Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan-ABŞ münasibətləri ciddi siyasi, iqtisadi, hüquqi, demokratik əsaslara söykənir

Azərbaycan-ABŞ münasibətləri ciddi siyasi, iqtisadi, hüquqi, demokratik əsaslara söykənir

08.06.2012 [22:40]

Dövlət katibi Hillari Klintonun respublikamıza səfəri iki ölkə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha təsdiqlədi
ABŞ-ın dövlət katibi Hillari Klintonun iyunun 6-da Azərbaycana gəlişi iki ölkə arasındakı əlaqələrin hazırkı səviyyəsinin dəyərləndirilməsi, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi, strateji tərəfdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsinin aparılması baxımından əlamətdar olub. Xanım Klintonun Bakıda keçirdiyi görüşlər və səsləndirdiyi bəyanatlar ABŞ-ın Azərbaycanın regiondakı roluna verdiyi önəmi bir daha göstərdi.
İkitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir
Məlum olduğu kimi, Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Xanım Klintonun səfəri zamanı səsləndirilən fikirlər bunu bir daha təsdiq etdi. Dövlət katibi ilə görüşdə Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunaraq ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
ABŞ-ın dövlət katibi Hillari Klinton isə Prezident İlham Əliyevin NATO-nun çikaqo sammitində iştirakının önəmini xüsusi qeyd edib. O, həmçinin, ölkəsinin Azərbaycan ilə sıx strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edərək Azərbaycanın regionda mühüm rolunu vurğulayıb.
ümumiyyətlə, Azərbaycanın xarici siyasətində ölkənin strateji rolu, regiondakı və dünyadakı proseslərə təsir imkanları daim nəzərə alınır. Bu səbəbdəndir ki, ABŞ Azərbaycanı özünün Cənubi Qafqazdakı tərəfdaşı hesab edir. Təsadüfi deyil ki, H.Klinton Azərbaycanın təhlükəsizlik sahəsindəki beynəlxalq fəaliyyətini, Əfqanıstanda həyata keçirilən missiyaya yardımını Bakıda növbəti dəfə dilə gətirib.
Digər bir məsələ isə ABŞ-ın Azərbaycandakı səfiri postuna kimin təyin ediləcəyi ilə bağlıdır. Bildiyimiz kimi, keçmiş səfir Metyu Brayza fəaliyyət müddətinin başa çatması ilə əlaqədar 2011-ci il dekabrın sonunda ölkəsinə qayıdıb. ABŞ səfirliyinin nümayəndələri ilə söhbətində yeni səfirin təyinatına toxunan H.Klinton bu məsələnin tezliklə həll olacağına ümidini ifadə edib: “ümid edirəm ki, biz yeni səfiri tezliklə bura göndərə biləcəyik. Onun namizədliyi gələn həftə müzakirə ediləcək”.
ABŞ enerji sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır
H.Klintonun Bakıya səfəri zamanı diqqəti cəlb edən məqamlardan biri ABŞ rəsmisinin iki ölkə arasında enerji və ümumiyyətlə, iqtisadi sahədəki əməkdaşlığa böyük önəm verməsi idi. Belə ki, xanım Klinton birgünlük səfəri zamanı Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi ilə tanış olub. O, həmçinin, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) üzvləri ilə görüşərək ABŞ hökumətinin qurumun fəaliyyətini daim dəstəklədiyini qeyd edib.
Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında H.Klinton enerji üzrə əməkdaşlığın ikitərəfli münasibətlərdə prioritetlərdən biri olaraq qaldığını vurğulayıb: “ABŞ qlobal enerji təhlükəsizliyində və “Cənub qaz” dəhlizi layihəsinin reallaşmasında Azərbaycanın mühüm rolundan razıdır”.
Xatırladaq ki, Ulu öndərin əsasını qoyduğu Azərbaycanın neft strategiyasının uğurla gerçəkləşməsində ölkəmizin ABŞ şirkətləri ilə əməkdaşlığının rolu danılmazdır. BTC və BTƏ layihələrinin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edib. Bu əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin iqtisadi maraqlarına cavab verir.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli səylərini davam etdirəcək
