Azərbaycan-Gürcüstan münasibətləri dostluq və qardaşlıq xarakteri alıb
07.03.2012 [00:50]
Dünən Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev Gürcüstan dövlətinin başçısını Azərbaycanda bir daha salamlayıb. “Biz tez-tez həm Azərbaycanda, həm Gürcüstanda, həm də digər ölkələrdə görüşürük və müzakirələr aparırıq”, - deyən dövlətimizin başçısı bildirib ki, həmişə ikitərəfli münasibətlərin cari məsələləri ilə bağlı fikir mübadiləsinə ehtiyac var.
Görüşdə regiondakı vəziyyət və ikitərəfli layihələrlə bağlı fikir mübadiləsinin aparıldığını, ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bütün istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ölkələrimiz arasında tam anlaşmanın, əlaqələndirmənin və qarşılıqlı dəstəyin mövcud olduğunu vurğulayıb. Azərbaycan dövlətinin başçısı əmin olduğunu bildirib ki, budəfəki səfər əlaqələrimizin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcək.
“Doğrudan da hər dəfə Bakıya gəldikdə nəinki tərəqqiyə, Azərbaycanın sıçrayışlı inkişafına heyran qalırsan”, - deyən Prezident Mixeil Saakaşvili bildirib ki, o, hələ Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf yolunda olduğunu görmüşdü.
Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini deyən Gürcüstan Prezidenti bunu mütləq rekord və dünya səviyyəli nailiyyət kimi xarakterizə edib. “Bu, iqtisadi çəkisi, siyasi mövqeyi və inkişaf nümunəsi olması baxımından Azərbaycanın böyük regional lider kimi həm ölkə daxilində, həm də beynəlxalq arenada keçdiyi yolu göstərir”, - deyən Prezident Mixeil Saakaşvili Bakı ilə yanaşı, Azərbaycanın regionlarının, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafının həsəd doğurduğunu vurğulayıb. “Bu, bizi məmnun edir”, - deyən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkələrimizin əməkdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və ümumi hüququn hüquqi şəxsi - Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Gürcüstanın Milli Statistika İdarəsinin icraçı direktoru Zaza çelidze, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclər ilə iş üzrə naziri Vladimir Vardzelaşvili imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir: “Sizin səfəriniz bu əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Əlaqələrimizin tarixi də çox zəngindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və biz bu gözəl ənənələri bu gün də davan etdiririk. çox şadam ki, iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan uğurla əməkdaşlıq edir”.
“Biz bir dost, qardaş kimi buna sevinirik və əminik ki, gələcəkdə də Gürcüstanın inkişafı çox uğurlu olacaq və ölkə qarşısında duran bütün vəzifələr Sizin rəhbərliyiniz altında öz həllini tapacaqdır” - deyən, dövlət başçısı İlham Əliyev söyləyib ki, Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıb və bu gün bizim birgə təşəbbüslərimiz artıq beynəlxalq əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişib: “Bu gün bu layihələr həm ölkələrimizin inkişafına xidmət göstərir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz birgə səylərlə Avropanın enerji təhlükəsizliyini daha da böyük həcmdə təmin edəcəyik - istər neft, istərsə də qaz sahəsində. Mən çox şadam ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir”.
“Bizim aramızda dostluq, qardaşlıq münasibətləri reallıqdır. Bu, sadəcə olaraq sözlər deyil, bu, reallıqdır, bu, bugünkü günün tələbidir” - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bundan sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar. Bizim gələcəyimiz birlikdədir. Biz yalnız birlikdə istədiyimizə nail ola bilərik və ölkələr qarşısında duran vəzifələri yalnız birlikdə icra edə bilərik.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili söyləyib ki, Azərbaycan hər zaman çox yaxşı perspektivlərə malik bir ölkə olub: “Cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin regionun lideridir və həmçinin qlobal səviyyədə tanınan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda öz maraqları əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycan artıq BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür”.
“Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz. Azərbaycan bizim üçün, həmçinin digərləri üçün yaxşı bir nümunədir” - deyən Prezident Mixeil Saakaşvili söyləyib ki, əslində biz bunu adi bir hal kimi qəbul etməli deyilik: “Biz, həmçinin regionda digər hadisələri də görmüşük və hesab edirik ki, məhz bu baxımdan Azərbaycan xüsusi bir istisnadır”.
Prezident Mixeil Saakaşvili, həmçinin, reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də danışıb: “Biz böyük miqyaslı dəmir yolu layihəsini həyata keçiririk. Azərbaycan bu layihə çərçivəsində 320 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaqdır. Bu, bizi Avropaya birləşdirən birgə marşrutumuz olacaqdır. Burada yüklərin, sərnişinlərin daşınması baş tutacaqdır. Hər il iki milyon insan məhz Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan gələcək, Gürcüstan ərazisindən keçib Türkiyəyə gedəcək və beləliklə, Avropaya çıxışı əldə edəcəkdir. Nəticədə, Gürcüstan Avropa ilə münasibətlərini daha da genişləndirəcək və Azərbaycan isə buna öz töhfəsini verəcəkdir. Bu baxımdan, münasibətlərimiz qarşımıza qoyduğumuz inkişaf məqsədlərinin mühüm amilidir”.
“Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqil olması deməkdir” - deyən Prezident Mixeil Şaakaşvili söyləyib ki, biz elektrik enerjisi şirkəti yaratmaq fikrindəyik: “Bu şirkət elektrik enerjisini üçüncü ölkələrə ixrac edəcəkdir. Bu da nəticə etibarilə o deməkdir ki, biz yeni su elektrik stansiyaları tikəcəyik və Azərbaycanın vəsaitləri bir çox sahələrə sərmayə kimi yatırılacaqdır. Bu, bizim üçün, Gürcüstanda yaşayan vətəndaşlarımız üçün bir çox yeni imkanlar açacaqdır. Biz bütün bu imkanlarımızı - Gürcüstanda mövcud olan enerji sahəsindəki imkanları genişləndirmək fikrindəyik. Mən, həmçinin qeyd etmək istəyirəm ki, biz razılığa gəlmişik. Bu razılıq Poti və Kulevi arasında zavodun tikintisi ilə bağlıdır. Bu il onun tikintisi artıq başlayacaqdır və bu, bizim qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımızı nümayiş etdirən bir layihədir. Azərbaycan Gürcüstanda sərmayə yatırır və şirkətlərimiz ölkələrimizdə müvafiq iş aparırlar”.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili dünən Heydər Əliyev Fondunda olub.
Gürcüstan dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və Onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Fondla tanışlıq zamanı Gürcüstan Prezidentinə məlumat verilib ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyəsi təqdim olunub.
Prezident Mixeil Saakaşvili Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilib. “Bizim şəxsi və dövlətlərarası münasibətlərimiz gözəl tarixə malikdir və dostluğa, qardaşlığa, qarşılıqlı dəstəyə əsaslanır”, - deyən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu münasibətlərin gözəl gələcəyi var.
Prezident İlham Əliyev səfər çərçivəsində müzakirə olunan məsələlərə toxunaraq deyib ki, danışıqlarda ikitərəfli münasibətlərin gündəliyi, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Gürcüstan ilə Azərbaycan arasında münasibətlərin gələcəyi ilə bağlı tam qarşılıqlı anlaşmanın olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bu münasibətlərin möhkəm əsası vardır. Bundan əlavə, xalqlarımız arasında sıx qonşuluq tarixi mövcuddur və müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənib.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ölkələrimiz arasında mövcud münasibətlərdən danışıb, xalqlarımızın bir-birinə olan hörmət hisslərinin tarixdən qaynaqlandığını diqqətə çatdırıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Prezident Mixeil Saakaşvili onunla görüşlərini xatırlayıb.
Hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu, ölkəmizdə gedən inkişafın onu sevindirdiyini deyən Gürcüstan Prezidenti Azərbaycanın gözəl perspektivə malik ölkə olduğunu bildirib. Gürcüstan dövlətinin başçısı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin gələcək uğurlarından xəbər verdiyini deyib.
Vurğulayıb ki, Azərbaycandakı inkişaf Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29

