Son 11 ildə Azərbaycanda 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib
28.07.2015 [09:41]
Regionlarda enerji təchizatı sistemində reallaşdırılan layihələr sayəsində əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşıb, enerjitutumlu müəssisələrin təchizatını təmin etmək mümkün olub, eyni zamanda, yeni ixrac imkanları yaranıb
İnkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri, heç şübhəsiz ki, ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.
Bölgələrdə geniş infrastruktur layihələri reallaşdırılır
Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın regionlarının tarazlı inkişafının təmin edilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrinin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. İnfrastruktur təminatı baxımından bölgələrdəki 11 il bundan qabaqkı vəziyyətlə mövcud durum arasında kəskin fərq var. Deyə bilərik ki, indiyədək Azərbaycanın bütün bölgələrində güclü, müasir infrstruktur qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib və bir sıra layihələr də hazırda uğurla reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına həsr olunan konfransda diqqəti bölgələrdə infrastruktur təminatının yaxşılaşdırılmasına çəkən Prezident İlham Əliyev bildirib: “Su xətləri, qaz boruları yenidən tikilir, yenidən qurulur. Əvvəlki illərdə tikilmiş xətlər, kommunikasiya xətləri artıq yararsız vəziyyətə düşmüşdür, sıradan çıxır, çürüyür. Yəni, biz bütün bu işləri yenidən, sıfırdan görürük ki, yeni yaradılan bu infrastruktur bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət etsin. Ona görə hələ ki, görüləsi işlər vardır. Əminəm ki, növbəti 5 il ərzində bütün infrastruktur layihələri tamamilə icra ediləcəkdir”.
Hər il iki yeni elektrik stansiyası işə salınıb
Müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Təsərrüfatda böyük qüsurlar var idi. Bölgələrdə vəziyyət daha acınacaqlı idi. Əhalinin enerji ilə təchizatı fasilələrlə həyata keçirilirdi. Təbii ki, belə şəraitdə iri şəhərlərdə və regionlarda yeni sənaye güclərinin, istehsal, emal müəssisələrinin yaradılması da iş adamları üçün perspektivsiz görünürdü.
Buna görə də ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrildi. Son 11 il ərzində isə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Nəticədə respublika üzrə əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşıb, enerjitutumlu müəssisələrin təchizatını təmin etmək mümkün olub, eyni zamanda, yeni ixrac imkanları yaranıb.
Yeni elektrik stansiyalarının inşası, demək olar ki, respublikanın bütün bölgələrini əhatə edib. O cümlədən, 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birinin gücü 87 MVt, 2007-ci ildə Bakıda 105 MVt, 2008-ci ildə Səngəçalda 300 MVt, 2009-cu ildə Şahdağda 105 Mvt, Sumqayıt şəhərində 525 MVt, 2013-cü ildə Şirvanda 780 MVt gücündə istilik-elektrik stansiyaları işə salınıb. Bundan başqa, Lerik və Yardımlı rayonlarının coğrafi mövqeyinin mürəkkəbliyi nəzərə alınaraq, həmin rayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Lerikdə inşa edilən 17 meqavat gücündə elektrik stansiyasında işlər başa çatdırılıb. Layihə çərçivəsində Yardımlı və Lerik rayonlarının ərazisində 35 kilovoltluq yeni yarımstansiyalar və elektrik xətləri inşa edilib. Həmin rayonların paylayıcı şəbəkələrinin də tamamilə yenidən qurulması qarşıda duran vəzifələrdən biridir.
Sistem əhəmiyyətli xətlər və yarımstansiyalar yenilənir
Son 11 ildə ölkənin regionlarında sistem əhəmiyyətli ötürücü xətlərin və yarımstansiyaların inşası istiqamətində də əsaslı işlər görülüb. Belə ki, Sumqayıt elektrik stansiyası, Zabrat yarımstansiyası, Şimal elektrik stansiyası və Hövsan yarımstansiyasını birləşdirən 220 kilovoltluq ikidövrəli hava xətti işə salınıb. Bu layihə çərçivəsində transformasiya gücü 360 meqavoltamper olan yeni 220 kilovoltluq Zabrat yarımstansiyası şəbəkəyə qoşulub. Bununla da, Abşeron yarımadasının enerji təchizatı ciddi şəkildə yaxşılaşdırılmaqla yanaşı, Abşeron yarımadasında ikinci 220 kilovoltluq enerji dövrəsi yaradılıb.
Ötən əsrin 40-cı illərində istifadəyə verilmiş birinci və ikinci 220 kilovoltluq Mingəçevir-Abşeron xətləri 280 kilometr uzunluğunda yeni 330 kV qabaritli ikidövrəli xətlərlə əvəz olunub. Bu layihə çərçivəsində 220 kilovoltluq Ağdaş yarımstansiyası da inşa edilib. Bu yarımstansiyanın inşası, eyni zamanda, Yevlax, Ucar, Ağdaş, Göyçay, Kürdəmir və digər qonşu rayonların enerji təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu bölgələrdə ciddi yük artımları nəzərə alınaraq, 220 kilovoltluq Qəbələ yarımstansiyasının layihələndirilməsi həyata keçirilir.
