Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda bank sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycanda bank sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub

12.02.2014 [09:20]

Prezident İlham Əliyev: Azərbaycanda son illərdə bank sektoru da sürətlə inkişaf etmişdir. Bizim banklarımız böyüdü, gücləndi
Dünya iqtisadiyyatında artım templərinin səngiməsi, Avropada borc böhranı, maliyyə bazarlarında qeyri-müəyyənliklərin, qlobal risklərin artması şəraitində Azərbaycan bank sistemi də öz dayanıqlığını qoruyub saxlayıb. Bank-maliyyə sektoru uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası, həmçinin, böhranqabağı preventiv idarəetmə və “maliyyə immunizasiyası” tədbirləri nəticəsində 2008-ci ildən başlayan qlobal böhranla qarşıdurmada kifayət qədər dayanıqlılıq nümayiş etdirərək öz müvazinətini itirmədi. Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın bank sektorunda hər hansı iflas və xüsusi gərginlik halı qeydə alınmadı, sektor öz ölçülərini və sabitliyini qorudu. Əlverişli makroiqtisadi dinamikası, bank sektorunun dayanıqlığı beynəlxalq reytinq agentliklərinin Azərbaycan bankları ilə bağlı proqnozlarının yaxşılaşdırılmasına şərait yaratdı. Təsadüfi deyil ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev də ölkəmizdə bank sektorunun son illərdə sürətlə inkişaf etdiyini deyib: “Azərbaycanda son illərdə bank sektoru da sürətlə inkişaf etmişdir. Bizim banklarımız böyüdü, gücləndi”.
Təbii ki, ölkə iqtisadiyyatının inkişafı həm də əhalinin pul gəlirlərinin artması ilə müşahidə olunmaqdadır. Pul vəsaiti artdıqca onun necə yerləşdirilməsi məsələsi gündəmə gəlir. Əhalinin banklara qoyduğu vəsaitlərin həcminin artması ümumi iqtisadi inkişaf göstəriciləri, inflyasiyanın aşağı səviyyədə olması, Mərkəzi Bankın ölkədə həyata keçirdiyi pul siyasəti, milli valyutanın sabit və dayanıqlı olması kimi amillərlə əlaqəlidir. İlk növbədə, böhranla əlaqədar dünyanın əksər bankları ciddi problemlərlə üzləşsə də, ölkəmizdəki banklar vəziyyətdən uğurla çıxa biliblər.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın iqtisadi məsələlər komissiyasının sədr müavini, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, ölkəmizdə bankların nüfuzunun və onlara inamın artması üçün ən böyük addımı dövlət atıb: “Əmanətlərin dövlət tərəfindən sığortalanması bu mənada mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, bank sektoruna əmanət qoyuluşunu stimullaşdırmaq və əhalinin etibarını artırmaq məqsədilə, 2007-ci ildə əmanətlərin sığortalanması sistemi yaradılıb. Artıq 2009-cu ildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlərin məbləği 6 dəfə artırılaraq 30 min manata çatdırılıb. Bankların verdiyi kreditlərin tərkibinə nəzər salsaq görərik ki, istehlak kreditləri üstünlük təşkil edir. Bu səbəbdən də bu gün kreditlərin istehsal sahələrinə yatırılmasına diqqət artırılmalıdır. Nəticədə istehsal sahələri fəaliyyətə başlayacaq və həm banklar, həm də sahibkarlar gəlir əldə edəcəklər”.
Onun sözlərinə görə, qlobal maliyyə böhranı dövründə belə, Azərbaycanda bank sektorunda böhran hiss olunmadı: “Bu isə, Azərbaycanda bank sistemində aparılan siyasətin uğurlu olduğunu göstərir. Bildiyimiz kimi, Azərbaycanın maliyyə imkanları genişlənib. Strateji valyuta ehtiyatlarımız 50 milyard dollara yaxındır. Eyni zamanda, qeyd etməliyəm ki, gələcək illər üçün Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və onun ÜDM-də payının artırılması nəzərdə tutulur. Əlbəttə ki, ölkədə iqtisadi inkişaf sürətləndikcə, maliyyə imkanları genişləndikcə, bu, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən subyektlərin də əsaslı inkişafını təmin edir. Əhalinin maddi rifah halının yaxşılaşması, gəlirlərin artması bankların fəaliyyətinə də əhəmiyyətli töfhələr verir”.
