Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində əvəzolunmaz layihədir

Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində əvəzolunmaz layihədir

01.06.2018 [08:50]

Prezident İlham Əliyev: Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir
Zəngin təbii sərvətlərindən, insan resurslarından səmərəli istifadə edərək, tarixən formalaşan ənənələrindən bəhrələnərək getdikcə öz qüdrətini, iqtisadi potensialını daha da artıran, eyni zamanda, beynəlxalq miqyasda nüfuzlu siyasi aktora çevrilən Azərbaycan böyük işlər görməyə qadir ölkədir. İndiyədək respublikamızın moderatorluğu ilə regional və qlobal əhəmiyyətli bir sıra enerji və nəqliyyat layihələri uğurla tamamlanıb. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji, həmçinin Bakı-Tbilisi-Qars nəqliyyat layihələri bu qəbildəndir. Azərbaycan dövlətinin siyasi iradəsi, təşəbbüsləri və liderlik mövqeyi qeyd olunan layihələrin ərsəyə gəlməsində həlledici amil olmuşdur.
Bu günlərdə isə Azərbaycanın təşəbbüsü ilə icra edilən daha bir önəmli transmilli layihənin - respublikamızın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılması məqsədilə yaradılan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. İlk dəfə idi ki, Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq tələb edən layihəyə start verirdi. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində yeni enerji ixracı marşrutunun fəaliyyətə başlamasını tarixi hadisə kimi səciyyələndirib: “2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da, böyük və tarixi hadisədir”.
Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişən nəhəng infrastruktur layihəsidir
Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Mübaliğəsiz demək mümkündür ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq.
Bu günlərdə rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi dörd seqmentdən ibarətdir. Bura “Şahdəniz 2”, Cənubi Qafqaz qaz boru kəməri, Türkiyə ərazisindən keçən TANAP, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP seqmentləri daxildir. Bütün istiqamətlər üzrə nəzərdə tutulan işlər cədvəl üzrə yüksək səviyyədə yerinə yetirilir. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP-ın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.
Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə böyük həcmlərdə sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini Avropanın nəhəng infrastruktur layihəsi kimi səciyyələndirərək deyib: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri, əminəm ki, bunu təsdiqləyəcək”.
Azərbaycanın müasir çağırışlar və reallıqlar nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Biz yuxarıda ölkəmizin fəal iştirakı ilə inşa edilən neft-qaz boru kəmərləri barədə söhbət açdıq. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Eyni zamanda, mənbələrin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq. Prezident İlham Əliyev deyilənlər baxımından Cənub Qaz Dəhlizinin əvəzolunmaz layihə olduğuna diqqət çəkərək bildirib: “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir”.
Yeni ixrac dəhlizi on illər boyu ölkəmizə fayda gətirəcək
Son 15 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox azdır. Bəhs olunan dövrdə respublikamızda ümumi daxili məhsul üç dəfədən çox artıb, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə yönəldilib. Hazırda ölkəmiz 44 milyard həcmində strateji valyuta ehtiyatlarına malikdir. Respublikamızın xarici dövlət borcu çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə ölkənin xarici borcundan 4-5 dəfə çoxdur. Yəni Azərbaycan elə ölkədir ki, istənilən vaxtda bütün xarici borclarını rahatlıqla ödəyə bilər. Ölkədə davamlı inkişaf məsələləri, o cümlədən işsizliyin və yoxsulluğun azaldılması diqqət mərkəzində saxlanılır. Qlobal reytinq agentliklərinin hesabatlarında da göstərildiyi kimi, Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Bunun təsdiqi olaraq vurğulayaq ki, son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Nüfuzlu Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə də etiraf olunan uğurlarının səbəblərinə diqqət çəkib. “Davos Forumunun hesablamalarına əsasən, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir”, - deyə dövlət başçısı vurğulayıb.
Eyni zamanda, Cənub Qaz Dəhlizinin rəsmi açılışı ölkəmizin inkişafına yeni töhfələr verəcək. Dəhlizin istismarı onilliklər ərzində ölkəmizə, xalqımıza böyük fayda gətirəcək. İstehlakçıları şaxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək və respublikamızın siyasi nüfuzu daha da artacaq. Bütövlükdə Cənub Qaz Dəhlizi regional və qlobal miqyasda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsində öz müsbət rolunu oynayacaq.
Zəngin “Şahdəniz” yatağının səmərəli işlənməsi məqsədilə yaradılan infrastruktur, yeni qaz dəhlizləri, eyni zamanda, əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, qonşu dövlətlər də ölkəmizin fəal dəstəyi ilə yaradılan yeni dəhlizdən özlərinin enerji resurslarını istehlakçılara nəql etmək üçün bəhrələnə bilərlər ki, bunun da sayəsində Azərbaycanın regional və qlobal əməkdaşlıqda rolu daha da güclənəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 799 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30