Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ölkəmiz regional qaz habı layihəsində

Ölkəmiz regional qaz habı layihəsində

18.10.2023 [10:03]

Qarşılıqlı maraqlar əsasında tərəfdaşlıq münasibətlərinin qurulmasına böyük önəm verən Azərbaycanın yerləşdiyi coğrafiyada və daha geniş arealda rolu artır. İndiyədək regionda qlobal əhəmiyyət daşıyan bütün layihələrin təşəbbüskarı və ən fəal iştirakçısı məhz respublikamız olub. Ölkəmiz, həmçinin Türkiyədə mavi yanacaq habı yaradılması ideyasını dəstəkləyir. İndiyədək bununla bağlı müxtəlif səviyyələrdə fikirlər ifadə olunub. Respublikamızın qardaş Türkiyənin moderatorluğu ilə yaradılacaq haba qoşulmaq niyyətində olduğunu, həmçinin Rusiya rəsmiləri də təsdiqləyiblər. Bu barədə bir neçə gün bundan əvvəl Rusiya prezidenti Vladimir Putin danışıb. “Azərbaycan Türkiyədə qaz qovşağı layihəsində iştirak etmək arzusunu ifadə edib”. Bunu isə  Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. A.Novakın sözlərinə görə, digər ölkələr də layihəyə maraq göstərir. “Bu həm Türkiyənin, həm də Rusiyanın böyük maraq göstərdiyi bir layihədir. Maraq göstərən başqa ölkələr də var. Məsələn, Azərbaycan da layihədə iştirak etməyə hazırdır”, - deyə Rusiya hökumətinin təmsilçisi vurğulayıb.

Qardaş Türkiyə üçün yeni fürsətlər

Türkiyədə mavi yanacaq habı yaradılması ideyası Rusiya prezidenti Vladimir Putindən gəlib. O, 2022-ci ilin oktyabrında Türkiyədə qaz habının yaradılmasını təklif edib. Bu təklif qardaş ölkədə müsbət qarşılanıb. 2023-cü ilin aprelində Türkiyə qanunvericiliyinə habın fəaliyyəti üçün zəruri olan dəyişikliklər edilib. Yayda isə Rusiyanın “Qazprom” şirkəti qaz habı layihəsinə dair yol xəritəsini Türkiyə tərəfinə təqdim edib. Rusiyanın TASS agentliyinin Ankaradakı rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, yaxın vaxtlarda yol xəritəsinə baxılaraq qərar veriləcək. Yol xəritəsi imzalandıqdan sonra tərəflər onun icrasına başlayacaqlar.

Türkiyənin regional qaz habına çevrilməsi zərurətini Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni reallıqlar şərtləndirir.  Cərəyan edən geosiyasi proseslər ölkələr üçün enerji təhlükəsizliyinin önəmi daha da artıb. Ənənəvi təchizat zəncirinin qırılması fonunda ayrı-ayrı ölkələr yeni mənbələr axtarmaq məcburiyyətində qalıblar. Əvvəllər Aropanın enerji təchizatı böyük dərəcədə şimal qonşumuzdan reallaşdırılan ixrac hesabına təmin olunurdu. Sonu görünməyən gərginliklər, o cümlədən də qarşılıqlı sanksiyalar fonunda fərqli mənzərə yaranıb. Gündəlik 5 milyon barel neft ixracatı həyata keçirən Rusiya bu həcmin 70 faizini ABŞ və Avropa bazarlarına ünvanlayırdı. “Köhnə qitə”nin neftə olan tələbatının ödənilməsində şimal qonşumuz 25 faiz paya malik idi. Rusiya Avropa üçün həm də ənənəvi olaraq optimal qaz təchizatı mənbəyi sayılırdı. Statistik məlumatlara görə, 2022-ci ilin əvvəlinədək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40 faizə qədərini qarşılayırdı. Bütövlükdə, “Köhnə qitə”nin illik qaz tələbatı 552 milyard kubmetrə bərabərdir.

Aİ qoca qitənin enerji təhlükəsizliyini təmin emək məqsədilə xilas planı hazırlayıb. Həmin planda Avropanın təchizatında bərpa olunan mənbələrdən alınan enerjinin payının artırılması nəzərdə tutulub. Artıq Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 21 faizə yüksəlib. Bu, maye qaza olan tələbi azaldıb. Bu və digər tədbirlər sayəsində Aİ cari qış üçün optimal həcmdə mavi yanacaq tədarükünə nail olub. Gas Infrastructure Europe-nin (GIE) məlumatına görə, 97,89 faiz dolu olan anbarlarda 107,75 milyard kubmetr qaz var.  Lakin qaz bolluğuna baxmayaraq, qiymətlər kifayət qədər yüksəkdir. Sentyabrda Avropada qazın orta alış qiyməti min kubmetr üçün 417 dollar təşkil edib. Hazırda bu qiymət 600 dollardan yuxarıdır.

