Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 100 min vətəndaşın diqqətinə...

100 min vətəndaşın diqqətinə...

19.08.2023 [10:40]

Pensiyalarda artım ikirəqəmli olacaq

Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının mənafeyi dayanır. Bunu Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Respublikamızda ədalətli resurs bölgüsü təmin edilir və bu yanaşma çərçivəsində qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Azərbaycanda artıq gözəl bir ənənə formalaşıb. Kritik anlarda, insanlar çətinliyə düşəndə onların köməyinə çatan ilk növbədə şəxsən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva olurlar. Eyni zamanda, dövlətimizin başçısının tapşırığına əsasən, Vergi Xidmətinin, Gömrük Komitəsinin xətti ilə büdcəyə cəlb olunan əlavə daxilolmalar bütünlüklə sosial sferaya yönəldilir.

Ölkədə davamlı hal alan sosial islahatlar

Sosial dövlət olan Azərbaycanın dövlət büdcəsində bu sahəyə vəsaitlər prioritet qaydada yönəldilir. Belə ki, ölkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü olması ilə fərqlənir. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Sosialyönümlü xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir.  Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur.

2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Son dörd ildə ölkədə həyata keçirilən sosial məzmunlu islahatlar Azərbaycan dövlətinin sosial təminat sisteminin daha da möhkəmləndirilməsinə necə ciddi önəm verdiyinin daha bir ifadəsidir. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində bəhs olunan dövrdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Belə ki, son dörd ildə  minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  məlumatına əsasən, bu ilin birinci yarısında da sosial ödənişlərdə artım qeydə alınıb. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib, əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib.

Pensiyalarda artım ənənəsi

Ölkəmizdə vətəndaşların pensiya təminatı müvafiq qanunvericilik əsasında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilir. DSMF-nin gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 mln. manat çox olmaqla 3 mlrd. 848 mln. manat təşkil edib. Fondun gəlirlərinin strukturunda məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 mln. manat artaraq 2 mlrd. 985 mln. manat olub. Həmin dövrdə DSMF-nin xərcləri 3 mlrd. 513 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 mln. manat çoxdur.

Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasının məntiqi nəticəsi olaraq  pensiyalar da davamlı şəkildə artırılır. Respublikamızda son beş ildə minimum pensiyanın məbləği 2,5 dəfə artaraq 110 manatdan 280 manata yüksəlib. Həmçinin cari ilin fevral ayından minimum pensiya 16,7% artırılaraq 280 manata, ilin əvvəlindən isə orta aylıq pensiya 16,4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16,4 faiz artırılaraq 466,1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22% artım olub.

Ölkədə minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edir. Cari ildən etibarən respublikamızda pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə təqaüdə çıxırlar. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququ qazanıblar. Yəni, əgər vətəndaşın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ilə təmin olunur. Bu da islahatlar çərçivəsində pensiya amnistiyasının növbəti 3 il üçün uzadılması sayəsində mümkün olub. Minimum pensiya məbləğinin artırılması, həmçinin orta pensiya məbləğinə də təsir göstərib. Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb.

Pensiya ödənişlərində 15 faiz artım

Cari ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz (439 milyon manat) çox olmaqla 3 milyard 319 milyon manat vəsait yönəldilib. Bütövlükdə, pensiyaların orta aylıq məbləği bu ilin yanvar-iyul aylarında 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Ölkə üzrə pensiyaların ödənilməsində gecikmə hallarının aradan qalxması da məmnunluq doğurur. Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust  ayının pensiya ödənişini artıq yekunlaşdırıb. Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, avqustun 15-də isə ölkəmizin bölgələrində  cari ay üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar bütünlüklə  ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xidmət səviyyəsinin yüksəldilməsi

Ölkədə pensiya islahatları çərçivəsində xidmət səviyyəsinin yüksəldilməsi və bu əsasda vətəndaş məmnunluğunun artırılması da diqqət mərkəzində saxlanılır. Pensiya təminatının e-sistem üzərindən həyata keçirilməsinə başlanılması bu istiqamətdə atılan çox mühüm bir addımdır. Bu sistem şəffaflığın artırılmasında, vətəndaş-məmur təmaslarının minimuma enməsində vacib rol oynayır. Daha əvvəllər böyük narazılıq yaradan süründürməçiliyə, get-gələ daha yol verilmir. Vətəndaşlar özlərinin pensiya təminatılarının bütün mərhələərini internet üzərindən asanlıqla izləyə bilərlər. Son yeddi ayda 19,5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 90 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Pensiya təminatının DOST mərkəzləri vasitəsilə həyata keçirilməsi xidmət səviyyəsinin yüksəlməsində, çox doğru olaraq, bir dönüş kimi dəyərləndirilir. Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, bütövlükdə 15 istiqamət üzrə 159 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə  9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Hazırda ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub. Ötən dövrdə bu mərkəzlərdə 1 milyon 673 min nəfərə xidmət göstərilib. Verilən məlumatlara görə, DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizin üzərindədir.

Yeni artımlar olacaq

Azərbaycanın yüksək iqtisadi inkişaf dinamikası ölkəmizdə pensiyaların artırılması ənənəsinin gələcəkdə də davam etdirlməsinə möhkəm zəmin yaradır. “Hazırki tendensiya gələn il bütün növ əmək pensiyalarında ikirəqəmli artım olacağını deməyə əsas verir”. Bu fikri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov ifadə edib.

O bildirib ki, mövcud qaydalara əsasən, əmək pensiyaları il ərzində orta aylıq əmək haqqındakı artım faizi ilə indeksasiya olunur. “Pensiya kapitalı isə əvvəlki ildə illik infilyasiya səviyyəsinə indeksasiya olunaraq artırılır. Yəni, 2024-cü ilin yanvarında əmək pensiyaları 2023-cü ildə orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə 2023-cü ildə qeydə alınan rəsmi infilyasiyaya indeksasiya olunaraq artırılacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında nominal orta aylıq əmək haqqı 11.5 faiz artıb. Bu ondan xəbər verir ki, orta aylıq əmək haqqında iki rəqəmli artım var. Mövcud artım tempi ilin sonuna qədər qorunarsa, o halda əmək pensiyaları 2024-cü ildə ikirəqəmli indeksasiyaya cəlb oluna bilər. İlin sonuna qədər orta aylıq əmək haqqında hər hansı bir ciddi fərq baş verməzsə, bu halda növbəti ilin yanvarında bütün növ əmək pensiyalarının 11 faiz ətrafında artırılması mümkün olacaq. Təbii ki, dəqiq rəqəm 2024-cü ilin əvvəllərində bəlli olacaq”, - deyə Vüqar Bayramov vurğulayıb.

MÜBARİZ

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30