Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın kimya sənayesi öz yüksəliş dövrünü yaşayır

Azərbaycanın kimya sənayesi öz yüksəliş dövrünü yaşayır

23.01.2010 [03:28]

“Azərkimya” Dövlət Şirkəti ölkəmizin inkişafına yeni-yeni töhfələr bəxş etməkdədir
Azərbaycanda kimya sənayesinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Azərbaycanda kimya sənayesinin yaranma tarixi XIX əsrin 70-ci illərinə təsadüf etsə də, onun əsas inkişaf dövrü ötən əsrin 50-60-cı illərinə, yenidən qurulub-genişləndirilərək, daha yüksək istehsal səviyyəsinə çatdırılması, güclü bir sənaye sahəsinə çevrilməsi isə 70-80-ci - xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. 1938-ci ildə Sumqayıt şəhərinin indiki ərazisində Sintetik kauçuk, Kimya zavodlarının tikintisinə başlanılıb. Böyük Vətən müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərinə ara verilib, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri - Kimya, Boru Prokat, Sintetik kauçuk, Alüminium, Superfosfat zavodları istifadəyə verilib. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.
Hələ Sovet İttifaqı zamanında aqrar ölkə sayılan Azərbaycanın sənayeləşdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bununla yanaşı, əsası 1969-cu ildən qoyulan siyasət nəticəsində bu gün bütün dünyada enerji təhlükəsizliyinə öz töhfəsini verən ölkə kimi tanınan Azərbaycan Respublikası yüksək iqtisadi inkişaf trayektoriyası əldə edib. Bunda da məhz ümummilli lider Heydər Əliyevin siyasi kursu təməl rolunu oynayıb. Ulu öndər Heydər Əliyev kimya sahəsinin inkişafı üçün böyük zəmin yaratdı və bu amala yetməyin yeganə yolunu ölkə iqtisadiyyatının, o cümlədən, kimya və neft-kimya sənayesinin dinamik və kompleks inkişafına nail olmaqda görürdü. Məhz Ulu öndərin təşəbbüsü və qətiyyəti sayəsində respublikamızın bir sıra kimya müəssisələrində - indiki Səthi aktiv maddələr, “üzvi sintez” və “Sintezkauçuk” zavodlarında genişmiqyaslı yenidənqurma işləri aparıldı, o dövrün texniki tələblərinə uyğun yüksək məhsuldarlığa malik texnoloji avadanlıqların quraşdırılmasına nail olundu.
Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və kimya sənayesinin inkişafına xüsusi diqqət və qayğısının nəticəsi olaraq 1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft emalı zavodlarının karbohidrogen xammalından istifadə olunması nəzərdə tutulurdu. Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi. Məhz EP-300 qurğusunun sayəsində Etilen-polietilen zavodu hal-hazırda dünya bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir və bu gün həmin qurğu respublikamızda kimya kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır.
Qeyd etmək lazımdır ki, həmin dövrdə respublika rəhbərinin təşəbbüsü ilə EP-300-lə eyni vaxtda onun bir növ texnoloji davamı olan, polietilen istehsalı üçün nəzərdə tutulmuş “Polimir-120” kompleksinin də əsası qoyulub. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib idi ki, əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə respublikanın neft emalı zavodlarında istehsal olunan karbohidrogen məhsulları idi. Ulu öndər artıq XXI əsrin əvvəllərində-ölkəmizin müstəqillik əldə etdiyi, lakin sənaye sahələrinin, o cümlədən, kimya sənayesinin kəskin enerji böhranı ilə üzləşdiyi ağır bir dövrdə daha bir nəhəng kompleksin - unikal Buxar-generator qurğusunun Yaponiyadan dövlət zəmanəti üzrə kreditlə alınaraq, onun inşasını qısa bir müddət ərzində reallığa çevirə bildi. Məhz uzaq perspektiv nəzərə alınmaqla inşa olunmuş həmin komplekslərin sayəsində bu gün “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin ahəngdar işi, 8000-dən artıq kimyaçının iş yerlərinin qorunub-saxlanması təmin olundu.
Kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludurlar, onların vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki, onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 faizdən də çoxdur. ümummilli lider Heydər Əliyev bu problemin də aradan qaldırılmasında mühüm bir addım atdı. Kimya müəssisələrinin gələcək ahəngdar fəaliyyəti üçün müstəqil bir istilik-elektrik mərkəzinin yaradılması vacib olduğu bir anda ümummilli liderimiz Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə ölkə kimyasının gələcək inkişafına, onun perspektiv yüksəlişinə mühüm əhəmiyyət verərək, Azərbaycanın kimya sənayesi üçün belə bir enerji kompleksinin yaradılmasına öz xeyir-duasını verdi və 2001-ci ilin iyulunda bu unikal enerji mənbəyi Ulu öndərin bilavasitə iştirakı ilə təntənəli mərasimlə istismara buraxıldı.
Bununla da kimya sənayesinin ahəngdar işləməsi, respublikada neft məhsullarının emal həcminin genişləndirilməsi, Etilen-polietilen zavodunda istehsal olunan və şirkətin digər müəssisələrində xammal kimi istifadə edilən məhsulların maya dəyərinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi, istehsal həcminin artırılması hesabına həmin müəssisələrin səmərəli fəaliyyəti və inkişafı tənzimləndi. Həm EP zavodunda, həm də digər müəssisələrimizdə beynəlxalq standartlara uyğun, rəqabətə davamlı kimya məhsullarının istehsalı və həmin məhsulların dünya bazarına çıxarılaraq, özünə geniş alıcı auditoriyası qazanması üçün əlverişli şərait yarandı. Ən vacibi odur ki, BGK-nin sayəsində bu gün həm Etilen-polietilen zavodunun, həm də digər müəssisələrin - “Sintezkauçuk”, “üzvi sintez” və Səthi aktiv maddələr zavodlarının daha ahəngdar işi təmin edilib.
Dövlətin uğurlu iqtisadi siyasəti nəticəsində strateji sahə olaraq kimya sənayesi yüksək göstəricilər əldə edib
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev hər sahədə olduğu kimi, kimya sənayesinin inkişafı üzrə də Ulu öndərimizin iqtisadi siyasətini çox böyük uğurla davam etdirir, ölkəmizin bu çətin və mürəkkəb sənayesinin gələcəkdə daha yüksək sürətlə və geniş inkişafına, dünyanın kimya bazarında öz möhkəm yerini tutmasına, iqtisadiyyatımızın güclənməsində rolunun daha da artması üçün mümkün olan maksimum əlverişli şərait yaradılmasına, bu sahənin daha böyük texniki tərəqqisinə nail olmaq üçün daim xüsusi diqqət və qayğı göstərir. Son illərdə kimya müəssisələrinin müxtəlif xammal və enerjidaşıyıcılarla tam və etibarlı təminatı ölkə rəhbərinin kimya sənayesinə mühüm əhəmiyyət verməsinin danılmaz təsdiqidir.
“Azərkimya” Dövlət Şirkətinin tərkibində olan müəssisələr son illərdə məhsul istehsalının həcminin və keyfiyyətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə edib. Bu isə şirkətin dünya bazarında özünə layiq yer tutmasına zəmin yaradıb. Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirti, propilen oksidi, propilenqlikol, müxtəlif markalı poliefirlər, BDF (butilen-divinil fraksiyası), kaustik soda və xlor, texniki sulfat turşusu və s. istehsal olunur ki, onların da müəyyən hissəsi daxili tələbat üçün, böyük əksəriyyəti isə yaxın və uzaq xarici ölkələrə ixrac üçün nəzərdə tutulub. Etilen-polietilen zavodunda istehsal edilən yüksək təzyiqli polietilenə, “Sintezkauçuk” zavodunun qiymətli məhsulu olan mütləqləşdirilmiş izopropil spirtinə - MİPS-ə beynəlxalq bazarda olan tələbat ildən-ilə artır. Kimya müəssisələrinin digər məhsulları da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır.
