Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasını şərtləndirir

Həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasını şərtləndirir

19.08.2016 [12:30]

Regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər cari ildə də bol məhsul əldə etmək əzmindədirlər
Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə edilib. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatının mühüm hissəsi daxili istehsal hesabına ödənilir. Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Son illərdə respublikanın regionlarında aqrar sektorun inkişafına dövlət başçısı səviyyəsində güclü siyasi iradə nümayiş etdirilməsi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub.
Dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və davamlı olaraq həyata keçirilən aqrar islahatlar nəticəsində respublikada kənd təsərrüfatının dinamik inkişafı üçün yaxşı zəmin yaradılıb. Aqrar sahədə məqsədyönlü dövlət siyasəti bu sahənin davamlı inkişafını şərtləndirir. Bu ilin birinci yarısında kənd təsərrüfatında 3 faizdən çox artıma nail olunması deyilənlərin təsdiqidir. Bu sahədə potensial isə daha böyükdür. Bu potensialdan səmərəli istifadə etməklə Azərbaycan bundan sonra da regionların tarazlı inkişafının təmin edilməsi də daxil olmaqla bir sıra strateji məqsədlərə nail ola bilər. Aqrar sektorun dinamik inkişafının təmin olunması ölkənin ixrac potensialının artırılması baxımından da müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edərək deyib: “Nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik”.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda regionlarda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır.
Balakəndə qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır
Respublikamızın kənd təsərrüfatının inkişafına töhfə verən rayonlarımızdan biri də Balakən rayonudur. Qarğıdalı istehsalı rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada liderliyini qoruyub saxlayır. Ötən il fermerlər 7101 hektar qarğıdalı sahəsindən 40 min tondan çox məhsul əldə ediblər. Cari ildə isə rayonda qarğıdalı bitkisinin əkin sahələri 143 hektar genişləndirilərək 7244,5 hektara çatdırılıb. Əlverişli iqlim şəraiti bu il də rayonda qarğıdalı istehsalının bol olacağından xəbər verir. Rayon İcra Hakimiyyətinin rəsmisi Məmməd Şərifov bildirib ki, builki mövsümdə balakənli fermerlər 45 min ton dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda təsərrüfatlarda qarğıdalı yığımına son hazırlıq işləri görülür. Yığım kampaniyasına cəlb olunacaq bütün texnika, o cümlədən 8 qarğıdalıyığan kombayn saz vəziyyətə gətirilib.
Balakəndə qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır. Belə fermer təsərrüfatlarından biri də rayonun Gərəkli kəndində fəaliyyət göstərir. Təsərrüfatın rəhbəri İslam Muradov 20 ilə yaxındır ki, qarğıdalıçılıqla məşğul olur. Fermer bu il təsərrüfatında 100 hektar sahədə qarğıdalı əkib. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən yardımlardan yetərincə bəhrələnən fermer əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərib. Nəticədə, təsərrüfatında bol məhsul yetişib.
Təsərrüfat rəhbəri bildirib ki, bu il qarğıdalı sahələrinin hər hektarından 80 sentnerdən 120 sentnerədək məhsul gözləyir. Ötən il isə təsərrüfatında məhsuldarlıq 60 sentner olub. Hazırda təsərrüfatda 15 nəfər mövsümi işlə təmin olunub. Torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısını yüksək qiymətləndirən balakənli fermer ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına azacıq da olsa töhfə vermək arzusunda olduğunu bildirib.
Astarada düyü istehsalının 700 tona çatdırılması nəzərdə tutulub
Astara rayonunda isə çəltik yığımına başlanılıb. Biçin kampaniyasına kifayət qədər kombayn və canlı qüvvə cəlb olunub. Çəltik sahələrinə düzgün aqrotexniki qulluq və havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Ötən il rayonun çəltik sahələrinin hər hektarından 39 sentner məhsul götürülmüşdüsə, cari ildə bu rəqəm 50 sentner təşkil edir. Keçən il 65 hektar sahədə çəltik əkini aparan məhsul istehsalçıları bu il sahələri iki dəfə genişləndirərək 132 hektara çatdırıblar. Builki əkin mövsümündə də çəltik əkini əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərindəki təsərrüfatları əhatə edib.
Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Həsəni” kimi ənənəvi toxum növlərinə üstünlük veriblər. Fermer Mehman Quliyev bildirib ki, bu il çəltik sahələrində məhsuldarlıq yaxşıdır. Hər hektar çəltik sahəsindən 70 sentner məhsul yığılır. Biçinə kifayət qədər texnika cəlb olunsa da, sahələr hələ tam qurumadığından kombaynçıların işi bir qədər çətinləşib. Məhsul istehsalçılarının bu il toxumu İrandan baha qiymətə gətirdikləri üçün yerli düyünün qiymətinin bir qədər artacağı istisna edilmir. Hazırda isə Astara düyüsünün bir kiloqramının qiyməti 3-4 manatdır. Qeyd edək ki, ötən il Astara rayonunda 254 ton düyü istehsal olunub. Cari ildə bu rəqəmin 700 tona çatdırılması nəzərdə tutulub.
Şamaxı rayonunda da əkin sahələrində yüksək məhsuldarlıq əldə olunub. Rayonda qədim ənənələrə malik taxılçılıqda bu il də yüksək məhsuldarlıq qeydə alınıb. Artıq Şamaxıda taxıl biçini kampaniyası başa çatıb. Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 21 min 165,5 hektar sahədə taxıl yetişdirmişdilər. Zəmilərdən 38 min 95,9 ton məhsul götürülüb. Hər hektardan orta məhsuldarlıq 18 sentner olub. Hazırda rayonda yay şumu çıxarılır.
Zərdab rayonunun pambıqçıları da məhsul yığımına start veriblər
Zərdab rayonunun pambıqçıları da bu günlərdə məhsul yığımına start veriblər. Prezident İlham Əliyevin ölkəmizdə ənənəvi sahə olan pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqlara əsasən cari ildən bu sahəyə xüsusi diqqət göstərilir. Builki mövsümdə rayonda 832 hektarda pambıq yetişdirən fermerlər sahələrdən yüksək məhsul gözləyirlər. “Ağ qızıl” yığımına ilkin olaraq daha çox pambıq əkilən Bəyimli qəsəbəsindəki sahələrdə başlanılıb. Otuz hektarda yüksək məhsul yetişdirən fermer Namiq İsmayılov bir neçə gündə 3 tonadək məhsul toplayıb. Pambıq yığımında hələlik 30 nəfərədək işçi qüvvəsi iştirak edir. Toplanan məhsul bağlanan müqaviləyə əsasən “Zərdab-Pambıq” səhmdar cəmiyyətinə satılacaq.
Salyanda isə silosluq qarğıdalı biçininə start verilib. Xüsusi kombaynlarla biçilən qarğıdalı heyvandarlıq komplekslərinə daşınır. Qeyd edək ki, ötən ilə nisbətən bu il rayonda silosluq qarğıdalı sahələri artırılaraq 200 hektara çatdırılıb. Rayon sakini, fermer Əkbər Camalov bir neçə ildir silosluq qarğıdalı əkini ilə məşğuldur. Onun dediyinə görə, bu il məhsul boldur. Hər hektardan 40 tona yaxın silosluq qarğıdalı gözlənilir. Bu isə mal-qara üçün möhkəm yem bazası deməkdir. Senaj şirəli yem olduğundan iribuynuzlu heyvanların diri çəkisinə, eləcə də südün yağlılığına müsbət təsir göstərir. Silosluq qarğıdalının satılmasında da elə bir problem yoxdur. Fermerlər bildirirlər ki, müqavilə əsasında silosluq qarğıdalının hər tonunu heyvandarlıq kompleksinə 30 manata satırlar. Bu da onlara sərf edir.
Bu il Şəmkir rayonunda da sahibkarlar tərəfindən 6497 hektar sahədə bol məhsul yetişdirilib. Rayon statistika idarəsindən bildiriblər ki, sahibkarlar artıq 4281 hektar sahədən 79 min 276 ton kartof yığıblar. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 17 hektar, tədarük olunan məhsul isə 1929 ton çoxdur. Şəmkirin dağ kəndlərində kartof yığımı davam edir.
Beləliklə, sadalananlar bir daha göstərir ki, respublikamızda aqrar sahədə həyata keçirilən məqsədyönlü və ardıcıl islahatlar kənd təsərrüfatında yüksək nailiyyətlər qazanılmasını şərtləndirir. Əkin sahələrində qeydə alınan yüksək məhsuldarlıq isə cari ildə həm ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daxili imkanlar hesabına ödənilməsinə imkan verəcək, həm də bu sahədə ixrac potensialının artmasına şərait yaradacaq.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 925 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30