Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Taxıl böhranı gözlənilirmi?

Taxıl böhranı gözlənilirmi?

28.07.2023 [11:08]

Sonuncu uzadılma müddəti iyulun 17-də bitən tarixi “Taxıl sazişi” artıq qüvvədə deyil. 2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukrayna rəsmilərinin imzası ilə  təsdiqlənən sazişin icra müddəti sonradan bir neçə dəfə uzadıldı. Razılaşma çərçivəsində Rusiyaya verilən sözlərin yerinə yetirilmədiyini iddia edən şimal qonşumuz növbəti dəfə şərtlər irəli sürərək “Taxıl sazişi”nin icra müddətinin yenidən uzadılmasına razılıq vermədi. Bu reallıq fonunda dünyada ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaranıb. BMT səviyyəsində etiraf olunub ki, tarixi razılaşma qlobal miqyasda taxılın qiymətlərinə azaldıcı təsir göstərib. Bəs bundan sonra vəziyyət necə dəyişəcək? Qlobal ərzaq bazarında hansı sürprizlər gözlənilir? Taxıl qıtlığı, qiymətlərin artması həyatımıza yenidənmi qayıdacaq? Hazırda bu kimi suallar beynəlxalq ictimaiyyəti ciddi şəkildə düşündürür. Qlobal reytinq agentliklərinin proqnozları isə hələlik çox dəyişkəndir. Bir sıra hallarda ayrı-ayrı təhlilçilərdən gələn proqnozlar bir-birini təkzib edir.

Dünya ərzaq bazarında real vəziyyət

Gözlənildiyi kimi, “Taxıl sazişi”nin qüvvədən düşməsinin mənfi təsirləri özünü çox gözlətmədi. Son günlərdə dünya bazarlarında buğdanın və qarğıdalının qiymətləri bahalaşıb. Transmilli mediada yayılan məlumatlarda bildirilir ki, Qara dənizin Ukrayna sahillərindəki limanlarından taxılın daşınmasının təhlükəsizliyini təmin edən sövdələşmənin ləğvi bütün dünya üzrə istehlakçılar üçün ərzaq qiymətlərinin bahalaşması, hətta bəzi regionlarda aclıq risklərini artırıb. Verilən məlumatlara görə, ABŞ-da buğda fyuçersləri təxminən 3 faiz, qarğıdalı fyuçersləri isə təxminən 1 faiz artıb.

Çikaqo əmtəə birjasında müşahidə edilən proseslər daha kədərlidir. Burada “Taxıl sazişi”nin başa çatmasından sonra 1 həftə ərzində buğdanın qiyməti 12,3 faiz artıb. Çiqako birjasında iyulun 17-də  buğdanın 1 buşeli 6,54 ABŞ dolları idi. İyulun 24-də isə buğdanın 1 buşeli 7,34 ABŞ dollarına yüksəlib. Qarğıdalının dekabr fyuçersləri üzrə qiyməti isə 2,31 faiz artaraq 5,26 dollar olub. Digər birjalarda da oxşar proseslər müşahidə edilməkdədir. Yeni razılaşma əldə olunmayacağı təqdirdə, ötən ilin yazındakı vəziyyət yenidən təkrarlana bilər ki, bu da arzuedilən deyil.

Psixoloji gərginlik

“Taxıl sazişi”nin qüvvədən düşməsindən dərhal sonra birjalarda qiymətlərin artması iqtisadi izaha sığmır. İllər boyunca formalaşan ənənələrə görə ölkələr özlərinin taxıl ehtiyatlarını uzunmüddətli dövrü nəzərə almaqla tədarük edirlər. Təchizatda fors major halları baş verdikdə anbarlarda toplanan ehtiyat taxıldan istifadə olunur. Digər tərəfdən, iyulun 17-dən əvvəl Ukrayna sahillərindən yola salınan taxıl yüklənmiş gəmilərin bir çoxu təyinat üzrə ünvana çatmayıb. Yəni, “Taxıl sazişi” çərçivəsində son bir ildə formalaşan təchizat zənciri hələ tam qırılmayıb. Buradan hasil olan nəticə ondan ibarətdir ki, birjaların “Taxıl sazişi”nin qüvvədən düşməsinə bu dərəcədə həssaslıq nümayiş etdirməsi iqtisadi amillərdən daha çox psixoloji gərginliklə bağlıdır. İdxalçılar təchizatın üzunmüddətli dövr üçün pozulacağından ehtiyatlanaraq rezervlərinin artırıılması qayğısına qalırlar. Bu da bazarlarda tələb və təklif nisbətini dəyişir. Öz növbəsində tələb artdıqca yeni satış qiymətləri diktə olunur.

