Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağın bol su ehtiyatları...

Qarabağın bol su ehtiyatları...

22.12.2023 [10:10]

İşğaldan azad olunmuş ərazilərdə 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub

Silahlı Qüvvələrimizin şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qalib Azərbaycan təxminən üç onillik ərzində düşmənin nəzarətində qalan ərazilərimizdəki iqtisadi resurslarına çıxış əldə edib. Postmüharibə dövründə qarşıya qoyulan əsas hədəflərdən biri də Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyasını mümkün qədər qısa müddətdə təmin etməkdən ibarətdir. Qarabağın su ehtiyatlarından səmərəli istifadə olunması da çox mühüm məsələdir. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması planlarında bu pozisiya diqqət mərkəzində saxlanılır.  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə KİV-ə açıqlamasında bildirib ki, bəhs olunan ərazilərdəki su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.

İşğal dövründə həyata keçirilən ekoloji soyqırımı

İşğal dövründə Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın miqyası ölçüyəgəlməzdir. Havadarlarının dəstəyi ilə ərazilərimizi zəbt edən erməni vandalları 11 min kvadratkilometrdən artıq ərazilərimizdə ağlasığmaz vəhşiliklər törədiblər. Həmin dövrdə erməni vandalları tərəfindən məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur.

İşğal illərində Azərbaycan təbiətinə vurulan ziyanın da miqyası çox böyükdür. Ermənilər 30 il ərzində təbiətin qənimi rolunda çıxış edərək sözün əsl mənasında ekoloji terror törədiblər. İşğal dövründə ölkəmizin meşə fonduna ciddi ziyan vurulub. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə xüsusilə Kəlbəcər, Laçın və Zəngilanda  60 min hektara yaxın meşə fondunu məhv ediblər.

Başqa bir fakt ermənilərin işğal illərində  Qarabağın zəngin su ehtiyatlarını sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır. Mənfur düşmən torpaqlarımızı işğal altına aldıqdan sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Mövcud su anbarlarının qəsdən məhv edilməsi Ermənistanın Qarabağda həyata keçirdiyi ekoloji terrorun daha bir nümunəsidir.

İşğal altında qalan ərazilərimizdəki çayların çirkləndirilməsi də ermənilərin Azərbaycan təbiətinə qarşı apardıqları yaşıl soyqırımı siyasətinin tərkib hissəsi olub. Transsərhəd çay olan Oxçuçay fəlakət zonasına çevrilib. Bu çay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Azərbaycan ərazisinə yönləndirilir. Oxçuçayın suyu Araz çayına tökülür. Beləliklə, Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan postmüharibə dövründə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Belə misalların sayını artıra da bilərik. Ancaq bəhs olunan faktlar da vəziyyətin nə qədər acınacaqlı olduğu barədə konkret təsəvvür yaradır.

Su ehtiyatlarına həssas yanaşma...

Azərbaycan məhdud su ehtiyatlarına malik olan ölkədir. Respublikamızın su ehtiyatları orta hesabla 30 kubkilometr həcmində dəyərləndirilir. Bunun çox hissəsi - təqribən 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır.

Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimiz Azərbaycanın su ehtiyatları ilə zəngin olan regionudur. Qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Xatırladaq ki, uzaqgörən siyasətçi olan Heydər Əliyev keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik edərkən Qarabağdakı zəngin su ehtiyatlarından səmərəli istifadə edilməsi məsələsini diqqət mərkəzində saxlayıb və bu məqsədlə burada mükəmməl infrastruktur yaradılmasına nail olub. Heydər Əliyevin səyləri ilə Qarabağda inşa olunan mühüm su infrastrukturundan biri Sərsəng su anbarıdır.  Strateji əhəmiyyətə malik Sərsəng su anbarı məhz Onun təşəbbüsü ilə tikilib. 1976-cı ildə Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

İşğaldan azad olunmuş ərazilərdə yerləşən Suqovuşan su anbarı və magistral kanallar da Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə -1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.  Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Postmüharibə dövründə su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasını təmin edəcək. Aparılan bərpa işlərindən sonra Suqovuşan su anbarı cari ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Bu münasibətlə təşkil olunan tədbirdə bildirilib ki, Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.

Qalib Azərbaycan işğal olunmuş ərazilərdə bütün mənbələrdən formalaşan su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasına çox həssas yanaşma sərgiləyir. Təkcə ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdəki bir sıra su anbarlarında bərpa işləri davam etdirilir. Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə qeyd edib ki, qurum artıq bu istiqamətdə 5 ədəd - Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindədir. “Anbarlar təmir ediləndən sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir”, - deyə R.Axundzadə əlavə edib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 829 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30