Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında mülkiyyət plüralizmi əsas meyar idi
30.05.2018 [17:45]
AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikası iqtisadi cəhətdən tam müstəqil dövlətdir
Ötən əsrin ilk iyirmi ili bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi, Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr idi ki, çar Rusiyasının süqutunun ardından "xalqlar həbsxanası" sayılan böyük bir imperiyanın təsirində olan millətlər öz müstəqillikləri uğrunda mübarizəyə qalxır, istiqlaliyyətlərini bəyan edirdilər.
Həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət kimi yaşamağa hazır Azərbaycanda da istiqlaliyyətlə bağlı fəaliyyətə başlanıldı. Zaqafqaziya Seyminin dağılmasının ardından 1918-ci il mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını elan etdi. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən şəxslər Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir.
Vurğulamaq yerinə düşər ki, bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa zaman kəsiyində – 23 ayda bir sıra mühüm addımları və qərarları ilə yaddaşlara həkk olundu. Məsələn Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası idi. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına, milli mənlik şüurunun inkişafına böyük təsir göstərdi. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı, milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk müstəqil addımlar atıldı.
Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür". AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və "burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır" (mənbə – AXC ensiklopediyası, I cild). Respublikanın yaratdığı iqtisadi qanunvericiliyə görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə "dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər", həmçinin "dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr" daxil edilirdi.
Vurğulanmalıdır ki, AXC-nin aqrar proqramı da mütləq şəkildə iqtisadi fikir baxımından maraq daşıyırdı. Bu proqramın əsasını aqrar islahatı haqqında "Müsavat" fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın (mənbə – AXC ensiklopediyası, II cild).
"Müsavat" fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi (mənbə – AXC ensiklopediyası, II cild).
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar – "Bakı bonları" buraxıldı (o vaxtadək "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.
Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı (mənbə – AXC ensiklopediyası, II cild).
Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edildi. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla ilə isə xaricə pambıq, ipək, yun, metal, mal-qara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu (mənbə – AXC ensiklopediyası, II cild ). Digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyi nəzdində "Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi" təsis edildi. Azərbaycana lazım olan malların xarici ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və neft məhsullarının isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə "Əmtəə mübadiləsi komitəsi" məşğul olurdu. Komitədə əmtəə mallarının Azərbaycandan ixracı və Azərbaycana idxalı ilə bağlı ərizələrə baxılır və müvafiq qərarlar qəbul edilirdi. "Əmtəə mübadiləsi üzrə komitə"nin tərkibinə bir sıra hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən Ticarət, Sənaye və Ərzaq Nazirliyi; Maliyyə Nazirliyi; Əkinçilik və Dövlət Əmlakı; Rabitə Yolları; Dövlət Nəzarəti nazirliklərinin, eləcə də Neft Sənayeçilərinin Qurultay Şurasının və Bakı Şəhər İdarəsinin nümayəndələri də daxil edilmişdilər.
Bəli, qısa zaman kəsiyində mühüm qərarlara imza atan AXC-nin süqutu, Azərbaycanın işğal edilməsi bütün sahələrdə olduğu kimi, iqtisadi inkişafımızda da böyük izlər buraxdı. 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda 1993-cü ildən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət kursu AXC-nin yarımçıq qalmış arzularının gerçəkləşməsinə yol açdı. Bu gün suveren, iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan AXC-nin layiqli varisidir. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, Xalq Cümhuriyyətinin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsınlar və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi: "Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək".
Dövlət başçısı nitqində onu da qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir – Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır: "Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni əgər dünyanın iqtisadi xəritəsinə baxsaq, görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır".
Pərviz SADAYOĞLU
“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

