Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / GƏLƏCƏYƏ BAXIŞ: 2020-Cİ İLİN AZƏRBAYCANI HAQQINDA DÜŞÜNƏRKƏN

GƏLƏCƏYƏ BAXIŞ: 2020-Cİ İLİN AZƏRBAYCANI HAQQINDA DÜŞÜNƏRKƏN

07.04.2012 [22:35]

Hər kəsə bəllidir ki, müasir Azərbaycan sosial-iqtisadi, siyasi və digər sahələrdə əldə etdiyi uğurları böyük zəhmət və düşüncənin hesabına qazanıb. Totalitar siyasi sistemdən demokratik idarəçiliyə, inzibati-amirlikdən, planlı iqtisadiyyatdan, bazar qanunları idarə olunan kapitalist cəmiyyətə keçid ağrısız keçməyib.
Xaosdan sabit siyasi sistemə, iqtisadi yüksəlişə
Müstəqilliyimizin ilk illərində hakimiyyəti qəsb etmiş səriştəsiz siyasətçilər ölkənin demək olar ki, bütün sahələrində böhranlı vəziyyət yaratmışdılar. Bu dövrdə sosial bölmədə vəziyyət daha acınacaqlı idi. ölkədə kompleks islahatlara başlamaq, xarici dövlətlərlə əlaqələr yaradaraq siyasi-hərbi gərginliyi azaltmaq, iqtisadi vəziyyəti normal inkişaf məcrasına yönəltmək üçün qətiyyətli idarəetmə qabiliyyəti olan Liderə ehtiyac var idi. çökmüş iqtisadiyyatı bərpa etmək, xaos və böhranı aradan qaldırmaq, siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi olduqca vacib idi. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi nəticəsində 1993-cü ildə müşahidə olunan böhranı aradan qaldırmaq mümkün oldu. Bu tarixi hadisədən sonra Azərbaycanın inkişafında dinamizm dərinləşdi və dünya iqtisadiyyatına inteqrasiya olunan respublikamızın bölgədə nüfuzu möhkəmləndi. Ulu öndər iqtisadiyyatı dağıdılmış respublikada köklü islahatlar aparmaqla iqtisadi-sosial vəziyyətin dəyişməsinə nail oldu.
Ulu öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı və quruculuq, inkişaf dövrü başlandı. Həmin dövrdə iqtisadi resursların olmaması, dövlət büdcəsinin məhdudluğu, sosial imkanların yox dərəcədə olması, xəzinənin iqtisadi layihələri və maliyyə öhdəliklərini həll etmək üçün çatmaması, ümumilikdə, iqtisadi-siyasi vasitələrə çatmağa mane olurdu. Həmin dövrün sosial-iqtisadi mənzərəsinə nəzər saldıqda ölkədəki böhran tendensiyasının kəskin və kataklizm həddinə çatmasını görmək olar. Belə ki, 1992-1993-cü illərdə iqtisadiyyatda tənəzzül o həddə çatmışdı ki, pul kütləsi bazardakı qiymətlərin artımı fonunda dəyər funksiyasına malik deyildi. ölkə üzrə orta pensiya məbləği təxminən 5 dollara, orta maaş həddi 20 dollara bərabər idi. İnflyasiya hiperinflyasiya həddinə çataraq 1600 faizə yaxınlaşmışdı. Belə vəziyyətdə əhalinin çox cüzi şəkildə artan gəlirləri inflyasiyanın yeminə çevrilməklə yoxsulluq kimi ciddi təhlükəyə yol açmaqda idi. Davamlı iqtisadi qərarların qəbul edilməsi nəticəsində qiymət indeksi 2-3 il ərzində aşağı salındı və inflyasiya 11-12 faiz təşkil etməyə başladı. Düşünülmüş iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 1995-ci ildə 1 trilyon 584 milyard manata çatdı. (Qiymətlər köhnə manatla göstərilir) 1997-ci ildə isə büdcə gəlirləri 2 trilyon 565 milyard dollardan çox oldu. Əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə artmağa başladı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı.
