi ilə ölçülür: “Turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı, həm də, təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilib”.
Millət vəkilinin sözlərinə görə, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbulu, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir: “Turizmin inkişafı Ulu öndərimizin əsasını qoyduğu strateji siyasi kursu yeni dövrün tələblərinə uyğun davam etdirən və yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır”.
Onun sözlərinə görə, Şahdağ qış-yay turizm kompleksinin yaradılması da turizm sektorunun inkişafında xüsusi yer tutur: “Şübhəsiz, bu kompleks istifadəyə verildikdən sonra ölkəmizə əcnəbi turistlərin axını daha da artacaq”.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Azər Badamov ölkəmizdə son illərdə ümumilikdə qeyri-neft sektorunun yüksək inkişafını vurğulayıb. Onun sözlərinə görə, bu mənada turizm sahəsi xüsusi əhəmiyyətə malikdir. Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoyub: “Möhtərəm Prezidentimiz tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması bu sahənin daha yüksək sürətlə inkişafını təmin edib. Məsələn, Qusar rayonunda salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Əminəm ki, Şahdağ qış-yay turizm kompleksi dünya səviyyəli mərkəzə çevriləcək. ötən ilin fevralında kompleksdə olan möhtərəm Prezidentimiz bildirdi ki, ilk dəfə olaraq Azərbaycanda dağ xizəyi kurortu fəaliyyətə başlayır. Bu, doğrudan da böyük və tarixi hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, bu infrostrukturların böyük əksəriyyətinin regionlarda yerləşməsi paralel şəkildə regionların yüksək inkişafını təmin edir. Yəni, ölkəmizin turizm sahəsində əldə etdiyi uğurları digər müstəvilərdə qazanılan nailiyyətlərin tərkib hissəsi sayılmalıdır”.
Millət vəkili xatırladıb ki, Şahdağ qış-yay turizm kompleksinin yaradılması fonunda bir daha qeyd etmək olar ki, bu gün Azərbaycan dünyada turizm məkanı kimi şöhrət tapıb. Dövlətin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı, o cümlədən, turizmə yatırılan investisiyalar turizmin gələcək illərdə daha yüksək səviyyədə inkişaf edəcəyindən xəbər verir: “ötən il ölkəmizdə çoxsaylı hotellər, mehmanxanalar, istirahət mərkəzləri istifadəyə verilib. Bu il ölkəmizdə keçiriləcək “Eurovision” mahnı yarışması Azərbaycanın turizm imkanlarının xarici ölkələrin vətəndaşlarına nümayiş etdirilməsi üçün ən gözəl vasitədir. Mənim fikrimcə, Azərbaycan təbiətinin rəngarəngliyi, gözəl təbii şərait xarici vətəndaşların bütün mövsümlərdə ölkəmizdə istirahətinə yol açacaq. Bu isə turizmin ölkəmizin inkişafındakı payının artmasına xidmət göstərəcək. Möhtərəm Prezidentimiz 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bir daha vurğuladı ki, biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Həqiqətən də bu gün Azərbaycan gözəl, maraqlı istirahət məkanları ilə şöhrət qazanıb. İkinci bir tərəfdən, paytaxtımızda ard-arda yüksək səviyyəli turizm infrastrukturları istifadəyə verildi. Bütün bunlar kompleks şəkildə Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. İnanıram ki, gələcək illərdə turizm sahəsi Azərbaycanın qeyri-neft sektorundakı gəlir payını daha da artıracaq. çünki bunu əldə etmək üçün real imkanlar mövcuddur”.
“Şahdağ qış-yay turizm kompleksinin inşa olunması Azərbaycanın xidmət sektorunda ciddi iddialar ortaya qoyduğunu nümayiş etdirir”. Bunu isə məsələyə münasibət bildirərkən, millət vəkili Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycanda turizm sektorunun yüksək səviyyədə inkişaf etdirilməsi üçün hər bir imkan var: “İlk növbədə təbiət amili, digər tərəfdə isə maliyyə vəsaitinin mövcudluğu, həmçinin, əlverişli investisiya mühitinin olması ölkəmizdə turizmin inkişaf etdirilməsinə şərait yaradır. Bütövlükdə, Azərbaycan turizm imkanlarına görə dünyada ən qabaqcıl dövlətlərdən biridir”.
Millət vəkili söyləyib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, burada həm yay, həm də qış turizminin inkişaf etdirilməsi üçün potensial mövcuddur: “Düşürürəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə turizm sektoru da yüksək səviyyədə inkişaf edəcək və dövlətimizin qüdrətlənməsində böyük pay sahibi olacaq”.
SEVİNC
Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30