Hazırda “Azərkimya” markalı kimyəvi məhsullar geniş çeşiddə və iri həcmdə dünyanın bir çox qabaqcıl ölkələrinə, o cümlədən, ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, özbəkistan və s. ölkələrə ixrac edilir. Bütün bunlar Heydər Əliyevin doğma xalqı üçün yaratdığı, bugünkü kimya və neft-kimya kompleksinin iftixar doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir. Prezident İlham Əliyevin ölkəmizin inkişafındakı müstəsna rolu kimya sənayesinin daha da önə çıxmasına imkan verib. Azərbaycan kimyaçıları da dövlətin onlara göstərdiyi bu qayğını gərgin əmək və məsuliyyətlə qarşılayırlar. 2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2 dəfədən çox artıb. Həmin dövr ərzində məhsul ixracı 3,6 dəfə artıb ki, bu da respublikaya xarici valyuta axınının ümumi həcmini xeyli artırıb.
Azərbaycan kimyaçıları son illərdə göstərilən diqqət və qayğıya cavab olaraq əmək məhsuldarlığını da əhəmiyyətli dərəcədə artırıb. Artıq bir işçiyə düşən məhsul istehsalının həcmi rekord səviyyədə-2,57 dəfə artıb. Bununla yanaşı, xammaldan, enerjidaşıyıcılarından qənaətlə istifadə etmə nəticəsində 1 manatlıq məhsul istehsalına çəkilən xərcin 109,8 (ziyan olaraq!..) qəpikdən 79,2 qəpiyə salınması (30,6 qəpik fərqlə) şirkətin ümumi əməkhaqqı fondu 2,2 dəfə, müvafiq olaraq isə kimyaçıların orta aylıq əməkhaqqı 2,5 dəfə artıb.
Əldə olunmuş uğurlarda əmək və texnoloji intizamın yüksəlməsi, kimyaçıların əzmkarlığı ilə yanaşı, iş şəraitinin yaxşılaşdırılması, hər bir işçinin sağlamlığının qorunması və istehsalat təhlükəsizliyinin təmin edilməsi istiqamətində Şirkət üzrə görülən tədbirlərin formal yox, real olmaqla daha ciddi və müntəzəm xarakter alması mühüm rol oynayır. çünki kimya müəssisələri təhlükə ehtimalının nisbətən daha çox olduğu obyektlərdir. Bu səbəbdən də Şirkət üzrə və müəssisələrdə keçirilən müşavirələrdə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi məsələləri geniş və ciddi şəkildə müzakirə olunur, əməkçilərə sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.
Dövlətin diqqəti və qayğısı qlobal maliyyə böhranının kimya sənayesinə təsirini minimal həddə endirib
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi bir sıra strateji xarakterli tədbirlərin nəticəsi olaraq Azərbaycanın bir çox sənaye sahələrində olduğu kimi, kimya və neft-kimya sənayesində də yalnız inkişaf müşahidə olunur və ölkədə qeyri-neft sektorunun inkişafı qlobal maliyyə böhranının böyük sənaye komplekslərindən yan keçməsinə zəmin yaradıb.