YAP Siyasi Şurasının üzvü A.Hüseynov qeyd edib ki, hazırda Azərbaycanda 44 bank fəaliyyət göstərir. Bu bankların balansında 20,4 milyard manat aktivləri, 15 milyar manatdan da çox kredit portfeli var: “Bankların verdiyi kreditlərin tərkibinə nəzər salsaq görərik ki, istehlak kreditləri üstünlük təşkil edir. Xüsusilə son illərdə avtomobil almaq üçün banklara kredit müraciəti edənlərin sayı artıb. Amma nəzərə almaq lazımdır ki, avtomobil krediti daha çox idxala yönələn kreditdir. Yəni bu zaman ölkənin valyutası kənara gedir. Əlbəttə ki, geridönümlüyü olan, vətəndaşın rifah halının yaxşılaşmasına birbaşa xidmət edən kredit və sərmayə qoyuluşları daha məqbuldur”.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan bank sektoru qlobal maliyyə böhranı dövründə MDB-də heç bir bankının müflis olmadığı yeganə ölkədir. Ekspertin sözlərinə görə, Rusiya da daxil olmaqla, böhran dövründə MDB ölkələrində bir sıra bankların müflisləşməsi müşahidə olunub: “Lakin Azərbaycan bankları bu qlobal böhrandan üzüağ çıxa bildi. Bankların inkişafında əlamətdar hallardan biri budur ki, onlara inam artıb. Təbii ki, bu özünü daha çox depozitlərin artımında göstərir. Belə ki, əmanətlərin miqdarı 6,3 milyon manata çatıb. İllik hesabla bu artım tempi 15 faiz təşkil edir”.
V.Bayramov deyib ki, digər mühüm cəhət milli valyuta olan manata inamın artmasıdır ki, bu gün depozitlərin əhəmiyyətli hissəsinin 70 faizi manatla qoyulur.
Ekspert kredit faizlərinin yüksək olması haqqında iddialara da toxunaraq bildirib ki, kredit faizlərinin yüksək olmasının banklardan asılı və asılı olamayan tərəfləri var: “Banklarda kredit faizlərinin yüksək olmasının səbəbi ondan ibarətdir ki, depozitlər üzrə faiz dərəcəsi yüksəkdir. Azərbaycanda əmanətlər üzrə orta faiz dərəcəsi təxminən 10-12 faizdir. Yəni kommersiya bankları əmanətləri vətəndaşlara həmin faizlə verirlər. Kommersiya bankı vətəndaşdan 12 faizlə əmanət cəlb edirsə təbii ki, gəlirini və digər əməliyyatlarını nəzərə alsaq, o krediti 16 faizdən aşağı verməyəcək. Avropa ölkələrində bu göstərici 5 faiz və ya aşağıdır. Lakin həmin ölkələrdə vətəndaşlara ən yaxşı halda illik 3 faiz dividend ödənilir. Orta illik dividend 2,5 faizdir. Yəni, həmin ölkələrdə kredit faizləri ilə yanaşı, depozitlər də aşağıdır. Kredit faizlərinin aşağı salınması üçün depozit faizlərinin aşağı salınmasına ehtiyac var. Əgər, bank vətəndaşdan pulu baha alırsa krediti də baha verəcək”.
V.Bayramov deyib ki, Azərbaycanda sektorlar üzrə mənfəət normasının yüksək olması da faizlərə təsir göstərən səbəblərdən biridir. Elə sektorlar var ki, orada sahibkarların mənfəət norması 40 faizdir. Mənfəət normasının yüksək olması artıq kommersiya banklarının daha yüksək faizlə kredit verməsinə gətirib çıxarır: “Əgər sahibkar məhz əhalinin gəlirlərinin artması, ölkə iqtisadiyyatının inkişafı səbəbindən il ərzində 40 faiz mənfəət normasına malik olursa, o, artıq kommersiya bankından 20 faizlik krediti ala biləcək. Çünki ən azından 20 faizlik gəliri var. Digər səbəb, kommersiya banklarının xaricdən cəlb etdiyi vəsaitlərin nisbətən baha olmasıdır. Amma bu gün müsbət tendensiya ondan ibarətdir ki, kredit faizlərində azalmalar müşahidə olunur. Bu, həm biznes kreditlərində, həm də istehlak kreditlərində özünü göstərir. 2013-cü ildə biznes və istehlak kreditlərinin faiz dərəcələri orta hesabla 3-4 faiz intervalında aşağı düşüb. 2014-cü ildə də faiz dərəcələrinin aşağı düşməsi Mərkəzi Bank tərəfindən əsas hədəf kimi müəyyənləşdirilib”.
SEVİNC

Paylaş:
Baxılıb: 1291 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30