Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il keçir

Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il keçir

23.08.2017 [10:05]

2016-cı ilin aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cocuq Mərcanlı kəndinin bərpası ilə işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdışın başlanğıcı qoyuldu
Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 24 ili tamam olur. Bu rayonların işğalı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüz siyasətinin tərkib hissəsidir. Hər iki rayon strateji əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın gözəl guşələridir.
Məlumat üçün bildirək ki, Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayonun əsası 1827-ci ildə qoyulub və ilkin adı Qarabulaq olub. Rayon 8 avqust 1930-cu ildə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılıb. İşğala qədər Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfər olub. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub.
Eyni zamanda, işğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonunun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal - Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyəti olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarlayıb.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirib əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Eyni zamanda, işğaldan azad olunmuş ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər. Hazırda rayon ərazisinin 682 kvadratkilometri işğal altındadır.
Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu da 1993-cü il avqustun 23-də işğal edilib. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülüb. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilib. Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb, işğaldan əvvəl ərazisi 1050 kv.km, 23 inzibati ərazi nümayəndəliyi olmaqla 1 şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olub.
İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kino qurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer-mama məntəqəsi xidmət göstərirdi. Əsas məşğuliyyət isə əkinçilik və maldarlıq olub.
1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət Cəbrayıldan da yan ötməyib. Belə ki, 1990-cı ildən 1993-cü il avqustun 23-nə kimi rayon camaatı köməksiz şəkildə erməni silahlıları ilə üz-üzə durmaq məcburiyyətində qalmışdı. İşğal edilmiş digər ərazilər kimi Cəbrayıl rayonu da həmin illərdə böyük köməyə ehtiyac duyurdu. AXC-”Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi cəbrayıllıları da Allahın ümidinə qoymuşdu. Rayon əhalisindən döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hazırda rayon əhalisi respublikanın 56 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhalinin böyük bir qismi Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə, bundan başqa, Abşeron rayonunda, Sumqayıt şəhərində, Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbələrdə, digər şəhər və rayonlarda yaşayır.
Vurğulamaq lazımdır ki, 1994-cü ildə Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ilin aprelindən sonra ikinci həyatını yaşamağa başladı. Daha dəqiq desək, buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması üçün əlverişli şərait yarandı. Bu məsələdə Prezident İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin mühüm mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməkdədir. Qeyd edək ki, bu il iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfər edib. Səfər çərçivəsində ölkə Prezidenti kənddə tikilən məktəb binası və məscidlə tanış olub, eləcə də Cocuq Mərcanlıya çəkilmiş yolun da açılışını edib. Bundan başqa, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.
Böyük qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
Füzuli və Cəbrayıl sakinləri, bütövlükdə xalqımız əmindir ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.
PƏRVİZ

Paylaş:
Baxılıb: 844 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30