Avropanın xilas planında diqqət çəkilən əsas məsələlərdən biri təchizat mənbələrinin şaxələndirilməsi ilə bağlıdır. Başa düşülür ki, buna nail olunmadan “Köhnə qitə”ni mavi yanacaq asılılığından qurtarmaq mümkün olmayacaq. Hazırda Avropanın bir çox ölkələrinin, xüsusilə də Cənubi və Şərqi Avropa ölkələrinin terminal yaratmaq imkanları yoxdur. Qeyd olunan reallıqlar fonunda təchizatçı Rusiyanın və istehlakçıların nəzərləri Türkiyəyə dikilib ki, bu da təsadüfi deyil.

Niyə məhz Türkiyə?

Heç də adi olmayan bir şəraitdə nəzərlərin Türkiyəyə dikilməsini şərtləndirən çoxsaylı amillər sadalamaq mümkündür. Son illərdə müxtəlif məsələlərdə obyektiv vasitəçilik missiyası həyata keçirməsi, regional və qlobal proseslərdə rolunun artması, əlverişli coğrafi mövqeyi, istehsalçı və istehlakçı ölkələrlə qonşuluqda yerləşməsi, özünün iri qaz istehsalçısına çevrilməsi perspektivi bütün maraqlı tərəflərin qardaş ölkəyə inamını artırır. Ən mühüm məqam isə heç şübhəsiz ki, hazır infrastrukturla bağlıdır. Türkiyə böyük həcmlərdə Rusiya qazını Avropa bazarlarına daşımaq üçün şaxələndirilmiş nəql marşrutlarına malikdir. Bu marşrutlar sırasında Türk axını, TANAP, TAP,  İrandan çəkilmiş İTE xətti kimi hazır marşrutları qeyd edə bilərik. Türkiyənin qaz nəqli şəbəkəsi Avropa ilə birləşib. Yəni burada yeni xətlərin çəkilməsinə lüzum yoxdur.

Rusiyalı ekspertlərin hesablamalarına əsasən 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr - cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər.

Türkiyənin, həmçinin Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var. Eyni zamanda, perspektivdə Türkmənistanda çıxarılan qazın da Türkiyə üzərindən ixracı tam realdır.

Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər. Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir. 2022-ci ildə ölkənin özünün boru qazı istehlakının 39,7 milyard kubmetr olduğunu nəzərə alsaq, Türkiyənin formalaşdırılmaqda olan qaz habı ilə Avropaya ildə 42,8 milyard kubmetr qaz ötürmək imkanı ola bilər. Cənub Qaz Dəhlizinə daxil olan TANAP-ın genişləndirilməsi və digər planlar reallaşarsa, bu həcmi 75 milyard kubmetrə çatdırmaq mümkündür.

Azərbaycanın Türkiyə və Aİ ilə fəal enerji dialoqu

Özünün ədalətli enerji siyasətinə daim sadiq olan Azərbaycan həm Türkiyə, həm də Aİ ilə fəal enerji dialoquna malikdir. Ölkəmizin təşəbbüsü və moderatorluğu ilə reallaşdırılan bütün enerji layihələrində qardaş ölkə yer alıb.  Bu sırada, həmçinin 2020-ci ilin sonlarında inşası taamlanan Cənub Qaz Dəhlizi də var. Türkiyə Azərbaycanın qaz ixrac etdiyi ilk ölkələr sırasında yer alır. 2023-cü ilin 9 ayında respublikamızdan qardaş ölkəyə 7,5 milyard kubmetr mavi yanacaq tədarük olunub.

Azərbaycanla Aİ arasındada enerji dialoqu yüksələn xətlə inkişaf edir. Xatırladaq ki, ötən il iulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bəhs olunan sazişə uyğun olaraq respublikamız Avropaya qaz ixracını artırır. Verilən məlumata görə, ötən 9 ayda ölkəmizdən “Köhnə qitə”yə 8,6 milyard kubmetr qaz ixrac olunub. 2027-ci ilədək isə respublikamızdan Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30