Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nümunəvi platforma

Nümunəvi platforma

05.04.2025 [07:27]

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət uralarının Bakıda keçirilən iclasları Azərbaycanın qlobal enerji ailəsində artan nüfuzunu nümayiş etdirir

Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin açılış mərasiminə qatılması və çıxışı qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla, tədbirin xüsusi yüksək statusunu artırır. Hər iki tədbirdə dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı isə dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir.

İclas açılış sessiyasından sonra nazirlər sessiyası “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam edib. Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə İkinci Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa da keçirilib.

Əməkdaşlığın yeni yol xəritəsi

Enerji iclaslarında müvafiq dövlət qurumlarının və müxtəlif ölkələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirməsi, faydalı müzakirələr aparması əməkdaşlığın yeni yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələrinin əhəmiyyətli təklifləri isə dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

“Yaşıl enerji” ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması Azərbaycanın bərpa olunan enerji sektoruna marağı əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və digər ölkələrin  sənaye və qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında yer alması “yaşıl enerji”nin aktual və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir.

Enerji diplomatiyasının uğuru - Cənub Qaz Dəhlizi

Azərbaycan hazırda neft resursları ilə yanaşı, qaz tədarükü sayəsində Avropanın və digər region ölkələrinin etibarlı sadiq tərəfdaşına çevrilib.

Qaz nəqlinin ana arteriyası olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. 2020-ci ilin dekabrından nəql ötürücülüyünü həyata keçirən Cənub Qaz Dəhlizinin sonuncu hissəsi - Transadriatik Qaz Kəməri (TAP) ilə təkcə Avropanın 10-dan çox ölkəsinə yanacaq ixrac edilir.

Hazırda illik 25 milyard kubmetr qaz nəql edən Azərbaycanın yaxın 5 il ərzində hasilatı və ixracı 20 faiz artıraraq ixracın həcmini 30-31 milyard kubmetrə qədər çatdırması proqnozlaşdırılır. Həmin qazın 20 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu nikbin proqnozlar Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) bir neçə ay əvvəl açıqladığı hesabatda da öz əksini tapıb. Həmin pronozlara əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artacaq və 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı və nəqli 40 faiz çoxalacaq. Nəticədə Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd kubmetri də ötmüş olacaq. Həmçinin, Avropa İttifaqı ölkələrinə Azərbaycanın enerji resursları ilə yanaşı, digər Xəzəryanı ölkələrin də yanacaq ehtiyatlarının cəlb olunması nəzərdə tutulur. Hazırda Aİ-nin enerji məsələləri üzrə nümayəndə heyəti ilə digər türk dövlətlərinin - Türkmənistan, Özbəkistan və Qazaxıstanla yanacağın Cənub Qaz Dəhlizinə ötürülməsi istiqamətində aktiv danışıqlar aparılmaqdadır. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişlənməsini təmin edəcək.

“Yaşıl enerji”də yeni başlanğıc

Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. “Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir.

Respublikamızın digər bölgələrində də Günəş və külək enerjisi ehtiyatlarının həcmi ümidvericidir. Quruda külək və günəş enerjisi üzrə resursların həcminin təxminən 40 QVt olduğu ehtimal edilir. Xəzər dənizində qiymətləndirilən 157 QVt gücündə külək və Günəş enerjisinin Azərbaycana aid payı isə bu ehtiyatların ən azı 30 faizinə bərabərdir.

Azərbaycanın elektrik enerjisi istehsalında “yaşıl enerji”nin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. 2030-cu ilədək ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir ki, bərpa olunan enerjinin üçqat artırılması digər hədəf olan ixrac üçün strateji əhəmiyyət daşıyır. Belə ki, istehsal edilən “yaşıl enerji”nin böyük bir hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldildikdən sonra, qalan hissəsi xaricə ixrac olunacaq. Bu məqsədlə “Xəzər-Qara dəniz-Avropa” dəhlizi infrastrukturu yaradılmaqdadır. Bu, “yaşıl” dəhlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək.

Beləliklə, ölkəmizin bu mötəbər tədbirlərə ev sahibliyi qlobal enerji ailəsini bir araya gətirərək enerjinin şaxələnməsi, “təmiz enerji” və “yaşıl hidrogen” təşəbbüslərini genişlənməsi istiqamətində əlavə fürsətlər yaradacaq.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 240 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30