Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda ixracyönümlü məhsul istehsalı genişlənir

Azərbaycanda ixracyönümlü məhsul istehsalı genişlənir

07.06.2017 [15:06]

Regionlarda qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Son dövrlərdə qeyri-neft sektorunun inkişafı daha çox kənd təsərrüfatı sahəsinin aktiv fəaliyyətini önə çıxarmaqdadır. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi-sosial siyasət kursu aqrar sahənin şaxələndirilmiş inkişafını təmin etməkdədir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları kənd təsərrüfatının ayrı-ayrı sahələrinin yüksək temp əldə etməsinə yol açıb. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə dövlət səviyyəsində diqqət yetirilir. Ərzaq təhlükəsizliyinin təmini, regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Postneft dövrünün tələblərinə uyğun olaraq Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Bu gün qarşıda emal müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, fermer təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, daxili bazarın yerli məhsullarla təmin edilməsi, eləcə də ixracın artırılması kimi mühüm vəzifələr dayanır.
Hazırda xüsusi diqqət mərkəzində olan sahələrdən biri pambıqçılıqdır. Vaxtilə pambıqçılıq respublikamızın aqrar sektorunda ən aparıcı sahə hesab olunurdu. 1969-1981-ci illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıqdan əldə olunan gəlir formalaşdırırdı. SSRİ-nin süqutundan sonra Azərbaycanda bu ənənəvi sahə də tənəzzülə uğradı. 2015-ci ildə cəmi 18,8 min hektarda pambıq əkilmiş, 35 min ton pambıq istehsal olunmuşdu. Pambıq ixractutumlu məhsuldur, əhalinin məşğulluğuna və gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yeni iqtisadi mərhələdə qarşıya qoyduğu ümdə vəzifələrdən biri də pambıqçılığın inkişaf etdirilməsidir. Bu məqsədlə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub.
Dövlətimizin başçısı ötən il pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilir. Görülən tədbirlər nəticəsində ötən il pambıq əkini sahələri 52 min hektara çatdırıldı, 90 min tona yaxın məhsul yığıldı. Bu il isə keçən illə müqayisədə təxminən 3 dəfə çox pambıq əkilməsi planlaşdırılır. İndi isə işlərin gedişinə nəzər salaq. İndiyədək ölkə üzrə 135198,1 hektar sahədə çiyid səpilib və 118123,2 hektarda çıxış alınıb. Bu isə təxminən çiyid səpilən sahələrin 87,4 faizi deməkdir. Saatlıda 17190 hektar, İmişlidə 15629,4 hektar, Sabirabadda 15055 hektar, Biləsuvarda 11351,8 hektar, Neftçalada 10101 hektar sahədə çiyid səpilib. “MKT İstehsal Kommersiya” MMC üzrə 70 min 2 hektarda, “CTS Agro” MMC üzrə 28 min 560 hektarda, “Şamo” MMC, “Goran-Cotton” MMC, “Zərdab Pambıq” ASC üzrə 6 min 869,3 hektarda, fərdi qaydada isə 17907,1 hektarda səpin aparılıb. Təbii ki, digər mühüm məsələ yüksək məhsuldarlığa nail olmaqdır. İndiki halda söhbət hər hektardan orta hesabla 20 sentner məhsuldan gedir. Əgər buna nail olunarsa, istehsal 270 min tona çatacaq. Nəzərə alınsa ki, 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdı, bu, qısa müddət ərzində çox böyük göstərici sayıla bilər. Göründüyü kimi, dövlət dəstəyi olan yerdə, işlər düzgün təşkil olunanda qarşıya qoyulan istənilən məqsədə çatmaq mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz Azərbaycanda pambıqçılığı artıq, demək olar ki, bərpa etmişik və bundan sonra gələcək illərdə ancaq inkişaf yolu ilə gedəcəyik”.
Pambıqçılığın inkişafı, öz növbəsində, yüngül sənayenin inkişafına da təkan verəcək. Keçən il Mingəçevirdə təməli qoyulan yüngül sənaye parkında tikiləcək doqquz zavoddan biri də iplik müəssisəsidir. Onun xammalla yerli istehsal hesabına təchiz olunması gəlirin yüksəlməsinə şərait yaradacaq. Hazırda ənənəvi və ixracyönümlü sahələrin dirçəldilməsi istiqamətində geniş iş aparılır, davamlı olaraq stimullaşdırıcı tədbirlər görülür. Bu sahələrdən biri də baramaçılıqdır. Ölkəmizdə baramaçılıq üçün münbit şəraitin olması, vaxtilə toplanılan zəngin təcrübə nəzərə alınaraq, ipəkçiliyin inkişafı üçün kompleks tədbirlər görülür. Ötən il uzun fasilədən sonra barama istehsalında müəyyən irəliləyişlər əldə edilib. Belə ki, 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir götürüb. Təbii ki, bu, hələ başlanğıcdır. Daha bir fakta nəzər salaq. Ötən ilin payız mövsümündə respublika üzrə 1 milyon 793 mindən çox tut (çəkil) tingi əkilib.