Dünyanın bir çox dünya ölkələrinin nüfuzlu şirkət və firmalarını, sənaye və kənd təsərrüfatını az qala iflic vəziyyətinə salmış maliyyə böhranı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin, həmçinin, kimya kompleksinin fəaliyyətinə müəyyən təsir göstərsə də, bütövlükdə müəssisələrin iş rejiminə ciddi təsir etmədi. ölkə kimyaçıları buna Ulu öndərimizin müdrik daxili və xarici siyasətinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin kimya sənayesinə, onun inkişafına göstərdiyi daimi diqqət və qayğının sayəsində nail ola biliblər. Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanda kimya və neft-kimya sahəsinin inkişafı üçün yeni və daha böyük perspektivlər açılır. Bu gün onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimyəvi məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin kimya sənayesi məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı, lider dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir. “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin istehsal etdiyi onlarla qiymətli kimya və neft-kimya məhsulları dünyanın ən qabaqcıl və yüksək inkişaf etmiş ölkələrinin nüfuzlu firma və şirkətləri tərəfindən yüksək tələbatla alınır. Şirkətin ən qiymətli və yüksək keyfiyyətə malik məhsullarına-yüksək təzyiqli polietilenə və mütləqləşdirilmiş izopropil spirtinə (MİPS) olan tələbat böyük olduğundan onların sifarişləri üzrə ən azı yarım il qabaqcadan müraciətlər daxil olur. Bu da onunla bağlıdır ki, həmin məhsullar öz keyfiyyətinə görə digər xarici ölkə müəssisələrinin məhsullarından xeyli üstündür. Bu, bütün dünya miqyasında keyfiyyətə nəzarət edən beynəlxalq assosiasiyalar tərəfindən də rəsmi olaraq təsdiqlənib. Məsələn, “Sintezkauçuk” zavodunda istehsal edilən MİPS-in keyfiyyət göstəricisi 99,99-a bərabərdir ki, bu da dünyada həmin məhsulun istehsalçısı olan firmalar arasında ən yüksək nəticədir. Buna görə də, onun potensial alıcıları həmin məhsulu məsafə baxımından özlərinə daha yaxın və Avropa Birliyinə daxil olan qonşu ölkələrdən deyil, qat-qat uzaq olan Azərbaycandan almağa üstünlük verirlər. Və bu da təsadüfi deyil ki, məhz Azərbaycan istehsalı olan MİPS onun istehsalçısı olan firma və müəssisələr arasında öz yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq qurumlar tərəfindən “Arka Avropa” qızıl mükafatına layiq görülüb. Bununla yanaşı, ötən il “üzvi sintez” zavodu Beynəlxalq Kommersiya Rəhbərləri Klubunun (Madrid) qərarı ilə “Texnologiya və keyfiyyətə görə” beynəlxalq mükafatına, bütünlükdə isə “Azərkimya” Dövlət Şirkəti Beynəlxalq İdarəetmə və Məsləhətləşmə Assosiasiyasının (Fransa) qərarı ilə “Keyfiyyət və biznes prestijinə görə” Qızıl mükafata layiq görülüb.
Ekologiyanın qorunması sənaye sahəsinin inkişafında ən mühüm amillərdəndir
“Azərkimya” müəssisələrində istehsal həcminin artırılması, alınan məhsulların keyfiyyətinin durmadan yaxşılaşdırılması ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması, ətraf mühitin-atmosferin və biosferin qorunması məsələlərinə də ciddi fikir verilir.
ölkəmizdə iqtisadiyyatımızın bütün sahələrində aparılan köklü islahatların nəticələrindən biri kimi beynəlxalq standartlara uyğun olan, “Təxirəsalınmaz Ekoloji İnvestisiyalar” layihəsi üzrə xüsusi Təhlükəli tullantılar poliqonunun tikintisi başa çatdıqdan sonra civə çöküntülü dəmir-beton konstruksiyalar Almaniya firması tərəfindən təmizlənib poliqona daşınıb.
Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il Azərbaycan Respublikasında “Ekologiya ili” elan olunub. “Azərkimya” Dövlət Şirkəti də ölkəmizdə ekologiyanın qorunmasına kompleks töhfəsini verir. Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti Şirkətin müəssisələrində yenidənqurma işlərinin aparılmasına zəmin yaradıb və müəssisələrdə artıq ekoloji cəhətdən təmizliyə riayət olunması əsas götürülür. Belə mühüm tədbirlərdən biri xlor və kaustik soda istehsalatında əsas xammal kimi istifadə olunan Türkmənistan duzunun Artyom (Ukrayna) duzu ilə əvəz edilməsidir ki, bu da xammalın sərf normasının və civə tərkibli tullantının azalmasına imkan verib. Civə ilə çirklənmiş axıntı sularının xüsusi qapalı sisteminin yaradılması isə ümumi zavod kanalizasiyasına civə və civə birləşmələrinin düşməsinin qarşısını birdəfəlik olaraq alıb. Bununla yanaşı, şəhərin bütün müəssisələrindən və kommunal təsərrüfatından qəbul olunan məişət və kimyəvi tullantı sularının mexaniki, bioloji və kimyəvi üsulla təmizlənib, dənizə axıdılması üçün nəzərdə tutulan sutəmizləyici qurğular sexi də təmir və bərpa olunub. Əhəng südü sexində sobalardan çıxan qazların tərkibində olan tozların tutulması üçün sistemə qoşulmuş siklonların, transformator yağlarının qurudulması üçün nəzərdə tutulmuş yeni qurğunun sayəsində həmin ərazidə ətraf mühitin təmizliyi artırılıb.