ABŞ dövlət katibinin Bakıdakı görüşlərində diqqət mərkəzində olan mövzulardan biri, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub. Son günlərdə cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibətini bildirən dövlət katibi insidentləri pisləyərək hərbçilərin ölümünün onu kədərləndirdiyini bildirib. Münaqişənin həllinə gəlincə, H.Klinton problemin sülh yolu ilə Helsinki Yekun Aktının prinsipləri əsasında nizamlanmasına tərəfdar olduğunu vurğulayıb.
Helsinki Yekun Aktının başlıca prinsipləri ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsi hüququdur. Rəsmi Bakının da mövqeyi Dağlıq Qarabağ əhalisinin müqəddəratının həllinə məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nail olmaqdır. Xatırladaq ki, bundan bir gün öncə, Ermənistanda səfərdə olarkən H.Klinton münaqişənin həllində Helsinki Yekun Aktının prinsipləri ilə yanaşı, Madrid təklifinin də nəzərə alınmasının vacibliyini qeyd etmişdi. Məlumdur ki, işğalçı Ermənistandan fərqli olaraq, həmsədrlərin irəli sürdüyü sonuncu Madrid təklifi Azərbaycan tərəfindən qəbul olunub.
Xanım Klinton iyunun 18-də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünə toxunaraq orada yeni yanaşma tərzlərinin müzakirə ediləcəyini bildirib. “Münaqişənin həllinin vaxtı çoxdan keçib. Hər iki prezidentə söz vermişəm ki, münaqişənin həlli üçün əlimdən gələni edəcəm” - deyə, dövlət katibi bildirib.
Göründüyü kimi, münaqişənin həllində rəsmi Vaşinqtonun mövqeyi Bakının mövqeyi ilə uzlaşır və Azərbaycan ictimaiyyəti haqlı olaraq Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-ın bu istiqamətdə səylərini daha da artıracağına ümid edir.
“Azərbaycanda güclü vətəndaş cəmiyyəti mövcuddur”
Azərbaycana səfəri zamanı H.Klinton ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri ilə görüşüb. Bu görüş ABŞ-ın Azərbaycanla münasibətdə təhlükəsizlik, enerji məsələləri ilə yanaşı demokratiya dəyərlərinə də önəm verdiyini göstərir. Görüş barədə yayılan məlumatlardan görünür ki, dövlət katibi Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesini yüksək qiymətləndirib. Belə ki, görüşdə iştirak etmiş İqtisadi və Sosial İslahatlar Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, xanım Klinton Azərbaycanda güclü vətəndaş cəmiyyətinin olduğunu bildirib, bundan məmnunluğunu ifadə edib.
Görüşdə, həmçinin, Azərbaycanın 2011-ci ildə qoşulduğu açıq büdcə üzrə tərəfdaşlığın əldə etdiyi uğurlar müzakirə olunub, ölkədə son illərdə şəffaflıq və hökumət açıqlığı, QHT-lərin rolunun artırılması sahəsində qazanılan nailiyyətlər qeyd olunub. H.Klinton Azərbaycanda elektron hökumətin fəaliyyətə başlaması ilə bağlı aparılan işlərdən məmnun olduğunu bildirib. Dövlət katibi qeyd edib ki, elektron hökumətin qurulması təkcə korrupsiyaya qarşı mübarizə üçün deyil, cəmiyyətin inkişafı üçün də vacibdir. O, Azərbaycanın ümumdünya Ticarət Təşkilatına qəbul olunması üçün bir sıra dövlətlərlə danışıqlar aparılmasının zərurliyini qeyd edib. Bütövlükdə, xanım Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından məmnunluğunu bildirərək vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif sektorlarda fəaliyyət göstərməsini müsbət qiymətləndirib. Göründüyü kimi, vətəndaş cəmiyyəti quruculuğu yolunda irəliləyən Azərbaycandakı uğurlar demokratiya dəyərlərinə önəm verən ABŞ rəsmisinin diqqətindən yayınmayıb.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 911 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30