Ölkədə barama istehsalının əvvəlki illə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı Prezidentin tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Əldə olunan yüksək keyfiyyətli ipəkqurdları respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə pulsuz paylanılıb.
İstehsalın stimullaşdırılması istiqamətində atılan digər önəmli addım barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə kümçülərə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsidir.
Prezidentin digər Sərəncamına əsasən, barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil) tinglərinin alınmasına isə 600 min manat vəsait ayrılıb.
Baramaçılığın inkişafı təkcə tut bağlarının salınması, ipəkqurdları əldə edilməsi ilə yekunlaşmır. Qeyd etdiyimiz kimi, bu sahənin dirçəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli Sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılıb.
Artıq bir sıra rayonlarda yeni mövsümün barama tədarükünə başlanılıb. Ümumilikdə respublika üzrə iyunun 1-nə “Şəki-İpək” ASC tərəfindən 8,717 ton barama qəbul olunub və bu proses davam edir. Məhsul istehsalı və tədarükündə Zərdab (4,157 ton), Ağdam (1,296 ton) və Zaqatala (0,933 ton) rayonları irəlidə gedir. İri barama istehsalçılarından olan Füzuli rayonunda 36,5 ton, Zərdabda 24 ton, Şəkidə 22,5 ton, Zaqatalada 21 ton, Ağcabədidə 17,5 ton, Ağdam, İmişli və Kürdəmir rayonlarının hər birində 15 ton məhsul istehsalı gözlənilir. Ölkə üzrə isə 300 tona yaxın barama tədarükü proqnozlaşdırılır.
Daha bir önəmli fakt: bu il ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb.
İxracyönümlü sahələrdən olan fındıqçılığın inkişafı da diqqət mərkəzindədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü yeri tutur. Ölkəmizdə ildə təqribən 35 min ton fındıq istehsal olunur. Fındıqçılığın inkişafının sürətləndirilməsi, fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən 700 min manat ayrılıb.
Hazırda 46 rayonda fındıq yetişdirilməsi üçün potensial var. Hesablamalara görə, fındıq istehsalını və ixracını iki dəfə artırmaq, əldə olunan valyutanı 200 milyona asanlıqla çatdırmaq mümkündür. Əlavə fındıq bağlarının salınması istiqamətində real addımlar atılır. Aprelin 29-dək 16328,5 hektar fındıq bağı salınıb. Bunun 3158 hektarı Zaqatala, 2264,2 hektarı Balakən, 2250,2 hektarı Qusar, 2037 hektarı Xaçmaz, 1787,5 hektarı Qax, 1203 hektarı Quba rayonlarının payına düşür.
Bu sahənin inkişafı və perspektivləri Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasını şərtləndirib. Assosiasiya müvafiq vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparır. Eyni zamanda, yeni bazarlar araşdırılır, idxalçılar və alıcılar arasında əlaqələr qurulur.
Prezident İlham Əliyev kənd təsərrüfatı ilə bağlı prioritet istiqamətlərə toxunarkən respublikamızda tütünçülüyün inkişaf etdirilməsinin vacibliyini də diqqətə çatdırıb. Tütün əkini işlərinin gedişi ilə bağlı builki statistikaya nəzər salaq. Respublikamızda tütünçülük üçün ən əlverişli region Şəki, Zaqatala, Qax və Balakəndir. İndiyədək respublika üzrə tütün əkilmiş 3154 hektara yaxın sahənin 2659 hektarı, yəni 84 faizi bu dörd rayonun payına düşür. Fermerlər daha məhsuldar və keyfiyyətli tütün sortlarına üstünlük verirlər. Belə ki, bu il əkilmiş sahələrin 2 min 5,7 hektarını “Virciniya”, 170,5 hektarını “Berley”, 977,7 hektarını isə digər növ tütün şitilləri təşkil edib. Son məlumata görə, indiyədək respublikada nəzərdə tutulan 3000,5 hektar əvəzinə, 3154 hektar sahədə tütün əkilib. Bu sahəyə marağı artıran əsas amillərdən biri istehsalçılara göstərilən dövlət dəstəyidir. Prezidentin müvafiq Sərəncamına əsasən, istehsal olunan və emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə fermerlərə 0,05 manat məbləğində subsidiya hesablanır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 916 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30