Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə məhsuldarlıq yüksək səviyyədədir

Bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə məhsuldarlıq yüksək səviyyədədir

06.06.2017 [09:33]

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurlu icrası və sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı ixrac potensialının da artmasına səbəb olub
Qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət aqrar sahədə daha yüksək nəticələrin əldə olunmasına yol açıb. Vurğulamaq lazımdır ki, kənd təsərrüfatının inkişafı, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, eləcə də 2004-cü ildən başlayaraq uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bu gün ölkəmizdə aqrar sahənin inkişafının yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Ölkə Prezidentinin tövsiyə və göstərişlərinə əsasən kənd təsərrüfatının daha dinamik inkişafını təmin etmək üçün bu gün bölgələrdə əsaslı tədbirlər görülür. Bunun nəticəsidir ki, artıq ölkəmizin bir sıra rayonlarında yüksək nəticələrə nail olunub.
Bu ilin aprelində Prezident İlham Əliyevin Sədrliyi ilə Yevlaxda keçirilən respublika müşavirəsində bildirildiyi kimi, ölkəmizdə yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Vurğulanıb ki, təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.
Bununla yanaşı, sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.
Kənd təsərrüfatının ayrı-ayrı sahələrinə nəzər saldıqda da əldə olunan uğurlu nəticələri görmək mümkündür. Belə ki, ölkəmizdə şəkər çuğunduru əkinində müəyyən irəliləyişlər əldə olunub. İndiyədək nəzərdə tutulan 18 min 754 hektar sahədən 14 min 93 hektarında əkin aparılıb. Ən çox şəkər çuğunduru Ağcabədi (2009,9 hektar), Tərtər (1541 hektar), Şəmkir (1203 hektar), Samux (1194,4 hektar), Ağdam (1001 hektar), Bərdə (959,3 hektar) və Cəlilabad (634 hektar) rayonlarının təsərrüfatlarında əkilib. Bununla yanaşı, İmişli, Ağsu, Biləsuvar, Goranboy, Hacıqabul, Kürdəmir, Qəbələ və digər rayonlarda da şəkər çuğunduru istehsalının genişləndirilməsi üçün tədbirlər görülür. Ümumiyyətlə, bu il 27 rayonda şəkər çuğunduru yetişdiriləcək.
Qeyd edildiyi kimi, bu il Samux rayonunda 1194,4 hektar sahədə şəkər çuğunduru əkilib. Bu isə ötən illə müqayisədə 543,4 hektar çoxdur. Hazırda rayon sakinlərindən 220 nəfər bu sahədə mövsümi işlə təmin olunub. Cari ildə Samux rayonunda 2 min 557 hektar sahədə isə günəbaxan əkilib. Bu, ötən illə müqayisədə 842 hektar çoxdur. Rayon üzrə istehsal olunan günəbaxanın 95 faizi ailə-kəndli təsərrüfatlarında becərilib. Həmçinin günəbaxan istehsalından əldə edilən mənfəət həmin təsərrüfat sahiblərinin yeni istixanalar qurmasına da şərait yaradıb.
Eləcə də, Samuxdakı istixanalarda becərilən faraş tərəvəzin Rusiya və Belarus bazarlarına maneəsiz çıxışı, həmçinin həmin məhsulların keyfiyyətinin xaricdə yüksək qiymətləndirilməsi kənd təsərrüfatı məhsullarının istehsalçıları və fermerlər arasında istixana təsərrüfatına marağı xeyli artırıb. 2017-ci ildə rayon üzrə 61,3 hektar ərazidə yeni istixanalar qurulub. Bu isə ötən illə müqayisədə 8,3 hektar çoxdur. Rayondakı istixanaların sayının durmadan artması burada becərilən məhsulların ölkə daxilində və xaricdə bazarının mövcudluğu, həmçinin bu cür istehsalın ailə-kəndli təsərrüfatları üçün daha gəlirli olması ilə əlaqədardır.
Bərdə rayonunda isə soğan istehsalı ilə məşğul olan fermerlər məhsul yığımına başlayıblar. Bərdəli soğan istehsalçıları müasir becərmə texnologiyalarından, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar. Sahibkarlar bildirirlər ki, artıq bir neçə gündür payızda əkilən soğanın yığımına başlanılıb. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi və damcı suvarma üsulundan istifadə nəticəsində sahələrdə bol məhsul yetişib. Yeni üsulla becərmə zamanı isə hər hektardan orta hesabla 60-70 ton soğan götürmək olur. Vurğulayaq ki, payızda əkilən soğanın yığımı may-iyun aylarında həyata keçirilir. Yazda əkilən soğan isə avqust ayında yığılacaq. Ötən il Bərdə rayonunda 867 hektar sahədə soğan becərilib və 13 min ton məhsul əldə edilib.
Cəlilabad rayonunda da bir neçə gündür ki, açıq sahələrdə yetişdirilən yazlıq kartof məhsulunun yığımına başlanıb. Yetişdirilən kartofun məhsuldarlığı ötən illə müqayisədə aşağı olsa da, qiymətlərin stabil qalması fermerlərin ürəyincədir. Əsasən Rusiya bazarlarına ixrac olunan kartofun bir kiloqramı 80 qəpiyə satılır. Məhsul istehsalçıları yetişdirdikləri məhsulu elə sahələrdə iş adamlarına satırlar. Bu, onları əlavə xərclərdən azad edir. Əslində, kartofun yüksək məhsuldarlıq dövrü iyun ayında olsa da, Rusiya bazarlarında bu məhsula tələbatın çox olması kartofun daha tez yığılmasına marağı artırıb. Bir hektar sahədən orta hesabla 18 ton məhsul yığılır.