Yeni Goranboy paylayıcı məntəqəsi ilə 330 kilovoltluq İmişli yarımstansiyasını birləşdirən 180 kilometr uzunluğunda 330 kilovoltluq xətlərin inşası yekunlaşmaq üzrədir. Bu xəttin işə salınması Goranboy-İmişli bölgəsinin enerji təchizatını daha da yaxşılaşdırmaqla yanaşı, enerji sistemində ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına imkan verəcək.
Xaçmaz rayonunda 330 kilovoltluq yarımstansiyanın işə salınması şimal bölgəsinin enerji təchizatını əsaslı şəkildə yaxşılaşdırıb. Bu layihənin icrası nəticəsində Azərbaycan və Rusiya enerji sistemlərinin paralel iş rejimi imkanları daha da təkmilləşdirilib.
Ötən əsrin 80-ci illərində inşa edilmiş 1-ci və 2-ci Mingəçevir-Abşeron xətləri nəinki yarımadanın enerji təchizatında, ümumilikdə, respublikanın enerji sisteminin təhlükəsizliyində mühüm rol oynayır. Ümumi uzunluğu 500 kilometrdən artıq olan bu xətlər əsaslı şəkildə yenidən qurulub. Eyni zamanda, 500 kilovoltluq Abşeron yarımstansiyasında 400 meqavoltamper gücündə yeni transformator quraşdırılır ki, bu da enerji sisteminin ən böyük yarımstansiyasının gücünü 1200 meqavoltamperə çatdıracaq.
Azərbaycan və Gürcüstanın enerji sistemlərini birləşdirən 180 kilometr uzunluğunda 500 kilovoltluq Azərbaycan İES-Samux-Qardabani xətti tamamilə yenidən qurulub, 500 kilovoltluq Samux yarımstansiyası işə salınıb, 330 kilovoltluq Ağstafa yarımstansiyası yenidən qurulub və zəruri xətlər istifadəyə verilib. Nəticədə Gəncə-Qazax bölgəsinə 400 meqavat əlavə güc ötürmək imkanı yaradılıb. Bu layihə bölgənin elektrik enerjisi təminatı ilə yanaşı, yeni tikiləcək enerjitutumlu müəssisələrin enerji təchizatını təmin etməyə imkan verir.
Elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalar arasında 1000 kilometrdən artıq fiber-optik kabellər çəkilib. Bu müasir texnologiyaların tətbiqi enerji istehsalı və ötürülməsi obyektlərindən məlumatların onlayn rejimində yeni yaradılmış mərkəzi SCADA sisteminə ötürülməsini təmin edir. Bütün bunlarla yanaşı, Abşeron yarımadasında ümumi uzunluğu 240 kilometrədək olan sistem əhəmiyyətli 110 kilovoltluq hava xətlərinin inşası üzrə işlər əsasən başa çatdırılıb.
Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların ümumi gücü 3000 meqavoltamper, 110, 220, 330 və 500 kilovoltluq xətlərin ümumi uzunluğu təxminən 1500 kilometr artacaq.
Paylayıcı şəbəkədə “Smart” tipli sayğacların quraşdırılması davam etdirilir
Respublikanın bütün regionlarında paylayıcı şəbəkələrdə görülmüş işlərin miqyası da kifayət qədər genişdir. Məlum olduğu kimi, respublikamızda ilk dəfə olaraq Gəncə şəhərində ilkin ödənişli “Smart” sayğacların tətbiqinə başlanılmışdı. Bu layihənin həyata keçirilməsi nəticəsində itkilərin kəskin şəkildə azalması, elektrik enerjisi ödənişlərinin artması, abonentlərə xidmətin keyfiyyətinin yüksəlməsi kimi müsbət nəticələr əldə edilib. Gəncə şəhərindən sonra Şəmkir, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Lənkəran, Cəlilabad və digər rayonlarda da bu qəbildən olan işlər davam etdirilməkdədir. 2013-cü ildən başlayaraq Sumqayıt şəhərində, Abşeron, Sabirabad, İmişli, Saatlı, Kürdəmir, Bərdə, Şamaxı rayonlarında və digər bölgələrdə “Smart” tipli sayğacların quraşdırılması həyata keçirilir. Burada aşağı gərginlikli xətlər müasir kabellər vasitəsi ilə yenidən qurulur, dayaqlar və naqillər dəyişdirilir, yeni sayğaclar quraşdırılır. Hazırda ölkə üzrə bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunub. Bu sayğacların təxminən 15 faizi, yəni 250 mini “Smart” tiplidir.
Hər il 2 milyon ton şərti yanacağa qənaət olunur
Həyata keçirilən bütün bu və digər tədbirlər sayəsində respublikanın elektrik enerjisi sistemində təkcə kəmiyyət cəhətdən deyil, eyni zamanda, keyfiyyət cəhətdən də ciddi inkişafa nail olunub. Stansiyaların əsas texnoloji keyfiyyət göstəricisi olan faydalı iş əmsalı artıb, ekoloji təmizlik prinsiplərinə əməl olunub. Belə ki, hər kilovatsaat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 415 qramdan 305 qrama qədər, yəni 25 faizdən çox azaldılıb. Bu isə hər il təxminən 2 milyon ton şərti yanacağa qənaət etməyə imkan verir .
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11
