Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropanın mühüm qaz təchizatçısı

Avropanın mühüm qaz təchizatçısı

04.08.2023 [10:30]

İlham Əliyev: Hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur.

Bunu etməyə hazırıq və artıq başlamışıq 

Müstəqil Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında getdikcə genişlənən uğurlu enerji əməkdaşlığının təməli neft seqmenti üzrə qoyulub. Bununla bağlı Qərblə hələ uzun müddət bundan əvvəl razılaşmalar əldə olunub və həmin razılaşmaların icrası yüksək səviyyədə təmin edilib. Ədalətli enerji siyasəti aparan Azərbaycan indiyədək üzərinə götürdüyü bütün öhdəliklərə vaxtında əməl edib və hər hansı bir fors-major halı yaşanmayıb. Prezident İlham Əliyev bu günlərdə “Euronews”da yayımlanan müsahibəsində respublikamızla Qərb arasında formalaşan enerji əməkdaşlığının əvvəlki və indiki mərhələlərindən bəhs edib. Birinci mərhələdə ölkəmiz Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs mərhələli şəkildə həyata keçirilib. Belə ki, ölkəmizin moderatorluğu ilə Xəzərin Azərbaycan sektorunda beynəlxalq müqavilələr çərçivəsində hasil olunan neftin Avropaya çatdırılması üçün Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi şaxələndirilmiş nəql infrastrukturu qurulub. Hazırda bu infrastrukturla həm Azərbaycan, həm də Xəzərin digər sahillərindəki ölkələrin nefti Avropa bazarlarına çıxarılır. Azərbaycanla Avropanı birləşdirən enerji infrastrukturunun yekun mərhələsinin inşası isə iki il bundan əvvəl tamamlandı. Söhbət “Şahdəniz” və digər yataqlarda hasil olunan mavi yanacağın Aİ məkanına nəqli üçün inşa olunan Cənub Qaz Dəhlizindən gedir.

Enerji dialoqunda mavi yanacaq mərhələsi

Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməyə başlayıb. Lakin “Şahdəniz” və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi olub.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən  Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın ayrı-ayrı dövlətlərinə də təbii qaz ixrac edən ölkəyə çevrilib. Bu unikal layihənin icrasının tamamlanması ilə Avropa Azərbaycanın timsalında müasir nəql infrastrukturuna malik yeni etibarlı mənbə qazanıb.

Hazırda ölkəmizin enerji sərvətləri heç zaman olmadığı qədər zəruridir

Bir vaxtlar qaz layihələrinə maraq daha az idi. Neft seqmenti ilə müqayisədə qaz seqmenti üzrə gəlirliliyin aşağı olması bu sahə ilə bağlı layihələri, necə deyərlər, arxa plana keçirirdi. Zaman dəyişir, qarşıya formalaşan yeni reallıqlara uyğun yeni çağırışlar çıxır. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində bildirib ki, hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Yeni çağırışları Rusiya-Ukrayna müharibəsi fonunda formalaşan reallıqlar diktə edir. Artan geosiyasi gərginliklər fonunda ənənəvi təchizat zəncirinin qırılması səbəbindən qoca qitənin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan “qoca qitə”nin artan ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir.

Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” də cəmləşməyib. Bu günlərdə Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Məlum olduğu kimi, bəzi məkrli, azərbaycanafob dairələr hansı yollarlasa Azərbaycanın enerji siyasətinə pəl vurmaq, ölkəmizə beynəlxalq inamı azaltmaq məqsədi ilə respublikamızın ehtiyatlarının azaldığı barədə dezinformasiyalar yayırdılar. Növbəti zəngin qaz yatağında - “Abşeron”da hasilata start verilməsi ilə  belə iddialar tar-mar oldu.

“Abşeron” yatağının ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. Yatağın işlənməsinin ilkin mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50% paya malikdir.

Xəzərin Azərbaycan sektorundakı digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir.

Aİ məkanının qaz təchizatına sanballı töhfələr

Ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən qoca qitəyə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub.

Beləliklə,  Azərbaycanın Avropa İttifaqı məkanının qaz təchizatı üçün önəmi artıb. Respublikamız indiki kritik dönəmdə qoca qitənin enerji tələbatının ödənilməsinə sanballı töhfələr verir. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev bildirib: “Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib”.

Yuxarıda bəhs olunan sazişə uyğun olaraq respublikamız Avropaya qaz ixracını artırır. Rəsmi statistikaya əsasən, bu ilin altı ayında ölkədə 18,2 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründəkindən 3,2 faiz çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında ölkə qaz ixracını 7,5 faiz artıraraq 12 milyard kubmetrə çatdırıb. Bu dövrdə Avropaya 5,7 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 48 faizini təşkil edir. Türkiyəyə 5 milyard kubmetr (bütün ixracın 41 faizi), Gürcüstana isə 1,3 milyard kubmetr qaz (bütün ixracın 11 faizi) ixrac olunub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.

İstehlakçıların sayı artır

Avropa üçün yeni və etibarlı mavi yanacaq mənbəyi qismində çıxış edən Azərbaycanın qısa müddətdə nəql coğrafiyasını genişləndirməsi də böyük uğurdur. Bu istiqamətdə vacib tədbirlərdən biri 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı oldu. İnterkonnektorun açılş mərasimi dövlətimizin başçısının iştirakı ilə baş tutdu. Bunun nəticəsində artıq Azərbaycanın Bolqarıstana da qaz nəql etmək imkanı yaranıb. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Hazırda Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli perspektivlərı nəzərdən keçirilir. Rumıniya artıq yeni əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar bu ilin sonuna qədər inşa edilsə, Azərbaycan qazı Macarıstana və Serbiyaya da nəql ediləcək. Bununla da ölkəmizin qaz ixracının coğrafiyası daha da genişlənəcək.

Marşrutların şaxələndirilməsi ilə bağlı digər bir mühüm tədbir Bolqarıstan Prezidentinin təşəbbüsü ilə bu ilin aprel ayında Sofiya şəhərində keçirilib. Söhbət “Həmrəylik Halqası” adlandırılan layihədən gedir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Təqdim olunan layihəyə uyğun olaraq əlavə interkonnektorlar inşa ediləcək. Qurulan optimal interkonnektor şəbəkəsi sayəsində yaxın illərdə Azərbaycan qazının avropalı mustərilərinin sayının 10 ölkəyə çatacağı gözlənilir. “Hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30