Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanın artan rolu

Azərbaycanın artan rolu

26.10.2022 [10:19]

Avropanın mavi yanacaq təchizatında

MÜBARİZ

Rusiya ilə Ukrayna arasında yaşanan məlum gərginlik fonunda qlobal miqyasda bir sıra dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu dəyişikliklər sırasında Avropa İttifaqı (Aİ) məkanının enerji xəritəsinin yenilənməsi xüsusilə diqqət çəkir. Artıq xeyli müddətdir ki, Aİ özünün enerji təhlükəsizliyini, o cümlədən də mavi yanacağa olan tələbatını alternativ mənbələrdən təmin etmək üçün müxtəlif çalışmalar həyata keçirir. Aİ rəsmisinin bu günlərdə verdiyi açıqlamaya əsasən, qoca qitənin mavi yanacaq təchizatını yeni mənbələr hesabına təmin etmək istiqamətində axtarışları nəticəsiz qalmayıb.

 Rusiyadan azalan ixrac həcmləri

Verilən məlumatlara görə, qoca qitənin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir. Məlum gərginliklər başlayanadək bu həcmin təxminən 40 faizi Rusiyadan idxal hesabına ödənilirdi. Avropanın enerji təchizatı xəritəsinin yenilənməsi zərurəti Qərbdən Rusiyaya qarşı gələn sanksiyalar fonunda gündəmə gəlib. ABŞ başda olmaqla, kollektiv Qərb koalisiyası şimal qonşumuza qarşı əhatə dairəsi kifayət qədər geniş olan sanksiyalar tətbiq edir. Bir neçə mərhələdə tətbiq olunan bu sanksiyalar müxtəlif qadağalarla yanaşı, həm də Rusiyadan Aİ məkanına enerji məhsullarının idxalının məhdudlaşdırılmasını hədəfləyib. Şimal qonşumuza yönəlik sanksiyalar mavi yanacaq təchizatına aid olmasa da, Rusiya Qərbdən gələn qadağalara cavab olaraq, “dost olmayan ölkələrə” satılan mavi yanacağın dəyərinin rublla ödənilməsi tələbini şərt kimi irəli sürdü. Bir qədər bundan əvvəl isə, “Şimal axını-1”lə qoca qitəyə qaz ixracı tamamilə dayandırıldı. Bu, texniki səbəblərlə izah olunsa da, siyasi məqsədlər ortadadır. Rusiya Avropanın sanksiyalarına mavi yanacaq açarlarını bağlamaqla cavab verir. Rusiyanın dövlət başçısı V.Putin birmənalı şəkildə bəyan edib ki, qoca qitə üzümüzə gələn qışda onun ölkəsindən qaz almayacaq. Xatırladaq ki, məlum münaqişə başlayanadək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixracını həyata keçirirdi. İndi bu həcm əhəmiyyətli dərəcədə - 7 faizədək azalıb. Avropaya qaz ixracının məhdudlaşdırılması Rusiyaya məxsus “Qazprom” şirkətinin istehsal və ixrac göstəricilərinin aşağı düşməsində də özünü büruzə verir. Şirkət cari ilin doqquz ayında qaz hasilatını 17,1% azaldaraq, 313,3 milyard kubmetrə endirib. Bildirilir ki, cari ildə xarici bazarlarda şirkətin məhsuluna tələbat 36,2 faiz azalıb. Uzaq xarici ölkələrə yanvar-sentyabr aylarında 2021-ci illə müqayisədə 44,6 milyard kubmetr az - 78,5 milyard kubmetr qaz ixrac olunub.

Azərbaycan yeni mənbə rolunda

Əlamətdar haldır ki, Avropanın enerji xəritəsinin yenilənməsində Azərbaycanın rolu artır. İndiki məqamda Xəzərdə zəngin resurslara malik olan respublikamız qoca qitə üçün şaxələndirilmiş müasir nəql marşrutuna malik yeni mənbə qismində çıxış edir. Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi məhz nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Bütövlükdə, respublikamızın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Bu, ölkəmizin təşəbbüsü və moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizi oldu. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdan çoxdur ki, Azərbaycan, Türkiyə və Gürcüstandan əlavə, Avropanın üç dövlətinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib.

Uzunmüddətli perspektivə hesablanan əməkdaşlıq

Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı uzunmüddətli perspektivə hesablanıb. Qeyd edək ki, cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addımdır. Sənəd çox doğru olaraq Azərbaycanla Aİ arasında enerji əməkdaşlığına dair yol xəritəsi hesab olunur. Oktyabrın 1-də isə Bolqarıstanın paytaxtı Sofiyada Prezident İlham Əliyevin iştirakı ilə əlamətdar hadisə yaşandı - Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Sözügedən interkonnektor həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm infrastruktur sayılır. Bu marşrutla Bolqarıstan və digər Avropa ölkələri tarixdə ilk dəfə olaraq, Azərbaycandan təbii qaz almaq imkanı qazanıblar. Bolqarıstanın, ayrı-ayrı Avropa ölkələrinin, Aİ-nin yüksəksəviyyəli rəsmilərinin qatıldıqları açılış mərasimində Azərbaycanın qoca qitənin enerji xəritəsini yenidən formalaşdırdığına xüsusi diqqət çəkilib. İnterkonnektorun Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihə olduğunu bildirən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) icraçı direktoru Teodora Georgiyeva bildirib: “Mən, həmçinin Azərbaycandan olan tərəfdaşlarımızın və dostlarımızın dəstəyinin əhəmiyyətini vurğulamaq istərdim. Bu gün onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə burada yenidən yüksək səviyyədə təmsil olunublar. Azərbaycan qazının Bolqarıstana təchizatı layihənin əsasını və onun ehtiyatının 1/3-ni təşkil edir, bu həcmin artırılması potensialı var”.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışında vurğulayıb ki, IGB kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək. Avropa Komissiyasının rəsmisi əlavə edib ki, qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.

İlin sonunadək 22 milyard kubmetrə qədər artacaq ixrac

Göründüyü kimi, Avropada Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyində rolu yüksək dəyərləndirilir. Azərbaycan Aİ məkanının artan qaz tələbatına daha sanballı töhfələr verməyə qadir ölkədir. Bütövlükdə, respublikamız Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyib. Bundan ötrü siyasi qərarlarla yanaşı, böyük sərmayə qoyuluşu və mövcud infrastrukturun genişləndirilməsi tələb olunur.  Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP-ın illik ötürmə qabiliyyəti 16, TAP-ın ötürmə qabiliyyəti isə 10 milyard kubmetrdir. Perspektivdə bu həcmlərin müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırması nəzərdə tutulub. Respublikamızın gələcəkdə qoca qitəyə daha çox həcmdə mavi yanacaq çatdıracağını bildirən dövlətimizin başçısı vurğulayıb:  “Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır”.

Artan istehsal həcmləri onu deməyə əsas verir ki, ölkəmiz hədəflənən nəticələrə nail olacaq. Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Cari ilin doqquz ayında ölkəmizdə qaz hasilatı göstəriciləri ötən ilin müvafiq dövründəkindən 8,6 faiz, yəni 2,7 milyard kubmetr çox olub.

Yeni yataqlar istismara verildikdən sonra...

Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. “Babək” yatağı 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Yaxın perspektivdə “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək. Bütün bunlara istinad edən Azərbaycan böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslər irəli sürür. Məsələn, TAP üzrə işlərin yekunlaşması ilə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bütün bunlar isə Azərbaycanla tərəfdaş ölkələr arasında enerji sektorunda əməkdaşlıq platformalarının genişlənməsi anlamına gəlir.

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30