Vurğulayaq ki, bölgələrdə yazlıq əkinlər yüksək səviyyədə davam etdirilir. Mayın 31-dək olan məlumata əsasən, ümumilikdə, 363 min 346 hektar sahədə yazlıq əkin aparılıb. Belə ki, 49952,7 hektarda kartof, 26921,6 hektarda qarğıdalı, 16908,6 hektarda pomidor-xiyar, 9628,4 hektarda dənli və dənli paxlalı bitkilər, 9074,9 hektarda soya, 8519,7 hektarda baş soğan, 3683,9 hektarda çəltik əkilib. Aqrar sektorun inkişafı, əkin sahələrinin genişləndirilməsi həm də yeni iş yerləri, əhalinin məşğulluğunun təmin olunması və artan gəlirlər deməkdir. İyunun 1-nə olan məlumata görə, respublika üzrə yazlıq əkinlərə 432 min 146 nəfər cəlb olunub. Bu, may ayının 1-i ilə müqayisədə 60,4 faiz artım deməkdir.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər də 512,3 hektar sahədə yazlıq əkin aparıblar. Əkinlərin 101 hektarı pambıq, 77 hektarı yazlıq arpa, 321 hektarı yonca, 1,2 hektarı kartof, 1,4 hektarı tərəvəz, 0,7 hektarı qarğıdalı, 10 hektarı bostan bitkiləridir. Taxtakörpü ərazisində 1461 hektar sahədə payızlıq taxıl əkən laçınlı məcburi köçkünlər bir neçə gündür ki, arpa biçininə başlayıblar. Bu günədək 500 hektar sahədə biçin aparılıb, 1100 ton məhsul əldə edilib. Hazırda taxıl biçini davam edir.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri aparılır. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Torpaq mülkiyyətçiləri bu günədək 8 min 872 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 3123 hektarı pambıq, 1541 hektarı şəkər çuğunduru, 1632 hektarı dən üçün günəbaxan, 1065,8 hektarı müxtəlif növ tərəvəz, 498 hektarı kartof, 284 hektarı dən üçün qarğıdalı, 635,4 hektarı çoxillik yem bitkiləri, 34,9 hektarı darı, 11,2 hektarı soya və digər bitkilərdir.
Bu ilin yazlıq əkin sahələri keçən ilin müvafiq dövrünə nisbətən 48,7 faiz, o cümlədən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, dən üçün günəbaxan əkini 77,8 faiz, müxtəlif növ tərəvəz əkini 16,1 faiz, dən üçün qarğıdalı əkini 85,6 faiz, bostan bitkilərinin əkini 40 faiz çoxdur.
Ölkəmizdə tütünçülüyün inkişafı istiqamətində də mühüm addımlar atılıb. Tütün əkini işlərinin gedişi ilə bağlı builki statistikada göstərilir ki, respublikada tütünçülük üçün ən əlverişli region Şəki, Zaqatala, Qax və Balakəndir. İndiyədək respublika üzrə tütün əkilmiş 3154 hektara yaxın sahənin 2659 hektarı, yəni 84 faizi bu dörd rayonun payına düşür. Fermerlər daha məhsuldar və keyfiyyətli tütün sortlarına üstünlük verirlər. Belə ki, bu il əkilmiş sahələrin 2 min 5,7 hektarını “Virciniya”, 170,5 hektarını “Berley”, 977,7 hektarını isə digər növ tütün şitilləri təşkil edib. Son məlumata görə, indiyədək respublikada nəzərdə tutulan 3000,5 hektar əvəzinə, 3154 hektar sahədə tütün əkilib.
Zaqatala rayonunun təsərrüfatlarında da tütün əkini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari mövsümdə rayonda 742 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 140,5 hektar artıb. Gəlirli, ixrac potensialı yüksək sahələrdən olan tütünçülüyün inkişafına dövlət tərəfindən xüsusi diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması zaqatalalı fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Rayonun Yengiyan kəndindən olan fermer Telman Həsrətov tütünçülüklə bir ildir ki, məşğul olur. Fermer ötən il ilk dəfə 65 hektar sahədə tütün əkib, 700 ton yaş, 52 ton quru tütün istehsal edib. Prezidentin kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının artırılması ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, fermer bu il tütün əkini sahələrini daha da genişləndirərək 110 hektara çatdırıb. O, bu il tütün sahələrindən 1500-1600 ton məhsul götürməyi qarşıya məqsəd qoyub. Hazırda tütün əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir, sahələr alaq otlarından təmizlənir, suvarılır, yemləmə gübrəsi verilir.
Xatırladaq ki, 2016-cı ildə Zaqatala rayonunda tütün məhsullarının ixracından 11,9 milyon manat gəlir əldə edilib. Tütünçülük sahəsində 1200 nəfərə yaxın istehsalçı məşğul olub.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 897 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30