Kimyaçılarımız ekoloji təmizliyin və sağlamlığın qorunub-saxlanılmasında müstəsna əhəmiyyətə malik olan yaşıllıqların salınmasına və onların artırılmasına son illər xüsusi diqqət yetirirlər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”da nəzərdə tutulduğu kimi, sürüşmə ehtimalı olan zonalarda torpaqların erroziyasının qarşısının alınması üçün meşə zolaqlarının, yaşıllıqların salınmasının vacibliyi nəzərə alınaraq, kimya müəssisələrinin daxili və ətraf ərazilərində bu baxımdan genişmiqyaslı işlər görülüb və bu iş artıq daimi xarakter alıb. Bu günədək zavoddaxili və zavodlarətrafı 22 hektar ərazidə 42 mindən artıq müxtəlif ağac əkilib onların vaxtaşırı suvarılması üçün həmin ərazilərə 16680 p/m su xətti çəkilib.
Azərbaycan kimyaçıları hər zaman yeniliklərin axtarışındadır
Dünya bazarında kimya məhsullarına və onların keyfiyyətinə, texniki göstəricilərinə tələbatın gündən-günə artması “Azərkimya” Dövlət Şirkətini texniki yaradıcılıq səylərini səfərbərliyə almağa, dünya miqyasında istehsalına ehtiyacın xüsusilə yüksək olduğu yeni növ kimyəvi məhsulların alınması üçün müasir tələblərə cavab verə bilən yüksək məhsuldarlıq, iqtisadi və ekoloji cəhətdən sərfəli olan texnologiyaların tətbiqinə nail olmağa sövq edir.
Bu məqsədlə son zamanlar Şirkətdə çalışan alim və mütəxəssislərin birgə səyi ilə ciddi və gərgin texniki yaradıcılıq axtarışları aparılır. Və bu zaman xüsusi olaraq respublikamızın zəngin karbohidrogen ehtiyatlarından, həmçinin, Şirkətin mövcud istehsalat sahələrində buraxılan məhsul və yarımfabrikatlardan istifadə edilməsi, son, hazır məhsul alınması prinsipi əsas götürülür. Yüksək keyfiyyətli son məhsulun geniş həcmdə istehsalına nail olunması üçün hazırda dünyanın ən müasir kimya kompleksləri və avadanlıqları üzrə ixtisaslaşmış bir çox aparıcı və nüfuzlu firmalara məxsus texnologiyalar öyrənilir.
ölkəmizdə yeni neft-kimya və kimya sənayesinin yaradılması ona görə zəruridir ki, istehsalatlarda əmələ gələn yan məhsullar və tullantılar, eləcə də, ekoloji tarazlığa zərbə vuran çoxsaylı müxtəlif sənaye tullantıları və bəzi maddələrin utilləşdirilməsi yalnız yeni yaradılacaq neft-kimya və kimya kompleksinin, əsasən qapalı və tullantısız texnoloji proseslərin qurulması ilə həyata keçirilə bilər. Bu da öz növbəsində həm iqtisadi, həm də ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir.