Ulu öndər Heydər Əliyevin diqqət verdiyi başlıca sahələrdən biri sosial siyasətin həyata keçirilməsi nəticəsində uğurlu sosial müdafiə sisteminə nail olmaqdan ibarət idi. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün ilk növbədə, əmək haqlarının və pensiyaların artırılması, aztəminatlı ailələrə verilən müavinətlərin məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin gücləndirilməsi nəzərdə tutulan hədəflərə nail olmağa imkan verdi. Ulu öndərin əlverişli investisiya mühitinin təmin olunması ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizin regionda sərmayələrin yatırıldığı əhəmiyyətli dövlət kimi mövqeyinin artmasına gətirib çıxardı. Həmin dövrlərdə ölkəyə investisiya qoyuluşları da yox səviyyəsində idi, Azərbaycanın bir neçə beynəlxalq maliyyə təşkilatı və xarici kredit qurumları ilə əməkdaşlığa dair saziş imzalamasına baxmayaraq, respublikamıza sərmayə və yaxud kredit verən yox idi. 1993-cü ildə ölkəyə kredit qoyuluşları köhnə manatla 7 milyard manat idisə, 1994-cü ildə bu rəqəm 20 dəfə artaraq 140, 1995-ci ildə 270 milyard manata çatdı. Bu siyasət respublikamızın nüfuzunu artırmaqla bərabər, Azərbaycana investisiya qoymaq istəyən xarici iş adamlarının fəallığını artırmış oldu. ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət kursu tərəfdaş dövlətlərlə iqtisadi münasibətlərin də başlıca prioritetlərini təşkil edirdi. Xarici iqtisadi siyasət məzmun və xarakterinə görə hər bir ölkə ilə qarşılıqlı əməkdaşlıq mühitində bir-birinə bərabər hüquqlar və hörmət əsasında yardım etməkdən, sıx tərəfdaşlığa nail olmaqdan ibarət idi. Təbii ki, burada başlıca məqsəd respublikamızın milli mənafelərinin qorunması və tərəflər arasında səmimi əlaqələrin qurulmasına hesablanmışdı. Azərbaycanın xarici iqtisadi siyasətinin istiqamətləri də məhz bu prinsipləri əhatə edirdi və bu xətt indi davam etdirilən siyasətin baza sütunudur.
Bu, Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin təməlini qoymaqla bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq etmiş oldu. Respublikamız MDB-də ilk dəfə olaraq iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesini həyata keçirib. 1994-1995-ci illərdə sonrakı inkişaf mərhələsində nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Bu tarixi dövrü sabitləşmə dövrü kimi səciyyələndirmək mümkündür. 1996-cı ildən etibarən isə dirçəliş dövrü başlayıb. 1996-1998-ci illərdə əhəmiyyətli dövlət proqramlarının, makroiqtisadi sabitliyi təmin edən layihələrin icrası bu inkişafa yeni çalarlar əlavə etdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sabitlik və inkişaf strategiyası yeni əsrin başlanğıcında respublikamızın dünya miqyasında rolunun və əhəmiyyətinin güclənməsinə impuls vermiş oldu. Heydər Əliyevin gərgin şəraitdə dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalaması, ardınca 1997-ci ilin noyabrında “çıraq” yatağından ilk ixrac neftinin hasilatına başlanması və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsi Azərbaycanın region üçün aparıcı dövlətə çevrilməsini şərtləndirmiş oldu.
İndiki zamanda Avropa dövlətləri və qonşu ölkələrlə münasibətlərin qarşılıqlı səmərəli əməkdaşlıq və mehriban qonşuluq əlaqələri şəraitində inkişaf etdirilməsi də Ulu öndərin müəyyən etdiyi strategiyanın davamı olmaqla yanaşı, bu strategiyanın nə dərəcədə uğurlu və effektiv olmasını təsdiqləyir. ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, sosial, ictimai, mədəni inkişafla bağlı hazırladığı konsepsiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin mahir idarəçilik qabiliyyəti isə Azərbaycanın inkişafında yeni mərhələ açıb.
Yeni dövrün yeni lideri: modernləşən Azərbaycan
Bu bir faktdır ki, Prezident İlham Əliyevin rəhbərliyilə ölkənin hərtərəfli inkişafını nəzərdə tutan islahatların uğurla həyata keçirilməsi nəticəsində müsbət nailiyyətlər əldə olunub. Siyasi-hüquqi və sosial-iqtisadi reformaların paralel və məqsədyönlü şəkildə reallaşdırılması ilə Azərbaycanda makroiqtisadi sabitliyə nail olunub, yoxsulluğun səviyyəsi xeyli dərəcədə aşağı salınıb və insanların maddi rifah halı yüksəlib. Bununla yanaşı, innovativ iqtisadiyyata doğru irəliləməkdə olan Azərbaycanda sərbəst bazar iqtisadiyyatı institutları formalaşıb, ölkədə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb, müxtəlif təşəbbüslərlə çıxış edən xırda və orta sahibkarlar sinfi meydana gəlib. Eyni zamanda, dövlət idarəçiliyi sistemi müasir meyarlara uyğun yenidən qurulub, sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən təşkil olunub, yeni sığorta-pensiya sistemi fəaliyyətə başlayıb, ünvanlı yardım, sosial müavinətlər sistemi təsbit olunub və inkişaf etdirilib. Həmçinin, qeyri-neft sektorunun sürətli inkişafı sayəsində yeni istehsal sahələri açılıb, yeni iş yerləri yaradılıb, istehsal, nəqliyyat və kommunal infrastruktur misli görünməmiş miqyasda inkişaf etdirilib, müasir sosial infrastruktur müəssisələri yaradılıb, eyni zamanda, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil edib. Sadalanan uğurlar bir daha nümayiş etdirir ki, Azərbaycan cəmiyyəti daha önəmli sosial-iqtisadi inkişaf pilləsinə yüksəlir.