Belə vəziyyətin keçici və qısamüddətli olacağı gözlənilir. Hər halda taxıl məhsullarının qiymətində ötən ilin yazındakı tarixi rekordun yenidən təkrarlanacağı ehtimalları azdır. Artıq beynəlxalq birlik Rusiya-Ukrayna müharibəsinə bir növ adaptasiya olub, ajiotaj dövrü arxada qalıb. İstehsalçıların taxılı bazardan gizlədəcəkləri kimi məqamların bir daha təkrarlanacağı gözlənilmir.

Eyni zamanda, Ukraynadan taxılın daşınmasının yeni variantları ilə bağlı müzakirələr aparılır.  Rəsmi Kiyev Rumıniya və Bolqarıstan suları vasitəsilə taxılın daşınmasının yeni marşrutunu təklif edib. Bundan başqa, müzakirələr, həmçinin quru dəhliz yaradılması istiqamətində aparılır. “Taxıl sazişi”nin qüvvədə olduğu dövrdə Ukrayna limanları vasitəsilə  1003 gəmidə 32,8 milyon ton ərzaq daşınıb. Yeni təklif olunan marşrutlarla bu həcmdə taxılın ixracı mümkün görünmür. Rumıniya və Bolqarıstan sularının ötürücülük imkanları Qara dənizlə müqayisədə aşağıdır. Taxılın quru yolla daşınması isə məsrəfləri xeyli artıracaq, həm də yüklər təyinat ünvanlarına daha gec çatacaq. Bu kimi mənfi məqamlara baxmayaraq, təklif olunan yeni marşrutlar dünya üçün böyük ümidlər yaradır. Zərurət yaranacağı təqdirdə yeni yollardan istifadə olunması zərurətə çevriləcək. Bu məqamda qeyd etmək yerinə düşər ki, təxminən bir il qüvvədə olan “Taxıl sazişi”nin özü də, necə deyərlər, nöqsanlardan xali deyildi. Sazişin icrası ilə bağlı narazılıqlar da zaman-zaman gündəmə gəlib. Xüsusilə də taxılın müştərilərinin yenə də varlı ölkələr olduğu geniş müzakirələrə yol açdı. Ayrı-seçkiçiliyi BMT-nin əlaqələndimə mərkəzinin açıqlamasından da görmək mümkündür. Qurumun yaydığı sənəddə bildirilir ki, daşınan qarğıdalının 90, taxılın isə 60 faizi varlı ölkələrə tədarük olunub. Əfqanıstan, Efiopiya, Sudan, Somali, Yəmən kimi ölkələrə isə daşınan ərzağın cəmi 2,5 faizi (822 min ton) çatıb.

Dünya üzrə taxıl istehsalının artması amili

Qlobal bazarlarda taxılın qiymətində ötən ilin yaz aylarındakı tarixi rekordun təkrarlanmayacağına ümidlər yaradan ən fundamental amillərdən biri də cari mövsümdə dünyada taxıl istehsalının artması ilə bağlıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son “Taxıl Təchizatı və Tələb Hesabatı”na əsasən, dünya taxıl istehsalının 2023/24-cü illərdə rekord həddə çatacağı proqnozlaşdırılır. Qurum 2023-cü il üçün qlobal taxıl istehsalı proqnozunu 2 819 milyon tona çatdırıb ki, bu da əvvəlki illə müqayisədə 1,1 faiz artım deməkdir. Bu, Kanada, Qazaxıstan və Türkiyə də daxil olmaqla, bir sıra ölkələrdə yaxşılaşmış proqnozlarla dəstəklənir. İllik qlobal iri taxıl istehsalının 2022-ci ildən sonra 9 faiz artaraq 1 512 milyon tona çatacağı proqnozlaşdırılır. Eyni şəkildə, 2023/24-cü illərdə dünya düyü istehsalının 2022/23-cü illər üçün azaldılmış səviyyəsindən 1,2 faiz artaraq 523,7 milyon tona çatacağı gözlənilir. FAO 2023/24 mövsümünün sonunadək dünya taxıl ehtiyatları ilə bağlı proqnozunu əvvəlki mövsümdən təxminən 2,3 faiz çox olmaqla 878 milyon tona çatdırıb. Bu səviyyədə qlobal taxıl ehtiyatlarının istehlakı nisbəti dəyişməz olaraq 30,6 faiz səviyyəsində qalacaq ki, bu da yeni mövsümdə təchizat perspektivlərinin müsbət olacağını göstərir.

