Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xarici borcumuz azalır, daxili borcumuz niyə artır?

Xarici borcumuz azalır, daxili borcumuz niyə artır?

02.02.2024 [11:28]

Elbrus Cəfərli

2023-cü il 31 dekabr tarixinə olan məlumata əsasən, Azərbaycanın xarici dövlət borcu 6,5 milyard dollar və ya 11 milyard manat təşkil edib. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 9 faizini təşkil edir. 2023-cü il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 milyon dollar azalıb. Ancaq, buna baxmayaraq, daxili dövlət borcu 11,6 milyard manat artaraq 15,8 milyard manata çatıb.

Xarici borcun azalmasının və bunun müqabilində daxili borcun məbləğinin artmasının səbəbi nədir?

Daxili borcun artmasının əsas səbəbi 9,3 milyard manat həcmində dövlət zəmanətli öhdəliklərinin dövlət borcuna aid edilməsi, eyni zamanda, dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövlət istiqrazlarının yerləşdirilməsidir.

Bəs hökumət niyə daxili borclanmaya daha çox üstünlük verir?

Məlumdur ki, 2018-ci ilə, Azərbaycanda dövlət borcunun idarə olunmasına dair yeni strategiyanın qəbul olunduğu dövrə qədər daha çox xarici kredit təşkilatlarından alınan borclara üstünlük verilirdi. Məsələn, 2015-ci ildə ölkəmizin dövlət borcunun ümumi məbləği təxminən 5 milyard manat təşkil edirdi ki, onun 4,3 milyard manatı (5,5 milyard dollar) və yaxud 86 faizi xarici, 697 milyon manatı və ya 14 faizi daxili borcunun payına düşürdü. Həmin dövrdə xarici dövlət borcunun çəkisi ümumi daxili məhsulda (ÜDM) 7,6 faizə, daxili dövlət borcunun payı isə 1,2 faiz təşkil edirdi. Həmin illərdə qlobal bazarlarda baş verən tənəzzüldən qaynaqlanan şoklar Azərbaycanın borc yükünün artmasına əlavə təzyiqləri artıraraq xarici borcun məbləğinin və ÜDM-də çəkisinin artmasına səbəb olurdu. Belə ki, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması və ölkəmizin əsas ticarət tərəfdaşlarının iqtisadiyyatında tənəzzülün dərinləşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi, 2015-ci ildə manatın devalvasiyası borc məbləğinin manat ekvivalenti ilə yüksəlməsinə və borcun ÜDM-də payının artmasına gətirib çıxardı. Məzənnə dəyişiklikləri nəticəsində cəmi bir il ərzində, 2016-cı ilin yanvar ayında Azərbaycanın dövlət borcunun ümumi məbləği 9 milyard 777 milyon manata yüksəldi. Borcun 9 milyard manatı (5,8 milyard dollar) və ya 92,6 faizi xarici dövlət borcunun, 726 milyon manatı və ya 7,4 faizi daxili dövlət borcunun payına düşdü. Xarici dövlət borcunun çəkisi əvvəlki ilə nisbətən 9,1 faiz artaraq ÜDM-də 16,7 faizə yüksəldi.

Göründüyü kimi qlobal təlatümlərin davam etməsi və milli valyutanın ucuzlaşması  Azərbaycanın beynəlxalq qurumlardan və kredit təşkilatlarından aldığı xarici borcun və xarici borclara xidmət xərclərinin də artmasına səbəb olmaqla dövlət büdcəsi üzərində əlavə təzyiqlər yaradırdı. Həmin dövrdə Beynəlxalq Bankın üzləşdiyi çətinliklərlə əlaqədar sağlamlaşdırılma tədbirləri çərçivəsində BB-nin xarici kreditorlar qarşısında olan öhdəliklərinin dövlətə ötürülməsi nəticəsində yaranmış 2.3 milyard dollara yaxın xarici valyutada denominasiya edilən dövlət istiqrazlarının emissiyası da xarici borcun həcminin artmasına səbəb oldu. Beləliklə, sadalalan maliyyə təminatlarının xarici kreditlər hesabına təmin edilməsi sayəsində 2018-ci ilin iyul ayında Azərbaycanın dövlət borcunun ümumi məbləği artaraq 15,9 milyon manata qədər yüksəldi. Dövlət borcunun 15,2 milyard manata yaxını xarici borc təşkil edirdi. Eyni zamanda, xarici valyutada, daha çox ABŞ dolları ilə götürülən xarici borc riski növbəti illərdə də gözlənilən idi, çünki qlobal maliyyə bazarlarında yaşanan qeyri-sabitliyin yenidən təkrarlana biləcəyinə heç kim təminat verə bilməzdi. Məhz bu amilləri nəzərə alan Azərbaycan hökuməti borc portfeli üzrə risklərin effektiv idarə edilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya hazırlayaraq həyata keçirməyə başladı. 2018-ci ildən icra olunan strategiya qısa müddətdə özünün müsbət nəticələrini göstərdi, Belə ki, 2019-cu ildə borc 2018-ci illə müqayisədə 460 milyon manat azalaraq ÜDM-ə nisbəti 23,3 faizdən 18,2 faizə düşdü. Sonrakı illər ərzində xarici borcun məbləği ilbəil azalaraq hazırda ÜDM-in 9 faizinə qədər enib. Ona görə də, hökumət xarici borclanmaya deyil, daxili borclanmaya daha çox üstünlük verir.

Bəs daxili borclanmaya yönəlmiş strategiyanın tərkib hissəsi kimi dövlət istiqrazlarının emissiyası hansı əhəmiyyət kəsb edir?

Son 5 ildə dövlət istiqrazlarının buraxılışı ilə bağlı vəziyyət təsdiqləyir ki, qarşıya qoyulmuş hədəf prioritetinə uyğun olaraq əhəmiyyətli nəticələr əldə olunub. Əvvəlki illərdə qiymətli kağızlar bazarında 2 və 3 illik dövlət istiqrazları yerləşdirildiyi halda, 2020-ci ildən etibarən 5 illik dövlət istiqrazlarının, 2021-ci ildən etibarən isə 7 illik dövlət istiqrazlarının yerləşdirilməsinə başlanılıb və bu, dövlət qiymətli kağızlarının yenidən maliyyələşmə riskinin azaldılmasına töhfə verməklə yanaşı, bazarın böyüməsini də stimullaşdırıb. Dövlət istiqrazları üzrə əqdlərin sayı və bazar əməliyyatlarının həcmi 5 dəfədən çox böyüyüb.

Göründüyü kimi daxili borclanma xərclərinin nisbətən yüksək olmasına baxmayaraq, məzənnə riski və digər xarici təhdidlərdən sığortalanmaq məqsədilə xarici dövlət borcunun azalması strategiyası daha düzgün seçim olmaqla uğurludur. Onu da nəzərə almaq lazımdır ki, ölkəmizin daxili borclanma üçün kifayət qədər dayanıqlı resurs mənbələri vardır.

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30