Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ortaq maraqlar, ortaq sərmayələr

Ortaq maraqlar, ortaq sərmayələr

23.09.2022 [10:20]

Birgə Türk İnvestisiya Fondu yaradılır

Mübariz ABDULLAYEV

Son illərdə böyük coğrafiyanı əhatə edən Türkdilli dövlətlər arasında inteqrasiya müxtəlif istiqamətlərdə genişlənməkdədir. Bütövlükdə Türk Dövlətləri Təşkilatında (TDT) yer alan ölkələri bir araya gətirən və onlar arasında əlaqələrin uzunömürlülüyünü şərtləndirən amillər kifayət qədər çoxdur. Bunların sırasında tarixdən gələn bir sıra ənənələr, milli-mənəvi dəyərlərlə yanaşı, iqtisadi prioritetləri də xüsusi qeyd edə bilərik. Dünyada gedən geosiyasi proseslər eyni köklərə malik Türkdilli dövlətlər arasında iqtisadi inteqrasiyanın vacibliyini önə çıxardıb. Artıq ortaq Türk İnvestisiya Fondunun yaradılması da reallığa çevrilməkdədir.

Böyük iqtisadi potensial

Ortaq Türk İnvestisiya Fondunun yaradılması, ilk növbədə, TDT-də təmsil olunan dövlətlərin siyasi iradəsinə və iqtisadi potensialına əsaslanır. Hazırda Türkdilli dövlətlərin yaxınlaşmasına, qüvvələrini birləşdirmələrinə tarixdə heç vaxt olmadığı qədər böyük imkanlar yaranıb. Yaxşı haldır ki, qurumda təmsil olunan dövlətlərin hamısı bu tarixi şansı dəyərləndirərək onun reallığa çevrilməsini istəyirlər. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Eyni zamanda, təşkilatın sıraları genişlənib. Qurumun adının dəyişdirilməsi və sıralarının genişlənməsi üzv ölkələr arasında inteqrasiya imkanlarını daha da genişləndirib.

Avrasiyada böyük coğrafiyada yerləşən Türkdilli dövlətlər iqtisadi resurslarla zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Verilən məlumatlara görə, Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu, kifayət qədər böyük həcmdir.

Vurğulamaq yerinə düşər ki, indiyədək TDT-də təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. 2009-cu ilin 3 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük səyləri ilə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.

Azərbaycanın qurumda təmsil olunan üzv dövlətlərlə həm siyasi, həm də iqtisadi sahədə əlaqələri kifayət qədər yüksək səviyyədədir. Azərbaycan-Türkiyə əlaqələri digər Türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.

Azərbaycanın Türk dünyasının nüfuzlu dövlətlərindən olan Qazaxıstanla əlaqələri də intensiv səciyyə daşıyır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir. 

Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb ki, onların da böyük bir qismi iqtisadi sektora aiddir. Cari ilin avqustunda Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası baş tutdu. İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur. Bunlardan 35-i Azərbaycan, 24-ü Qazaxıstan şirkətləridir. Gələcəkdə bu şirkətlərin sayının daha da artacağı gözlənilir.

Eyni zamanda, Azərbaycan, Türkiyə və Qazaxıstanın iştirakı ilə üçtərəfli platforma formalaşıb. Bir qədər bundan əvvəl ölkəmizin təşəbbüsü ilə Bakıda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə yaranan yeni geosiyasi reallıqlar və müasir çağırışlar kontekstində aktual müzakirələr aparılıb və yekun olaraq Bakı Bəyannaməsi imzalanıb.

 Azərbaycanla Özbəkistan arasında mövcud olan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı şəkildə genişlənir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi son 5 ildə 6 dəfə, birgə müəssisələrin sayı isə 4 dəfə artıb. Ötən il ticarət dövriyyəsi 12 milyon dollar təşkil edib və 2020-ci illə müqayisədə 35,98 faiz artıb. Həmçinin idxalın həcmində 32,48 faiz, ixracın həcmində isə 44,95 faiz artım olub. Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatov bildirib ki, Özbəkistanda Azərbaycan kapitallı 234 şirkət fəaliyyət göstərir. Onların çoxu turizm, kənd təsərrüfatı və digər xidmət sahələrində çalışır. Özbəkistan şirkətləri də respublikamızda fəaliyyətlərini genişləndirirlər. İki ölkənin qarşılıqlı investisiya qoyuluşu hesabına reallaşdırılan uğurlu layihələr sırasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək mümkündür. Nəqliyyat sektoru iki dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əməkdaşlığın yeni bir istiqamətini isə enerji sektoru təşkil edir. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində hər iki tərəfdən çoxlu sayda iş adamının qatıldığı biznes forum keçirilib və 20-yə yaxın sənəd imzalanıb. İmzalanan investisiya sazişlərinin və ticarət müqavilələrinin ümumi dəyəri yarım milyard dollardan yuxarıdır. Bu sənədlərin sırasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur.