Bununla belə, FAO-nun hesabatında qlobal ərzaq təchizatında yarana biləcək bir sıra çətinliklərə də diqqət çəkilib. FAO-nun 2023/24-cü illərdə dənli bitkilərin dünya ticarətinə dair son proqnozu 2022/23-cü ildən etibarən 0,9 faizlik daralmaya işarə edir. Yüksək qiymətlər həssas ölkələrdə vəziyyəti daha da pisləşdirir. Eyni zamanda, iqtisadi tənəzzüllər, münaqişələr, quraqlıqlar və bir sıra regionlarda El-Nino hava şəraitinin gözlənilən riski dünyanın ayrı-ayrı yerlərində ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirir. FAO-nun Qlobal İnformasiya və Erkən Xəbərdarlıq Sisteminin (GIEWS) rüblük nəşri olan ən son “Məhsul Perspektivləri və Ərzaq Vəziyyəti” hesabatına əsasən, dünyanın 45 ölkəsinin ərzaq üçün xarici yardıma ehtiyacı var. Hesabatda deyilir ki, dünya taxıl istehsalının 2023-cü ildə əvvəlki ilə nisbətən 1,1 faiz artacağı gözlənilsə də, 44 Aşağı Gəlirli Ərzaq Kəsirli Ölkələr (LIFDC) qrupunda azalacağı proqnozlaşdırılır ki, bu da idxal ehtiyaclarını artırır.

Nəzərlər Rusiyada

Dünyada yenidən taxıl ajiotajı yaşandığı bir dövrdə nəzərlər Rusiyaya dikilib. Buna səbəb təkcə şimal qonşumuzun razılaşmaya münasibətdə qərarına yenidən baxacağına bəslənilən ümidlər deyil. Rusiya həm də böyük taxıl istehsalçısıdır. Sanksiyalara baxmayaraq, Rusiya ayrı-ayrı ölkələrin taxıl təchizatında dominantlığını qoruyub saxlayır ki, bu da qlobal miqyasda taxılın qiymətinə özünün azaldıcı təsirini göstərir.  Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə ölkədə ümumi taxıl istehsalını 123 milyon ton həcmində gözlənildiyini bildirib. Bunun 78 milyon tonunu buğda təşkil edəcək. Nazirliyə görə, mövsüm ərzində 50-55 milyon ton taxıl ixraca yönəldiləcək. Buğda bazarında Rusiyanın ən yaxın rəqibi olan Avropa Birliyinin 100 min ton az - 36,2 milyon ton buğda ixrac etmək imkanı var. Cari mövsümdə birliyin ümumi taxıl məhsulları ixracı proqnozu 50,6 milyon tondan 50,4 milyon tona endirilib.

Azərbaycanda vəziyyət

Ölkəmizdə 600 min hektara yaxın ərazidə taxıl əkilir. Sahələrin 38 faizi buğda əkini üçün istifadə edilir. Respublikamızın illik buğda istehsalı 1,9 milyon tondur. Lakin daxili istehsal tələbatı ödəmir. Ölkəmizin buğdaya tələbatı 3,1 milyon tondur. Qlobal reallıqlar fonunda tələbatın ödənilməsi üçün yerli istehsalın artırılması zərurətə çevrilib. Hazırda ölkəmiz taxıla olan tələbatını Rusiya, Qazaxıstan və Ukraynadan idxal hesabına qarşılayır.

Azərbaycan hökuməti ölkənin taxıl təchizatına strateji məsələ kimi yanaşır və yaranan çağırışlara adekvat olan tədbirlər görür. Prezident İlham

Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanının icrası istiqamətində işlər davam etdirilir. Fərmana uyğun olaraq ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə yeni tədarük qiymətləri müəyyənləşdirilib. Belə ki, respublikamızda buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-cü il üçün 450 manat müəyyən edilib. Yeni tədarük qiymətinin müəyyənləşdirilməsi, heç şübhəsiz ki, fermerlərdə taxıl istehsalını artırmağa böyük maraq yaradacaq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30