Həm daxili, həm də xarici siyasətdə əhəmiyyətli nailiyyətlərə imza atan Azərbaycanın uğurlarını artıq bütün dünya müşahidə edir. Bu mənada bir sıra tanınmış ekspertlər Azərbaycanı dünyanın ən etibarlı tərəfdaş dövləti kimi, güclü iqtisadiyyata, böyük maliyyə rezervlərinə, sarsılmaz orduya və əlverişli geosiyasi mövqeyə malik ölkə kimi qəbul edirlər. Statistika ilə göstərsək, Azərbaycan bu gün region iqtisadiyyatının 80 faizə, maliyyə kütləsinin isə 90 faizə qədərini əlində cəmləşdirib.
Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq “BBB-” investisiya reytinqi səviyyəsinə çatdırıb, reytinq üzrə proqnozunu isə “sabit” saxlayıb. “Fitch Ratings” və “Moody’s” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olub. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olub. Eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ən ciddi meyarlar - adambaşına düşən ümumi daxili məhsulun məbləği və İnsan İnkişafı İndeksi baxımından da ölkəmiz artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasındadır.
Bütün bunlar o deməkdir ki, Azərbaycan artıq keçid dövrünü yaşayan postsovet ölkəsi deyil, əksinə, bazar iqtisadiyyatı prinsiplərini özündə ehtiva edən, innovativ iqtisadiyyata doğru irəliləyən müasir dövlətdir. Əlbəttə ki, bu amillər Azərbaycanın dünyada analoqu olmayan inkişaf yolu keçdiyini şərtləndirir. Bu yüksək uğurları qiymətləndirən Prezident İlham Əliyev çıxışlarında bildirib ki, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir.
Keçid dövrünü başa vuraraq, inkişafın yeni mərhələsinə doğru
Artıq 60-a yaxın dövlət proqramının, strategiya və konsepsiyanın fəaliyyətdə olduğu Azərbaycan inkişafının yeni mərhələsini yaşayır. Bu mərhələdə isə dövlətin qarşısında inkişafın keyfiyyətcə üstün mərhələsinə adlamaq üçün sosio-mədəni modernləşmədən, siyasi-iqtisadi və strateji sahələr üzrə müasirləşməyə qədər mühüm vəzifələr dayanır. Bu mərhələnin əsas hədəfi isə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Məhz, Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə Prezident İlham Əliyev 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasını məqsədəuyğun hesab edib və ötən ilin noyabr ayının 29-da sənədin hazırlanması barədə Sərəncam imzalayıb.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətini şərh edən akademik Ramiz Mehdiyev bildirib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır: “Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır”.
ötən il dekabr ayının 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən “dəyirmi masa”da Azərbaycanın gələcək on il ərzində qarşısında duran əsas hədəflərin istiqamətləri kimi,
- dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması;
- siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi;
- iqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;
- iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;
- mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi;
- Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması;
- sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;
- Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması;
- bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s. müəyyənləşdirilib.
Görünən odur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr arasına daxil etməkdir. Əsas məqsəd kimi, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması olan sənəd ölkəmizin demokratik dövlət kimi, hərtərəfli şəkildə modernləşməsini nəzərdə tutur. Sənədin icra olunması nəticəsində Azərbaycanda iqtisadi inkişaf, sosial rihaf, siyasi institutlaşma proosesləri daha üstün səviyyəyə addımlayacaq.
Əlbəttə ki, Azərbaycanın da inkişaf etmiş ölkələr (İEö) sırasına düşməsi üçün lazım olan bütün faktorlar və şərait bu gün mövcuddur. İlk növbədə iqtisadiyyatın daha sürətli inkişaf etdirilməsi üçün insan potensialı və kapital var. Azərbaycanın böyük əksəriyyətinin iş və intellektual qabiliyyətli olan insan potensialı kəmiyyət və keyfiyyət baxımından, nəinki, Cənubi Qafqaz regionunda, hətta, dünyanın çoxlu sayda dövlətlərindən irəlidə olması, ölkəmizin İEö sırasına daxil olmaq şanslarını daha da artırır. Elmin və təhsilin inkişaf etdirilməsi ilə elmtutumlu iş sferalarının, bilik iqtisadiyyatının formalaşdırılması, müxtəlif peşə sahələrinin yaradılması, eyni zamanda, intensiv istehsalı həyata keçirən sənaye obyektlərinin işə salınması və s. Azərbaycanın postsənaye erasına daxil olmasını labüdləşdirəcək.
Gələcək 10 il ərzində qeyri-neft sektorunun inkişafı hesabına daha çox yeni müəssisələrin və iş yerlərinin açılması, maaş və pensiyaların artırılması, yoxsulluğun və işsizliyin minimal həddə çatdırılması, yekun olaraq, cəmiyyətin rombvari inkişafının təmin edilməsilə, orta təbəqənin sosial-iqtisadi və ictimai-siyasi proseslərdə iştirak payının daha da yüksəldilməsi həyata keçiriləcək.
Digər tərəfdən, siyasi-hüquqi islahatların sistemli şəkildə həyata keçirilməsi müasir standartlara cavab verən idarəçilik modelinin formalaşdırılmasını və siyasi institutlaşmanın modern cəmiyyətlərin tələblərinə uyğun aparılmasını şərtləndirəcək.
Şahin MƏMMƏDOV
Ağcabədi RİH-nin başçısı, YAP Siyasi Şurasının üzvü
Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30