Azərbaycanla Qırğızıstan arasında da iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. 2022-ci il 20 aprel tarixində Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar. Bütövlükdə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində 10 sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm hüquqi əsaslar yaradır.

Birgə investisiyalar hansı istiqamətlərə yönəldiləcək?

İndiyədək ortaq Türk İnvestisiya Fondunun yaradılması istiqamətində önəmli addımlar atılıb. O cümlədən “Türk İnvestisiya Fondunun yaradılması Saziş”i layihəsi bir neçə mərhələdə üzv dövlətlərin təmsilçilərinin iştirakı ilə müzakirə olunub. Bu barədə, həmçinin bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda bir sıra fikirlər səsləndirilib.

Yaradılması son mərhələdə olan ortaq Türk İnvestisiya Fondunun vəsaitlərinin müxtəlif mənbələrdən formalaşacağı bildirilir. İlkin mərhələdə fondun kapitalının üzv ölkələrin ayıracağı vəsaitlər hesabına formalaşacağı daha real görünür. Sonrakı mərhələlərdə isə bura beynəlxalq maliyyə qurumlarının, fondların vəsaitlərinin cəlb olunması da mümkündür.

Vəsaitlərin hansı istiqamətlərə yönəldiləcəyinə gəldikdə isə, prioritetlər kifayət qədər çoxdur. TDT-nin baş katibi Bağdad Amreyev Şuşada baş tutan tədbirdə bildirib ki, Türkdilli ölkələrin Birgə İnvestisiya Fondunun yaradılması işləri yekunlaşmaq üzrədir: “Noyabrda türkdilli ölkələrin növbəti sammitində prezidentlər səviyyəsində bu fondun rəsmi açılışı olacaq. Fond daha çox orta və kiçik sahibkarlığın təşviqini nəzərdə tutur. Eyni zamanda, fond böyük infrastruktur layihələrini maliyyələşdirəcək”.

Ortaq Türk İnvestisiya Fondunun fəaliyyətinin səmərəliliyini təmin etmək üçün üzv dövlətlər tərəfindən bir sıra güzəştlər də nəzərdə tutulur. Bura fəaliyyətlərin əlaqələndirilməsi, gömrük keçidlərinin sadələşdirilməsi, layihələrin icrası zamanı vergilərdə müəyyən güzəştlərin edilməsi və s. daxildir.

Əsas prioritetlərdən biri - işğaldan azad olunmuş ərazilərin bərpası

Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, TDT Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərin bərpasına öz töhfəsini vermək niyyətini ifadə edib. Müharibənin başa çatmasından ötən iki ilə yaxın dövrdə respublikamız bəhs olunan ərazilərə Böyük Qayıdışı layiqli şəkildə təmin etməkdən ötrü orada böyük həcmli işlərə başlayıb. İnfrastruktur quruculuğu, yaşayış məntəqələrinin bərpası üzrə bir sıra layihələrin icrası tamamlanıb, digərlərinin icrası isə davam etdirilir. Dost ölkələrdən olan şirkətlər layihələrin həyata keçirilməsində podratçı qismində iştirak edirlər. Proseslərə, həmçinin Türkdilli ölkələr də qoşulurlar. Qardaş Türkiyə işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə lap əvvəldən qoşulub və öz fəallığını getdikcə artırır. Qeyd etmək yerinə düşər ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş ərazilərdə bir neçə infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində Prezident İlham Əliyevlə birlikdə iştirak edib. Bu sırada Füzulidə istifadəyə verilən beynəlxalq səviyyəli hava limanı da var. Qardaş ölkənin dövlət başçısının, həmçinin yaxın vaxtlarda Zəngilanda istifadəyə veriləcək növbəti beynəlxalq hava limanının da açılışına qatılacağı gözlənilir. Qeyd edək ki, bu mühüm infrastruktur obyekti Şərqi Zəngəzurda yaradılan ilk hava qapısıdır.

Dost Özbəkistan bu ölkənin dövlət başçısının təşəbbüsü əsasında Füzuli şəhərində məktəb tikmək istəyini ifadə edib. Artıq layihənin icrasına start verilib. Növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan dost ölkədən gələn bu təşəbbüsü yüksək dəyərləndirib. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirdiyi kimi, bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Oxşar təşəbbüslə, həmçinin dost Qazaxıstanın dövlət başçısı çıxış edib. Bu ölkə Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa etmək niyyətindədir. Layihə avqustun 24-də Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı təqdim edilib.

Onu da qeyd edək ki, Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsi dövründə də Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Bundan sonra Türkdilli dövlətlərin işğaldan azad edilmiş ərazilərin bərpasına dəstəyi daha sistemli və daha geniş miqyasda həyata keçiriləcək. Bunu diqqətə çatdıran TDT-nin baş katibi Bağdad Amreyev “Əsas prioritetlərdən biri Qarabağ regionu olacaq və bizim iş adamlarımız bu sərmayə fondundan faydalana biləcəklər”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30