Bütün dünyada ərzaq məhsullarına tələbatın artdığı bir zamanda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün azot gübrələri istehsalının təşkil edilməsinin mühüm əhəmiyyəti olacaq. Yeni kimya kompleksinin yaradılması nəinki ölkəmizin azot gübrələrinə olan tələbatını ödəyəcək, eləcə də, region dövlətlərinə kübrə ixracının həyata keçirilməsinə imkan verəcək.
çox yaxın gələcəkdə Azərbaycanın yeni və daha müasir tələblərə cavab verən, ən qabaqcıl texnologiyanın tətbiq olunacağı, ekoloji və iqtisadi cəhətdən böyük üstünlüklərə malik neft-kimya kompleksinin istifadəyə verilməsi ilə ölkəmiz daha bir iqtisadi sıçrayışa nail olacaq, minlərlə yeni iş yerləri açılacaq, xalqımızın sosial-iqtisadi həyatında müsbət dəyişikliyə doğru yeni bir addım atılacaq, firavan yaşayış təmin ediləcək.
Bu gün ölkə iqtisadiyyatının inkişafında və ixrac potensialının artmasında mühüm rol oynayan “Azərkimya” Dövlət Şirkətində istehsalat sahələrinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və məhsulların keyfiyyətinin dünya standartlarına çatdırılması sahəsində aparılan məqsədyönlü tədbirlər onun sabahkı güclü və sürətli inkişafı üçün real zəmin yaradır.
Azərbaycan Respublikası Prezidentinin neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi və istehsalatda ən müasir texnologiyaların tətbiqi ilə bağlı tapşırıqlarına uyğun olaraq “Azərkimya” Dövlət Şirkətinin Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə kompleksinin yaradılması sahəsində apardığı işlər bu gün dünyanın bir çox aparıcı neft-kimya şirkətlərinin diqqət mərkəzindədir. İnşasının yaxın dövrdə başlanılması nəzərdə tutulan yeni neft-kimya kompleksinin Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanaraq, başa çatdırılması istiqamətində son illər Şirkət rəhbərliyi tərəfindən real nəticələrə nail olunmaqla intensiv iş aparılır. Son 2 il ərzində yeni komplekslə bağlı müvafiq sənədlər bütün prosedur qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl şirkətləri ilə birlikdə hazırlanıb və beynəlxalq banklar və investorlar tərəfindən qəbul edilib.
Bu işlərin ilk mərhələsində “Technip” firması tərəfindən yalnız respublikamızın müxtəlif daxili xammal ehtiyatları bazası əsasında yeni neft-kimya kompleksinin prinsipial konsepsiyası hazırlanıb. 2-ci mərhələ “Nexant” firması tərəfindən yeni neft-kimya və gübrə kompleksləri üçün Texniki-İqtisadi Əsaslandırma sənədlərinin hazırlanması ilə bağlıdır. Bu mərhələdə maliyyə məsləhətçisinin iştirakı ilə “Societe Generale” bankı ilə və hüquq məsləhətçisinin iştirakçısı ilə “White & Case” firması ilə birgə layihənin mümkün olan maliyyə mənbələrinin analizi ilə kommersiya və korporativ strukturu üzərində iş aparılıb.
Xüsusilə qeyd etmək lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində ən müasir və ən yüksək texnologiyalar tətbiq edilən dünya səviyyəli bir layihədir. Layihədə “Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell” (Hollandiya), “Uhde” (“Thysenn Krupp”-Almaniya), “Technip” (Fransa), KBR (İngiltərə) firmalarının müasir texnologiyalarının tətbiqi nəzərdə tutulub və əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu dünya səviyyəli transmilli firma və şirkətlər kimya və neft-kimya məhsullarının, xüsusilə də poliefirlər, gübrə və digər üzvi sintez məhsullarının istehsalı üzrə dünya liderləridirlər.
Heç şübhəsiz ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizdə neft-kimya sənayesinin də dinamik inkişafı üçün böyük perspektivlər açıb. Möhkəm özülə malik bu strategiya Prezident İlham Əliyevin xüsusi səyi və diqqəti nəticəsində Azərbaycan kimya sənayesinin yüksək templi inkişafının əsasını təşkil edir.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1863 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30